Gənclər gününə sözardı...

Bugün 2 fevral, Azərbaycan gənclər günüdür. Gənclərin başqa günü də var ki, bu 10 noyabr tarixinə təsadüf edir və Ümumdünya gənclər günü adlanır. Bu yazının mövzusu isə Azərbaycan gənclər günü, konkret isə Azərbaycan gəncləridir.

Əvvəlcə yazını oxuyan hər bir gəncin bayramını təbrik edir, onlara bütün ictimai-siyasi, iş, karyera, şəxsi həyat kimi sahələrdə uğurlar arzulayıram.

İndi isə keçək əsas məsələyə — Bugün üçün Azərbaycan gəncinin hansı problemləri var, o gənclərin bayramını təbrik etmək olarmı? Hazırda problemləri bir neçə yerə ayırmaq olar. Mən belə böldüm:

  1. Şəxsi problemlər – bu ad altında ailədə olan problemlər, sevgi məsələləri və s. ümumiləşir.
  2. Təhsil, iş və karyerada olan problemlər
  3. İctimai-siyasi fəaliyyətdə qarşılaşılan problemlər – proseslərdə iştirak, hüquq və azadlıqlar və s.

 

İndi isə bu 3  kateqoriyanı ayrı-ayrılıqda şərh edək. Ailədə yaşanan problemlər əsasən valideyn-övlad münasibətləri kontekstində nəzərdən keçirilməlidir. Burda da əsas məsələ valideyn və övlad arasında fikir ayrılıqlarının olmasıdır. Gənclərin dilindən çox vaxt “Valideynlərim məni başa düşmür” tipli ifadələr eşidirik. Çox vaxt da onlar haqlı olurlar. Geyim tərzindən tutmuş musiqi zövqlərinə qədər, davranışdan tutmuş danışığa qədər mövcud olan fərqlər və çox vaxt da valideynlərin bu fərqlilikləri başa düşməmələri, ya da başa düşməyə heç cəhd belə etməmələri problemlərin yaranmasına gətirib çıxarır. Belə vəziyyətdə hər iki tərəf problemlərin aradan qaldırılması üçün çalışmalıdır. Valideynləri başa düşməyə çalışmaq lazımdır. İlk növbədə ona görə ki, onlar bir ictimai-siyasi formasiyadan digərinə keçiblər və sürətlə dəyişməkdə olan cəmiyyətin inkişaf tempinə tam olaraq uyğunlaşmağı onlardan gözləmək əbəsdir. Onlarla ünsiyyətə can atmaq lazımdır, danışmaq lazımdır, problemləri onlara anlatmaq lazımdır, artıq əvvəlki zamanın olmadığını tez-tez diqqətlərinə çatdırmaq lazımdır. Ya da, ən optiimal olmasa da, digər bir variant mövcuddur ki, bu variant da valideynlərə fikir verməməkdir. Bir az kobud səsləndiyinin fərqindəyəm, amma bu da bir yoldur. Kamyu “Yad” əsərində göstərir ki, ateist olmaq ilk növbədə ətrafın nə düşündüyünü, ətrafdakıların nə dediyini qulaqardına vurmaqdan başlamalıdır. Məncə, müstəqillik də elə bundan başlanmalıdır. Amma bu o anlama gəlməməlidir ki, valideynləri dinləməyək. Dinləyək, amma öz bildiyimizi edək. Məsləhət yaxşıdır, amma daha yaxşısı öz qərarınızdır.

Problemlərin aradan qaldırılmasında digər işi isə valideynlər görməlidirlər. Onlar anlamalıdırlar ki, artıq dövr, həyat tərzi, beyinlər dəyişilib. “Bizim vaxtımızda belə deyildi, belə idi” deməyi tərgitmək lazımdır nəhayət ki. Artıq o dəyərlər (!) çoxdan çürüyüb, tarixin yaddaşına xoş (!) xatirələr kimi həkk olunublar.

Sevgi münasibətlərindəki problemlər hazırda və deyərdim ki, ümumiyyətlə bütün dövrlər üçün yeniyetmə və gənclərin ən böyük və daha çox diqqətdə saxlanan problemi olmuşdur. Amma, məncə bunu elə də böyük dərd etməyə dəyməz. Dərd olunası bir şey yoxdur. Sadəcə realist olmaq gərəkdir. Əgər sevdiyiniz sizə müsbət cavab vermirsə, problemi ilk növbədə öz xarici görünüşünüzdə axtarın. Əlavə olaraq isə davranışınız, dünyagörüşünüz, diqqətcilliyiniz və s. münasibətlərə təsir göstərir. Əgər problemlər varsa, o zaman həll etməyə çalışın, yox əgər həll edilməyəcək problemlərdirsə, onda — kobud olacaq bir az — “başını buraxın” getsin. Həqiqətən də burada dərd olunası elə böyük bir şey yoxdur.

İkinci bölümə təhsil, iş və karyerada olan problemləri aid etmişəm. Əgər birinci kateqoriyaya aid olanlar daha çox psixoloji vəziyyətlə bağlı idisə, burda üstünlük ictami amillərə keçir və bu problemlər ilk qeyd etdiklərimdən çox daha böyükdülər. Həlləri də daha çətindir. Təhsildə olan problemlərdən danışarkən ilk olaraq onu qeyd edim ki, Azərbaycanda təhsil sistemi brbad vəziyyətdədir. Bəlkə, heç ümumiyyətlə belə bir sistem mövcud da deyil. “Bugün Azərbaycanda təhsilin böyük imitasiyası gedir”. Çoxlu sayda məktəblər, universitetlər var, həmin məktəb və universitetlərə çoxlu sayda şagird tələbə və müəllimlər gedirlər, amma ortada təhsil yoxdur. Sadəcə gedib gəlirlər. Bloqqer Əli Novruzovun dili ilə desəm, bizim milli söz olmayan “universitet”i, dilimizdəki qarşılığı ilə əvəz edib “gəl-get” etmək lazımdır. Məsələn, Bakı Dövlət Gəl-geti, Azərbaycan Texniki Gəl-geti və s. Təhsildəki problemlər orta məktəbdən, hətta bir qədər də əvvələ getsək baxçalardan, lap dərinə getdikdə isə ailədən başlayır. Amma bizə gənclərin təhsildə üzləşdiyi problemlər lazım olduğu üçün o dərin qatlara enmədən, məktəb və universitet  “təhsil”i barədə bir neçə kəlmə deyəcəm. Məktəblərdə dərslər bərbad vəziyyətdə keçirilir. Hətta, ümumiyyətlə keçirilmir. Müəllim və şagirdlər hər gün görüşüb ən müxtəlif mövzularda söhbətlər edir, sonra da sağollaşıb “dağılışırlar”. Nəticədə isə yuxarı siniflərdə həmin o şagirdlər 1 il, 2 il hansısa kursa və ya fərdi repititor yanına gedib müəyyən şeyləri əzbərləyir və universitetə daxil olurlar.Universitetə qəbul olunmaq hər şeydən əvvəl dividentdir, qohum-qonşu arasında hörmət, nüfuzdur, “sabah-birigün bir yerdə söhbət düşəndə” qoltuğun altını şişirə-şişirə “mən də filan universitetin tələbəsiyəm” demə imtiyazıdır. Amma bu şişkinlik sabun köpüyünün şişkinliyi kimidir, içi boşdur.

İş və karyera problemləri elə eyni şeydir. Bu problemlərin qaynağı isə təhsildə olan problemlərdir. Bugün hansısa xarici ölkənin universitetində təhsil almış, yaxud hansısa kursa gedərək bir-iki xarici dil öyrənmiş (bunu normal dərs prosesində etmək mümkün deyil) gənclərin iş tapmaq, karyera qurmaq kimi problemləri olmur. Vay o gündən bu ikisindən heç olmasa biri olmaya. Anlayıram ki, hər ikisi – həm xaricdə təhsil, həm də xarici dil bilmək gözəl şeylərdir. Amma bunlar kimisə işə götürərkən əsas ola bilməz. Artıq az qala ictimai tualetlərdə pul yığmaq işi üçün müraciət edənlərdən də 4-5 xarici dil tələb edirlər. Nə isə qayıdaq gənclərə. İş və karyera məsələlərində problemlərin yaranmasında digər əhəmiyyət kəsb edən məqam ölkədə şəxsi iddiaların həyata keçirilməsi üçün şəraitin yaradılmamasıdır. Diqqət etdikdə SSRİ-nin dağılmasının səbəblərindən biri şəxsi iddiaların boğulması idi. Düzdü, bizdə boğulmasa da, reallaşdırılma üçün şərait də yaradılmır.

Keçək üçüncü məsələyə — Gənclərin ictimai-siyasi proseslərdə iştirakı, onların hüquq və azadlığı məsələlərinə. Bugün Azərbaycan gənclərinin, deyərdim ki, çox cüzi bir hissəsi ictimai-siyasi proseslərdə aktivlik göstərir, ən azından gündəlik medianı izləyir. Əksəriyyət siyasət sözü gələn kimi “mən siyasətə qarışmıram” tipli ifadələrlə söhbətdən qaçır. Bu cür adamlar haqqında məndə elə fikir formalaşıb ki, onlar “siyasət” sözünü dillərinə gətirdikləri an hansısa “KQB” işçilərinin hardansa peyda olub onları həbs edəcəklərini düşünürlər. Amma hər halda gənclərimizin bu cür proseslərdə aktivlik nümayiş edirən, ən azı maraqlanan hissəsi də var. Onlar hüquqlarını bilirlər, haqlarını tələb etməyi bilirlər, bir vətəndaş kimi dəyərlərini dərk edirlər. Nəticədə isə… Nəticə isə dəyənək, vurulmaq, döyülmək olur. Amma təbii ki, tək nəticə bu deyil. Şərəfli, necə deyərlər alnı-açıq, üzüağ bir yaşamdır digər nəticə. Amma bu o demək deyil ki, bu proseslərdə iştirak etməyənləri şərəfi yoxdur və s. Xeyr, hətta iştirak edib “İrəli”çi olmaqdansa, iştirak etməyib “mən siyasətə qarşmıram” demək daha yaxşıdır, iştirak etməyib faydalı başqa işlər də görmək olar.

 

Son üç abzası isə tamamilə qara şriftlərlə yazacağam. Çünki bunları daha çox diqqətə çatdırmaq istəyirəm.

Gənclər günü adıyla 3-5 nəfəri yığıb dövlətin adından hansısa tədbiri keçirib, AzTv və AzTv`sifət digər telekanalizasiyaları çağırıb, onlara süjetlər, reportajlar hazırlatmaqla gənclər günü qeyd edilmir, təbrik olunmur. Bugün gənclərə özünü ifadə etmək üçün şərait, şəxsi ideyalarını həyata keçirmək imkanı, yüksək səviyyəli təhsil lazımdı. Bugün gənclərə onların balını kəsməyən, onlarla dost olmağı bacaran, rüşvət almayan, yeni, cavan müəllimlər lazımdır. Bugün gənclərin sərbəst toplaşma azadlığının təmin edilməsinə böyük ehtiyyac var, gənclərə sərbəst toplaşmaq, öz fikirlərini demək, tələblərini irəli sürmək, təkliflərini vermək üçün imkan lazımdır və s.

Amma etiraf edirəm ki, yuxarıda sadaladıqlarımın hamısı olsa belə gənclər yenə narazı qalacaqlar ki, bu da tam normaldır, bütün fizika və Mörfi qanunlarına da tam uyğundur. Gənclər üçün bu gün heç vaxt mübarək olmayacaq. Ümumiyyətlə, gənclər cəmiyyətin elə bir kəsimidir ki, onlar heç vaxt tam razı olmurlar, heç vaxt tam razı ola bilməzlər. Heç kim, heç bir qüvvə onları tam razı sala bilməz. Əgər gənclər nə vaxtsa, tam razı olsalar, əllərindəkiləri maksimum kimi dəyərləndirsələr, daha artıq heç nə istəməsələr, o zaman gəncliyin süqutu olacaq, inkişaf adlı bir şey leksikondan silinib gedəcək.

Sonda isə özüm də daxil olmaqla gənclərimizi bir daha təbrik edir, onlara daim müxaliffikirli olmağı arzu edirəm. Müxaliffikirliliyi təkcə siyasi baxımdan deyil, ümumi mənada anlamanızı rica edirəm. Unutmayaq, mükəmməl heç nə yoxdur. Əgər mükəmməl heç nə yoxdursa, deməli hər şeyin müəyyən tənqid ediləcək tərəfi var. Tənqid, alternativ yanaşım, zidfikirlilik isə inkişafın təməlidir. Uğurlar, Azərbaycan gənci!

7 şərh

ctrlA
Bir qeyd edim ki, yazı ilkin variantda çox uzun idi. Yəni əslində hər problem barədə bir normal topik həcmində yazmışdım. Sonradan qol-qanadlarını qırıb bir az kiçiltdim ki, oxunanda çox əziyyət olmasın :)
Vahid_Gasim
Həqiqətən də gənclərin problemləri gözəl əks olunub. Sevə-sevə oxudum. Beyninizə sağlıq.
Ramil
Bütün Azərbaycan gənclərini Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy gənclərimiz valideyinləri üçün, Azərbaycanımız üçün layiqli övlad olsunlar.
pascal
Topikdəki yazıların yarısıyla razıyam. Gözəl yazıdır. Həmişə demişəm, istifadəçinin öz qələminin məhsulu daha dəyərli olur. Çünki, ürəyindən keçənləri, dərdinə yandığı problemləri həm qabardır, həm ilk bizimlə paylaşır. Öz beyninin məhsulu olan yazıları başqa istifadəçilərin də yazmasını diləyirəm. Sizə isə, ctrlA, belə gözəl yazıları davam etmənizi diləyirəm.… bir də, mümkün qədər, başqa topiklərə də şərh yazın. Topikə görə təşəkkürlər.
asel
Hər birimizin Bayramı mübarək
_BUMERANQ_
Əgər sən 20 yaşında inqilabçı deyilsənsə, sənin ürəyin yoxdu. Əgər sən 50 yaşında mühafizəkar deyilsənsə sənini başın yoxdu.(müəllifi xatırlamadım)
Amma insan 20 yaşında mühafizəkar və 50 yaşında inqilabçı ola bilər.  İnqilabçı və ya mühafizəkar olmağından asılı olmayaraq bütün faydalı gənclərin bayramı mübarək!

 

 
azadmamedov90
İndi gənclər yalnızca bir neçə universitetdə və bir neçə insanın övladıdır. Qalanları yalnızca kütlədən baçqa bur şey deyil. SİSTEM`ə qarşı olmalıyıq məncə- Dünya sisteminə, hər yerdə eynidi bu gün, istər Ş.Koresi, istərsə də lap elə buralar olsun, ama fərq yalnızca yaşayanlardadır, başqa cür ola da bilərmi sizcə?