Brüs Li | Döyüşçünün yolu

Bruce LeeDünya şöhrətli əlbəyaxa döyüş ustası, aktyor, kinorejissor, prodüser və ssenarist Brüs Li (əsl adı Li Yun Fan) 1940-cı il noyabrın 27-də San-Fransiskoda (ABŞ) Çin operası aktyorunun ailəsində anadan olub.
Çin təqviminə əsasən oğlan uşağı Əjdaha ilində anadan olduğundan onun adını balaca Əjdaha kimi tərcümə olunan Li Syaolun qoyurlar.

O, Honkonqda böyüyüb başa çatıb. Uşaq vaxtı “zəif” olan Brüs döyüş növləri ilə maraqlansa da idmanla ciddi məşğul olmayıb. Məktəbdə də xüsusi nailiyyətləri ilə fərqlənə bilməyib. 12 yaşında olarkən “Lya Sal” hərtərəfli inkişaf kollecinə qəbul olub. 13 yaşından rəqs məşğələlərinə maraq göstərən Brüs hətta 4 il sonra Honkonqda keçirilən ça-ça-ça üzrə çempionatın qalıbı olub.

Brüs Li 19 yaşında ABŞ-a geri dönməyi qərara alır. Əvvəlcə o, San-Fransiskoya, oradan isə Sietlə yola düşür. Sietldə yerli restoranların birində ofisiant işləməyə başlayır.

Brüs burada Edisonun texniki məktəbini bitirir və Vaşinqton universitetinin fəlsəfə fakültəsinə qəbul olur.

Çox keçmir ki, döyüş sənəti ilə ciddi şəkildə məşğul olmağa başlayır və özünü bacarıqlı şagird kimi göstərir. O, üç gün ərzində, adətən öyrənilməsi həftələrlə davam edən kunq-funun baza hərəkətlərinə yiyələnir.

Sonradan Brüs digər əlbəyaxa döyüş növlərini də mənimsəyir və bilikləri sayəsində özünün xüsusi kunq-fu stilini – Cit-Kunq-Do-nu yaradır.

Brus Li və ogluBrüs Linin aktyorluq karyerası döyüş sənətində istedadını nümayiş etdirdiyi televiziya seriallarından başlayır. O, sonradan hətta özünün kunq-fu məktəbini açır.

Brüs Li vətəninə döndükdən sonra tammetrajlı filmlərdə çəkilməyə başlayır. Onun çəkildiyi ilk belə film “Böyük boss” (1971) ekran əsəri olub. Bu film böyük uğur qazanır və onun ardınca əvvəlcə Asiyada, sonradan isə bütün dünyada böyük populyarlıq qazanan daha iki film çəkilir (“Qəzəb yumruğu” və “Əjdahanın qayıdışı”).

Super ulduz olan Li ekrandakı hər bir hərəkətini mükəmməl yerinə yetirməyə çalışaraq vaxtının çox hissəsini çəkilişlərə ayırır. Ümumilikdə aktyor 30-dan artıq filmə çəkilir. Bununla yanaşı o, bütün günü məşq edir və kunq-fu bacarığını daima artırır. Brüs, həmçinin özünün qida sistemini də yaradır. O, məşhurluq qazanan şəxsi məşq və metodikalarının da müəllifidir.

Brüs Li 1973-cü il iyulun 20-də Honkonqda gözlənilmədən vəfat edib. İndiyə qədər də, dünyanın hər yerindən gələn pərəstişkarları onun Sietldəki qəbrini ziyarət edirlər.

Onu bacarığı sayəsində bütün dünyada çox saylı davamçılara malik sözün əsl mənasında əfsanə-insan saymaq olar. Brüs Li döyüş sənəti sahəsinin əfsanəsinə çevrilib və bütün dünyada onun həyatı barədə bir çox filmlər çəkilib. Los-Ancelesdə və Honkonqda milyonların sevimlisi və dahi ustadın xatirəsinə abidələr ucaldılıb.



azertag.az

0 şərh