Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)

Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur. Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492-1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.
Onun ikinci səyahəti (1493-1496-cı il) Kiçik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa düşürdü).
Üçüncü səyahəti (1498-1500-cü il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı və Trinidad adası kəşf olunur.
Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni Dünyanı kəşf etdiyini heç təsəvvürünə belə gətirmirdi.
Dördüncü səyahəti zamanı (1502-1504-cü ildə) o, Mərkəzi Amerikanın 2 min  km. uzunluğundakı sahillərini kəşf  edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-Rika və Panama sahilboyu üzərək cənub-şərqə gedib Daryen körfəzinə çıxır.
Kolumbun hələ sonuncu səyahəti başa çatmamış, 1497-ci ildə İspan dövləti tərəfindən yeni torpaqların mənimsənilməsinə icazə verilir və buraya avropalıların – konkistadorların böyük axını başlayır. Tarixçilərin qeyd etdiyi kimi, «onlar buraya əllərində xaç və ürəklərində qızıla olan hərisliklə gəlirdilər». Mərkəzi Amerikanın kəşfi və mənimsənilməsi ildırım sürətlə baş verdi. Bir-birinin ardınca qərbə İspan və daha sonra isə Portuqal gəmiləri gedirdi.Varlı İspan gəmi sahibləri 1499-1500-cü illərdə Ameriqo Vespuççinin iştirakı ilə cənubi Amerikaya dörd ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri öyrənirlər və Amazon çayının ağzını kəşf edirlər.
1500-cü ildə Hindistana yollanan portuqaliyalı Pedro Kabralın gəmilərini fırtına Braziliya sahillərinə atır, buranı o Santa-Krus adası adlandırır. Sonralar Portuqaliya tacirləri buraya boyaq ağacı (Braziliya) üçün üzməyə başlayırlar.
Kolumbun birinci ekspedisiyasının nəticələri məlum olan kimi İngiltərə Con Kabotun başçılığı ilə 1497-ci ildə Hindistana dəniz yolu açmaq üçün qərbə gəmilər göndərir. Kabot Kolumbdan əvvəl Şimali Amerika materikində (ehtimal ki, bu yerlər Nyufaundlend adası və Labrador yarımadası imiş) olmuşdur. Beləliklə, məlum olur ki, normanlardan sonra Şimali Amerikanı həqiqi kəşf edən Kabot olmuşdur.1498-ci ildə olan ikinci səfərində Kabot Nyufaundlenddən başlayaraq Floridaya qədər uzanan Şimali Amerika sahillərini tədqiq edir. Kolumb kimi Kabot da gördüyü yerləri Şərqi Asiyanın – Çin sahilləri hesab edir. Dünyada ən zəngin balıqçılıq rayonlarından biri olan Böyük Nyufaundlend dayazlığını da Kabot kəşf etmişdir.
1513-cü ildə Vasko Nunyes Balboa ilk dəfə Panama bərzəxini kəsib keçir və ispanların çoxdan axtardıqları cənub dənizini (Sakit okeanı) kəşf edir.
Ernan Kortes 1519-1521-ci illərdə asteklər dövlətini (müasir Meksika ərazisində) talan edir, Yukandakı yüksək inkişaf etmiş maya xalqını əsarət altına alır, çoxlu qızıl və cavahirat əldə edir.Kortesin yürüşləri nəticəsində İspaniya Amerikada ilk böyük ərazi ələ keçirir və Mərkəzi Amerikanın şimal hissəsi işğal olunub İspaniya dövlətinə birləşdirilir.
Fransisko Pisarro qardaşları 1524-1537-ci illərdə digər konkistadorlarla birlikdə (Almaqro Diyeqo və b.) Cənubi Amerikanın (Peru və Çili) qərb sahillərini kəşf edirlər və inklərin güclü imperiyasını tuturlar.İspaniya konkistadorları tarixdə görünməmiş vəhşiliklərlə yerli xalqları qırırdılar, onların mədəniyyətini dağıdırdılar və böyük acgözlüklə sərvətlərini qarət edirdilər.
Fransanın Yeni Dünyaya təşkil etdiyi ekspedisiyalar Şimali Amerikanın okeanı sahillərini öyrənir, Hudzon çayını kəşf edir və buradan qərbə keçid yolu axtarırlar. 1554-cü ildə fransız səyyahı Jak Kartye həmin dəniz keçidini axtararkən Nyufaundlendi və Müqəddəs Lavrentiya körfəzini tədqiq edir. Bir ildən sonra o Müqəddəs Lavrentiya çayı ilə yuxarı – hazırkı Monreal şəhəri olan yerə köçkünlər gətirmiş və 1541-ci ildə Kvebekin bünövrəsini qoymuşdur.
Beləliklə, XVI əsrin ortalarına Şimali Amerikanın qərbdə 400, şərqdə 600 şm.e. qədər olan sahilləri avropalılara artıq bəlli idi; onlar Cənubi Amerikanın  ətrafına fırlanmış və Amazon çayı ilə qərbdən şərqə keçmişlər. İspaniya konkistadorları Meksikanı, Mərkəzi Amerikanı, Perunu, Çilini  tutmuşlar, La-Plata, Orinoko, Kolorado, Maqdalen, Missuri çayları hövzələrinə daxil olmuşlar. İngilislər və fransızlar isə Şimalı Amerikanın şərq, orta və şimal hissələrini tədqiq etməyə başlamışlar.
Böyük coğrafi kəşflərin əsasını qoyan Xristofor Kolumb ömrünün axırına kimi (1506-cı ildə vəfat edib) elə bilirdi ki, Hindistana qərbdən yol açmışdır. Öyrəndiyi əraziləri o Vest-İndiya, yerli əhalini isə indular adlandırmışdır. Kolumb hələ də bilmirdi ki, «Yeni Dünyanı» Asiyadan böyük okean ayırır və kəşf etdiyi coğrafi adalar heç də Asiya adaları deyildir.Lakin bir az sonra Kolumbun müasirləri və davamçıları bu adlar toplusunun arxasında avropalılara indiyə qədər məlum olmayan nəhəng materikin ilkin cizgilərini görürlər. Ədalət naminə qeyd etməliyik ki, bu yeni materik Kolumbun adını daşımalı idi. Lakin Amerika adını alır. Bütün qitələrdən təkcə biri real adamın şərəfinə Amerika adlandırılmışdır. Bu adam Ameriqo Vespuççi idi.
Coğrafiya tarixçiləri arasında Ameriqo Vespuççinin (1451-1512) səyahətləri haqqında müxtəlif fikirlər vardır. Dürüst məlumatlara görə o, 1501-1502-ci illərdə  portuqaliyalıların ekspedisiyalarında iştirak etmiş, Cənubi Amerikada ekvator üzərində olmuş, Braziliya sahillərinin bir hissəsini xəritəyə köçürmüşdür. Əlbətdə, bir dəniz səyyahı kimi onun xidmətləri yuxarıda deyilənlərlə kifayətlənə bilərdi. Bəs belə bir halda necə olmuşdur ki, Yeni Dünya Ameriqo Vespuççinin adı ilə adlandırılmışdır. Ona əbədi şöhrət gətirən işlər tamamilə başqa yönlü olmuşdur.
Vespuççiyə qədər heç kim yeni kəşf olunmuş torpaqların 7 min km. uzunluğunda olan sahil xəttlərinin müşahidəsini aparmamışdır. Ona görə də Atlantikanın o tayında kəşf olunan torpaqların Asiya olmadığı fikrinə ilk dəfə Kolumb yox, məhz Vespuççi gəlmişdir. O yazırdı ki, bu ölkələri Yeni Dünya adlandırmaq lazımdır. Bu dünya haqqında bizim nəsillərin indiyə qədər heç bir təsəvvürləri olmamışdır. Və o həlledici dəlil gətirir: artıq çoxdan müəyyən edilib ki, Asiya şimal yarım kürəsində yerləşir və ekvator materik xəttini heç bir yerdə kəsmir. Halbuki, yeni kəşf olunan torpaqlar təkcə ekvatora yox, həm də cənub tropikindən də cənuba uzanırdı.
Ameriqo Vespuççiyə şöhrət qazandıran digər səbəb onun Avropaya göndərdiyi məktublar olmuşdur. O zaman yeni coğrafi kəşflərə Avropa oxucuları böyük maraq göstərirdilər, lakin belə məlumatlar çox az verilirdi: dəniz səyyahlarının hesabatları nadir hallarda çap olunurdu, məzmunu  quru olurdu və ehtiyatla yazılırdı. Belə ki, İspaniya hökuməti Kolumbun və digər səyyahların kəşfləri haqqında olan məlumatların çapına qadağa qoymuşdu. Belə bir məlumat qıtlığı şəraitində kəşf olunan torpaqların təbii mənzərəsi, orada yaşayan əhalinin məişəti haqqında ilk dəfə Ameriqo Vespuççi tərəfindən yazılmış çox səmimi və maraqlı məktublar Avropada sürətlə yayılmağa başlayır. Onun göndərdiyi xəritə və məktubları əldə edən alman coğrafiyaşünası Martin Valdzemüller özünün 1507-ci ildə yazdığı «Kosmoqrafiyaya giriş» kitabında ilk dəfə «Amerika» adını çəkir.
İlk  dəfə bu ad Ameriqo Vespuççinin öyrəndiyi ölkələrə (Venesuela, Braziliya və bütövlükdə cənubi Amerika) şamil edilirdi. Sonralar Herard Merkator 1538-ci ildə ilk dəfə Amerika adını materikin şimal hissəsinə də şamil etmişdir və beləliklə də bu ad başqa coğrafiyaşünaslar tərəfindən təkrar olunmuş, qlobus və xəritələrdə yazılıb əbədiləşdirilmişdir.
Qaldı ki, Hindistana dəniz yoluna, onun açılmasında portuqaliyalılar ispanları qabaqlayırlar, Kolumbun kəşfləri Hindistana təcili olaraq yenidən yol axtarışının başlanmasına təkan verir.1497-ci ildə kral Manuel Vasko da Qamanın (1469-1524) başçılığı  altında Hindistana ekspedisiya göndərir. Afrika sahillərindəki əks səmt küləkləri və cərəyanlarından yan keçmək üçün onun gəmiləri əvvəlcə qərbə dönərək sahildən xeyli aralı üzməyə başlayır və yalnız sonra şərqə istiqamət götürərək sahilə yaxınlaşır. Bu yol uzaq olsa da, yelkənli gəmilərin Lissabondan Ümid Burnuna qədər tez və rahat üzə bildiyi yol idi. Nəhayət, onun gəmiləri Ümid burnunu dolanaraq Hind okeanına çıxır. Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o qızğın ticarət edən ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır. Burada portuqaliyalılar yerli hökmdarların köməyi ilə ən mahir ərəb losmanı və kartoqrafı hesab olunan Əhməd İbn-Məcidi özlərinə bələdçi götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib çatır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı  daş-qaşla öz gəmilərini yükləyir və yenə də musson küləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə,  Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dünya ticarəti tarixində də önəmli bir hadisə idi. Həmin vaxtdan başlayaraq Süveyş kanalı (1869) açılanadək, Avropa ilə Hindistan və Çin arasında ticarət əvvəlki kimi Aralıq dənizi ilə yox, Atlantik okeanı – Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı. Yeni açılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın talan və işğalının başlanğıcını qoydu.
Vasko da Qama 1502-ci ildə top-tüfənglə yenidən Hindistana gəlir. Kəlkədə şəhərini dağıdır və böyük var-dövlətlə vətənə qayıdır. Bu ekspedisiya təkcə Hindistanın yox, həm də Hind-Çin və İndoneziyanın zəbt və talan olunması ilə nəticələnir. Portuqaliyalılar sonralar Pekinə və Yaponiyanın Kyusuyu adasına qədər gedib çıxırlar və bu ölkələrlə ticarət əlaqələrinin əsasını qoyurlar.
Belə bir vəziyyətdə  Amerikanı kəşf etdikdən sonra orada acı bibərdən başqa heç nə tapa bilməyən ispanlar durub gözləyə bilməzdilər ki, Hindistan ədviyyatının ticarəti təkcə portuqaliyalıların əlində olsun. Bu da öz növbəsində İspaniyanın hakim dairələrini ədviyyat ölkələrinə (Moluk adaları) qərb dəniz yolunun inadla axtarışına vadar edir.
Fernan Magellan (1480-1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dünya səyahətinə yola düşür. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə çıxır. Dar, qaranlıq boğaz döngələrindən  sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dünyada ilk dəfə Sakit okeanın ən enli yerindən üzüb keçən Magellanın gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür.Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başçılığı ilə bütün yol boyu portuqaliyalılardan gizli əvvəlcə Molukk adalarına gəlir, orada xeyli ədviyyat yükləyir, Timor adasından keçib böyük çətinliklərlə  Hind okeanının cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə (yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır.
Magellanın başçılığı altında həyata keçirilən Birinci Dünya səyahətinin müəyyən iqtisadi səmərəsi olmasa da, tarixdə böyük coğrafi nəticələr qazanmışdır. .Yeni iqtisadi baxımdan əsas ədviyyat verən ölkələr – Hindistan və digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan: Yerin kürə şəklində olması qəti sübuta yetirildi; Vahid Dünya okeanının mövcudluğu müəyyənləşdirildi və vaxtilə Ptolemeyin də müdafiə etdiyi «kontinental», yəni qurunun daha geniş sahə tutması baxışları özünü doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kürəsini şərqdən qərbə dolanarkən bir gün qazanırsan. Belə ki, səyahətçilər İspaniyaya 8 sentyabr, bazar günü gəlib çıxmışdılar, gəminin gündəliyində isə şənbə idi.
Qısa dövrdə – cəmi yarım əsrdə bizim planetimizin avropalılara məlum olan sərhədlərinin görünməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin köhnə dünyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də öyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdı.
Böyük Kəşflər dövrü coğrafi təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün xəritələrində tapırdı. Daha düzgün proyeksiyalı və dərəcə toru ilə düzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi. Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində öz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi dəqiq müəyyən edildi.

Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Həmçinin bax:

Böyük coğrafi kəşflər və müstəmləkəçilik erasının başlanması

Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)

Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)

Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)

 

2 şərh

fidan
Kolumbdan əvvəl də Amerikanı kəşf ediblər. Heç vikinqləri demirəm, Nəsirəddin Tusinin əsərlərində Ameriknın kooedinatları verilmişdi.