Cəlil Məmmədquluzdə - "Azərbaycan" məqaləsi

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə 
söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı — inna lillahi 
və inna ileyhi raciun1, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; 
dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər 
üçün nicat yolu yoxdur. 

1 Qur'an ayəsindəndir: «Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun 
gərgahına] qayıdacağıq» (Qur'an, «Bəqərə» surəsi: 156) 
Bunuyla bərabər, yəni «bavücude inki» hər söz danışıldı, hər mətləbə əl 
vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin 
bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi 
aparır — haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata 
cumuram, özümdən soruşuram ki: 
— Mənim anam kimdir? 
Öz-özümə də cavab verirəm ki: 
— Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. 
— Dilim nə dildi? 
— Azərbaycan dili! 
— Yəni Vətənim haradır? 
— Azərbaycan vilayətidir. 
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, 
Vətənim də Azərbaycan vilayətidir. 
— Haradır Azərbaycan? 
— Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz 
şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti 
ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası 
ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. 
* * * 
Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma 
düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə 
baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri 
dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar 
qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə 
danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca 
danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər - 
bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib 
sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə 
elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim 
və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar 
rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, 
gora düşmürdülər! 
* * * 
O ki qaldı Bakı qurultaylarında olan səliqə[yə], bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib 
baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki 
nədənsə, bizim bədxahların hamısı bədnəzərdir. 
* * * 
Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi 
zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq 
çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, 
coruslu1 və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban 
vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı2 bəradərlərim! Gəlin, 
gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm 
dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz 
də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək 
haradır bizim Vətənimiz. 
1 goruslu — red. 
2 xalxallı — red. 
Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! 
Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən 
yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət 
başçılarımız sizə nə gün ağlayacaqlar. 
Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!..
 
 
P.S Paylaşdım ki, yadımızdan çıxmasın, əksəriyyət unudub belə şeyləri..
 

0 şərh