Böyük şəhərlərin böyük problemləri

Şəhər əhalisinin sayı durmadan artır. İri şəhərlər kənd yerlərindən və kiçik şəhərlərdən gələnlər hesabına sürətlə böyüyür; məsələn, Bakı şəhərinin əhalisi 1970-ci ilə qədər 851 min nəfər olduğu halda, 2012-ci ildə 2 milyon 354 min nəfərdən çox olmuşdur.
Şəhərlər insanları iş yeri tapmaq imkanlarına və rahat həyat şəraitinə görə daim cəlb edir. İri şəhərlərdə əhalinin sayı tikilən yaşayış binalarına, avtomobillərin sayı isə salınan yollara nisbətən daha sürətlə artır. Nəticədə isə əksər şəhərlərdə ekoloji və digər problemlər yaranır.
Nəqliyyatda tıxac problemi. İnsanlar saatlarla tıxaclarda vaxt itirir, Avtomobil tıxacıiş yerləri və təhsil ocaqlarına gecikirlər. Bu zaman avtomobillər daha çox yanacaq sərf edir və nəticədə havanın çirklənməsi dəfələrlə artır.
Mənzil problemi. Bütün şəhərlərdə olduğu kimi, Bakıda da əvvəllər bir-iki mərtəbəli evlər tikilirdi. Şəhər əhalisinin sayının sürətlə artması mənzil çatışmazlığına səbəb olur.
Məişət tullantıları problemi. Mütəxəssislərin hesablamasına görə, şəhərlərdə hər adam orta hesabla gün ərzində 1 kq-a yaxın məişət tullantısı yaradır. Məsələn, Bakıda tullantılar zibilxanalara atılır və zibil emalı zavodunda çeşidlənərək yandırılır. Çirkli sular isə təmizləndikdən sonra kanalizasiyalar vasitəsilə Xəzər dənizinə axıdılır. Bu isə ekoloji vəziyyəti gərginləşdirir.
İçməli su problemi. Bakı şəhərində içməli su çatışmazlığı daim mövcud olmuşdur. Hazırda şəhərin suya olan tələbatı xeyli uzaqda yerləşən su mənbələri – Şollar düzənliyindəki, Oğuz və Qəbələ rayonlarındakı yeraltı sular, Kür və Samur çayları hesabına ödənilir. Bu sular şəhərə kanallar və su kəmərləri ilə gəlir. İçməli suların təmizlənməsi və təhlükəsizliyi xüsusi nəzarət tələb edir.
Böyük şəhərlərdəki problemləri müxtəlif yollarla həll etmək mümkündür.
Şəhərdə tıxacları aradan qaldırmaq məqsədilə yollarda körpü və tunellər tikilir. Avtobusların hərəkəti üçün xüsusi yol ayrılır. Sərnişinlərin elektron biletlərdən istifadəsi avtobusların dayanacaqlarda yubanmalarının qarşısını alır. Yeni metro stansiyalarının açılması şəxsi avtomobillərdən istifadəyə tələbatı azaldır.
İri şəhərlərdə mənzil problemini aradan qaldırmaq üçün, adətən, hündürmərtəbəli yaşayış evləri tikilir.
Məişət tullantısı probleminin həll edilməsi üçün tullantı emalı zavodları tikilir. Plastik, kağız və metal tullantıları təkrar emal üçün ayırd edilir, qalan zibillər isə yandırılır. Problemin həlli yollarından biri də əhalinin bu zibilləri uyğun qablara atmasıdır. Cərimələri artırmaq və nəzarəti gücləndirməklə də küçələrə atılan zibilin qarşısını almaq mümkündür; məsələn, Sinqapurda küçəyə zibil atanları 1000 dollar cərimə gözləyir.


Müəllif: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrken Aktoprak, Yelena Şabanova
Mənbə: Coğrafiya 6 — Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK

0 şərh