Şimali Amerikanın tədqiqi

Kolumbun sonuncu ekspedisiyası belə Asiyaya qərb istiqamətdə dəniz yolunun açılması problemini həll edə bilməsə də, kəşf olunmuş torpaqlara avropalıların axınının başlanğıcını qoydu. Zəngin sərvətlərə malik olmaq üçün ispanlar, ingilislər və fransızlar arasında kəskin mübarizə başlandı.
Ispanlar qərb istiqamətdə hər hansı bir keçid, yaxud boğazın olması fikrini əsas tutmaqla Meksika körfəzində geniş tədqiqat işləri aparmağa başladılar və qısa bir müddətdə bütün körfəzin sahil zolağını öyrənməyə müvəffəq oldular. 1500-cü ildə Xuan de-la-Kosoyun Kubanın ada olması fikrini səkkiz ildən sonra da olsa öz təsdiqini tapdı. 1513-cü ildə Ponse-deLeon tərəfindən Florida yarımadası aşkar edildi. Ispanlar körfəzdən qərbə keçidin olmadığına əmin olmaqla Florida yarımadasının şimal-şərq hissələrində tədqiqatı davam etdirməyi qərara aldılar. Onlar 1517-ci ildə Yukotan sahillərinə üzərək burada əhali ilə sıx məskunlaşmış, pambıq parçadan geyimə malik olan və qızıl əşyaları üstündə gəzdirən hindularla rastlaşırlar. Şimali Amerikada bu kəşf Kordovanın təşkil etdiyi ekspedisiyanın ən böyük kəşfi sayıla bilər. Çünki avropalıları maraqlandıran qızıl mənbələrinin müəyyən edilməsinin əsası qoyulmuşdur. Bu məlumatı alan ispanlar növbəti il Ernando Kortesin başçılığı altda daha yaxşı təşkil olunmuş, soyğunçuluq məqsədi daşıyan dəstəni ölkəni tədqiq etməyə göndərir. VeraKrus Kortes dəstəsindən bir neçə nəfər ayıraraq 5700 m hündürlüyə malik olan Ponokatenelinin qarlı zirvəsinə göndərməklə Mexiko şəhərinə daha münasib yolu seçir və 1519-cu ildə onu zəbt edir. Kortes ölkənin bütün hissələrinə ekspedisiyalar təşkil etməklə öz dövrü üçün böyük sayılan Oaxaka, Sakatula, Vera-Krus, Kolima kimi şəhərlərin əsasını qoydu. Salvador və Qvatemalonu zəbt edərək 1522-ci ildə təşkil olunmuş dəstə Sakit okean sahillərinə çatır və Sakatulu limanının əsasını qoyur.
Fransisko Veskes de Koronadonun 1540-cı ildə təşkil olunmuş ekspedisiyası coğrafi baxımdan daha qiymətli sayılır. Bu ekspedisiyanın nəticələri materikin daxili hissələri haqqında insanlarda geniş təsəvvür yaratmaqla onun xəritələşdirilməsinin əsasını qoydu.
Kortes və Koronadonun ekspedisiyalarından sonra bir müddət sakitlikdən sonra yenidən canlanma baş verdi. 1565-ci ildə Meksikanın şimal-şərqində yerləşən Montereyə çatmış ispanlar, 1583-cü ildə həmin məntəqənin cənubunda Leon şəhərinin əsasını qoydular. 1590-cı ildə isə Montereyin şimalında yerləşən Monklovada məskunlaşmağa başladılar. Kinonun başçılığı altında ispanlar 1698-ci ildə Kaliforniya körfəzinə çıxdılar və 1701-1702-ci illərdə Kanionlu Kolorado çayını tədqiq etməyə başladılar. Beləliklə, ispanların təşkil etdikləri ekspedisiyalar Meksika və ondan cənubda yerləşən əraziləri tədqiq etməklə tədricən təsir dairəsinə saldılar.
Ingilislər apardıqları tədqiqatların nəticələrinə görə həmin dövr üçün fransız və ispanlardan geri qalırdılar. Onlar 1650-ci ilə qədər Şimali Amerikada böyük əhəmiyyətə malik heç bir kəşf etməmişlər. Müəyyən əhəmiyyətə malik olan tədqiqatın başlanğıcı ingilislər üçün Boston şəhərinin sahildə yerləşdiyi Massaçusets körfəzinə daxil olmaları sayılır. Tədricən Floridadan sahildə yerləşən Bransuikə qədər ingilis müstəmləkəsinə çevrildi. Materikin daxili hissələrini tədqiq etmək üçün daha bir neçə ekspedisiyalar təşkil edildi. 1640-cı ildə ingilislər Delaver körfəzindən başlayaraq Konneberq çayını keçməklə Kanadaya çatdılar. Ingilislərin həmin dövrdə əsas məqsədi sahil zonasında məskunlaşmaqdan ibarət olduğundan Atlantik okeanının sahillərinin tədqiqinə daha çox üstünlük verilirdi. Ona görə də yerli əhali tədricən materikin qərbinə doğru sıxışdırıldı.
XVIII əsrin sonunda ingilislərin Missisipi çayı sahillərinə çıxmasına baxmayaraq, yenə də tədqiqat işlərində ardıcıllığa fikir verilmirdi. Ona görə də məlumatların əsas hissəsi yerli əhali, tacirlərin sözlərinə əsaslanırdı. Qərbə doğru ilk rəsmi ekspedisiya Konrado Vayzerin rəhbərliyi altda təşkil olundu. 1748-ci ildə ingilislərin qərbə doğru irəliləməsi onların Oqayo çayına çatmasına və vadini tədqiq etmələrinə səbəb oldu. Andre Mişe isə Hudzon körfəzindən Florida yarımadasına qədər ixtisası ilə əlaqədar olaraq bitki örtüyünü öyrənməyə müvəffəq oldu.
Hudzon körfəzinin cənubu, qərbi və şimalı əsas etibarı ilə ingilislər tərəfindən tədqiq edilmişdir. Əsas məqsəd Sakit okeana şimal-qərb dəniz yolunun tapılması idi.
Asiyaya şimal-qərb yolunun tapılması üçün ticarət kompaniyasının ayırdığı nullar nəticə vermədiyindən Ingiltərədə baş verən narazılıqlar bu yolun axtarılması üçün ekspedisiyaların təşkilini yenidən sürətləndirdi. Belə ki, 1742-ci ildə Midilton, 1746-cı ildə Çesterfild tərəfindən həyata keçirilən ekspedisiyalar Çinə şimal-qərb yolu ilə keçməyə cəhd göstərdilər. Semuel Xernanın təşkil etdiyi ekspedisiyanın mahiyyəti daha əhəmiyyətli idi. O, 1769-cu ildə ekspedisiyaya çıxmaqla məqsədi həmin Hudzon körfəzindən qərb istiqamətdə Asiyaya yol açmaq, həm də hindilərdən filiz mənşəli faydalı qazıntıların yerini öyrənmək idi. Lakin qarşıya qoyulmuş məqsəd nəticəsiz olaraq qalmaqda idi. Semyuel Xern daha iki dəfə cəhd göstərsə də şərqə su yolunun tapılması nəticəsiz qaldı. Ekspedisiyaların nəticələrindən tam razı qalmayan Xern yazır: «Çətin ki, mənim ekspedisiyalarımın nəticələri bütövlükdə Ingiltərəyə, hətta bir kompaniyaya kifayət qədər xeyir versin. Ancaq mən mənim üzərimə qoyulan işin öhdəsindən vicdanla gəlməyə çalışdım və Hudzon körfəzindən qərb istiqamətdə Sakit okeana yolun olması kimi hər cür fikrə son qoydum.»
Şimal-qərb istiqamətdə su yolunun tapılmaması nəhayət tacirlərin sahildən əl çəkərək materikin daxili hissələrinə çəkilmələrinə səbəb oldu. Beləliklə, səyyah tədqiqatçı Antoni Xendri 1774-cü ildə materiki daxili hissəsində KamberlendXaus adı altında ticarət məntəqəsi yaratdı.
Mühüm əhəmiyyətə malik olan ekspedisiyalardan biri Aleksandr Makkenzinin rəhbərliyi altda olmuşdur. O, 1789-cu il, iyun ayının 3-də ekspedisiyaya çıxır. Qarşıya qoyduğu əsas məqsəd Böyük Nevolniçye gölü ilə Şimal Buzlu Okeanı arasında əlaqənin olub-olmamasını müəyyən edilməsi idi. Nevolniçye çayı ilə eyni adlı gölə üzməklə 10 gün tədqiqat aparır və hazırda öz adına olan Makkenzi çayı vasitəsilə şimal istiqamətdə üzməyə başlayır. Nəticədə Böyük Nevolniçye gölünün Şimal Buzlu Okeanla əlaqəsi müəyyən edilmiş oldu. Lakin bu kəşf Makkenziyə böyük şöhrət qazandırmadı və onun adı görkəmli səyyahlar arasında özünə yer tapmadı. Buna baxmayaraq o, Ingiltərəyə qayıtmaqla Atlantik okeanından Sakit okeana materikin daxili hissələrindən çıxmaq üçün ekspedisiyanın təşkil olunmasına icazə almağa nail oldu. Makkenzi 1793-cü il iyul ayının 22-də Kanada ərazisindən keçməklə Sakit okeanın Din körfəzinə çataraq qarşıya qoyduğu məqsədə nail olur.
Fransızlar Şimali Amerikanın daxili hissələrinin tədqiq edilməsində ispan və ingilislərlə müqayisədə daha çox fərqlənirlər. Onlar hər tərəfə çıxış yoluna malik Müqəddəs Lavrentiya çayını çıxış məntəqəsi kimi qəbul etməklə gələcək nailiyyətlərinin əsasını qoymuşdular. Bu təbii su yolu fransız missionerlərini özünə elə cəlb etmişdir ki, onlar çox qısa bir müddətdə Fransanı ən böyük müstəmləkə və var-dövlət sahibi etmək məqsədilə materikə güclü axın yaratdı. Onların Kanada haqqında ilk bilikləri XVI əsrin sonunda və XVII əsrin əvvəllərində (1603-1605) Müqəddəs Lavrentiya vadisində,
Yeni Şotlandiya yarımadasında, Fandi körfəzində və materikin sahilində Kennebek çayına qədər ərazidə olmuş Samyuel Şamplenə əsaslanır. Onun ən əhəmiyyətli ekspedisiyası sonuncu olan üçüncü ekspedisiyası olmuşdur. Bu ekspedisiya müddətində o, Ottava, Natav, Frenç-River çaylarında, Nipissinq gölündə üzərək tədqiq etmiş, daha sonra isə Ontario və Huron göllərində olmuşdur. Tədqiqatın nəticələri onun davamçılarının nailiyyətlərinin əsasını qoymuşdur.
Son dövrdə Şimali Amerikanın tədqiq edilməsində küllü miqdarda din xadimləri iştirak etməyə başlamışdılar. Əsas məqsədləri müstəmləkə dövlətlərindən asılı olmayan teokratik monarxiya dövlətləri yaratmaq olduğu üçün, onlara etibar edilməsə də, fransızlar təsir dairələrini genişləndirmək və əhalini xristianlaşdırmaq məqsədilə keşişlərdən müvəffəqiyyətlə istifadə edirdilər.
La-Sall 1681-ci ildə Illinoys çayı vasitəsi ilə Missisipiyə keçməklə Meksika körfəzinə qədər üzür. Bütün bu əraziləri Luizian adı altında birləşdirərək fransız krallığına mənsub olduğunu elan edir. Missisipinin deltasını axtararkən öz dəstəsi tərəfindən öldürülməsi fransızların tədqiqat işlərinin geniş miqyasda tədqiqat işlərinin aparılmasına kifayət qədər öz təsirini göstərdi.
XVII əsrin sonlarında fransızlar Missisipi hövzəsinin tədqiqini daha da gücləndirdilər. La-Sallın ekspedisiya üzvlərini özündə birləşdirən Akri Tonti Missisipi çayı ilə onun qolu olan Arkanzasa çatır və bu çayın gəminin üzməsi mümkün olan sahəyə qədər hərəkət edir. Daha sonra Red-River çayında bir müddət üzməklə quru ilə ekspedisiyanı davam etdirir.
1697-ci ildə fransızlar yenidən Meksika körfəzi sahillərində məskunlaşmağı qərara alırlar. Missisipi çayının şərq hissəsində yerləşən, hazırki Mobil şəhərinə üstünlük verirlər. Xəstəlik, ölüm hallarının yüksəkliyi vəziyyəti xeyli çətinləşdirsə də yeni məntəqələrin yaranma prosesi davam edirdi.
1721-ci ildə Missisipi çayının sol sahil vadisi, körfəz sahiləndə yeni Orleanın əsası qoyuldu. Qurğuşun yataqlarının zənginliyi haqqında gələn xəbərlər fransızların istiqamətini şimala, SenFransis çayına və Qərbi Tennesə doğru dəyişdi. Onlar 1725-ci ildə tədqiqat sahəsini Missuriyə çatdırdılar. Fransızların tədqiq etdiyi sahələrdə yaratdıqları ticarət məntəqələri tədricən ispanların mənafeləri ilə toqquşmağa başladı. Ona görə də Meksika ərazisində normal ticarət əlaqələrinin yaradılması mümkün olmadı.
Beləliklə, Kolumb və Vespuççidən sonra Amerika qitəsi avropalılar tərəfindən sürətlə tədqiq olunmaqla müstəmləkəyə çevrilməkdə idi.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

0 şərh