Tullantılar və onlardan istifadə

Mütəxəssislərin fikrincə, iri şəhərlərdə gün ərzində bir nəfər 1 kq məişət tullantısı atır. Bu tullantılar ətraf mühitin çirklənməsində əsas mənbə sayılsa da, onlar qiymətli xammal hesab olunur. Tullantılardan səmərəli istifadə sayəsində faydalı qazıntılara qənaət etmək mümkündür.
Tullantılar ətraf mühitin çirklənməsində ən mühüm problemlərdən biridir. Tullantılar 2 qrupa ayrılır.
1.Məişət tullantıları — gündəlik istifadə olunan kağız, selofan, plastik və şüşə qablar, qida tullantıları və s.-dir. Təmir zamanı atılan tullantılar da məişət tullantıları sayılır.
2.İstehsalat tullantıları — tibb ocaqlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində atılan, eləcə də radioaktiv maddələrdir.
Hazırda əhalinin məskunlaşdığı bütün ərazilərdə məişət və istehsalat tullantılarının həcmi təhlükəli həddə çatmışdır. Yer kürəsində nəhəng zibil yığınları yaranmışdır. Zibilliklər infeksion xəstəliklərin mənbəyidir. Zibil çürüyərək zəhərli maddəyə çevrilir, torpağa hopur və suya qarışır. Tullantılardan təhlükəli metan qazı ayrılır.
Zibil tullantılarından xilas olmağın müxtəlif yolları vardır. Tullantıları səmərəli üsullarla zərərsizləşdirmək olar. Onlardan yarımfabrikatların, yanacaq materiallarının və s.-nin istehsalında xammal kimi istifadə edilə bilər. Bu proses tullantıların utilizasiyası adlanır.
Tullantıların utilizasiyası problemini müxtəlif ölkələr fərqli yollarla həll edir. İnkişaf etmiş ölkələrdə tullantıların emalında ekoloji və iqtisadi prinsiplər daha üstündür. Hazırda dünya ölkələrinin əksəriyyətində ekoloji tarazlığı qorumaq məqsədilə tullantıların təkrar emalı üçün texnologiyalar tətbiq edilir. Avropa ölkələrində tullantıların 23%-i təkrar emal prosesinə cəlb olunur. Buna baxmayaraq hər il dünyada 700 mln. ton tullantı yaranır. Tullantıların çox az hissəsi canlı aləm üçün təhlükəsiz halda utilizasiya edilir.Tullantılar və onlardan istifadəMəişət tullantılarının xeyli hissəsi basdırılır və ya yandırılır. Tullantıların təkrar emalı sahəsində lider olan ölkələrdə — Almaniya, İsveçrə və Yaponiyada da tullantıların 30-40%-i yandırılır. Bu ölkələr istisna olmaqla digər dövlətlərin əksəriyyətində tullantıların bir qismi torpağa basdırılır. Tullantıların miqdarına görə fərqlənən ABŞ-da (ildə 240 mln. ton) onların yarıdan çoxu basdırılır, 14%-i yandırılır, 30%-i təkrar emal edilir. Azərbaycanda il ərzində 1,5 mln. tona yaxın istehsalat və məişət tullantıları yaranır. Onların da təxminən 300 min tona yaxını (20%) təkrar emal edilir.


Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik

Oxşar məqalələr

0 şərh