Doğuşdan Kuba vətəndaşı – Çe!

Che GuevaraOna “Çe” təxəllüsü Kuba partizanları tərəfinnən verildi. Çe argentinalıların xarakterik çağırış formasıdı, “hey”, “dost” mənası daşıyır. Beləcə Ernesto, Ernesto Çe Gevara oldu. Qısa zamanda dünyaya səs salan inqilabçı, siyasətçi kimi şöhrət qazandı.

Çe Gevara 14 iyun 1928- ci ildə ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlib. Gevara uşaqlığından astmadan əziyyət çəksə də, mükəmməl bir atlet olur. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı. Gevara həyatı boyu Latın Amerikasında məşhur olan şeir yazma sənətinə meyl göstəirr. Bir çox mövzularla maraqlanan həvəsli oxucu olur Yetkinliyinin son dövrlərində fotoqrafiyaya maraq saldı və vaxtının əhəmiyyətli qismini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi.

Gevara tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil olur. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu alır. Gevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxır. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif dir. Qısa müddət sonra, “La Poderosa II” (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxırlar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü olaraq bir neçə həftə keçirməyi düşünürdülər. Gevaranın bu səfərini izah etdiyi səyahət qeydləri 2004-cü ildə Motosiklet gündəlikləri adı ilə kinoya uyğunlaşdırılıb.

Bu səfər əsnasında kütlələrin yoxsulluğunu, təzyiqi və gücsüzlükləri yaxından müşahidə edən və marksizmdən təsirlənən Gevara, Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğu nəticəsinə varır. Səfərləri ona Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir quruluş kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxmasını təmin edir.

1955-ci ilin iyununda Meksikada dostu Niko Lopez onu Raul Kastro ilə tanış edir. Bir neçə həftə sonra Kubada həbsdən azad edilən Fidel Kastro da Meksikaya gəlir və 8 iyul 1955-də Raul Çe Gevaranı Fidel Kastro ilə tanış etdi. Aralarındakı qızğın söhbətdən sonra Gevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qərarına gələrək Kuba rəhbəri Fulxensio Batistanı devirmək üçün qurulan “26 İyul hərəkatı”na qatılır. Qrupun həkimi olmasına qərar verilsə də, hərəkatın digər üzvləri ilə hərbi təlimlərə olur.

18 avqust 1955-də Çe Gevara Hilda ilə evləndi və 15 fevral 1956-da Hilda Beatriz adını verdikləri qızları doğuldu. Bəli, 25 noyabr 1956-da Meksikadan Kubaya doğru yola çıxan “Granma” yaxtasında kubalı olmayan yeganə şəxs Çe Gevara idi.

Quruya çıxar-çıxmaz Batistanın əsgərlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal orada və ya tutulduqdan sonra öldürüldü. Gevara, bu qarşıdurmada qaçan bir yoldaşının yerə saldığı sursatı götürmək üçün tibbi ləvazimat çantasını buraxdığını və o an həkimdən döyüşçüyə çevrildiyi anı ömrünün dönüş nöqtəsi sayır. Bununla da o, həkim Ernestodan inqilabçı Çe Gevaraya çevrilir.

Sağ qalan 15-20 üsyançı qaçaraq Syerra Maestra dağlarında gizlənir və Batista rejiminə qarşı partizan döyüşünə başlayır. Yoldaşları tərəfindən cəsarəti və əsgəri qabiliyyəti səbəbindən hörmət görən Gevara üsyançılar arasında lider, Komandan olur. Bir çoxları üçün isə “qəddarlığı” səbəbiylə qorxulu adam idi. Düşmənə məlumat ötürənlərə, qaçaq və ya cəsuslara qarşı amansız olur Çe Gevara. 1958-ci ilin son günlərində inqilabın ən əhəmiyyətli hadisələrindən olan Santa-Klaraya hücum zamanı “xüsusi təyinatlı intihar dəstəsi”nə rəhbərlik edir. Generallarının, başda general Kantilyo olmaqla “Central America” adlı işləməyən şəkər fabrikində Fidel Kastro ilə görüşdüyünü və onunla razılaşdığını öyrənən Batista 1 yanvar 1959- Dominikana qaçır.

Yeni yaradılan hökumət tərəfindən 7 fevralda Çe Gevara “doğuşdan Kuba vətəndaşı” elan edilir. Qısa müddət sonra Meksikadan yola çıxmazdan əvvəl ayrıldığı Hilda ilə boşanır. 2 iyun 1959-cu ildə “26 İyul hərəkatı”nın üzvü Aleyda Març ilə evləndi.

Dekabr 1964-də Birləşmiş Millətlərdə çıxış etmək üçün Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka gedir.17 dekabrda Parisə üç aylıq bir beynəlxalq gəzintiyə başlayır. Bu gəzinti əsnasında Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Konqo-Brazzavil və Tanzaniyanı gəzdi. İrlandiya, Paris və Pragada fasilələr verdi. 24 fevral 1965-ci ildə Cəzairdə, sonradan beynəlxalq səhnədə son görünüşü olacaq olan “İkinci afrika-Asiya İqtisadi Həmrəylik Seminarı”ndakı çıxışını etdi. 14 Martda Kubaya döndüyündə Havana aerodromda Fidel və Raúl Kastro, Osvaldo Dorticós və Carlos Rafael Rodríguez tərəfindən sadə bir mərasimlə qarşılandı.

Fidel Kastro dostuna bir neçə vəzifə Verdi. Kabana həbsxanasının rəhbəri, Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli vəzifə, Kuba Mərkəzi Bankının sədri, Sənaye Naziri və s. Ancaq Çe Gevara son vəzifəsini özü seçdi. Bütün vəzifələrini buraxaraq inqilabçı olmağına davam etdi…
Onun bu qərarını heç kim bilmirdi. O qeyb olmuşdu. Kastrodan sonra gələn adam olaraq baxıldığı Kubada harada olduğu, 1965-ci ilin ən böyük sirrlərindən idi.

Gevaranın aqibəti haqqındakı beynəlxalq fərziyyələrin təzyiqiylə Kastro 16 iyun 1965-ci ildə etdiyi şərhdə insanların Gevara haqqında məlumat götürmələrinin ancaq Gevara istədiyində mümkün ola biləcəyini söylədi. Gevaranın ortadan yoxa cıması ilı ilə əlaqədar Kuba içində və xaricində bir çox dedi-qodu yayıldı. Eyni ilin 3 oktyabrında Kastro, Gevaranın bir neçə ay əvvəl özünə yazdığı tarixsiz məktubu açıqladı. Bu məktubda Gevara Kuba inqilabına bağlılığını təkrarlayır ancaq inqilab yolunda xarici torpaqlarda döyüşmək üçün Kubadan ayrılma niyyətini bildirirdi. Məktubunda “dünyadakı digər xalqlar mənim sadə əməyimə çağırış etdilər” deyərək, “yeni döyüş sahələrində” partizan olaraq döyüşmək üçün ayrılmağa qərar verdiyini ifadə edirdi. Eyni zamanda hökumət, partiya və ordu içindəki bütün vəzifələrindən istefa verdiyini və ona inqilab üçün etdiklərini təqdir məqsədiylə verilmiş olan Kuba vətəndaşlığından imtina etdiyini də əlavə edirdi.

Dörd xarici jurnalistlə 1 noyabrda etdiyi görüşmə əsnasında Kastro, Gevaranın harada olduğunu bildiyini amma açıqlamayacağını ifadə edərək, köhnə yoldaşının öldüyünə dair söz-söhbətləri rədd etdi və Gevaranın sağlamlığının çox yaxşı olduğunu əlavə etdi. Kastronun sözlərinə baxmayaraq 1965in sonunda Gevaranın aqibəti bir sirr olaraq qaldı, hərəkətləri və harada olduğu iki il boyunca diqqətlə saxlanan bir sirr oldu.
Boliviyada partizan müharibəsində iştirak etdiyi vaxt Ernesto Çe Gevara gündəlikdə qeydlər aparır. Onun ölümündən sonra bu gündəlik bütün dünyada 100 000 tirajla işıq üzü görür. Gündəlikdəki ilk qeyd 7 noyabr 1966-cı ildə yazılıb:

Bu gün həyatımda yeni mərhələ başlayır. Belə götürəndə səfər uğurlu keçdi. Paçenqo ilə öz görkəmimizi dəyişdik, Koçabambuya gəldik və burada bizə lazım olan adamlarla görüşdük. Hərəmiz bir cipə minib yola düşdük. Rançoya az qalmış maşınları saxladıq. Bizi kokain istehsalıyla məşğul olmaqda günahlandıran kəndlilərdən birini şübhələndirməmək üçün rançoya 1 cipdə yollandıq.

Çe Gevaranın Boliviya gündəliyinin 7 oktyabr 1967-ci ildə yazılan son qeydi isə belə idi. Bura – Nyankauasuya gəldiyimiz gündən on bir ay keçib. Gün gözlənilməz hadisələrsiz, demək olar ki, əla keçdi…
…Radioyla xəbər verilir ki, 250 əsgər Serranoda 37 partizanı – yəni bizi – mühasirəyə alıb, yolumuzu kəsib və biz Asero və Ora çayları arasında mühasirədəyik. Bu xəbər mənə çox gülməli gəldi.

Əslində Çe Gevaranın partizan dəstəsi doğrudan da o vaxt bu çaylar arasında mühasirəyə düşmüşdü. Sadəcə o, yerli relyefi yaxşı tanımadığından harda olduğunu bilmirdi. Bu məlumatı isə o radioadan eşitmişdi. Elə həmin gün Çe Gevara döyüşdə ayağından yaralanır, əsir düşür və oktyabrın 9-u güllələnir…

Çe gevaranın onu öldürməyə gələn cəllada son sözü bu olur: Bura məni öldürməyə gəldiyini bilirəm. Vur məni cəllad, qorxaq, yalnız bir adam öldürmüş olacaqsan. “Çe” 39 yaşında güllələndi. Ancaq üstünnən uzun illər keçsə də onun inqilabi sloqanları bu gün yaşayır.

“Mübarizə aparan itirə də bilər, amma mübarizə aparmayan çoxdan itirib.
Diz üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdı.
Uğrunda yaşayacaq bir şeyimizin olduğunu, uğrunda öləcək bir şeyimiz olmadan dərk edə bilmərik"- kimi məşhur şüarlar bu gün dünyanın demək olar ki, bütün ölkələrdə dillərdə dolaşır…
 

Sərdar Amin

loading...

1 şərh

Don_Elnur
Kumirim. Çox çox təşəkkür Apollon