MDB məkanında müasir coğrafiyanın inkişafının birinci mərhələsi (1918-1945-ci illər)

Məlumdur ki, sovet coğrafiyasında təbii və sosial-iqtisadi proseslərin öyrənilməsi həmişə ictimai-iqtisadi formasiya ilə əlaqələndirilirdi. Hər ölkənin tarixi xüsusiyyətləri bu formasiya baxımından nəzərə alınırdı. Bunun əksinə olaraq burjua coğrafiyaçıları təbii sosial prosesləri tədqiq edərkən müxtəlif ictimai-iqtisadi formasiyaları nəzərə almırdılar. Onlar istehsal üsulunun və istehsal münasibətlərinin rolunu qəbul etmirdilər. Postsovet coğrafiyasının metodologiyası göstərilən mühitdə formalaşdığına görə xeyli siyasiləşdirilmişdir.
Birinci Dünya müharibəsinin fəlakətlərindən çıxmış Rusiya xeyli zəifləmişdir. İnqilabdan sonra başlayan vətəndaş müharibələri, xarici müdaxilələr tez-tez baş verən quraqlıq, aclıq və s. isə çətinliklərlə qarşılanan Rusiyanın xalq təsərrüfatının həddən artıq bərbad hala düşməsinə səbəb olmuşdur. Rusiyanın iqtisadiyyatını bərpa etmək üçün hərtərəfli inkişaf etmiş qabaqcıl maddi-texniki bazanın yaradılması tələb olunurdu. Belə bazaya elmi cəhətdən qabaqcıl və inkişaf etmiş ölkə malik ola bilərdi. Buna görə də coğrafiya elminin qarşısında yeni vəzifələr qoyuldu.
Dövlətin tapşırığı ilə ilk dəfə 1918-ci ildə Rusiyada EA-nın nəzdində təbii məhsuldar qüvvələrin öyrənilməsi (KEPS) komissiyası tədqiqat işlərinə başladı. Bu komissiyanın nəzdində sənaye coğrafiyası şöbəsi yaradıldı. Bu, Elmlər Akademiyasının ilk coğrafiya müəssisəsi idi. Şöbəyə görkəmli rus coğrafiya alimi A.Hetnerin tələbəsi A.A.Qriqoryev rəhbərlik edirdi. Hələ inqilabdan əvvəl açılmış ali coğrafiya kursu yenidən fəaliyyətə başladı. Bu, Sovet İttifaqında yaranmış ilk ali coğrafiya məktəbi oldu. Kursun yenidən fəaliyyətinin təşəbbüsçüləri və onun ilk rəhbərləri A.S.Berq, V.N.Sukaçov, Y.S.Edelşteyn idi.
1920-ci ildə Rusiyanın ilk elektirkləşdirmə planı (QOELRO) hazırlandı. Bu planın həyata keçirilməsi çoxsahəli böyük elmi-tədqiqat işlərinin aparılmasını tələb edirdi. Bunları həyata keçirmək üçün SSRİ EA bütün qüvvələri, o cümlədən mövcud coğrafi qüvvələr də səfərbərliyə alındı.
Sovet Rusiyasının məhsuldar qüvvələrinin bərpası və inkişafı, ölkənin elektrikləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi rayonlar şəbəkəsinə yenidən baxmaq lazım gəldi. Belə ki, köhnə rayonların sərhədləri xeyli dəyişmiş və yeni rayon əmələgəlmə prosesləri baş vermişdir. Ölkədə planlaşma işini düzgün təşkil etmək üçün elmi prinsiplər əsasında yeni iqtisadi rayonlaşma aparmaq tələb olunurdu. Buna görə də ölkənin iqtisadi-coğrafi qüvvələri Dövlət Plan Komissiyasının (DPK) ətrafında cəmləşərək yeni rayonlaşdırma işinə başladı (1918-1921). Bütün ölkənin və onun hər rayonunun iqlimi, suları, torpağı, bitkisi, faydalı qazıntıları və digər təbii-iqtisadi imkanları öyrənilir və məhsuldar qüvvələrin ərazidə səmərəli yerləşməsi məsələləri dərindən təhlil edilirdi.
DPK-da planlaşdırmanın ilk mühüm işi təsərrüfatın sahə və ərazi üzrə planlaşdırılmasını birləşdirmək oldu. Komissiyanın xüsusi qrupu 1921-ci ildə sahələr üzrə planlaşdırma üçün ölkə ərazisində 21 iqtisadi rayon müəyyənləşirdi. Bu rayonlaşmanı başda K.M.Krjijanovski olmaqla bir qrup tanınmış alim  aparırdı. İ.Q.Aleksandrov, L.L.Nikitin, E.Y.Şulqin, N.N.Kolosovski və b. tərtib etdikləri həmin rayonlaşdırma sxemi ilk dəfə olaraq ölkə miqyasında yaradılmağı layihələşdirilən ixtisaslaşmış ərazi-istehsal komplekslərini əhatə edirdi. Rayonlaşdırma apararkən ərazinin təbiəti, təsərrüfat xüsusiyyətləri coğrafi əmək bölgüsünün vəziyyəti və s. nəzərə alınmışdır. Təsadüfü deyildir ki, belə rayonlaşdırma coğrafiya elminin sürətlə inkişafına, xüsusilə iqtisadi coğrafiyanın rolunun xeyli yüksəldilməsinə səbəb olmuşdur.
Beləliklə, Sovet hakimiyyətinin ilk illərindən etibarən, ölkədə məhsuldar qüvvələrin inkişafı və səmərəli yerləşdirilməsi ilə yanaşı, iqtisadi-təbii rayonlaşdırma işlərinə də başlanmışdır. Bu işlərin aparılmasında coğrafiya elminin böyük rolu olmuşdur.
Moskvada D.N.Anuçinin məktəbi fiziki coğrafiyanın yenidən qurulmasında, müxtəlif sahələrin inkişafında böyük müvəffəqiyyətlər qazandı. Bu məktəbin fəaliyyətinə A.A.Borzov rəhbərlik edirdi. Moskva coğrafiyaçılarının elmi tədqiqatları əsasən təbii ehtiyatların planlı surətdə mənimsənilməsinə və məhsuldar qüvvələrin inkişafının təmin edilməsinə yönəldilmişdir.
20-ci illərin ortalarında A.A.Borzovun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin nəzdində Xüsusi Coğrafiya Tədqiqat İnstitut yarandı. İnstitutun əsas məqsədi ölkədə fiziki coğrafiyanı inkişaf etdirmək, təbii coğrafi elementlərin və hadisələrin inkişaf prosesinin  qarşılıqlı əlaqələrini öyrənmək idi. Bu institut və dəqiq kəmiyyət hesablamalarını nəzərə almaq məsələlərini irəli sürürdü.
1926-cı ildə N.N.Baranskinin «SSRİ-nin coğrafiyası» əsəri nəşr edildi. İlk dəfə yazılan bu kitab QOELRO planı və Dövlət Plan Komissiyasının iqtisadi rayonlaşdırmaya dair materiallarına əsaslanırdı. Özü də bu tədris kitabı olmaqla yanaşı, həm də ölkənin planlaşdırma işlərində də geniş istifadə olunan elmi əsər idi. Ona görə də DPK-nin əməkdaşları həmin kitab haqqında müsbət rəylər söyləmişdilər. Az müddət içərisində adıçəkilən kitab iqtisadi coğrafiya elminin nüfuzunu xeyli yüksəltmiş və Rusiyada bu elmin hərtərəfli inkişaf etməsi üçün şərait yaratmışdır.
İqtisadi coğrafiya üzrə tədqiqat işləri aparmaq üçün istehsalatda və DPK tərkibində çalışan təcrübəli mütəxəssislər cəlb edilirdi (A.L.Nikitin,  N.N.Kolosovski, V.M.Çetirkin, V.İ.Lavrov və b.). Onlar sonralar ölkə coğrafiyasının qurucuları və nəzəriyyəçiləri oldular.
1923-cü ildən başlayaraq N.N.Baranski Moskva Universitetinə gəlir. Onun A.A.Borzovla əməkdaşlığı nəticəsində coğrafiya qrupu yaradılır.
Sankt-Peterbuqda L.S.Berqin, S.S.Neustriyovun, V.N.Sukaçovun və b. rəhbərliyi ilə fiziki coğrafiya inkişaf etməyə başladı. Lakin iqtisadi coğrafiyanın yeni qaydada inkişafı burada xeyli ləng gedirdi. Denin və statistik coğrafiya məktəbinin digər nümayəndələrinin ona təsiri xeyli güclü idi. Fiziki coğrafiyaçıların digər təbiət elmləri nümayəndələri ilə əməkdaşlığı onların elminin inkişafında xüsusi rol oynamışdır.
Hələ 30-cu illərdə fiziki coğrafiyaçılar, geoloqlar, bioloqlar torpaqşünaslarla birlikdə ümumi yerşünaslığa, təbii proseslərə, zonalara, iqlimə aid qiymətli kitablar nəşr etdirmişdilər. «SSRİ-nin coğrafi zonaları» (L.S.Berq) «Mədəni bitkilərin və bitki ehtiyatlarının coğrafiyası» (N.İ.Vavilov) və s. kimi kitablar dünya fiziki coğrafiyasının qiymətli əsərləri hesab olunur. Bununla belə, fiziki və iqtisadi coğrafiyada kompleks tədqiqatlara münasibətdə mövcud olan fərqlər ümumi işə xeyli ziyan vururdu. Vahid coğrafiya ideyası uzun illər mübahisələr doğurmuşdur.
Dövlətin 1934-cü il 16 may tarixli qərarında coğrafiyanın tədrisinin bütün sahələrinə, o cümlədən bu elmin inkişafı məsələlərinə də toxunulmuşdur. Qərarda şərh olunurdu ki, coğrafi təhsil fiziki coğrafiya ilə iqtisadi coğrafiyanın kombinasiyası ilə getməlidir. Coğrafiya dərsləri mücərrəd, təsviri sadalama deyil, düşünülmüş sistemlərin təhlili, materialın canlı izahı və xəritələrdən geniş istifadə əsasında aparılmalıdır. Coğrafiyanın tədrisinə kömək üçün «Qeoqrafiya v şkole» məcmuəsinin nəşri haqqında göstəriş verilmişdir. Universitetlər və pedaqoji institutlarda coğrafiya fakültələrinin açılması məsləhət görülmüşdü. Ali məktəblərdə də coğrafiyanın tədrisini yaxşılaşdırmaq və coğrafi elmi-tədqiqat işlərini möhkəmləndirmək məqsədi ilə dövlət xüsusi qərar qəbul etdi.
1934-cü ildə SSRİ EA nəzdində fiziki coğrafiya bölməsi, 1936-cı ildə isə Moskva Coğrafiya İnstitutu yarandı. Bəzi ali məktəblərin nəzdində elmi-tədqiqat mərkəzləri və yeni coğrafiya kafedraları açıldı. SSRİ EA-nın tərkibində bir sıra coğrafiya mərkəzləri yarandı. Burada aparılan fiziki və iqtisadi coğrafi tədqiqatlar nəticəsində qiymətli coğrafi əsərlər meydana gəldi. SSRİ-nin böyük dünya atlası nəşr edildi.
Akademiyanın coğrafiya institutları SSRİ-nin təbiətini və təbii sərvətlərini öyrənmək üçün iri ekspedisiyalar təşkil etdilər.
Moskva Coğrafiya Mərkəzində ayrı-ayrı regionların, iqtisadi rayonların və müttəfiq respublikaların öyrənilməsində böyük işlər görülmüşdü. Ölkənin müxtəlif rayonlarında tədqiqat bazaları və filiallar yaradıldı. Sonralar bir sıra rayonlarda bu bazalar iri tədqiqat institutlarına çevrildi. Uzaq Şərqə, Şərqi Sibirə, Azərbaycana, Gürcüstana, Yakutiyaya, Kola yarımadasına, Qazaxıstana, Orta Asiyaya xüsusi ekspedisiyalar göndərildi. Bu ekspedisiyaların elmi axtarışları nəticəsində toplanan məlumatlar sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində quruculuq işlərinin aparılmasına xeyli kömək etmişdir.
Moskva və Sankt-Peterburq coğrafi mərkəzləri bütün ölkə üçün coğrafiya mütəxəssisləri hazırlayırdılar.
İkinci Dünya müharibəsi ərəfəsində ölkədə artıq güclü coğrafiya elmi yaranmışdı. Gürcüstan, Azərbaycan, Türkmənistan kimi respublikalarda, Sibir və Uzaq Şərq rayonlarında coğrafiya institutları açıldı. Moskva, Sankt-Peterburq, Kiyev, Lvov, Kazan, Bakı, Xarkov, Yerevan, Tbilisi, Riqa və s. universitetlərin nəzdindəki coğrafi tədris və tədqiqat mərkəzlərində yüzlərlə görkəmli alim çalışmağa başladı.
Böyük Vətən müharibəsi dövründə B.B.Polınov, K.K.Markov hərbi coğrafiyanın yeni elmi əsaslarını yaratdılar. N.N.Zubov, İ.D.Papanin, L.Y.Zimin və b. hərbi dəniz coğrafiyası problemlərini işlədilər.
Sovet coğrafiyaçıları müxtəlif müharibə meydanlarının coğrafi xüsusiyyətlərini öyrənmək işində bir sıra əsərlər yaratdılar. Müharibə dövründə qərb rayonlarından şərq rayonlarına sənaye müəssisələrinin və əhalinin köçürülməsi və arxa cəbhədə möhkəm iqtisadi bazanın yaradılması üçün coğrafiyaçıların irəli sürdükləri qiymətli təkliflər ölkənin müdafiə işinə xeyli kömək etdi.
Atlantik okeanından Sakit okeana gedən Şimal dəniz yolunun axtarışına Avropa və həm də Rusiya tədqiqatçıları və səyyahları böyük diqqət yetirdilər. Murmanskdan başlayaraq Şimal Buzlu okeanı və Berinq boğazından keçərək Vladivostokadək uzanan bu yol Avropadan Asiyaya, Hind okeanından gedən yolu iki dəfə qısaldıldı. Tarixin müxtəlif dövrlərində bu yolun öyrənilməsi və kəşfində rus alim və səyyahları – M.V.Lomonosov, Vitus Berinq, Sibiryakov, O.Şmidt və b. böyük səy göstərmişlər. Lakin Şimal yolu çox çətin yol idi, qalın buzlarla örtülmüşdür və yalnız güclü buzqıran gəmilər  icad olunduqdan sonra onun intensiv mənimsənilməsinə başlamaq mümkün olmuşdur.
1913-1914-cü illərdə B.A.Vilinskinin rəhbərliyi altında buzqıran gəmilərin köməyi ilə təşkil olunan rus ekspedisiyası Çelyuskin burnundan şimalda yerləşən Şimal Torpağı arxipelaqını kəşf etdi.
Sərt təbiətli Şimal yolunun intensiv mənimsənilməsinə güclü atom buzqıran gəmilərin köməyi ilə 1960-cı illərdən sonra başlanmışdır. Lakin gəmilərin bu yolla hərəkəti çox vaxt və vəsait tələb etdiyinə görə Avropa-Asiya yük daşınmasında onun istifadəsi genişlənə bilmədi.
Sovetlərin dövründə Arktikada buz üstündə üzən çoxlu stansiyalar təşkil olunurdu. Hərbi məlumatlar əldə etmək, yeni şimal texnikasını sınaqdan keçirməklə  yanaşı, belə stansiyalarda Arktikanın havası, buzların qalınlığı və hərəkət istiqamətləri, okeanın dibi, axınlar və s. haqqında elmi müşahidələr aparılırdı. İlk belə stansiyalardan (Şimal Qütbü № I) biri 1937-ci ildə İ.D.Papanin (1894-1986) rəhbərliyi altında təşkil olunmuşdur. Bu ekspedisiyaya ümumi rəhbərliyi akad. O.Y.Şmidt (1891-1956) həyata keçirirdi. Bu ekspedisiya tarixdə ilk dəfə olaraq təyyarələr vasitəsi ilə  bilavasitə şimal qütbünün üstünə endirildi və hərəkət edən buzlar üzərində stansiya quraraq  müxtəlif xarakterli müşahidələr aparmağa başladı. Papaninçilər adı ilə tarixə düşən bu stansiyanın iştirakçıları uzun müddət buzlar üzərində qalıb müşahidələr aparmış, çətinliklərlə qarşılaşmışlar və nəhayət buzqıran gəmilərin köməyi ilə materikə çıxarılmışlar. Bundan sonra Arktikada bir çox üzən stansiyalar yaradılıb. Bu stansiyalar Böyük Şimal yolunun (Arxangelsk – Berinq boğazı) açılmasında və fəaliyyətində yardımçı olmuşlar.
Yalnız 1977-ci ildə «Arktika» adlı sovet atom buzqıran gəmisi tarixdə ilk dəfə buzların üstü ilə üzərək düz Şimal qütbünə gəlib çıxmışdı.
Artıq XX əsrin 20-30-cu illərindən başlayaraq dünyanın aparıcı ölkələrinin – ABŞ, Böyük Britaniya, Fransa, SSRİ və b. Antarktida materikində elmi – tədqiqat ekspedisiyaları fəaliyyətə başlayırlar. Sonralar Beynəlxalq Geofizika (1957-1958) ilinin başlanğıcı  ilə əlaqədar olaraq aparılan tədqiqat işləri daha da genişləndirildi. Burada keçmiş Sovet İttifaqının Mirnıy, Pionersk və b. stansiyaları fəaliyyətə başladılar. Göstərilən sovet və xarici ölkə stansiyaları dünya iqlimi və şirin su ehtiyatının «anbarı» hesab olunan Antarktidanın elmi cəhətdən öyrənilməsini xeyli dərinləşdirdi. Burada tədqiqat aparan 12 ölkə arasında əldə olunan razılığa əsasən Antarktida hərbi xarakterli hər hansı bir tədbirin həyata keçirilməsi qadağan olunur, bütün ölkələr materik haqqında topladıqları məlumatları bir-birilə mübadilə edirlər.
Coğrafiya tarixi,
Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

 

0 şərh