Yeni Dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)

Avropada baş verən ingilis burjua inqilabı (1642-1660) kapitalizm dövrünün başlanmasından xəbər verdi.  İngiltərə sənayesinin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı və sonralar isə müəyyən müddətə Fransanı satış bazarlarından sıxışdırıb çıxarır. İngiltərə  iri müstəmləkəçi dövlətə çevrilir. Lakin buna baxmayaraq məhz Fransa bu dövrdə coğrafiya və xəritəşünaslıq sahəsində görkəmli işlər görür.
Avropa ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti nizama salmaq, fabrik, zavod müəssisələrini yaratmaq və onları xammalla təmin etmək və s. üçün coğrafi məlumatlar tələb olunurdu.
Böyük kəşflərin sürəti XVII əsrin ortalarına zəifləyir. Bu müddətdən sonra materiklərin daxili hissələri və onların təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət yetirilir. Materiklərin təbii zonalarının bitki, heyvan aləmi, faydalı mineralları öyrənilir və əhalinin demoqrafik vəziyyəti üzərində müşahidələr aparılır.
Göstərilən dövrdə ən çox coğrafi tədqiqat işlərini Rusiya təşkil edirdi və bu tədqiqatlar – Sibiri, Uzaq Şərqi və Şimali Amerikanın şimali-qərb sahillərini əhatə edirdi.
Rusiyanı böyük dəniz ölkəsinə çevirmək haqqında I Pyotrun cəhdlərilə bağlı olaraq ölkədə coğrafi ekspedisiyaların sayı artırılır. Onun təkidi ilə 1717-1720-ci illərdə Qotlib Şober Volqaboyuna, Xəzər sahilinə və Qafqaza səyahətlər edir və buraların iqlimini, heyvanlar aləmini və əhalisini öyrənir. I Pyotr Xəzərə və Xəzərsahili vilayətlərə böyük maraq göstərirdi. Buradan Çinə və Hindistana qısa yollar axtarışına və səpinti qızıl yataqlarına xüsusilə əhəmiyyət verilirdi. 1703-1726-cı illərdə bu böyük göl-dənizin artıq xəritəsi çəkilir və Amu-Dərya çayının Xəzərə tökülmədiyi müəyyənləşdirilir.Şimal Buzlu okeanından Sakit okeana gedən dəniz yolunu tədqiq etmək üçün  I Pyotr Vitus Berinqin (1681-1741) başçılığı ilə Kamçatka ekspedisiyasını təşkil edir.
Berinqin təşkil olunan ekspedisiyası nəticəsində: Alyaska sahillərinin bir hissəsi, Aleut, Komandor, Müqəddəs Lavrentiya adaları kəşf olunur. Şimal Buzlu okeanı (Kolımadan şərqə), Kuril adalarının bir hissəsi, Şimali Yaponiya sahil xəttləri başdan başa təsvir olunur və sonralar onun adını daşıyan Berinq boğazı və dənizi kəşf olunur. İlk dəfə xəritələrdə uzunluğu 9 min km-dən çox olan Arxangelskdən Çukotkaya qədər uzanan Rusiyanın bütün şimal sahillərinin real şəkli yaranır.
XVII əsrin ortasından XVIII əsrin ortalarına qədər olan Yeni dövrdə dünya və onun ayrı-ayrı hissələrinin xəritələri düzəldilməyə başlanır,  iri həcmli coğrafi tədqiqatlarla zənginləşir. Bununla belə  hər bir ölkədə coğrafiya həmin ölkənin xüsusi tələblərinə uyğun inkişaf etdirilirdi.
Bürokrat, mühafizəkar və yarımfeodal Almaniyada idarə sistemini təmin etmək üçün  XVIII əsrin başlanğıcında sırf inzibatçılıq formasında kameral statistik coğrafiya meydana gəlir. Bu yeni coğrafiya məktəbi sonralar müxtəlif kameral, statistika, ticarət coğrafiyası adları altında inkişaf etdi. Bu məktəblər alman dövləti üçün iqtisadi səviyyəni göstərən müxtəlif məlumatlar hazırlayırdı. Statistik coğrafiyanın inkişafı ilə bağlı Almaniyada Axenval (1719-1772) və Buyuşinq (1724-1793) kimi alimlər yetişir.
İngiltərədə XVII əsrin axırlarında təbiəti və sosial həyatı ayrı-ayrılıqda  öyrənən, yeni əsaslar üzərində qurulmuş ideyalar meydana gəlirdi. Bu ideyaların çoxu xüsusilə siyasi iqtisadın atası, ingilis fiziokratı Vilyam Pettiyə (1623-1687) məxsus idi. Fiziokratlar kapitalın ilk təhlilini vermiş, onun maddi tərkibini və istehsalın formalarını müəyyənləşdirmişlər. Əgər Varenius XVII əsrdə genişlənən dəniz ticarətinin təbii məsələlərini elmi cəhətdən təhlil etmişdisə, V.Petti onun iqtisadi tərəfini aydınlaşdırmışdır. Petti əhali artımını nəzərdən keçirmiş və bir əsr keçdikdən sonra Maltusun söyləyəcəyi «əhali artımı bəşəriyyətin bədbəxtliyidir» fikrinə tamamilə zidd olan müddəa irəli sürmüşdür. O belə hesab edirdi ki, əhalinin çox olması varlılıq, əhalinin az olması isə yoxsulluqdur.
XVIII əsrdə Rusiyada müxtəlif təsərrüfat sahələrinin güclü inkişafı başlanmışdır. Yeni-yeni torpaqlar zəbt etmiş və mənimsəmiş Rusiya artıq nəhəng bir əraziyə malik idi. Bu nəhəng imperiyanın idarə olunmasına, onun təbii ehtiyatlarının mənimsənilməsinə, istehsalın inkişafına, xarici və daxili əlaqələrin genişləndirilməsinə kömək edə biləcək coğrafi biliklərə ehtiyacın artması Rusiyada coğrafiyaya aid əsərlər yazılmasına və xəritələr tərtib edilməsinə təkan verdi.Rus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini göstərən «Ümumi coğrafiya və Rusiyanın coğrafiyası» adlı əsər yazmışdır. Əsərdə göstərilir ki, coğrafiya üç hissədən ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya.
Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiçiliyinin və ticarətin inkişafına kömək etmək idisə, Rusiyada coğrafiyanın mühüm vəzifəsi ən böyük quru hissəsini tutan ölkənin zəngin təbii ehtiyatlarının mənimsənilməsinə, onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi.Alim göstərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun tərkibini və quruluşunu, daxili sularını öyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq işlərinin çox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir.Siyasi coğrafiya isə V.N.Tatişevə görə, böyük və kiçik kəndlərin, limanların, ölkələrin mülkiyyətini və hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir.Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3 tərkibli təsvir edir.
I. Tədqiqatın miqyasına görə:
a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə;
b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya;
v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya
II. Keyfiyyət göstəricilərinə görə:
a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya;
b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya;
v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya.

III. Zaman dəyişikliklərinə görə:
a) qədim dünya coğrafiyası;
b) orta əsrlər coğrafiyası;
v) müasir coğrafiya.
Beləliklə, Vareniusdan fərqli olaraq, Tatişev tarixiliyi qəbul edir və onu öyrənməyi lazım bilir. Siyasi coğrafiyada o, əhali coğrafiyası məsələlərinə, o cümlədən əhalinin təsərrüfatla əlaqəsi məsələlərinə böyük yer verir.Alim coğrafi tədqiqatların aparılması üçün ekspedisiyaya gedənlərə  kömək məqsədilə xüsusi proqramlar tərtib etmişdir. Çox maraqlıdır ki, onun proqramında coğrafiya tarixində ilk dəfə olaraq ərazi və əmək bölgüsünə xüsusi diqqət verilmiş, müxtəlif ərazilərin bu və ya digər istehsal sahələri üzrə ixtisaslaşmasını öyrənməyi irəli sürülmüşdür.
Rusiya coğrafiyasının başında V.N.Tatişevlə yanaşı ensiklopedik biliklərə malik böyük  istedad sahibi, Rusiyada elmin təşkilatçısı, geoloq, fizik, kimyaçı, coğrafiyaçı, kartoqraf, filoloq və şair M.V.Lomonosov (1711-1765) dururdu. Alimin fikrincə, coğrafiya geniş aləmi vahid şəkildə öyrənir. Onun bu fikri indiki ümumi coğrafiya konsepsiyasına uyğun gəlir. Bu yerin varlığını bütövlükdə, kompleksli öyrənmək deməkdir. M.V.Lomonosov da V.N.Tatişev kimi tarixiliyi əsas hesab edirdi. O, Yerin tarixi ilə cəmiyyətin tarixini sıx əlaqədə götürmüşdür. «Yerin qatları haqqında» əsərində o, qeyd edir ki, Yer üzərində gördüyümüz nə varsa, hər şey – cisimlər, canlılar və bütün aləm öz yarandığı dövrdə olduğu kimi qalmamış, onlarda çox böyük dəyişikliklər baş vermişdir.
İqtisadi coğrafiya terminini ilk dəfə M.V.Lomonosov işlətmişdir. O, iqtisadi coğrafiyaya aid bir sıra qiymətli əsərlər yazmış, Rusiyada ilk  iqtisadi coğrafi xəritələr və atlaslar tərtib etmişdir. Alim Rusiyanın öyrənilməsində ayrı-ayrı inzibatı bölgüləri tədqiq etmək üçün xüsusi proqramlar hazırlamış, elmin və ali təhsilin yaradılmasının təşkilatçısı olmuşdur. O, uzun müddət imperator akademiyasının coğrafiya departamentinə rəhbərlik etmişdir. Onun göstərişi ilə bir neçə coğrafi ekspedisiyalar Rusiya rayonlarına tədqiqata getmişdir. Beləliklə, M.V.Lomonosov Rusiya coğrafiyasının inkişafına təkan vermişdir.
V.N.Tatişevin və M.V.Lomonosovun  dövründə Rusiyada coğrafiya elmi dünya şöhrəti qazanmışdı. Sonralar onların ardıcılları, elmi axtarışlarının davamçıları yarandı. Kamçatkanın tədqiqatçısı S.P.Kra­şennikov, Orenburq quberniyasını dərindən öyrənən P.İ.Rıçkov (1712-1777) və b. alimlər yetişdi. Rusiyada praktik coğrafiya inkişaf etdiyi bir zamanda, Avropada coğrafiyanın nəzəri istiqaməti üstünlük təşkil edirdi.

Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

0 şərh