Jan Melye - vəsiyyətnaməsi yandırılan ateist keşiş

O, keşiş və ateist kimi ziddiyyətli cəhətləri özündə birləşdirən şəxsiyyət kimi tarixə düşüb. Ondan əvvəl də ateistlər var idi, amma onların heç biri sadə xalqı inqilaba səsləməyib. Həmçinin, ondan əvvəl də inqilab tərəfdarları olub, lakin onların heç biri ateist deyildi. Sağlığında heç kəs tərəfindən tanınmayan bu kənd rahibi fəlsəfi ideyaları ilə Fransa maarifçilərinə və Böyük Fransa inqilabına güclü təsir göstərib. Qırx il keşişlik edən dindar qiyafəli ateist mütəfəkkir, ölümündən əvvəl yeganə əsəri sayılan “Vəsiyyətnamə”sində həyatı boyu Tanrıya inanmadığını etiraf edərək, ictimai fikir tarixində ilk dəfə ateizm və materializmi xalq inqilabı ilə birləşdirib. 

Bu tarixi şəxsiyyət kimdir? 

Onun adı Jan Melyedir. O, 1664-cü il iyunun 15-də Fransanın Şampan bölgəsində toxucu ailəsində dünyaya gəlib. Valideynlərinin təkidi ilə Reyms ruhani seminariyasına daxil olub, buranı bitirdikdən sonra doğma kəndi Etrepinyeyə keşiş təyin edilib və həyatının sonunadək orada yaşayıb. Filosof yalnız bir dəfə Parisə getmək üçün kəndini tərk edib.   

Həyatında nəzərə çarpacaq hadisələr baş verməyib. Lakin bir dəfə kəndlilərə əziyyət verən mülkədar de Tulinin adına xeyir-dua oxumaq istəməyib və onu qəddarlıqda günahlandırıb. Əvəzində həmin mülkədar Reyms arxiyepiskopuna şikayət edib. Nəticədə, Jan Melye monastr karserində bir  aylıq həbsə və tövbə ibadətinə məhkum olunub. Həbsdən doğma kəndinə qayıdan keşiş ondan şikayət edən mülkədarın öldüyünü eşidib və düşməninin yas mərasimini aparmağa çağırılıb. Mərhumun cənazə duasında Jan Melye istehza ilə belə deyib: “Qardaşlar, gəlin senyor de Tulinin günahkar ruhu üçün dua edək. O, çox qəddar və zalım insan idi. Ona görə də onun ruhunun Tanrının mərhəmətinə çox ehtiyacı olacaqdır. Tanrı mərhəmət göstərməsə, o, Cəhənnəm alovunda yanacaqdır”.  

Həmin dövrdə kənd rahiblərinin maddi vəziyyəti sadə kəndli camaatının həyat tərzindən o qədər də fərqlənmirdi. Amma bu peşə insana boş vaxt və biliklərə yiyələnmək imkanı verirdi. Bu səbəbdən Jan Melye özünü ziyalı kimi yetişdirə bildi. Sadə camaatın çəkdiyi əziyyətlər, zadəganların kasıblara etdiyi zülmlər, yoxsulların keçirdiyi acınacaqlı hisslər filosofa yaxşı tanış idi. Əzilən təbəqənin üzləşdiyi iztirablar onun dünyagörüşünün formalaşmasına təsir göstərdi.

Qorxu yaradan kitab

Təbiətcə sakit olan Jan Melye dinə dair fikirlərini “Vəsiyyətnamə”sində açıqladı. O, ateist səciyyə daşıyan əsərinin son səhifələrini qələmə alarkən, demək olar ki, kor oldu. Kitabının üçüncü əlyazma nüsxəsini bitirdikdən sonra artıq məqsədinə çatdığını, missiyasını yerinə yetirdiyini düşünərək, özünü aclığa düçar edərək əcəlini tezləşdirdi və 1729-cu il iyun ayının 17-də dünyasını dəyişdi.  

Lakin ölümündən əvvəl “Vəsiyyətnamə”nin bir nüsxəsini hər kəsə elan edilməsi şərtilə notarial kontora, ikinci nüsxəsini Reyms arxiyepiskopluğuna,  digər  nüsxəni isə  yaxın tanışı Lerə göndərdi. Kitabdan dəhşətə gələn notarius və arxiyepiskop dərhal əsəri yandırdı. Ler isə əksinə, kitabı bəyənərək dostuna göstərdi, o da öz növbəsində “Vəsiyyətnamə”dən təsirlənərək onun üzünü köçürdü. Beləliklə, Jan Melyenin kitabı əldən-ələ keçərək yayıldı, lakin təqib qorxusundan illərlə çap edilmədi. Əsər yalnız 1762-ci ildə fransız mütəfəkkiri Volterin səyləri nəticəsində yumşaldılmış şəkildə işıq üzü gördü. 

 “Vəsiyyətnamə” ədəbi üslub cəhətdən qüsurlu olsa da, Volter, Holbax kimi mütəfəkkirlərə təsir göstərib. Hakim dairələrin güclü narahatçılıqlarına səbəb olan bu əsər 1775-ci ildə Paris parlamentinin qərarı ilə yandırılıb.  

Vəsiyyətnamə” nədən danışır? 

Kitabda müəllif kütlələri dini ortadan qaldırmağa, hər cür dini dünyagörüşünü məhv etməyə çağırıb. Jan Melye rahib olsa da, dini “uydurma” adlandırıb. Ona görə, dinin mövcudluğu hakim dairə, tiran və zadəganlara sərf edir, çünki onun vasitəsi ilə zalımlar və müstəbidlər xalqı itaətdə saxlayır, əzilmişləri cənnət və cəhənnəm hekayələri ilə aldadıb qorxudurlar. Jan Melyenin fikrincə, din — mövhumat və xurafatdan başqa şey deyildir. Onun varlığı cəmiyyətə zərər verir, insanların daha çox əziyyət çəkməsinə bais olur. 

Fransız filosofu deyirdi ki, əgər Tanrı yoxdursa və axirət inancı yalandırsa, onda insanın əsl həyatı bu dünya ilə məhdudlaşır. Ona görə də hər kəs bu dünyada xoşbəxt yaşamağa çalışmalı, bu xoşbəxtliyin qarşısını kəsən sosial ədalətsizlik və bərabərsizliyi, hakim zümrələri, idarəçilik sistemini, var-dövləti ortadan qaldırmalıdır. Lakin Jan Melye anarxist deyildi. Onun üçün ən ideal cəmiyyət modeli vahid ailə icmasıdır. Utopik səciyyə daşıyan bu icmada bütün insanlar bərabərdir, ortaq mala malikdir və birgə işləyərək bir-birlərini qardaş kimi sevirlər.

Jan Melyenin “Vəsiyyətnaməsi” din və ictimai quruluş barədə mübahisəli ideyalar ehtiva etsə də, xurafat və mövhumat haqqında fikirləri müasir dövr üçün aktualdır. 
 

0 şərh