Orqan köçürməsi

Bir insanın təsadüfi ölümü başqasını həyata qaytara bilər. Orqan köçürülməsi sahəsində ixtisaslaşmış klinikaya düşmək üçün hansı fəlakət baş verməlidir? Bu klinikalarda yüngül xəstə olmur. Əməliyyata hər hansı orqanı fəaliyyətdən tam dayanmış və həyatı artıq "tükdən" asılı olan insanlar məruz qalır.
Bu vəziyyətdən öndə isə inkişaf edən xəstəlik ilə uzun illər davam edən üzücü mübarizə durur. Belə güman etmək olar ki, bu qədər iztirab çəkməkdən və sıradan çıxmış orqanı "yamamağa" çalışmaqdansa, onun yerinə yeni və sağlamını köçürmək daha asan olmazmı? Nəyə görə bu üsul geniş istifadə olunmur?
Hər halda, belə əməliyyat həmişə son variant hesab olunur. Çünki bu əməliyyatdan sonra resipiyent (xəstə)  ömrü boyu xüsusi preparatlar qəbul etməyə və müalicə aldığı həkimə məhkumdur.

Bu problem artıq çoxdandır ki, böyük maraq doğururdu. Əsasən heyvanlar üzərində aparılmış uğursuz transplantasiya cəhdləri çox olmuşdu. Köçürülmüş orqanın ayrılmasının qarşısını al- maq məqsədi ilə medikamentoz baza işlənib hazırlanmışdır. Bundan başqa, məlum olmuşdur ki, uğurlu bitişmə üçün yalnız resipiyent və donorun qan qrupu uyğunluğu deyil, yekun etibarı ilə insanın immunoloji statusunu müəyyənləşdirən bir sıra parametrlərin mümkün qədər uyğun olması da vacibdir. Donor və resipiyentin immunoloji statusu nə qədər yaxın olsa, əməliyyatın yaxşı nəticə vermə ehtimalı da o qədər çoxdur. Belə uyğunluq halları o qədər də çox olmadığından, hər resipiyent bəzən illərlə ona uyğun orqanın tapılmasını gözləməli olur. Donor orqanları həmişə defisitdir. Əlbəttə, müasir dövrdə orqan köçürülməsi əməliyyatının yerinə yetirilməsi tamamilə mümkündür, lakin təəssüf ki, bu, uğurun yarısının yarısı deməkdir. Bütün çətinliklər hələ qarşıdadır və onlardan ən qorxulusu - orqan ayrılması krizidir. Əksər hallar- da onun qarşısını almaq olar, əsas odur ki, vaxtında aşkar olunsun. Cərrah nə qədər peşəkar olsa belə, əməliyyatdan sonra qulluq olmadan xəstə sağala bilməz.

Donorlar, əsasən, bədbəxt hadisə, küçə və məişət travmaları, beyin üzərində aparılmış uğursuz ağır neyrocərrahiyyə əməliyyatı  qurbanlarıdır. Donor qismində beyin ölümü diaqnozu (baş beynində xərçəng şişi səbəbindən)  qoyulmuş insanlar çıxış edə bilər. Bu zaman ürək hələ fəaliyyət göstərirsə, götürülmüş orqanların öz funksiyasını yerinə yetirəcəyinə ümid etmək olar. Yalnız böyrək tədarükü zamanı bəzən yubanmaya yol verilir. Amma bu halda da, ürək dayanmasından 45 dəqiqə sonra artıq gecikmək olar. Əlbəttə ki, donor sağlığında sağlam, ağır və yoluxucu  xəstəlikləri olmayan, bədən quruluşuna görə də uyğun insan olmalıdır. Zərərli vərdişlər və irqi mənsubiyyət isə heç bir əhəmiyyət daşımır.

Orqan bankına gəldikdə isə, götürülmüş orqanın uzun müddət saxlamaq qaydası hələlik tam mənimsənilmədiyindən, onun yaradılması mümkün deyil. Amma bu istiqamətdə də müəyyən irəliləyiş var. Əvvəllər orqan dərhal istifadə olunmalı idi, indi isə onun xüsusi məhlulların köməyi ilə soyudulmuş vəziyyətdə qısa müddət (qaraciyər, böyrəkləri - 30 saat, ürəyi - 5 saat) saxlanılması mümkündür.

Bəzi heyvanların anatomik quruluşu insanlara oxşadığı üçün transplantologiya sahəsində elmi təcrübələr keçirilərkən heyvan orqanlarından istifadə olunur. Əvvəl təcrübələr meymunların üzərində aparılırdı, lakin sonradan insanların hələ məruz qalmadığı xəstəliklərin meymunlardan keçməsi ehtimalı olduğu üçün onlardan imtina olundu. Odur ki, son zamanlarda diqqətlər əsasən donuzlara yönəlmişdir. Qəribə də olsa, quruluşuna görə insana ən yaxın olan heyvan budur. Donuzu istənilən ölçüdə böyütmək mümkündür və o, tam "sterildir ".

Köçürülmə üçün süni orqanların yaradılması həddən artıq çətindir. Süni böyrəklər artıq on illərdir istifadə edilirsə, yad orqanizmə öyrəşdirilən ürək icad etmək hələ ki, heç kimə nəsib olmayıb. Süni qaraciyərdən isə söhbət belə getmir.  Lakin bəzi elmi-tədqiqat institutları süni ürək yaradılması üzərində apardığı iş nəticəsində perspektivli layihələr əldə etmişdir. Birinci layihədə-elektrik ürəyi qidalandıracaq akkumulyatorların bədəndə yerləşdirilməsi nəzərdə tutulur. Akkumulyatorları birbaşa dəri vasitəsi ilə xüsusi qurğunun köməyindən istifadə edərək, yuxuda doldurmaq olar.  İkinci layihə - ürək daxilinə quraşdırılmış təhlükəsiz radioaktiv qidalanma mənbəyinin istifadə olunmasını nəzərdə tutur. Belə ürəklə tam avtonom şəraitdə yaşamaq mümkün olardı.

Mənbə: http://ailehekimi.az

0 şərh