Qədim yunan dahilərinin həyatı

Zenon Qədim yunan filosofu dialektikanın yaradıcısı Zenon (e.ə.VI) Eley tiranı Nearxa çarına sui-qəsddə iştirakına görə tutulub dindirilərkən o, camaata tərəf dönərək: «Tiranın qabağında niyə susursunuz, sizə əzab verəcəyinizdənmi qorxursunuz?» — demiş və dişiylə dilini parçalayıb Nearxın üzünə tüpürmüşdür. Bunu görən camaat həyəcana gəlib tiranı daş-qalaq edib öldürmüşlər.

Aristotel. Hava dəyişmələri haqqında ilk dəfə məlumat verən Aristotel olmuşdur. XIX əsrdə alman alimi Vilhelm Dove, Aristotelin fikirlərini inkişaf etdirmiş və hava dəyişmələri haqqında nəzəriyyəsini irəli sürmüşdür. Lakin havanın proqnozu haqqında elmi cəhətdən əsaslandırılmış ilk nəzəriyyə Ç.Darvin və admiral Fite-Roya aiddir. Fite-Roy cavanlıqda havanın dəyişməsi ilə, dəniz fırtınası və hava hadisələri ilə maraqlanmış və 1848-ci ildə bu barədə məqalə dərc etdirmişdir. O, 1857-ci ildə sinoptik xəritə düzəltmiş, 1861-ci ildə bir gün əvvəl havanın dəyişiləcəyi haqqında proqnoz vermişdir. Ancaq onun söylədiyi proqnoz bəzən düz çıxmırdı, odur ki, bəzi ingilislər onu dələduzluqda günahlandırırlar. Buna görə də Fite-Roy 1865-ci ildə özünü öldürür. Ölümündən sonra ayrılmış xüsusi yoxlama qrupu Fite-Royun fəaliyyətinə yüksək qiymət vermişdir. Lakin artıq gec idi.
Deyilənlərə görə, Aristotel (Ərəstu) qısaboylu, kiçikgözlü adam olmuş, iki dəfə evlənmiş, iki uşağı (qız, oğlan) olmuşdur. Makedoniyalı İsgəndərin ölümündən sonra (e.ə.322) Aristotel Afinanı tərk edir və həmin ildə də Xalkidada ölmüşdür.

Perikl (e.ə. 490-429) hər dəfə dövlət işlərinin icrasına başlamazdan əvvəl öz-özünə xatırladardı: «Perikl, sən azad insanları idarə edirsən, sən Afina vətəndaşlarını idarə edirsən.»
175-ci ildə üsyan qaldırıb imperator elan edilsə də, hakimiyyətə gələ bilməyən Avidi özünə qarşı böyük qiyam qaldırmış, əsgərlərinin qabağına qurşaqdan yuxarı çılpaq çıxaraq deyir: «Əgər bacarırsınızsa, məni vurun və intizamsızlığınıza bir cinayət də əlavə edin. Onun bu hərəkəti nəinki qiyamçıları sakitləşdirir, hətta həmin hadisə haqqında eşidən düşmən ordusunu elə vəl-vələyə salır ki, elçi göndərib 100 illik sülh istədilər.

Antisfen demişdir:  «Cəllad və tiranların arasında bircə fərq var – cəlladlar caniləri öldürür, tiranlar isə günahsızları.»

Aristipp Eramızdan 435 il əvvəl doğulmuş qədim yunan filosofu Aristipp bir məktəb təsis etmişdi. Varlılardan biri öz oğlunu gətirib həmin məktəbə tapşırmaq istədikdə, təhsil haqqının miqdarını soruşmuşdu. Aristipp: «500 qızıl verəcəksiniz!» — demişdi. «Mən bu pula bir qul ala bilərəm!» — deyə varlı təəccüb etdikdə: «Elə isə oğlunuzu məktəbə qoymayın, qoy 2 qulunuz olsun!» — deyə Aristipp cavab vermişdir.

Arxidam Eforlar Arxidamı gödək qadına evlənməkdə günahlandırıb, cərimə etdilər. Hərəkətlərini də belə əsaslandırdılar: «Bu qadın bizə şahlar yox, şahcığazları doğacaq.»
Milet qızları qəfil ruhi xəstəliyə düçar olurlar. Özünü asıb intihar edənlərin sayı günü-gündən artır. Heç bir tədbir də kömək etmir. Hamı bu bəla ilə mübarizədə ümidini üzür. Axırda adı tarixdə qalmayan bir müdrikin məsləhəti ilə belə bir qanun qəbul edirlər: «Özünü asmış qızların meyitlərini şəhərin küçələrində sürüsünlər, sonra isə dəfn etsinlər.» Bundan sonra heç bir qız intihar etmək fikrinə düşmürdü.
Öz islahatları ilə məşhur olan Qay Qraks danışanda özündən tez çıxdığını bilirdi, buna görə də xalqın qarşısında çıxış edərək tribunanın altında bir qul saxlayırdı. Qulun vəzifəsi ondan ibarət idi ki, Qraks əsəblərini cilovlaya bilməyəndə fleyta çalıb həlim melodiya ilə onu sakitləşdirsin.

Anaksaqor ona verilən bütün ad və mənsəblərdən imtina edərək bircə bu xahişini bildirir: «Qoy o ölən günü uşaqlara icazə verilsin ki, onlar məktəbə getməyib oynaya bilsinlər.»
Avqustin Bir dəfə imperator Avqustin birisindən danışa bilən bir qarğa alır. Qarğa elə hey, «Yaşasın müzəffər imperator Avqustin» deyirdi. Bunu görən bir başqaları da qarğa tutub ona bu sözləri öyrətməyə çalışırdılar. Birisi uzun müddət nə qədər çalışdısa bir şey çıxmadı qarğa bir cümlə də olsa danışmadı. Bunu görən qonşusu qarğanın sahibinə dedi:
— Əbəs yerə çalışdım, ay axmaq.
Qarğa sahibi də əməyinin hədər getdiyini görüb, qarğanı dəyər-dəyməzinə birtəhər başdan etməyə çalışdı. Qarğanı saraya gətirib saray falçılarına ucuz qiymətə təklif etdi. Bu vaxt yaxınlıqdan keçən Avqustin onu görüb əsəbləşdi və əmr etdi ki, onu qovsunlar. «artıq — dedi ki, saray onu tərifləyən qarğalarla dolub.»
Bu vaxt qarğa danışdı: — Əbəs yerə çalışdım, ay axmaq.
İmperator bunu eşidib güldü və bu quşu da aldı.

Arxidam Sparta hökmdarı Arxidamın iki yaxın dostu öz aralarında konfliktə girirlər və bu düşmənçiliklərini həll edə bilməyəcəklərini görüb Arxidamı bu məsələdə özlərinə hakim seçirlər. O da öz növbəsində onları məbədə gətirir, and içdirir ki, onlar sözsüz olaraq onun qərarına tabe olacaqlar. Onlar həqiqətən də and içirlər. Bundan sonra Arxidam deyir:
— Bax belə. İndi də mənim qərarımı dinləyin: bir-birinizlə barışmayınca bu məbəddən bayıra çıxmayın.
Birisi Zenona deyir ki, məhəbbət müdriklərə layiq iş deyil. Onda Zenon etiraz edib deyir:
— Əgər bu belədirsə, onda mənim bədbəxt gözəl qızlara yazığım gəlir, çünki onlar bu halda yalnız giclərin məhəbbətindən zövq almaq məcburiyyətində qalacaq.

Alkivid Hökmdar Alkivid bir dəfə özünün ən istəkli itinin quyruğunu kəsir. Bunun səbəbini soruşanda deyir:
— Qoy adamlar bir müddət də, məndən danışmaqdansa, itimdən danışmaqla məni rahat buraxsınlar.

Demokrit Məşhur yunan filosofu Demokrit (e.ə.460-370) demişdir:
«İnsan bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızıl deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.»
«Həkimlik sənəti xəstəyə şəfa verir, fəlsəfə isə insan qəlbini ehtiraslardan təmizləyir.»
«Xoşbəxt adam var-dövləti olan deyil, dövlətə ehtiyacı olmayandır.»
Deyilənlərə görə, Demokrit 102 il yaşamış və ölərkən bildirmişdir ki, o özü ölmək istəyir və əgər istəsəydi, daha çox yaşaya bilərdi. Bunları dedikdən sonra o üzündə təbəssüm ifadəsi ilə dünyasını dəyişmişdir.
Demokrit (e.ə. 460-350) tibb elminin atası hesab edilən Hippokratın ona gətirdiyi südə baxaraq, onun qara rəngli inəyin südü olduğunu demiş və düz tapdığı üçün hamını heyrətdə qoymuşdur.
Demokrit şərəfsiz adamların necə şan-şöhrətə çatdığını görmək istə­mədiyindən qoca yaşlarında olarkən günün işığını güzgü ilə gözlərinə salıb özünü kor etmişdir.

Krez. Lidiyanın keçmiş hökmdarı Krez (e.ə. 546) xalqını köləlikdən xilas etmək üçün Kirə belə məsləhətlər vermişdi: «Lidiyalıların bir daha üsyan etməsini istəmirsənsə, belə et: Carçılar göndərib onlara yaraq-yasaq gəzdirməyi qadağan et. Sonra da, əmr et ki, plaş altından xiton (tuman) və ayaqlarına da hündür çəkmə geysinlər. Tapşır ki, uşaqlarına gitara və lira çalmağı öyrətsinlər və hamısı da xırda alverlə məşğul olsunlar. Belə olarsa, az vaxtda Lidiya kişilərinin necə dönüb arvad olduqlarının şahidi olacaqsan və onda bir daha üsyan təhlükəsi olmayacaq. «Kişiləri arvada döndərən bu məkrli məsləhətin nəticəsi bu oldu ki, çox keçməmiş Lidiya xalqı doğrudan da, tamam əriyib yer üzündən silindi.

Seneka «Lutsiliya əxlaqi məktublar»ında yazır: «Lutsiliy nəyimiz varsa, onun heç biri bizim deyil, yalnız bircə vaxt bizimdir. Yalnız vaxt, axan vaxt bizi təbiətə sahib etdi. Necə yazırsan, elə də elə, bircə saatı da boş keçirmə. Haydı mənim Lutsiliyam.»

Dionisi-ninqoca anası ərə getmək arzusunda olduğunu bildirir: «Mənim dövlət qanunlarını dəyişməyə gücüm çatar, ancaq təbiət qanunlarını heç cür» — deyə Dionisi cavab verir.
Öz zülmkarlığı ilə məşhur olmuş Sirakuz hakimi I Dionisi (e.ə.406-367) bəzən şeir yazar və əsərləri haqqında başqalarının fikrini bilmək istərmiş. O, yazdığı şeirlərinin şair Filoksen tərəfindən tənqid edildiyini eşidib şairi daş karxanalarında işləmək cəzasına məhkum etmişdi. Filoksen bir müddət daş işində işləmiş və bir gün Dionisi tərəfindən saraya çağırılmışdı. O, saraya gəldikdə hökmdar şeirlərini bir də oxumuş və şairə müraciət edərək: «Şeirlərim necədir?» — deyincə, Filoksen cavab vermədən saraydan çıxıb getmək istəmişdi, bu vaxt Dionisi: «Haraya gedirsən? — deyə soruşduqda: «Daş karxanasına» — cavabını almışdı.

Diogen Qədim yunan filosofu Diogenin (e.ə.404-323) heç bir yurd-yuvası olmayıb. Rəvayətə görə, çəlləyin içərisində yaşayıb. Su içmək üçün bircə camı varmış. Bir dəfə bir nəfərin ovuclarıyla su içdiyini görəndən sonra bu camı da atır.
Afinalılar şərqdən gətirilmiş əsirləri soyundurub paltarlarını ayrı satmağa başlamışdılar. Paltara çoxlu müştəri tapılmış, əsirləri isə alan olmamışdır. Bunu görən Diogen: «İnsan nə qəribə məxluq imiş? Xarici bəzəkdən ayrılandan sonra pula getmir!» — demişdir.
Diogen 90 ilə qədər yaşayıb. Onun bizə qədər külli miqdarda aforizmləri və hikmətli atmacaları çatmışdır. Rəvayətə görə, Makedoniyalı İskəndər şöhrətini eşidib onun görüşünə gəlir. Bir qədər tamaşa edəndən sonra böyük sərkərdə ona deyir:
Filosof nə arzun var, de, yerinə yetirim?
Arzum odur ki, günün qabağından çəkiləsən, bir az qızınım» — deyərək Diogen cavab vermişdir.
Diogen bir nəfərin ox ataraq hədəfi vura bilmədiyini gördükdə, gedib hədəfin yerində dayanır. Bunu görənlər: «Filosof nə üçün belə edirsiniz?» — deyə soruşurlar: «Hədəfi nişan alıb kənarda məni vurmasından ehtiyat edirəm,» — deyə Diogen cavab verir.
Diogendən soruşurlar: «Həqiqətlə necə davranmaq lazımdır?»
— «Odla davranan kimi» — deyə filosof cavab verir — «Çox yaxınlaşarsan yandırar, çox aralanarsan üşüyərsən.»
Bir dəfə çirkli bir hamamın sahiblərinə Diogen belə deyib: «Sizdə çiməndən sonra harda yuyunmaq olar?»
Qədim yunan filosofu Diogenə deyəndə ki, «Sən artıq qocalmısan, istirahət elə». O isə: «Necə yəni? Əgər mən yarışda qaçıramsa və finişə yaxınamsa, demək, mən qüvvəmi səfərbər etmək əvəzinə dayanıb durmalıyam? — cavabını vermişdir.
Ondan soruşanda ki, niyə dilənçiyə sədəqə verirlər, amma filosofa yox? Diogen belə cavab verib: «Çünki onlar bilirlər ki, nə zamansa gözdən kor və ya qıçdan şikəst ola bilərlər, filosof isə yox.»

Arximed Amerika fiziki V.Voyskopora görə Arximed dövründən zəmanəmizə qədər aparılmış fundamental tədqiqatların dəyəri təqribən 30 milyard dollardır ve bu da ABŞ sənayesinin 12 gündə buraxdığı məhsulun dəyərindən azdır.
Bizim əsrin 212-ci ilində Roma əsgərləri Arximedin evinə daxil olurlar. Arximed bu zaman işləyirdi, ona görə də əsgərlərdən xahiş edir ki, bir müddət möhlət versinlər, fikrini tamamlasın. Ancaq əsgərlər onun əşyalarını dağıdırlar. Arximed isə «Mənim əşyalarıma toxunmayın!»- deyərək onların üstünə qışqırır. Əsgərlər bununla özlərini təhqir edilmiş hiss etdiklərindən Arximedin başını kəsirlər. Onun qanı stolun üstündəki əsgərlərin üstünə axır.
Qədim yunan riyaziyyatçısı Arximed (e.ə.287-212) ling qanununu müəyyən etdikdən sonra: «Mənə istinad nöqtəsini verin, yer kürəsini yerindən oynadım!» — demişdir.
Arximed öz dövründə o qədər də yüksək qiymətləndirilməyib. Hətta əsərləri də it-bata salınıb və uzun müddət belə hesab olunub ki, Arximed özündən sonra heç bir əsər qoymayıb. Onun əsərləri yalnız orta əsrlərdə aşkar olunub.

Pifaqor Qədim yunan riyaziyyatçısı və filosofu Pifaqordan (e.ə. 580-500) soruşurlar: «Səbəb nədir ki, alimlər varlıların yanına gəlib görüşürlər, lakin varlılar alimlərin yanına getmir və onların söhbəti ilə maraqlanmırlar?» O dedi: «Çünki alimlər sərvətin qədrini bilirlər. Lakin varlılar elmin qiymətini anlamırlar.»
Pifaqorun şagirdlərindən olan Finti adlı birisini Sirakuzun hökmdarı Dionisiyə qarşı sui-qəsddə günahlandırıb edama aparırlar. Finti ölüm qabağı xahiş edir ki, ona bir az möhlət versinlər, əmlakını yerbəyer edib gəlsin. O qayıdana qədər isə dostunu zamin saxlaya bilərlər. Belə bir dostunun tapılmasına inanmayan Dionisi əmr edir ki, Finti öz zaminini çağırsın. Məlum olur ki, bu adam Pifaqorun başqa bir şagirdi Damondur və o, dostunu əvəz etməyə tərəddüdsüz razıdır. Dionisi edam vaxtını təyin edib Fintini buraxır. Nəinki tiran, hətta meydanda olanların hamısı bu hadisənin nə ilə qurtaracağını səbirsizliklə gözləyir: Finti edama qədər özünü yetirəcəkdimi? Yetirir də. Düz təyin olunmuş vaxtda təngənəfəs meydana tərəf qaçan Fintini camaat alqışlayır. Bu cür dostluq nümunəsi görən Dionisi isə nəinki Fintini azadlığa buraxır, hətta xahiş edir ki, dostlar onu da öz sıralarına götürsünlər.
Pifaqorun iki məhşur fikri fəlsəfə tarixində dərin iz buraxmışdır. Pifaqorun fikrincə, ruh ölməzdir. Dünyada baş verən bütün hadisəler müəyyən fasilədən sonra yenidən təkrar olunur. Ümumiyyətlə, təzə heç bir şey baş vermir.
Gəncliyində Pifaqor təhsil almaq üçün Misirə gedir və sonradan onu dahiyə çevirmiş bir çox elmlərin əsaslarını orada Misir kahinlərindən öyrənir.
Həmin dövrlərdə İran dövlətinin Misirə yürüşləri başlanır və bir çox misirli ilə birlikdə Pifaqor da farslara əsir düşür və uzun müddət İranda əsir qalır. Sonradan onun yaydığı mistik biliklərin əsaslarını da burada İran maqlarından öyrənir

Siseron. Kvint Liqari adlı bir nəfər Qay Yuli Sezarın düşmənlərindən olduğuna görə ittıham edilir. Siseron müdafiəni öz üzərinə götürəndə Romaya yenicə qayıtmış Sezar dostlarına deyir: «Çoxdandır Siseronu eşitmirik, qulaq asaq, görək, nə danışır. Onsuz da Kvintin təbili çalınıb, hamı onu xain və əclaf kimi tanıyır.» Ancaq Siseronun nitqi elə ilk kəlmələrdən o qədər təsirli və inandırıcı olur ki, Sezar həyəcandan əlindəki kağızı yerə salır, nitqin ortasından isə artıq Liqarinin azad olması barədə göstəriş verir.
Siseron özünün «Qocalıq haqqında» dialoqunda yazmışdı: «Deyilənlərə görə, guya qocalıq bizi bütün həzzlərdən məhrum edir. Həzzdən məhrum olmağa gəldikdə onu demək lazımdır ki, dünyada bundan yaxşı vergi ola bilməz. Vətənə xəyanətdən tutmuş hər cür cinayətə səbəb bu deyilmi? Hər cür şöhrətpərəstliyin, rəqabətin, düşmənçiliyin, tüğyan edən hər cür ehtirasların baisi ləzzət deyilmi? Bunu da, bilin ki, ondan məhrum olanlar bu itkini qətiyyən hiss etmir.»
Qədim Romanın tanınmış siyasi xadimi və natiqi Siseronun kürəkəni balacaboy imiş. Bir dəfə Siseron onun belinə iri bir qılınc bağladığını görüb demişdir:
— Mənim kürəkənimi kim bu qılınca bağlayıb ?

Sokrat
Bir dəfə Sokrat filosofların məclisinə dəvət olunur. Alimlər uzun-uzadı nitq söyləyərək, yaxşı danışıq qabiliyyəti nümayiş etdirirlər. Bir qedər keçəndən sonra dostları Sokratdan xəbər alırlar: «Danışıqların hansı xoşuna geldi?
— Aqafon.
— Axı, o, məşhur qanmazdır, həm də o heç ağzını açıb danışmadı.
— Bəs bilmirsiniz ki, axmağın sükutuna qulaq asınaqdan yaxşı bir şey yoxdur.
Sokratın layiqli şagirdi olan Antisfen afinalılara məsləhət görür ki, onlar eşşekləri at hesab etsinlər. Səbəbini soruşanda deyir: «Siz, axı bir-iki səs çoxluğu ilə gedadan sərkərdə eləyirsiniz.»
Bir varlı ilə yol yoldaşı olan Sokrat yolda quldurların mühasirəsinə düşür. Varlı qorxu ilə deyir:
— Əgər onlar məni tanısalar, onda vay mənim halıma.
Sokrat isə cavabında deyir:
— Əksinə, əgər onlar məni tanımasalar, onda vay mənim halıma.

Birisi Sokratı yemək üçün ot-ələf yığdığını görür:
— Əgər sən şaha qulluq etsəydin, onda ot-ələflə qidalanmazdın.
— Əgər sən də ot-ələflə kifayətlənsəydin — Sokrat cavabında deyir — onda sən də kiməsə qulluq etmək məcburiyyətində qalmazdın.

Zindan gözətçilərini ələ alıb Sokratı həbsdən qaçırmaq istəyən tələbələrinə alim belə cavab verir:
— Mən ömrüm boyu düzlüyü, ədaləti, qanunlara hörməti təbliğ etmişəm. Bəs indi məhkəmənin hökmünə tabe olmayıb qaçsam, hamı mənə sözü ilə əməli uyğun gəlməyən bir boşboğaz kimi baxmazmı?
Bundan bir neçə gün sonra məhkəmənin hökmünün icrasını gözləməyərək Sokrat özünü zəhərləyib öldürür.
Məhkəmə Sokrata ölüm hökmü çıxararkən onun zalda oturan arvadı hönkürüb qışqırır:
— Ay camaat, ərimi günahsız olaraq öldürürlər. Sokrat qəzəblə ona baxıb deyir:
— Bəs sən nə istəyirdin, istəyirdin ki, ərin dünyadan günahkar sifəti ilə getsin?
Məhkəmənin Sokrata ölüm hökmü çıxarmasından sonrakı günlər müqəddəs Apallon ayı idi. Afina adətinə görə, bu ayda adam öldürmək cinayət sayılırdı. Bu səbəbdən, Sokrat hökmün icrasına qədər zindanda saxlanılır. Yanına gələn tələbələrindən biri bir dəfə ona təzə bir libas da alıb gətirir. Lakin Sokrat bundan imtina edərək deyir:
— Belə çıxır ki, əynimdəki paltar mənə yaşamaq üçün yarayıb, ölmək üçün yaramır?
Siyasi baxışlarına görə Sokrat demokratiyanın əleyhdarlarından idi. O, öz mövqeyini bununla əsaslandırır ki, adi səsvermə yolu ilə yoldankeçən birini necə şah seçmək olar?
Döyüşlərdən birində at çatışmadığını görən Sokrat fürsətdən demokratiyanın tənqidi üçün istifadə edərək söz alıb deyir:
-Mən təklif edirəm ki, gəlin səsvermə yolu ilə eşşəkləri də at hesab edək, problemimiz həll olsun.
Sokratın kəlamlarından:
— Ey insan, danış səni görüm.
— Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik.
— Təkcə onu bilirəm ki, mən heç bir şey bilmirəm.
— Məqsəd — vasitələri bəraətləndirir.

Sokratın məhkəmədəki axırıncı sözü bu olur:
— Kriton, biz Asklepiyə bir xoruz borcluyuq, onu verməyi unutma. Asklepi Apollon allahının oğlu olub, qədim Yunanıstanda həkimlik ilahisi hesab olunurdu. Xəstələr sağalma ərəfəsində ona qurbanlar verirdilər.
Sokrat bununla bu əclaf zəmanədən xilas olduğu üçün özünü xoşbəxt hesab etdiyinə işarə vururdu.
Sokratın məhkəməsi zamanı tələbəsi Lisiy onun vəkili kimi çıxış etmək istəyir və o dövrün məhkəmələri ruhunda hazırladığı müdafiə nitqini Sokrata göstərir. Sokrat isə oxuyub deyir:
— Gözəl nitqdir, əziz Lisiy, amma mənə yaramır.
Lisiy təəccüblə:
— Əgər gözəldirsə, bəs onda nəyə görə yaramır?
— Məgər gözəl paltarlar da həmişə mənə yararsız olaraq qalmırdımı? deyə Sokrat bildirir və öz müdafiəsini özü boynuna götürür.
Sokratın haqqında ölüm hökmü verildiyini eşidən dostları onu xilas etmək üçün həbsxanaya gəlmiş və filosofun saxlandığı otaqdan həzin musiqi səsini eşitmişlər. Yaxına gəldikdə Sokratın arfa çalmaqla məşğul olduğunu görüb:
— Sənin edamına hökm verildiyi halda burada oturub musiqi çalırsan? — deyə təəccüb etdikdə o demişdir:
— Əgər bu gün də çalmasam, bəs nə vaxt çalacağam? Sabah atrıq gecdir, əldə olan imkandan ancaq bu gün istifadə edə bilərəm!

Platon Antik dünyanın ən böyük filosoflarından biri olan Platon, qədim aristokrat ailəsində anadan olmuşdu. Onun əsl adı Aristokl olub. «Platon adını alnının genişliyinə görə almışdır. Platon 20 yaşından Sokratın şagirdi olub. O, ölənə qədər ondan ayrılmamışdır. Platonun saysız-hesabsız şagirdlərindən ən məşhuru Aristotel olmuşdur. Sonralar Aristotel müəllimi ilə düz gəlməyib höcət edərmiş. Platon bu münasibətlə onu «anasını əmərkən kəllələyən dayça» adlandırmışdı. Platondan soruşurlar: «Bədbəxtlik üz vermiş adam nə ilə təsəlli tapa bilər? — Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin başqalarının da başına gəlməsini düşünüb təsəlli tapır» — deyə filosof cavab verir.
Yunanıstan filosofu Platonun (e.ə. 427-347) yanına gəlib demişdilər: «Filankəs səni tərifləyirdü...» Platon bunu eşidib, dərin fikrə getmiş və xəbər gətirən: «Böyük alim, nə üçün fikrə getdiniz?» — deyə soruşduqda: «Fikirləşirəm, görüm son vaxtlar əlimdən və dilimdən nə nöqsan baş vermişdir ki, belə bir cahil adam məni tərifləsin» — deyə Platon cavab vermişdir.
Platon belə hesab edirdi ki, insanın xeyirxah və əxlaqlı olması üçün o, «yaramaz əməllərə həvəsini» başlanğıcdan cilovlamalıdır.
Platon hesab edirdi ki, musiqi haqqında ondan alınan zövqə görə mühakimə yürütmək olar, ancaq eyni zamanda o musiqi əladır ki, ondan ən yaxşılar həzz alsın.
Platondan soruşmuşlar: «Nə üçün müəlliminə öz atandan daha çox hörmət göstərirsən?» — o demişdir: «Çünki atam məni göydən yerə endirmiş, müəllim isə yerdən göyə qaldırmışdır.»
Tələbələri ilə söhbətlərin birində Platon insana belə bir tərif verir;
— İnsan — ikiayaqlı lələksiz varlıqdır.
Bundan sonra Diogen bir xoruzu götürüb lələklərini yolur və öz tələbələrinə göstərib deyir:
— Bu da Platonun insanı.
Bundan sonra Platon öz tərifinə aşağıdakı düzəlişi etdi:
— İnsan yastı və enli ayaqları olan ikiayaqlı varlıqdır.

Plutarx Qədim yunan tarixçisi və filosofu Plutarx deyirdi: «Fəlsəfə ehtiraslara qalib gəlməkdə insana kömək edir. Ancaq xeyirxah olan adam, həqiqətən, sağlamdır və əgər o, ehtiraslara qapılırsa, deməli, xəstədir və onun müalicəyə ehtiyacı vardır. Buna görə də, fəlsəfə qəlbin təbabəti, filosof isə qəlbin həkimidir.»
Plutarx yazmışdır: «Aslan dərisindən tikilmiş kürkə bəzən tülkü dərisindən də yamaq vururlar.»
Plutarxın hesablamalarına görə o, döyüşlərdə yüzlərlə yara almışdı və onlardan bir neçəsi son nəticədə onun ölümünə səbəb olmuşdu.

Ptolomey İskəndəriyyə şəhərində yaşayıb-yaratmış görkəmli yunan astronomu və coğrafiyaşünası Ptolomey (eramızın II) ilk coğrafiya atlasını tərtib etmişdi.

Opili Roma İmperatoru Opilinin (b.e. 217-218) cəza üsulları vardı — nəhəng öküzlərinin qarnını yırtdırır, sonra isə əmr edirdi ki, ordudan fərarilik edənləri öküzün qarnına elə yerləşdirib tiksinlər ki, onların təkcə başları görünsün və bir-birləri ilə danışa bilsinlər. Bəzi caniləri Opili diri-diri ölülərə bağlatdırır, nəticədə məhkumlar tədriclə çürüyərək ölürdürlər.
E.ə 91-ci ildə Roma qanunlarına görə xalq tribununun evinin qapısı istər gecə, ister də gündüz cəftə, yaxud qıfılla bağlana bilməzdi. Xalq tribunu olan Livi Druzun da evi istisna deyildi, üstəlik hər tərəfdən açıq idı. Bir bənna ona təklif edir ki, 5 talanta vəziyyəti düzəldə bilər. Druz cavabında deyir: «Götür 10 talant, mənim evimi dörd tərəfdən şəffaf elə ki, hamı gündəlik nə etdiyimi görsün.»
Məhkəmədə bir qadın öz oğlunu tanımaqdan imtina edir. Oğlan isə iddia edir ki, qadın onun anasıdır. Ancaq heç biri inandırıcı dəlillər gətirə bilmir. İşi belə görən Roma İmperatoru Klavdi (b.e. 41-54) qərar çıxarır ki, qadın oğlana ərə getsin. İşin bu cür gözlənilməz şəkil alacağını ağlına gə­tirməyən arvad dərhal boynuna alır ki, oğlanın anasıdır.
Roma qanunlarına görə, senat imperator ailəsindən ərə gedən qızlara dövlət hesabına cehiz verirdi. Bir dəfə Roma imperatoru Neron (b.e. 54-68) gəlin paltarı geyinərək senatı yığır və ərə getmək istədiyini bildirib, ondan qanuni qaydada cehiz və xeyir-dua tələb edir. Cehiz alandan sonra isə dədə-baba adətiylə toy edib cavan bir oğlana toy kəsdirir.
Sadə əkinçi olan Lutsi Tsinsinnatı romalılar sərkərdə vəzifəsinə, sonra isə diktatorluğu qəbul etməyə çağırmışdılar. Tsinsinnat qonşu düşmən qəbilələri darmadağın etdikdən sonra könüllü olaraq hakimiyyətdən əl çəkmiş və kənddə cüt sürməyə qayıtmışdı.

Demosfen
Aleksandr Makedonski məşhur natiq Demosfenin təslim edilməsini istəyərkən o, Afinadan qaçmaq məcburiyyətində qalır. Yolda o görür ki, arxasınca beş-altı adam onu izləyir. Məlum olur ki, onlar onun düşmənləridir. Demosfen gizlənməyə çalışırsa da, mümkün olmur və onlar onu tuturlar. Lakin düşmənləri ona çatıb heç bir ziyanlıq vermirlər, əksinə bildirirlər ki, onlar onun getdiyini eşidib, ona köməklik göstərmək üçün onun ardınca gəliblər. Həqiqətən, ona yol xərcliyi, çoxlu azuqə, paltar verirlər. Bundan sonra çox mütəəssir olan Demosfen hönkür-hönkür ağlayır. Düşmənləri ona təsəlli verib sakitləşdirmək istəyərkən deyir:
— Necə ağlamayım ki, mənim doğma vətənimdə nəinki dostlarım, hətta elə düşmənlərim qalır ki, başqa məmləkətdə hətta bu cür dostlar da tapa bilməyəcəyəm.
Öz məhkəmə nitqləri ilə məhşur olan Demosfen ahəng və davranışın sözlərə nə qədər inandırıcılıq gətirdiyini bildiyindən çıxışlarını həmişə güzgü qabağında hazırlayardı, bəzən çölə çıxmayıb və aylarla evdə məşq edərdi. Məhkəmədə isə sağ tərəfində tavandan qılınc asdırardı ki, danışanda sağ çiynini verdişi üzrə tez-tez atmasın.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

0 şərh