Homeopatiya

Homeopatiya—qədim müalicə növüdür. Tibbi istiqamət kimi 18-19-cu əsrlərdə formalaşmağa başlamışdır. Onun əsasını alman həkimi Honemanın qoyduğu hesab edilir. Belə ki, o, apardığı müşahidələr və təcrübələr nəticəsində aşkar etmişdir ki, eyni maddələr yüksək dozada xəstəlik və hətta ölüm törədə bilirsə, kiçik dozalarda isə əksinə, həmin maddələr orqanizmi sağaltmaq qabiliyyətinə malikdirlər. Məsələn, ilanın zəhəri qan-damar sistemini zədələdiyi halda, homeopatik dozalarda ürək-damar sistemi xəstəliklərindən məsələn, hipertoniya, varikoz və s. əziyyət çəkənlər üçün xeyirlidir.

Bəs onları bütün xəstəliklərdən müalicə vasitəsi hesab etmək olarmı?

homeopatiya (homeopoatik dərmanlar)Homeopatların bu barədə fikri belədir: - Əlbəttə ki, yox.
Bütün xəstəlikləri müalicə edən dərman yoxdur. Homeopatiya da həmçinin.
Bəziləri homeopatiyanı dərman bitkiləri ilə müalicənin bir növü hesab edirlər. Əslində isə homeopatik preparatları istənilən təbii mineral, bitki və heyvani mənşəli xammaldan-mineral, turşu, üzvi maddələr və həmçinin bitkilərdən hazırlayırlar.
Homeopatik preparatların ən çox yayılmış forması qranulalardır, yəni dənəciklər şəklində. Həmin dənəciklərdə homeopatik məd­dələrin konsentrasiyası az olduqca, təsir gücü bir o qədər yüksək olur.

Bəs homeopatik preparatların üstünlüyü nədədir?

Hər hansı kimyəvi və yaxud bitki tərkibli həb müəyyən xəstəlikləri müalicə etmək üçündür. Homeopatik dərmanlar isə xəstəliklə mübarizədə orqanizmə kömək edirlər. Nəticədə bir homeopatik preparatla bir xəstəliyi deyil, xəstəlik çələngini müalicə etmək mümkün olur. Nəhayət, homeopatik preparatlar kimyəvi preparat­ların təsir edə bilmədiyi, hətta ziyan vurduğu zaman köməyə çatır. Allergik təzahürlər (qida allergenlərindən dəri formalarına qədər), endokrin pozğunluqlar, mədə-bağırsaq, dayaq-hərəkət sistemi pozğunluqları, ağciyər, sinir-psixi dəyişikliklər və s. Yalnız cərrahi əməliyyata mütləq göstəriş olduğu halda homeopatiya gücsüzdür.

Əslində homeopatiya təhlükəsiz metoddur. İnsan həyatının ilk günlərindən sona qədər qəbul edə bilər. Hətta onların bir çoxları hamiləlik dövründə də əks göstəriş sayılmır. Son illər məlum olmuşdur ki, homeopatik preparatları digər dərmanlarla birgə təyin etmək olar. Lakin qeyd etmək lazımdır ki, bu preparatları qəbul edərkən bir sıra qaydalara riayət etmək vacibdir: spirtli içkilərdən imtina etmək, dəqiqliyə riayət etmək və s. Həm də onları uzun müddət—1,5-2 il qəbul etmək lazım gəlir.

Mütəxəssislər homeopatik preparatların zərərsiz olduğunu qeyd etsələr də, hər halda sizin sağlamlıq vəziyyətiniz haqqında ətraflı məlumata malik olan həkimin məsləhəti ilə onları qəbul etmək daha düzgün və təhlükəsizdir. Lakin bəzən də homeopatik preparatları qəbul edəndən dərhal sonra vəziyyətin pisləşməsi müşahidə olunur. Mütəxəssislər bu halı orqanizmin düzgün reaksiyası hesab edirlər.

Homeopatik preparatların qəbulu zamanı bir neçə qaydalara gözlənilməsi lazımdır:
-qranulları əllə deyil, çay qaşığı ilə qəbul edin;
-qranulları acqarına—yeməkdən 30 dəqiqə əvvəl, yaxud 1,5 saat sonra qəbul etmək düzgündür. Onları udmaq, çeynəmək məsləhət deyil, ağızda həll etmək daha düzgün hesab edilir.
-əgər 2 preparat təyin edilərsə, onları bir yerdə deyil, növbə ilə qəbul etmək məsləhətdir.
-homeopatik preparatları parlaq işıqdan və istidən qoruyun: onları soyuq, quru iysiz yerdə saxlayın.
-onları işləyən elektrik cihazlarından (televizordan, kompüterdən, mobil telefonlardan, mikrodalğalı sobalardan) uzaqda saxlayın.

Hazırladı: S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti

 

0 şərh