Təbib Leonardo

Leonardo da VinciBəlkə də, rəssamın təbabətə aid məqalə ilə çıxışı qəribə görünür. Lakin bunun tutarlı səbəbi var. Bu da bütün dövrlərin fenomeni olan Leonardo da Vinçinin anatomiyanı mükəmməl bilməsi ilə bağlıdır. Bu yazıda onun anatomik qabiliyyəti haqqında söhbət açmağa çalışacağıq. Dahi hər zaman öz dövrünü qabaqlayır, o, müasirləri tərəfindən az başa düşülür və qiymətləndirilir. Adətən onun aqibəti yalnız minnətdar nəsillərin tərəfindən vəfatından sonra tanınmaq və qəbul olunmaq olur. Leonardo da Vinçinin həyatı ilə dərindən tanış olarkən, onun çoxdan məlum olan yaşayışı haqqında yazılmış səhifələri vərəqləyərkən, bir çox şeylərə gözlənilməz nəzər nöqtəsindən baxmağa başlayırsan.

Çox təəssüf ki, Leonardonun əlyazmaları, XVIII əsrin ortalarına qədər məlum olmayıb və müasir dövrə natamam, dağınıq şəkildə gəlib çıxıb. Yüz illiklər ərzində Leonardonun bir çox elmi ixtiraları və nailiyyətləri naməlum qalmışdır. Anatomik şəkillər və yazılara gəldikdə isə, onlar yalnız XVIII əsrin 60-cı illərində məşhur anatomlar İ.F.BIumenbax və Uilyam Gönterin diqqətini cəlb edib. O yazırdı: «Мәn Leonardonun rəsmlərində ən yaxşı halda, rəssama lazım olan anatomik qeydləri aşkar etməyi gözləyirdim, lakin təəccüblə yəqin etdim ki, Leonardo anatomiyanı, onun tam genişliyi və dərinliyini əhatə etməklə öyrənib".

Leonardonu öz dövrünün ən yaxşı və böyük anatomu hesab etmək lazımdır. Bundan başqa, o şübhəsiz ki, düzgün anatomik şəklin əsasını qoyanlardan biridir. Təsviri sənət və heykəltəraşlıqda insan və heyvan vücudlarının təsviri üzərində apardığı iş, rəssamda insan və heyvan orqanizminin quruluşu və funksiyasını öyrənmək istəyi oyatmışdı. Və bu minvalla Leonardo onların anatomiyasını ətraflı şəkildə öyrənmişdi. Leonardo elmdə və incəsənətdə yeniliyin tədqiqatçısı idi. O cümlədən, anatomiyanı da, yeni tədqiqat üsulları ilə o dərəcədə inkişaf etdirib zənginləşdirmişdi ki, onu müasir anatomiyanın banilərindən biri saymaq olar.

Orta əsrlərdə kilsə qanunlarına əsasən insan cəsədlərinin yarılması prosesi aparılmırdı. İlk dəfə insan cəsədinin yarılması əməliyyatı İtaliyanın Boloniya şəhərində həyata keçirilmişdi. Bu, zəhərlənmə faktı ilə əlaqədar məhkəmənin qərarı ilə həyata keçirilən yarılma əməliyyatı idi. Yarılmanı 1275-ci ildə yazılmış və dördüncü kitabı anatomiyaya həsr olunmuş «Cərrahiyyə»nin müəllifi Quliyelmo Saliseto aparmışdı. Sonralar 1302-ci ildə daha bir zəhərlənmə faktını aydınlaşdırmaq üçün yeni yarılma əməliyyatı həyata keçirildi. Bu əməliyyatı Bartolomeo de Varinyane dörd assistent ilə birlikdə aparmışdı. 1306-cı ildə Boloniya Universitetində ilk dəfə olaraq tibb fakültəsinin əsası qoyulmuşdu. Bu universitetdə insan anatomiyasını öyrənmədən heç bir cərrahın cərrahi əməliyyat aparmaq hüququ yox idi. Hətta bunun üçün qərar da qəbul olunmuşdu. Lakin heç bir mənbədə məhz insan bədəninin yarılması haqqında məlumat verilmirdi, çünki katolik kilsə insan cəsədlərinin yarılmasını günah hesab edirdi. Beləliklə, praktiki anatomiyanı dirçəltmək cəhdləri göstərilsə də, onlar yalnız hey­van cəsədlərinin yarılmasına aid idi. Hakimiyyət nümayəndələri tərəfindən insan cəsədlərinin yarılmasına icazənin verilməsi irəli atılmış böyük bir addım olmuşdu. Boloniyada bu faktdan geniş istifadə olunmuşdu və insan cəsədlərinin yarılması tibbi tədqiqat və tədrisinin bir üsulu kimi tətbiq olunmağa başlamışdı. Lakin yarılmalar maneəsiz ötmürdü və bəzi anatomlar qəbirlərdən meyitləri oğurladıqlarına görə təqib olunurdu. 1368-ci ildə Venesiyada ildə bir dəfə həkim və cərrahların iştirakı ilə anatomik yarılmanın aparılması zəruriliyini təsdiqləyən ilk hökumət aktı qəbul olundu. 1376-cı ildə belə bir imtiyaz Monpelyadakı universitetin tibb fakültəsinə verildi. XV-ci əsrdə belə imtiyazlar artıq təsdiq olunmuş fakta çevrilmişdi və Leonardonun dövrünə çatdıqda, təbabətin tədrisi zamanı insan meyitlərinin yarılması İtaliyada daha da adiləşdi, baxmayaraq ki, sonralar da kilsə onların aparılmasına qadağa qoymağa çalışırdı.

Leonardonun ilk anatomik müşahidələri İbn Sinaya yaxın idisə, onun son tədqiqatları Vezaliya yaxındır. Leonardo anatomik quruluşu və funksiyalarını vəhdət şəklində öyrənirdi. O hesab edirdiki, forma struktur və funksiya ilə müəyyənləşir. Hərəkətlərin mexanikasım öyrənərkən, Leonardo da Vinçi belə bir sxem irəli sürürdü: «oynaqlar vətərlərə tabedir, vətərlər — əzələlərə, əzələlər — sinirlərə, sinirlər isə -ümumi hissiyyata». Beləliklə, o, bununla funksional anatomiyanın əsasını qoyub. O əzələlərin antaqonizmi, binokulyar görmə qabiliyyəti, azan sinirin ürək fəaliyyətinə təsiri haqqında çox nadir və dəqiq qeydlər verib. Orqanizmin quruluşunu və funksiyalarını izah etmək üçün Leonardo da Vinçi riyaziyyat və mexanika qanunlarından da istifadə edib.

Leonardo da Vinçi beyin mədəciklərinin əridilmiş mum ilə inyeksiyalaşdırma üsulunu tətbiq edib, onun yarılma metodikasını işləmişdi. Bundan başqa o, çox zəngin anatomik şəkillər kolleksiyası yarada bilmişdi. Bu şəkillər, mətn qeydləri və anatomiya, fiziologiya üzrə işlərin fraqmentləri olan digər əlyazmalarla birlikdə yalnız 1883-cü ildə ilk dəfə çap olunub.

Leonardo da Vinçi məlum olmayan və az öyrənilmiş quruluş detallarını öyrənərək, insan skeletinin quruluşunu ətraflı təsvir edib (onurğa sütununun əyrilikləri, beş oma fəqərəsi, bəzi sümüklərin oynaq səthləri, kəllənin hava boşluqları, beynin yan mədəcikləri). O, ölçü, forma, vətərlərin təyinatı və onların sümüklərə birləşməsinə görə təsnifatını verib; uşaqlıq boruları və dairəvi uşaqlıq bağlarını ətraflı təsvir edib. O, göstərib ki, insan uşaqlığı iki deyil, bir boşluqdan ibarətdir, insan ürəyi isə üç deyil, dördkameralıdır. O, azan sinir, çiyin kələfi və digər sinirləri ətraflı göstərə bilib.Leonardo da Vinçinin rəsmləri ilə tanış olmasaydıq, biz, əminliklə deyərdik ki, bu insanın əsas sənəti məhz anatomiya ilə bağlıdır, rəssamlıq isə yalmz onun hobbisidir.

Leonardo da Vinçinin sənətşünaslıq mövzusuna aid olan «Rəssamlıq haqqında» traktatına nəzər salaq. O, təsviri sənəti bütün sənət və elmlərdən üstün tuturdu. Gəlin baxaq, Leonardo onun üçün ən məhrəm, vacib və yüksək olan sənət haqqında nə yazır: "Çılpaq fiqurların poza və jestlərini yaxşı ayırmaq üçün rəssam sinir, sümük, əzələ və vətərlərin quruluşunu bilməlidir. Müxtəlif hərəkətlər zamanı hansı sinir və ya əzələnin bu hərəkətin səbəbi olmasını bilmək üçün, yalnız onları aydın və böyük göstərmək lazımdır. Çünki nəticədə, çılpaq fiqurlar taxtalaşmış və cazibəsiz görünər, onlara tamaşa edənə əzələli çılpaq bədən deyil, qozla dolu kisə və ya turp dəstəsi təsəvvürü bağışlayar. Sinirlərin, qısa və uzun əzələlərin təbiəti ilə tanış olan rəssam bədən üzvünün hərəkəti zamanı, bu hərəkətə hansı sinirlərin səbəb olmasını da yaxşı biləcək».

Bu qeyd bir daha sübut edir ki, dahi Leonardo anatomiyanı rəssamlıq sənətinin vacib hissəsi sayıb və öyrənib.

Onun fikirlərinin öyrənilməsi üçün ən vacib mənbələr yazı kitabçaları və əlyazmalardır.

«Bu kitab rəhbərlik olacaqdır. O, mənim yazdığım və sonradan qaydaya salmağa hazırlaşdığım çoxsaylı səhifələrdən ibarətdir… İnanıram ki, onu bitirməzdən əvvəl hələ çox qaydaya salmalı olacağam, ona görə də, hörmətli Oxucu, məni maraqlandıran mövzuların çox olması, yaddaşımın isə onların hamısını saxlamaq iqtidarında olmadığına görə məni lənətləmə....»

Leonardonun bir filosof kimi,eksperimental üsul carçısı olduğunu sübut edən bəzi fikirləri diqqətinizə çatdırırıq. «Təbiətin şərhçisi təcrübədir. O, heç zaman aldatmır; bizim fərziyyəmiz bəzən yanlış olur, çünki təcrübə ilə təsdiqlənməyən nəticələri gözləyir. Şəraitləri dəyişərək, onlardan ümumi qaydalar çıxarmayana qədər təcrübələr aparmaq lazımdır, çünki təcrübə həqiqi qaydaları əldə edir. Soruşa bilərsiniz ki, bəs, qaydalar nəyə xidmət edir? Buna cavab olaraq deyə bilərəm ki, onlar bizim təbiət tədqiqatlarını və incəsənət sahəsində işlərimizi istiqamətləndirir. Onlar bizi sui-istifadədən və kifayət qədər olmayan nəticələrdən qoruyur. Mən hər hansı mövzu üzərində çalışıram-sa, əvvəlcə təcrübələr aparır, sonra nəticələr çıxarır və sübut-lar qururam. Təbiət qanunlarını öyrənərkən, riayət etməli olduğumuz üsul budur».

Bilik və sənətin bütün sahələrində çalışarkən, o, həmişə orijinal və böyük idi; və onun elm və fəlsəfə sahəsində əldə etdiyi nailiyyətlərin çox gec qiymətləndirilməsi və hətta indiyədək hamı tərəfindən qəbul olunmamağı heç də onun günahı deyil.

Lakin mən əminəm ki, gec və ya tez, elm tarixi də Leonardo da Vinçiyə onun incəsənət tarixində tutduğu yeri verəcəkdir.

Müəllif: Mir-Teymur
Mənbə: «Ailə Həkimi» jurnalı

0 şərh