Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)

Bu dövrdə soyuq və şaxtalı təbiəti olduğuna görə Yerin indiyə qədər az öyrənilmiş qütb zonalarına diqqət artırılır. Avropadan Hindistana və Çinə şimal yolunun axtarışı bu məsələni sürətləndirir. Bununla bağlı Murmansk və Arxangelskinin kiçik limanlarında tez-tez iri xarici gəmilər görünməyə başlayır. Bütün cəhdlərə baxmayaraq yalnız 1878-1879-cu illərdə İsveçlərin təşkil etdikləri ekspedisiya Şimal yolu ilə Berinq boğazına qədər gedib çıxa bilir. Arktikanın mənimsənilməsi ilə bağlı aparılan belə ciddi işlərdə norveçli səyyah Frityof Nansenin (1861-1930) xidmətləri danılmazdır. Nansenin itlər qoşulmuş xizəkləri Qrenlandiya sahillərini gəzmiş, onun buz topalarını öyrənmiş və sonralar gəmi ilə Qara dənizindən Laptevlərə qədər hərəkət etmiş və buzların dreyfinin istiqamətini müəyyənləşdirmişdi. Bu böyük səyyah-coğrafiyaşünas Rusiyanın Volqaboyunda quraqlıqdan aclıq çəkən insanlara əvəzsiz yardım göstərmişdir. Yenə də norveçli səyyah Raul Amundsen «Yoa» gəmisində (1903-1906) Amerikanın şimal sahillərini dolanaraq Berinq boğazından keçib San-Fransiskoya gəlmişdir. Beləliklə, Amundsen ilk dəfə Şimal-Qərb keçidi (Hindistana və Çinə gedən yol) adlanan yola çıxmışdır.
XIX əsrin sonuna yaxın Yerin qütblərini kəşf etmək uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatır. Özü də bu yarışda ön plana elmi maraqlardan daha çox yox, milli və şəxsi nüfuzlar çəkilmişdir.
Amerikalı Robert Piri (1856-1920) həyatının 23 ilini Şimal qütbünün öyrənilməsinə həsr etmişdir. Bir neçə ciddi cəhətlərdən sonra  Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qütbündə olur. Cənub qütbünə isə kimin tez çatacağı uğrunda gedən mübarizə faciə ilə nəticələnir. Norveçli Raul Amundsenin başçılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qütbünə çatır, orada məktub və çadır qoyub geri dönür. At qoşqu heyvanları qoşulmuş xizəklə yola düşən ingilis Robert Skotun (1868-1912) ekspedisiyası bir aydan sonra gəlib cənub qütbünə çatır və burada Norveç bayrağını görür. İngilislər gecikdiklərinə görə mənəvi cəhətdən dərin sarsıntı keçirirlər və geri qayıdarkən yolda həlak olurlar.
Beləliklə, qütblərin kəşfi uğrunda gedən böyük epopeya başa çatır, lakin həmin dövrdə onların elmi cəhətdən öyrənilməsi hələ aparılmırdı. Yalnız sonralar yeni texniki avadanlıqlarla təchiz olunan ekspedisiyalar Arktika və Antarktikanın əsaslı öyrənilməsinə başlayırlar.
XIX əsrin sonu, XX əsrin başlanğıcında Rusiyada coğrafiya elminin inkişafı rus coğrafiya məktəbinin əmələ gəlməsi ilə səciyyələnirdi. Bu baxımdan rus alimi D.N.Anuçinin (1843-1923) yaratdığı məktəb xüsusilə seçilirdi. Anuçin yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əhəmiyyəti olan universitet coğrafiya məktəbini yaratmışdır. Bu məktəb əvvəlcə Moskva Universitetində yaranmış, onun təsiri ilə sonralar Rusiyanın digər universitetlərində məktəblər meydana gəlmişdir.
1884-cü ildə Moskva Universitetində tarix və filologiya fakültəsində coğrafiya kafedrası açılır. Ona rəhbərlik etmək üçün D.A.Anuçin dəvət olunur. Sonralar bu kafedra coğrafiya, antropologiya və etnoqrafiya kafedrasına çevrilir və fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə keçirilir, kafedranın nəzdində coğrafiyanın müxtəlif sahələrini əhatə edən yeni fənlərin tədrisinə başlanır. Alim burada ümumi fiziki coğrafiya, Rusiyanın fiziki coğrafiyası, xarici ölkələrin coğrafiyası, yerşünaslığın tarixi, Rusiyanın etnoqrafiyası, ümumi etnoqrafiya, antropologiya və s. kimi fənnlərdən mühazirələr oxuyur. Sonralar Anuçinin səyi sayəsində coğrafiyanın tarixi və metodologiyası, hidrologiya, kartoqrafiya, geomorfologiya, diyarşünaslıq və başqa fənlər də tədris planına daxil edildi. Kafedrada aparılan ilk elmi iş antropologiya və etnoqrafiyaya aid olmuşdur. D.N.Anuçin insanın mənşəyi, qədim tarixi, etnogenezisi və müxtəlif xalqların həyatı və mənşəyi problemlərinin öyrənilməsinə böyük maraq göstərmişdir. Onun coğrafi əsərlərində insan problemləri ön planda olub, həm ümumi hissədə (yerşünaslıqda), həm də xüsusi hissədə (diyarşünaslıqda) çox mühüm yer tutur.
D.N.Anuçin praktika üçün labüd olan orijinal və konkret tədqiqatların aparılmasını coğrafiya elminin əsas vəzifələrindən və onun inkişafı üçün əsas şərtlərindən biri hesab etmişdir. Bu məqsədlə o Volqanın və Qərbi Dvinanın yuxarılarını coğrafi cəhətdən öyrənmişdir. Bu çayların yuxarı axarının gəmiçilik üçün və Rusiyanın Mərkəzi rayonunun içməli su ilə təmin edilməsi üçün böyük əhəmiyyəti var idi. Həmin tədqiqatların nəticələri onun bir sıra əsərlərində şərh edilmişdir.
Alim Rusiyada limnologiya (gölşünaslıq) elminin əsasını qoymuş və öz tələbələrini də bu sahəyə yönəltmişdir. O, gölə bütöv coğrafi sistem kimi baxıb onun relyefdən, çay şəbəkəsinin konfiqurasiyasından, yeraltı suların rejimindən, iqlimindən, insanın fəaliyyətindən və s. amillərdən asılı olduğunu qeyd edirdi. A.N.Anuçinin coğrafiyanın metodologiyası və elmi tədqiqat metodları haqqındakı mülahizələri coğrafiya elminin tarixində mühüm yer tutur. O, qeyd edir ki müasir coğrafiya qapalı elm olmayıb hər biri ayrı-ayrılıqda inkişaf edə bilən bir sıra elmlərin kompleksidir. Bu cəhətdən coğrafiya müstəsna deyildir. Bir çox elm sahələri də zaman keçdikcə yeni elm sahələrinə bölünmüşdür.Onun fikrincə, coğrafiya iki hissədən – ümumi coğrafiyadan (yerşünaslığdan) və xüsusi coğrafiyadan (diyarşünaslıqdan) ibarətdir. Ümumi coğrafiyaya o, astronomik coğrafiyanı (riyazi coğrafiyanı), geofizikanı (yerin fizikasını), fiziki coğrafiyanı (oroqrafiya, okeanoqrafiya, iqlimşünaslıq), bioloji coğrafiyanı və insan coğrafiyasını aid edirdi.
A.N.Anuçin Rusiya coğrafiyasına xidmət edən böyük elmi məktəb yaratmışdır. Bu məktəbin yetişdirmələrindən L.S.Berq, A.S.Barkov, V.V.Boqdanov, M.A.Boqolepov, M.S.Bodnarski, A.A.Borzov, S.Q.Qriqoryev, A.N.Cavaxaşvili, A.A.İvanovski, B.F.Dobrınin, A.A.Kruber, S.V.Çefranov, İ.S.Şukin və b. coğrafiya elminin inkişafında böyük rol oynamışlar.
Rusiyada coğrafiya elminin inkişafına güclü təsir göstərmiş alimlərdən biri də V.V.Dokuçayev olmuşdur (1846-1903). L.S.Berq onu yüksək qiymətləndirmiş, coğrafiyanın müasir istiqamətinin banisi hesab etmişdir. B.B.Polınov isə Dokuçayevi öz dövrünü qabaqlayan coğrafiyaçı adlandırmışdır.Dokuçayev coğrafiyada landşaftlar nəzəriyyəsinin ən görkəmli nümayəndələrindən biri idi. Landşaftın mənşəyini və inkişafını öyrənən bu nəzəriyyə coğrafi obyektlərin mürəkkəb qarşılıqlı əlaqələrini aydınlaşdırır, orada gedən prosesləri dərk edir, bu prosesləri yalnız məkan cəhətdən deyil, zamana görə də araşdırır. Beləliklə də öz dövrünü xeyli qabaqlamış alim coğrafiyanı yeni baxımdan izah edir. 1879-cu ildə «Rus torpaqlarının kartoqrafiyası» adlı kitabını nəşr etdirən Dokuçayev, hələ o zaman belə bir müddəa irəli sürürdü ki, torpaqların tipləri və coğrafiyası planetimizin tarixi ilə genetik cəhətdən sıx bağlıdır. Onun rəhbərlik etdiyi ilk böyük kollektiv çöl işlərindən biri (1882-1885) Nijeqorodsk quberniyasının torpaqlarının iqtisadi cəhətdən qiymətləndirilməsi işinə həsr edilmişdir. Bu iş üçün hazırlanan proqram qiymətli tədqiqat üsulunun nümunəsi idi. Nijniy-Novqorod ekspedisiyasının materialları çoxlu xəritələrlə birlikdə 14 cilddə çap olunmuşdur. Ekspedisiyanın gedişində torpaqşünaslığın əsas müddəaları işlənib hazırlanmışdır. Bu müddəaların məğzi odur ki, torpaq iqlimdən, relyefdən, ana suxurlardan (geologiya) və orqanizmlərin fəaliyyətindən asılı olan müstəqil təbii-tarixi cisimdir. Sonralar belə bir ekspedisiya Poltava quberniyasında da (1888-1894) aparılmışdır ki, onun da materialları 16 cilddə iri miqyaslı xəritələrlə nəşr olunmuşdur. Aparılan hər bir ekspedisiya Dokuçayevin tələbələri və əməkdaşları üçün çox gözəl kompleks tədqiqat tərkibi idi. Peterburq universitetində bu məlumatların bazasında xüsusi torpaq qiymətləndirmə laboratoriyası yarandı.
Üçüncü böyük kollektiv çöl işi Rusiyanın çöllərində su və meşə təsərrüfatının öyrənilməsinə və saya salınmasına həsr olunmuş xüsusi ekspedisiya idi (1802-1897). 1891-ci ilin güclü quraqlıq və aclığından sonra işə başlamış bu ekspedisiya quraqlıqla mübarizə aparmaq üçün çox iş gördü. O, çöllərin təbii təbii ehtiyatlarını, xüsusən su ehtiyatlarını və torpaqlarını öyrəndi və quraqlığın qarşısını almaq üçün dəyərli təkliflər irəli sürdü. Bu ekspedisiyanın nəticələri 18 buraxılışdan ibarət «Əsərlərdə öz əksini tapdı. Dokuçayevin elmi yaradıcılığının və ideyalarının inkişafının ən yüksək zirvələrindən biri onun «Rus qaratorpağı» (1883) əsəridir. O, bu əsərində yazırdı ki, Qaratorpaqların dəqiq coğrafiyası olmadan onların mənşəyi haqqındakı məsələni düzgün həll etmək olmaz; Rusiyada məlum olan yabanı bitkilərin və vəhşi heyvanların yayılması torpaqların coğrafiyası ilə əlaqədardır.
Alim ilk dəfə olaraq oroqrafik, geoloji və tarixi xüsusiyyətlərinə görə Rusiya Qaratorpağının təbii rayonlaşdırılmasını aparmış, hər rayonun dəqiq xarakteristikasını vermiş, torpağın quruluşu və qalınlığı ilə relyef arasındakı əlaqələri göstərmiş, qaratorpaqların məkan və zaman münasibətlərini  aydınlaşdırmışdır.Dokuçayev torpağın təbii-tarixi cisim olması, torpağın yaşı və inkişaf sürəti anlayışlarını elmə daxil etmişdir. Onun fikrincə, torpaq müstəqil təbii törəmə-cisim olub, suxurların, iqlimin, bitki və heyvanat aləminin, ölkənin geoloji yaşının və məhəllin relyefinin əlaqədar məcmusunun məhsuludur. Başqa sözlə, torpaq ana suxurun, iqlimin, orqanizmlərin zamana zərbinin (vurulmasının) funksiyasıdır (hasilidir). Alim öz elmi konsepsiyasına uyğun olaraq, ilk dəfə torpaqların inkişafı proqnozunu vermişdir. O göstərirdi ki, bu proqnozu obyektlərin və təbii hadisələrin yaşını, onların inkişaf sürətini öyrənməklə zamanın və məkanın analizi və sintezi sayəsində vermək olar.
V.V.Dokuçayev Rusiyada baş verən 1891-ci il quraqlığını və məhsul qıtlığını izah etməyə yönəldən «Bizim çöllər keçmişdə və hazırda» əsərində quraqlıq kimi bəlanın səbəbini iqlimin dəyişməsində deyil, insanların təbii mühiti korlamalarında, meşələrin qırılmasında, insanın çölə mənfi təsirində görürdü. Hər şeydən əvvəl, çöllərə su çıxarmağı və su ehtiyatlarını qorumağı vacib hesab edirdi. Bu məqsədlə də çayların axarını nizama salmağı, yarğanları, qobuları ləğv etməyi, su ehtiyatlarını qorumağı, süni göllər yaratmağı, artezian quyuları qazmağı, meşə salmağı, əkinçiliyi nizama salmağı, yeni şəraitə müvafiq aqrotexniki üsullardan istifadə etməyi və hər yerin təbiətinə müvafiq mədəni bitkiləri seçməyi lazım bilirdi. O, hər sahənin xarakterini, 4-5 il ərzində onun fiziki və iqtisadi coğrafi xüsusiyyətlərini kompleksliliyini öyrənməyi və bunun üçün ölkədə təcrübə stansiyaları şəbəkəsi yaratmağı təklif edirdi.
V.V.Dokuçayev yeni torpaqların əmələgəlmə səbəbini canlı aləmlə cansız aləmin münasibətində görürdü. Yaradıcı insanı bu münasibətlərin ən yüksək zirvəsi hesab edirdi. O, zonallıq qanununu kəşf etməklə torpaqşünaslığın əsası sayılan yeni bir elmi-təbii qurşaqlar (zonalar) haqqında elm yaratdı. Bu daha çox coğrafiyaya aid məsələ idi.
Alim təbii zonanı təbiətin müxtəlif elementlərinin qanunauyğun və qarşılıqlı əlaqələrinin təzahür  sahəsi kimi müəyyən etmişdir. Əlaqələri öyrənmək, zonalıq daxilində təbii elementlərin və təbii hadisələrin qarşılıqlı əlaqələrinin qanunauyğunluğunu açmaq deməkdir. Başqa sözlə, coğrafi zona mürəkkəb təbii kompleksdir. Dokuçayev göstərirdi ki, torpaq bütün təbiətin güzgüsüdür. O, Yerin şimal yarımkürəsində hər birinin özünəməxsus aqrotexniki təsərrüfat qaydaları, elmi təcrübə stansiyaları, xüsusi vəzifələri olan 5 təbii zonaya ayırmışdır. Hər zona müxtəlif fiziki coğrafi, geoloji, tarixi həm də iqtisadi fərqlərə malikdir. Bu fərqləri dərindən və dəqiq öyrənmək tələb olunur. V.V.Dokuçayevin zonalar haqqında söylədiyi fikirlər indi də öz əhəmiyyətini itirməmişdir. O yazırdı ki, nəzərdən keçirilən təbii zonanın kənd təsərrüfatının istiqaməti, həmçinin təcrübə sahələrinin məqsədi və vəzifələri, aqronomik məktəblər onun yerli şəraitinə – fiziki coğrafiyasına, tarixinə, etnoqrafiyasına və iqtisadiyyatın ən xırda məsələlərinə uyğun kəskin zonal xarakter daşıyır.
V.V.Dokuçayev tərəfindən ayrılan və aşağıda göstərilən zonalar sadəcə təbii kompleksin təsviri deyil, o eyni zamanda hər zonaya müvafiq əkinçiliyin ümumi qaydasının, bitkilərin məqsədyönlü yerləşdirilməsinin qanunauyğunluğunun tapılması idi. Dünyanın əsas zonalarını (Şimal yarımkürəsində) Dokuçayev aşağıdakı kimi müəyyənləşdirmişdi:
1. Şimal zonası (tundra, meşə-tundra). Burada torpaqlar, adətən bataqlıqdır az inkişaf etmişdir və turşdur. Bu torpaqlardan kənd təsərrüfatında istifadə etmək üçün onların aerasiyası tələb olunur.
2. Meşə zonası (çimli, podzol, nisbətən kasıb torpaqlar). Belə torpaqlar yaxşı şumlanıb, lazımi kübrələrlə təmin edildikdə məhsuldar olur. Bu zona əkinçiliyin aparılmasına görə minerallaşdırma zonası adlandırılmışdır. Bu torpaqlardan səmərəli istifadə etmək üçün onu əhəng, fosfor, kalium, azot və s. ilə kübrələmək, mineral tərkibini zənginləşdirmək lazımdır.
3. Qaratorpaq zona. Ölkənin əsas əkinçilik zonasıdır. Bu zonanın torpaqlarının çox zaman dənəvər strukturu olmur. Bu torpaqlardan istifadə etmək üçün onların dənəvər strukturunu bərpa etmək lazımdır. Belə torpaqlar olan zonaya fiziasiya zonası deyilir.
4. Süni suvarmaya ehtiyacı olan səhra və yarımsəhra torpaqlar. Dokuçayev bu zonanı «hidrasiya» zonası adlandırır.
5. Qırmızı və ya laterit torpaqlı səhra və yarımsəhra zonası – günəşin mədəni bitkilərə intensiv təsir göstərdiyi zona («heliasiya»).
Dokuçayev elmi fəaliyyətə təbiətçi kimi başlamışdır. O, təbiət vasitəsilə insan dünyasını dərk etmiş və insan elementi onun yaradıcılığında getdikcə daha çox yer tutmuşdur. Sonralar o öyrəndiyi təbii aləmlə insan aləmini birləşdirməyə çalışmışdır. Dokuçayev coğrafiyanın tədqiqat obyektini müəyyənləşdirmək məqsədilə landşaft terminini «geomorfasiya» termini ilə əvəz etmişdir ki, bu da müasir «geosistem» termininə müvafiqdir.
Alim, coğrafiya elminin obyektini təyin edərək təbii zonalar haqqındakı təlimi irəli sürmüşdür. Təbii zonallıq istər üfüqi, istərsə də hündürlük istiqamətində olub təbiətin bütün elementlərini əhatə edir. Quruda olduğu kimi okean və dənizlərdə də təbii zonallıq qanunu qabarıq surətdə özünü büruzə verir. Zonaların daha dəqiq öyrənilməsi və burada bəzi dəqiqləşdirmələr edilməsi tələb olunur. Zonallıq qanunu təbiət elementlərinin qarşılıqlı əlaqələrinin qanunudur, o, eyni zamanda müəyyən ərazidə insanın həyatı və fəaliyyəti qanunudur. O, sahə və zaman qanunudur.
Qərbi Avropanın mütərəqqi fikirli alimlərindən biri alman Oskar Peşel (1826-1875) Ritterin idealist fikirlərinə qarşı çıxmış, Humboltun «müqayisə coğrafiya» metodunu yer səthinin nisbətən kiçik olan konkret tiplərinə tətbiq etmiş və fiordların, adaların, çay vadilərinin, dokların təsvirini vermiş, insan və təbiət münasibətləri məsələsində insanın rolunu yüksək qiymətləndirmişdir.
Peşelin davamçısı Bonn, Leypsiq, Berlin universitetində professor işləmiş və Çinə səyahətlər edərək Lyoş vilayətləri və relyef formalarını tədqiq etmiş Rixthofen (1833-1905) coğrafiyaya Yerin mənzərəsi ilə qarşılıqlı əlaqədə olan müxtəlif hadisələri öyrənən elm kimi baxmış, xüsusilə Yer səthini formalaşdıran proseslərə, xüsusən geoloji proseslərə daha çox əhəmiyyət vermiş, relyefin başqa təbiət ünsürləri ilə əlaqəsini tədqiq etmişdi. İnsanın üzvü və qeyri-üzvü aləmlə qarşılıqlı əlaqələrini müəyyənləşdirməyi coğrafiyanın ali məqsədi saymışdı. O, coğrafiya elmləri sisteminə insan coğrafiyasını da daxil etmiş, antropologiya, etnoqrafiya, statistika kimi sosial elmlərlə təbiət elmləri arasında birlik yaratmışdır. Coğrafi tədqiqatın miqyasını təyin edərək göstərmişdi ki, coğrafi tədqiqat aparmaq üçün konkret və geniş ərazi, böyük rayon, böyük landşaft və s. kimi miqyaslar götürmək daha yaxşıdır. Rixthofenin xidmətlərindən biri onun regional coğrafiyanı ümumi coğrafiyaya qarşı qoymayıb, onların qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərib birgə tədqiqat aparmaları ideyasını irəli sürməsindədir.
Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844-1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi.
O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır. Ratselə görə, insanların məskunlaşması və fəaliyyətini öyrənmək üçün Darvin nəzəriyyəsindən istifadə etmək lazımdır. Bununla da o, sosial darvinizmin əsasını qoymuşdur. Ratsel ömrünün ikinci yarısında «Antropocoğrafiya» adlı 2 cildli əsər nəşr etdirdi. Bu əsərin əsas ideyası bundan ibarətdir ki, insan və heyvanların həyatında, onların məskunlaşmasında, ətraf təbiətlə qarşılıqlı əlaqələrində bir çox ümumiliklər var, həm insanlar, həm də heyvanlar, hər ikisi daim həyat uğrunda, yaşamaq uğrunda mübarizə aparmalıdır. 1897-ci ildə Ratselin «Siyasi coğrafiya» əsəri çapdan çıxdı. Bu əsərdə o, dövləti Yerlə bağlı olan bir orqanizmə oxşadırdı. Dövlət bir orqanizm kimi ya yaşayıb böyüməli, yaxud da məhv olmalıdır. Salamat qalması üçün isə dövlət öz həyat sahəsini genişləndirməlidir. Beləliklə, Ratsel mürtəce «həyat üçün məkan» ideyasına gəlib çıxdı ki, bundan da 30 il sonra alman faşizmi geniş istifadə etdi. Onun fikirləri hələ öz vaxtında Preston Ceyms və s. kimi böyük coğrafiyaşünaslar tərəfindən tənqid olunmuşdu. Lakin vaxtilə onun tələbəsi olmuş Ellen Çörçill Simpl (1863-1932) ABŞ-da onun fikirlərini təbliğ edirdi.
Məşhur fransız coğrafiyaşünası, Sarbon Universitetinin kafedra müdiri Vidal-de-la Blaş (1845-1919) coğrafiyanın vəzifəsini insanın onu əhatə edən mühitlə münasibətini öyrənməkdə görürdü. O, bu məqsədlə bir-birinə oxşar kiçik sahələri dəqiq öyrənməyi lazım bilirdi. Hər iki sahədə insan özünə xeyir verən, ona lazım olan imkanları öyrənməlidir. Coğrafiyada bu istiqaməti possibilizm adlandırırlar.
Coğrafiyaçının mütərəqqi cəhətlərindən biri insan ilə təbiət arasında hərtərəfli əlaqələrin mövcud olduğunu təsdiq etməsi idi. Lakin bu əlaqələrdə həlledici rolu təbiətin təsirində gördüyünə görə o, coğrafi determinizmə qapılırdı.
Alim Fransada «İnsan coğrafiyası» məktəbini yaradanlardan biri idi. Bununla belə o, Ratselin siyasi coğrafi ideyalarını qəbul etməmişdir. Digər tərəfdən, onun coğrafiyası Elize Reklünün insan coğrafiyasından konservatizminə, təsvirçiliyinə və siyasi cəhətdən bir sıra nöqsanlarına görə seçilirdi.
Rusiyada antropocoğrafiya məktəbinin nümayəndələri sayılan A.A.Kruber, İ.P.Siliniç və b. insanların təbiətdən asılı olmasını iddia edir, təbii qüvvələrə onun dəyişdirici təsirini nəzərə almırdı, müti surətdə təbiətə uyğunlaşdıqlarını qəbul edirdilər. Onlar da təbiət qanunlarının insan coğrafiyasına aidliyi fikrini irəli sürürdülər, insanların məskunlaşmasını və bir sıra həyati məsələlərini yaşamaq uğrunda mübarizə qanunu ilə izah edirdilər. Bəzən bu cəmiyyətdə baş verən dəyişiklikləri əhalinin sıxlığının artması ilə bağlayırdılar. Onlar təbiət və cəmiyyət arasında ümumi ahəngin olmasını qəbul edirdilər.
Fransız akademiki Emmanyuel Marton (1873-1955) fiziki coğrafiyanın tanınmış tədqiqatçılarından biri olmuşdur. O, bir sıra qiymətli əsərləri ilə çox tanınmış, ümumi coğrafiya ilə yanaşı geomorfologiya və iqlimşünaslıqla da məşğul olmuşdu. Əqidəsinə görə o da «insan coğrafiyası» məktəbinə mənsub idi. Onun «Mərkəzi Avropanın coğrafiyası» əsəri qiymətli tədqiqat nümunəsi kimi çox maraqlıdır.
Coğrafi determinizm (coğrafi fatalizm) XIX əsrin axırlarında ABŞ-da geniş vüsət almışdı.  Onun ilk nümayəndəsi  E.Hantinqtonun (1876-1948) fikrincə, təbii şərait cəmiyyətin inkişaf səviyyəsini, iqtisadiyyatı, mədəniyyəti və məişəti müəyyənləşdirir. O, elmi-texniki tərəqqinin əleyhinə çıxıb iddia edir ki, elmi-texniki tərəqqi şəraitində kütləvi əmtəə istehsalı ucuz başa gəlir, həddindən artıq çox mal istehsal olunur, satış qiymətləri aşağı düşür. Bu da kapitalizm üçün yüksək qazanc əldə etməyə  mane olur. Elmi-texniki tərəqqi iqtisadi böhranlara səbəb olan bəladır. O, zəif inkişaf etmiş ölkələrin sənayeləşdirilməsinin əleyhinə çıxaraq, onları qabaqcıl ölkələrin aqrar xammal bazasına çevirməyi lazım bilir. Hantinqton da bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin gəlirinin artmasına kömək etməyə çalışırdı. O, sənaye sahələrini inkişaf səviyyəsinə görə təsnifləşdirərək, aşağıdakı qruplara bölür: 1) yalnız əl əməyindən istifadə edən ibtidai tipli sənaye; 2) mexaniki dəyirman, taxta zavodu, filiz əridən, konserv istehsal edən sadə tipli sənaye; 3) qaz zavodu, su kəməri, poliqrafiya sənayesi, dəmir yolu, çuqun əridən zavodu olan ictimai tipli sənaye; 4) bütün başqa sahələri olan kompleksli inkişaf etmiş sənaye. Bu təsnifata görə təbii şəraiti və təbii ehtiyatları zəngin olan sahədə qurulan sənaye ən əlverişli tip hesab edilir. Hər hansı rayonda iqlim şəraitinin mürəkkəbliyini onun inkişafına mane olan əsas amil sayırdı. Beləliklə, o, sosial-iqtisadi mərhələlərin inkişafına tarixi baxımdan yanaşmır, onu iqlim şəraiti ilə bağlayır, sənayenin yerləşdirilməsini coğrafi fatalizm nöqteyi-nəzərdən izah edir, iqlimin insan fəaliyyətinə optimal təsirini axtarırdı. Bununla əlaqədar o, invayronmetalizm (bizi əhatə edən təbii mühit) məktəbinin əsasını qoyur. Bu məktəbə görə insanlar ətraf mühitlə sıx münasibətdədirlər, təbii mühit təsərrüfat fəaliyyətinə güclü təsir edir. Bu məktəbin ABŞ-da banisi E.Ç.Simpl idi. Bəzi müəlliflər insan davranışının bütün tərəflərini ekoloji səbəblərlə izah etməyə çalışırdılar.
Coğrafi determinizmə cavab olaraq possibilizm (mümkün olan) tezisi irəli sürüldü. Bu tezisə görə, insan təbiətin passiv yox, fəal agentidir.
Müasir geosiyasət nəzəriyyəsinin davamçısı və təşkilatçısı Simpl və kontr-admiral Alfred Mexen öz nəzəriyyələrini xeyli mürəkkəbləşdirirlər. Məsələn, Mexen dəniz qüvvələri nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə, sahil zonaları xalqlarının tarixinə, xarakterinə təbii şərait güclü təsir göstərir. İngilis X.Makkinder «Tarixi coğrafiyanın əsasları» adlı kitabında coğrafi mövqeyin hər hansı bir dövlətin taleyində həlledici rolunu şişirtmişdir. Onun coğrafiyasındakı ətalət ideyası mövcud dövlətlərin ağalığını saxlamaq siyasətini güdürdü.
Geosiyasət (geopolitika) nəzəriyyəsi ilə isveçli sosialist Yohan Kyellen (1864-1922) də məşğul olmuşdur. O, «Böyük məmləkətlər» kitabında coğrafi mövqeyin dövlətlərin həyatında həlledici rolunu isbat etməyə çalışmışdır. O göstərmişdir ki, imperialist dövlətlərinin vəzifəsi coğrafi bloklar, özü də hərtərəfli inkişaf etmiş bloklar yaratmaqdır.
Alman imperializmi geosiyasət nəzəriyyəsindən əməli işdə geniş istifadə edib, ona əsaslanaraq faşist dövlətini yaratmış və imperialist müharibələri törətmişdir. Faşist Almaniyası akademiyasının prezidenti Karl Haushoferin (1869-1946) «Hərbi geopolitika» əsərində əsas məqsəd faşizmin planlarının həyata keçirilməsinə ideoloji baza yaratmaq idi. Bu məsələdə Haushofer vulqar coğrafiyadan istifadə etmiş, coğrafi mövqeyin  guya həlledici rol oynaması ideyasını əsaslandırmışdır.

Coğrafiya tarixi,
Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
 

0 şərh