Müasir coğrafiya XX əsrin 90-cı illərində

70-ci illərdən başlayaraq iqtisadi və sosial coğrafiya elmi humanizm və sosial təsisatlar prinsipinin üzərinə qayıdır. Bu çox əhəmiyyətli məsələdir. Belə ki, texnokratiyanın üstələdiyi sovet cəmiyyətində həmin prinsip kölgədə qalmışdır. Hələ 60-cı illərdən bunu görən N.N.Baranski açıq şəkildə «insansız coğrafiyanın» əleyhinə çıxış etmişdir. İstehsal sahələrini öyrənən iqtisadi coğrafiya tədricən öz tədqiqat obyektinə sosial sahələrin coğrafiyasını da əlavə edir. Elmin mahiyyətinin genişləndirilməsi onun adında dəyişikliklər aparılmasını tələb edirdi. Ona görə də «İqtisadi və sosial coğrafiya» adı yaranır və 1979-cu ildən Ali Attestasiya Komissiyası bu ixtisas üzrə elmlər namizədi və elmlər doktoru adlarının verilməsini təsdiq edir. Bu elmin yeniləşdirilmiş anlayışları və kateqoriyaları geniş və hərtərəfli şəkildə E.B.Alayevin fundamental xarakterli terminlər lüğətində (Sosialno-ekonomiçeskaya qeoqrafia. Ponətiyno-terminoloqiçeskiy slovar. M. 1983)  verilmişdir. Lüğətdə, iqtisadi və sosial coğrafiyanın  800-ə qədər termininin geniş izahatı verilmişdir.
İqtisadi coğrafiya elmində başlanan yeniləşmə 80-90-cı illərdə davam etdirilir. Bu dövrdə A.İ.Çistobayev və M.D.Şarıqinin yazdıqları nəzəri-metodoloji monoqrafiyada (Ekonomiçeskaya i sosialnaya qeoqrafiya, Novıy etap, 1990) iqtisadi və sosial coğrafiyanın predmeti kimi bütövlükdə cəmiyyətin ərazi təşkilinin öyrənilməsi ideyası əsaslandırılır. Bununla bağlı olaraq cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi və təsiri, iqtisadi – ekoloji rayonlaşdırma, coğrafi əmək bölgüsünün növləri, cəmiyyətin ərazi təşkilinin sosial-coğrafi problemləri diqqət mərkəzinə çəkilir.
Yenə də həmin dövrlərdə rus dilində «Coğrafiya dünyası» (M. 1984) adlı fundamental əsər çap olunur. Populyar dildə yazılmış bu əsərdə coğrafiyanın məşğul olduğu köklü məsələlər nəzərdən keçirilir, dünyanın dərk edilməsində  bu elmin rolu və yeri haqqında geniş məlumat verilir. Orada coğrafiyanın tarixi, Yerin coğrafi kəşflər tarixi, səyahətlər, tədqiqatçılar və s. haqqında danışılır. Yerin təbiətini canlı şəkildə əks etdirən, oxunuşunu asanlaşdıran illüstrasiya  materialları kitaba böyük maraq doğurur.
1990-2000-ci illəri əhatə edən keçid dövrünün tələbatı ilə bağlı olaraq iqtisadi və sosial coğrafiyanın bir sıra problemlərinin dərinləşdirilməsi və yeniləşdirilməsi müşahidə olunur. SSRİ-nin dağılması bizim elmə zorla sırıdılan inzibati amirlik baxışlarından qurtarmaq, sərbəst axtarışlar aparmaq tələb olunurdu. Lakin bu ümumi axtarışlar gedişində bəzi ədəbiyyatlarda iqtisadi və sosial coğrafiyada indiyədək toplanmış elmi irsi kölgədə qoymaq və tamamilə sıfırdan başlamaq kimi səslər də eşidilirdi. N.N.Baranski, N.N.Kolosovski və başqalarının iqtisadi rayonlaşdırma və ərazi-istehsal kompleksləri nəzəriyyələri və baxışları tənqid olunurdu. Belə çıxırdı ki, bu nəzəriyyələr artıq köhnəlib və coğrafiya tarixinin «zaman gəmisindən» kənara atılmalıdır. Bu kimi səhv fikirləri tənqid edən akad. V.M.Kotlyakov qeyd edirdi ki, coğrafi ideyalar həmişə zamanla bağlı olduğundan dərin tarixi köklərə malikdir və zaman keçdikcə daha da qüvvətli görünür. Bu baxımdan N.N.Baranski və N.N.Kolosovskinin nəzəriyyələri haqqında deyilən mənfi fikirləri düzgün hesab etmək olmaz. Deməli yeni sosial-iqtisadi sistemə keçid heç də bizim elmin əvvəllər yaratdığı bir çox mütərəqqi nəzəri və metodiki anlayışları inkar etməməlidir.
Müasir dövrdə iqtisadi və sosial coğrafiyanın diferensiasiyası xeyli dərinləşir, bu elmdə sosioloji, humanizm və siyasi coğrafiya istiqamətlərinə meyllər artır. Cəmiyyət tərəfindən sifarişlər, daha çox siyasi coğrafiyaya, xüsusilə onun seçicilər (elektoral) coğrafiyası qoluna, geosiyasətə, ərazi və etnik konfliktlərin coğrafiyasına aid verilir.
Regional siyasət problemlərinin işlənib hazırlanması, inzibatı-ərazi bölgülərinin elmi cəhətdən əsaslandırılması və s. istiqamətlərin inkişafı daha sürətlə gedir.
Bütün bunlar öz nəticəsini son illərin elmi ədəbiyyatında tapmışdır. İstehsal sahələrinin coğrafiyasına həsr olunan mövzuların çapı azalır, sosial sahələrinki isə artır. Əgər 70-ci illərdə MDB məkanında iqtisadi və sosial coğrafiya üzrə nəşr olunmuş bütün elmi ədəbiyyatın 50 faizi istehsalın coğrafiyasına həsr olunmuşdursa, 90-cı illərdə bu rəqəm cəmi 30 faiz təşkil etmişdir. Əksinə, müxtəlif siyasi partiya və hərəkətlərdən, özəl müəssisələrdən qəbul olunan sifarişlər nəticəsində sosial və siyasi coğrafiyaya həsr olunan elmi ədəbiyyatın sayı xeyli çoxalmışdır. Bütün bu yeniliklərlə bağlı olaraq 1995-ci ildə MDB-nin bir sıra ölkələrinin Ali Attestasiya Komissiyaları «İqtisadi və sosial coğrafiya» ixtisası üzrə elmlər namizədi və doktoru adlarının verilməsi üçün daha bir söz «siyasi coğrafiya» sözünü əlavə etməklə – «iqtisadi, sosial və siyasi coğrafiya» adını təsdiqləmişlər. Belə geniş ad altında iqtisadi və sosial coğrafiya cəmiyyətin həyatının bütövlükdə ərazi təşkilini və onun ayrı-ayrı ölkələrdə, rayonlarda və məhəllələrdə təzahür xüsusiyyətlərini və qanunauyğunluqlarını öyrənir.
90-cı illərdə açıq iqtisadiyyata keçməyə başlayan Müstəqil Dövlətlər Birliyi ölkələrində xüsusilə, Rusiyada bir sıra yeni iqtisadi və sosial coğrafi ədəbiyyatlar çap olunmuşdur. Bu ədəbiyyatlarda ölkələrin iqtisadi inteqrasiyası və tarazlı (dayanıqlı) inkişafı anlayışlarının mahiyyətinə, böhran və depressiyaya uğramış regionların dirçəldilməsi problemlərinə, urbanizasiya proseslərinə və s. aid maraqlı və yenilik xarakterli elmi yazılar verilir. Bu dövrdə əhali və yaşayış məskənləri coğrafiyasına aid daha çox elmi ədəbiyyat yazılmışdır.
S.A.Kovalyovun Moskva universitetində yaratdığı kənd yerlərinin coğrafiyasına aid məzmunlu məktəbin davamçısı olan A.İ.Alekseyevin 1990-cı ildə «Çox üzlü kənd» adlı monoqrafiyası bu problemə həsr olunmuşdur. Burada kənd yerlərinin funksiyası, yaşayış şəraiti, strukturu, idarə olunması və s. məsələləri kompleks şəkildə təhlil olunur.
Urbanizasiya və şəhərsalma problemlərinə həsr olunan ən əhəmiyyətli əsərlərdən biri  də E.N.Pertsikin «Şəhərlər coğrafiyası urbanistika əsasları ilə» (M. 1996) kitabıdır. Əsərdə rayon layihələşdirilməsi baxımından dünya urbanizasiya prosesinin mürəkkəb döngələrindən keçdiyi yollar parlaq şəkildə işıqlandırılır.
Q.M.Lapponun şəhərlər coğrafiyası ilə bağlı yeni çapdan çıxmış (Qeoqrafiya qorodov, 1997) dərs vəsaiti böyük əhəmiyyət kəsb edir. Dərs vəsaitində şəhərlər sisteminin metodoloji problemləri, strukturu, dinamikası, ərazi-dayaq («karkas») rolu və s. nəzərdən keçirilir. Şəhərlərin coğrafiyası ilə bağlı məsələlər əsasən Rusiya Federasiyasına həsr olunsa da, keçid dövrünün şəhərlərə təsirinin öyrənilməsi baxımından xeyli maraq doğurur.
Nəqliyyat coğrafiyası ilə bağlı olan tədqiqatların sayı da artmışdır. Bu da bazar iqtisadiyyatına keçid, sərbəst gediş-gəliş və ölkələrarası inteqrasiyanın güclənməsi və s. ilə bağlıdır. MDB-nin nəqliyyat coğrafiyasına aid 1991-ci ildə iri həcmli dərslik nəşr olunmuşdur. Dərslikdə nəqliyyatın iqtisadi coğrafiyasının predmeti kimi ölkə və onun regionları üzrə iqtisadi və sosial inkişaf prosesində formalaşan ərazi nəqliyyat sistemləri götürülür. Kitabın mərkəzi ideyasını məhsuldar qüvvələrin yerləşdirilməsi ilə nəqliyyatın qarşılıqlı əlaqələri və iqtisadi coğrafi rayonlar üzrə bu əlaqələrin həcmi, strukturu və istiqamətlərinin təhlili təşkil edir. Bir çox obyektiv amillərə,  texniki-iqtisadi və coğrafi əsaslarla bağlı olduğuna görə SSRİ müstəqil dövlətlərə ayrılsa da, onların nəqliyyat sistemləri öz fəaliyyətini əvvəlki kimi birgə davam etdirirlər.
Başlıca nəqliyyat növləri, onların yük və sərnişin daşınmalarında yeri və əhəmiyyəti və MDB ölkələrinin hər birinin ayrıca nəqliyyat sisteminin coğrafiyası geniş təsvir olunur.
Kompleks diyarşünaslıq tədqiqatları son illər daha da inkişaf etdirilmişdir. SSRİ-nin dağılması, sərhədlərin açılması, həm bizim və həm də xarici ölkələrin coğrafiyaşünasları və cəmiyyətləri arasında əlaqələri genişləndirmişdir.
Xarici ölkələr, o cümlədən MDB üzrə kompleks diyarşünaslıq istiqaməti davam etdirilmişdir. Bununla  bağlı son illər nəşr olunan ədəbiyyatlar arasında ən iri və sanballısı M.D.Aksyonovanın redaktorluğu ilə buraxılan coğrafi ensiklopediyadır (Ensiklopediya, tom 3, Qeoqrafiya, M.1997). Ensiklopediyada Böyük coğrafi kəşflər, ekspedisiyalar, Yerin təbiəti, dünya təsərrüfatı və əhalisinin coğrafiyası, təbiət və cəmiyyətin qarşılıqlı münasibətlərinin müasir vəziyyəti və s. məsələlər canlı və anlaşılan dildə şərh edilmiş, çoxlu orijinal şəkil və xəritələrdə əks etdirilmişdir.
A.T.Xruşşyovun redaktorluğu ilə Rusiyanın iqtisadi və sosial coğrafiyası dərs vəsaiti (Ekonomiçeskaya i sosialnaya qeoqrafiya Rossii» M.1997) nəşr  olunmuşdur.
Universitetlər üçün nəzərdə tutulan bu vəsaitdə MDB ölkələri haqqında müxtəlif məlumatlar Rusiyanın yeni geosiyasi vəziyyəti onun təsərrüfat sahələri, iri iqtisadi zona və rayonlarının iqtisadi və sosial coğrafi səciyyəsi verilir.
Son illər xarici ölkələrə həsr olunan sanballı coğrafi ədəbiyyatın nəşri də artmışdır. Bir çox tədris vəsaitləri, ensiklopediyalar, monoqrafiyalar, atlas və xəritələr buraxılmışdır. Onlardan V.P.Maksakovskinin üç cilddə çapdan çıxmış «Dünyanın coğrafi mənzərəsi» (M.1998) kitabı müəllimlərə köməklik məqsədilə yazılsa da,  geniş oxucu kütləsi üçün böyük maraq doğurur.
Dünyanın təbii ehtiyatları, siyasi xəritəsində baş verən son yenilikləri, əhalisi, təsərrüfatı, qlobal problemləri və s. kitabda geniş təsvir edilmişdir. Kitabın birinci hissəsində dünya təsərrüfatının müasir coğrafiyası və onda baş verən dəyişikliklər, siyasi coğrafiyanın problemləri, azad iqtisadi zonalar anlayışı, dünyanın ekoloji problemləri və s. haqqında geniş məlumat verilir. İkinci hissədə dünyanın iri regionlarında baş verən siyasi, iqtisadi və sosial coğrafi dəyişikliklər göstərilir, hər bir regionun xarakterik cəhətlərini əks etdirən problemlər təhlil olunur, iri ölkələr haqqında coğrafi müntəxabat xarakterli geniş oxu məlumatları verilir. Dünyanın qlobal problemlərinin yeni baxımdan təhlili kitabın üçüncü cildində toplanmışdır.
V.P.Maksakovskinin son illər yazdığı iri həcmli (600 səhifə) fundamental əsərlərindən biri də dünyanın tarixi coğrafiyasına (İstoriçeskaya qeoqrafiya mira, M. 1997) həsr olunmuşdur. Bu təqdirəlayiq əsərin qayəsi təkcə coğrafi baxımdan tarixi proseslərin qiymətləndirilməsi olmayıb, həm də tarixi-coğrafi araşdırmaların necə aparılmasını göstərmişdir. Onun ən ümdə vəzifəsi dünyanın müasir xəritəsinin, təsərrüfatının və əhalisinin formalaşma tarixini göstərməkdir. Özü də əhalinin artması, hərəkəti  maddi və mənəvi mədəniyyəti əsas kimi götürülür. Dünya mədəniyyətlərinin səciyyələndirilməsində şəhərlərin inkişaf tarixindən geniş istifadə olunur. Qədim şəhərlərin – İyerixon, Milet, Afina, Roma, İsgəndəriyyə və s. mədəniyyətin və elmin, o cümlədən coğrafiyanın inkişafında oynadıqları əvəzsiz rolu qeyd olunur.
Coğrafi baxımından bu kitabın ən mühüm ana xəttlərindən biri də Yer haqqındakı biliklər səviyyəsini sistematik təsvir etməsi, coğrafiya elminin vəziyyətini və inkişafını səciyyələndirməsidir.
Bu dövrdə (1990-2000-ci illər) xarici ölkələrin iqtisadi, sosial və siyasi coğrafiya ədəbiyyatlarında bizim üçün önəmli olan, təcrübə rolunu oynaya bilən bir sıra yeni problemlər irəli sürülür. Bunların sırasına: Qərb-Şərq və Şimal-Cənub iqtisadi inteqrasiyası, sərhədyanı əməkdaşlıq, azad iqtisadi zonalar üçün coğrafi məkanın seçilməsi meyyarları, beynəlxalq coğrafi əmək bölgüsü və inteqrasiyanın yeni mərhələsi, regionların tarazlı inkişafı, mərkəz və əyalətlərin (periferiyanın) qarşılıqlı münasibətləri və s. daxildir. Göstərilən bu problemlərin həlli bazar münasibətləri quran postsosialist ölkələrinin iqtisadi və sosial coğrafiyası elminin yeni ideyalarla zənginləşməsinə səbəb olacaqdır.
V.P.Maksakovskinin son illər çap olunan və böyük maraq doğuran yeni səpgili əsərlərindən biri  də «coğrafi mədəniyyət»ə (Qeoqrafiçeskaya kultura. M.1998) həsr olunmuş dərsliyidir. Burada ilk dəfə coğrafi mədəniyyət anlayışı, müasir məktəb coğrafiyasında onun vəziyyəti ətraflı nəzərdən keçirilir. Qeyd olunur ki, bütövlükdə coğrafiya elminin və məktəb coğrafiyasının reytinqinin aşağı olması coğrafi mədəniyyətin səviyyəsinə də mənfi təsir göstərir. Bunun səbəbi elmlər sırasında coğrafiya elminin tutduğu yerin «direktiv orqanlar» tərəfindən lazımı dərəcədə qiymətləndirilməməsi və coğrafiya müəllimlərinin böyük əksəriyyətinin, xüsusilə kənd yerlərində coğrafi baza təhsillərinin aşağı olmasıdır.Müəllif daha sonra göstərir ki, mədəniyyət xeyli aydın seçilən «üfüqi» (horizontal) və «şaquli» (vertikal) aspektlərə malikdir. Birinciyə misal olaraq dünya mədəniyyətinin iki böyük ərazi tiplərini-qərb və şərq, və çoxsaylı digər tiplərini və yarım tiplərini göstərmək olar. Mədəniyyət anlayışının «sahə» və ya «şaquli» aspektləri də yekcins deyildir. Biz riyaziyyat, fizika, tarix,  coğrafiya və başqa mədəniyyətlər haqqında ətraflı danışa bilərik. Onların hər birinin, o cümlədən coğrafi mədəniyyətin müstəqil yaşamaq hüququ vardır. Ümumbəşər mədəniyyətin və təhsilin inkişafında coğrafiyanın rolu haqqında məşhur elm adamları da sözlər demişlər. Coğrafi mədəniyyət son illər iqtisadi, kartoqrafik və ən vacibi isə ekoloji mədəniyyət elementləri ilə xeyli zənginləşmişdir. Ekoloji mədəniyyət planetimizdə yaşayan bütün insanların, ətraf mühitin qorunub saxlanılması və gələcək nəsillərə onun yararlı halda verilməsi sahəsində öz səylərini birləşdirmələri ilə səciyyələnir.
Coğrafi mədəniyyət anlayışı V.P.Maksakovski tərəfindən dar və geniş mənada şərh olunur. Birinci halda söhbət, coğrafiya mütəxəssislərinin peşəkarlıq mədəniyyətindən, onların öz elmlərinin başlıca nəzəri və tətbiqi məsələlərini dərindən bilmələrindən gedir. Geniş mənada coğrafi mədəniyyət, müasir sivilizasiyalı cəmiyyətin hər bir vətəndaşının coğrafiya sahəsində tələb olunan həcmdə biliklərə sahib olmasıdır. Bu düyün nöqtəsində müəllim aralıq mövqe tutaraq bir tərəfdən coğrafiya mütəxəssisi, digər tərəfdən isə gənclər arasında kütləvi coğrafi mədəniyyətin yayıcısı kimi çıxış edir. Coğrafi mədəniyyət dörd əsas ünsürü əhatə edir: 1. Dünyanın coğrafi mənzərəsini; 2. Coğrafi təfəkkürü; 3. Coğrafi metodları; 4. Coğrafi dili. Göstərilən ünsürlərin kitabda geniş təhlili verilmişdir.
90-cı illərdə fiziki coğrafiya elminin inkişafı və tədrisi sahəsində xeyli irəliləyişə nail olunmuşdur. A.A.Qriqoryev, S.K.Kolesnik, F.N.Milkov və b. coğrafi təbəqənin  formalaşması, onun strukturu, dinamikası və s. haqqında fundamental tədqiqatlar aparmışlar, dərsliklər nəşr etdirmişlər. Belə maraqlı dərsliklərdən biri də F.N.Milkovun «Ümumi yerşünaslıq» (1990) kitabıdır. Universitet tələbələri üçün nəzərdə tutulan bu dərsliyin ilk üç fəsli yerşünaslığın ənənəvi obyekti olan coğrafi təbəqəyə, ona göstərilən planetar və kosmik təsirə, strukturuna həsr olunub. Landşaftın dinamikası, maddələr və enerji mübadiləsi kimi məsələlərinin təhlilinə dərslikdə xeyli yer ayrılmışdır. F.N.Milkov həmçinin yerin landşaft sferasına və onun əsas növlərinə – yerüstü, buzlaq, quru, su, dib və s. təhlilinə aid özünün əsaslı töhfəsini vermişdir. Təbii zonalıq, onun haqqındakı müasir təsəvvürlər, enlik, hidrotermik, orogen, şaquli landşaft zonalığı müfəssəl şəkildə işıqlandırılır.
E.P.Romanovanın rus dilində çapdan çıxan (Sovremennıye landşaftı Evropı (M.1997)) dərs vəsaitində Avropanın təbii landşaftlarının yaranması amilləri və yerləşmə qanunauyğunluqları, təsərrüfatda onların mənimsənilməsi tarixi, antropogen təsirin altında transformasiyası və s. tədqiq olunur. Avropanın iri regionlarındakı landşaftların yaranması və müasir xüsusiyyətləri şərh olunur.
Hidrologiyaya aid nəşr olunan ədəbiyyatlar sırasında R.S.Çalovun çayların məcrasının tədqiqinə həsr olunmuş dərs vəsaiti xüsusilə fərqlənir (Russlovoe issledovanie, M, 1995). Məcranın çoxsahəli tədqiqatlarının üç əsas istiqamətləri: hidroloji, geoloji, və coğrafi, qarşılıqlı əlaqə şəklində verilmişdir. Dərs vəsaitində məcranın tədqiqatlarının bütün mərhələləri – çöldə faktiki materialların toplanması və əlavə sahmanlanmasından başlayaraq, kameral təhlili və stasionar öyrənilməsinə qədər, əhatə olunmuşdur.
70-ci illərdən sonra ətraf mühitin çirklənməsi dünyanın qlobal problemlərinə çevrilir. Təbii sistemlərə edilən antropogen təzyiqlərin artması insan üçün təhlükə törədən ekoloji çirklənmənin daha geniş sahələrdə yayılmasına səbəb olur. Ona görə də bəşəriyyətin həyatı üçün aktual olan bu problemlərə aid daha çox ədəbiyyat çap olunmağa başlayır. Fundemental xarakterli belə əsərlərdən biri də N.F.Reymersin «Təbiətdən istifadə» lüğət – məlumat (M.1990, rus dilində) kitabıdır. Problem məsələləri əhatə edən bu sözlük – məlumat kitabı dünya təcrübəsində ilk dəfə yaradılmışdır. Burada təbiətdən istifadənin ekoloji, sosial və iqtisadi məsələlərinə həsr olunan 5000-dən çox ən mühüm termin və anlayışların izahı verilmişdir.  Elmin inkişafının hazırki mərhələsi üçün əhəmiyyətli olan bir sıra yeni  terminlər təklif olunur və onların izahı verilir. Müəllif coğrafi ekologiya kimi yeni anlayışı belə izah edir: «coğrafi ekologiya (geoekologiya), biosfer də daxil edilməklə ekosistemin yüksək iyerarxiya səviyyəsini öyrənən» ekologiyanın (coğrafiyanın) bir bölməsidir. Bu terminin sinonimləri (əvəzi) – landşaft ekologiyası, biogeosenologiyadır».
Q.N.Qolubevin «Geoekologiya» (M.,1999, rus dilində) dərsliyi coğrafi ekologiyanın geniş məsələlərini əks etdirir. Onun dərsliyində göstərilir ki, coğrafi ekologiya geosfera ilə cəmiyyətin qarşılıqlı inteqrasiyasına əsaslanan ekosistemi öyrənən fənnlərarası elmi istiqamətdir. Kitabda ekosferın təbii və sosial-iqtisadi amilləri, qlobal miqyasda dəyişməsi problemləri, hidrosfer, litosfer, biosfer ətraflı tədqiq olunur. Təbii-texniki sistemlərin coğrafi ekoloji baxımdan təhlili verilir. Bəşəriyyətin salamat yaşaması baxımından böhran xarakterli qlobal problemlər (coğrafi-ekoloji, demoqrafik, su, enerji, ərzaq, mineral xammal) tədqiq edilir.
Son illər tədris, siyasi və elmi-tədqiqat ehtiyacları ilə bağlı olaraq kartoqrafik məhsullarına tələbat xeyli artmışdır. Yeni tematik və regional xəritələr düzəldilir, geoinformatika texnologiyası tətbiq olunur. Bir sözlə, xəritələr daha məzmunlu olub və tətbiq sahələrinə görə kütləvi xarakter alır. Dinamik coğrafi təsvirlərin, kompüterlərin, slayd-filmlərin, tədris coğrafi filmlərin və s. geniş istifadəsinə əsaslanan yeni video-kartoqrafiya bölməsi yaradılır.
Bununla belə, qeyd etmək lazımdır ki, kartoqrafiyanın coğrafi əsasdan ayrılaraq geoinformatika təsiri altına düşmə qorxusu vardır. Bu da onun geoinformatika tərkibində əriməsi təhlükəsini yarada bilər. Ona görə də coğrafiya, başlıca diqqət informasiya və avtomatlaşdırma vasitələrindən kartoqrafiyada bir metod kimi geniş istifadə edilməsinə yönəldilməlidir.
Ekoloji xəritələşdirmədə daha çox yeniliklər və irəliləyişlər baş verir. Müxtəlif yüksəkliklərdə və müddətlərdə Yerin və onun iri regionlarının kosmosdan çəkilmiş şəkilləri ekoloji şərait haqqında dolğun məlumatlar verir.
Ölkələr və onların regionları haqqında coğrafi informasiya sistemi (CİS) əsasında ekoloji xəritələrin tərtibi genişlənir. Ərazilərin inkişafının təhlilinə və vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuş elektron xəritələr və atlaslar tərtib olunur. Belə xəritələr həm də təbii ehtiyatların istifadəsini, əhalinin dinamikasını, regionların tarazlı (dayanıqlı) inkişafı problemlərini və s. əhatə edir.
Amerika coğrafiyası üzrə mütəxəssis V.M.Qoxman, Mərkəzi Amerika üzrə tədqiqatçı Y.Q.Maşşbis, Hindistan tədqiqatçısı Q.V.Sdasyuk, Mərkəzi Avropa və Almaniya coğrafiyaları üzrə tədqiqatçı S.B.Lavrov, Cənubi Amerika üzrə tədqiqatçı V.V.Volski, Şərqi Avropa ölkələrinin coğrafiya üzrə ixtisaslaşan İ.M.Mayerqoyz və b. dünya coğrafiyasının mühüm problemlərinə aid qiymətli əsərlər yazmışlar.
Yerin coğrafi öyrənilməsinə ara verilmir. Yeni torpaqlar kəşf olunmasa da, Dünya okeanının sirləri açılır: onun suyunun fiziki və kimyəvi tərkibi, axınları, bəşəriyyətin qidalanmasında mühüm ərzaq mənbəyi rolunu oynayan balıq və digər heyvan növlərinin çoxalması, davranışı, qorunması, okeanın qlobal ekoloji şəraiti və s. öyrənilməsi davam etdirilir.
Coğrafiyaçı alimlər tərəfindən təbiət və cəmiyyətin müxtəlif xarakterli qarşılıqlı əlaqələri dərk olunur və öyrənilir. Yerin kosmosdan öyrənilməsi işləri geniş vüsət alır.
Kosmik coğrafiya elmi yaranmaq üzrədir. Bu elmin mütərəqqi və daha dəqiq üsullarından istifadə edərək Yerdə baş verən qasırğa və meteoroloji hadisələri qabaqcadan xəbər vermək, məskunlaşma və sənaye ocaqları areallarının, kənd təsərrüfatı bitkiləri və nəqliyyat xəttlərinin və s. yerləşməsini öyrənməyə  başlanıbdır. Göstərilən məsələlər aşağıda adları çəkilən: «Coğrafi tədqiqatlarda aerokosmik metodlar» (1982), «Sosial-iqtisadi coğrafiyada aerokosmik metodlar» (1983) və digər tədris kitablarında  özünün geniş izahatını tapmışdır.
Köhnə üsullarla – nə xəritə və nə də qlobus vasitəsilə kosmik coğrafiyanın verdiyi qədər geniş informasiyanı biliklər almaq olmaz. Bunun üçün artıq on illərdən bəri müxtəlif hündürlüklərdə və işıqlandırma şəraitində çəkilmiş böyük həcmdə kosmik şəkillər və materiallar daha faydalıdır. Bu materiallar real «qlobusun» mənzərəsindən fırlanan canlı Yerin müasir coğrafiyasını qurmaq üçün tam yetərlidir. Kosmik «qlobus»da yerdəki boğazlar, okeanlar, dənizlər, adalar, dağlar və səhralar tamamilə başqa görünüşə malikdirlər.
Bu şəkillər böyük bir kino lenti kimi Yerin rəngli mozaikasını real olaraq göz önündə canlandırır. Kosmosdan baxdıqda təbiətdə heç nəyin təsadüfi olmadığını və öz qanunu ilə yaşadığını aydın görürsən. Kosmik gəmidən bitkilərin rənginin dəyişməsi ilə Yerin şimal və cənub yarımkürələrində fəsillərin eyni vaxtda gedişini görə bilərsən. Səthə yaxın olan geoloji formasiya ilə onun üzərində əmələ gəlmiş landşaftın ümumi mənzərəsi arasındakı əlaqələri aydın görmək olur. Ərazinin tektonik strukturunu kosmosdan öyrənməklə faydalı qazıntıların düzgün axtarışı istiqamətlərini müəyyən etmək olar.
Kosmosdan alınan şəkillər və informasiyanın köməyi ilə Yerin bütövlükdə və ayrı-ayrı regionları üzrə ekoloji şəraitinin öyrənilməsi müstəsna əhəmiyyət kəsb edir.
Son nailiyyət kimi kosmik materiallar əsasında Coğrafiya İnformasiya Sistemlərinin yaradılmasını (CİS-lər) göstərmək olar. Bu sistemlə hazırlanan rəqəmli xəritələrdə: ərazinin topoqrafiyası, yağıntıların miqdarı, temperaturun gedişi, əhalinin sıxlığı, flora və faunanın tərkibi və s. haqqında geniş həcmli coğrafi informasiya verilir.

Coğrafiya tarixi,
Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
 

0 şərh