Arximed

Böyük alim və mexanik olan Arximed bizim eramızdan əvvəl III əsrdə yaşayıb. O, kiçik Yunan dövlətinin paytaxtı olan və Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olub. Öz dövründə bir çox texniki kəşfləri ilə məşhurlaşıb. Gəmi və hava vintinin əcdadı olan və onun adı ilə adlandırılan su qaldıran Arximed vinti mexanizmini kəşf edib.

Arximed həmçinin astronomiya ilə də məşğul olub. O, Günəşin görünən (bucaq) diametrini təyin etmək üçün cihaz düzəldib və həmin bucağı dəqiqliklə hesablaya bilib. Bundan başqa o, planetlərin hərəkətini, Ayın fazalarını, Günəş və Ayın tutulmalarını müşahidə edən mexaniki cihaz hazırlayıb.

Dahi alimin əsas işləri müxtəlif riyaziyyat, fizika, hidrostatika və mexanikaya aid olub. Arximed “Dairənin hesablanmasına dair” əsərində ilk dəfə olaraq dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmi — “Pi” ədədini hesablayıb və sübut edib ki bu ədəd bütün dairələrdə eynidir. Biz indiyə kimi tam ədədlərin Arximed tərəfindən müəyyən edilmiş adlanma sistemindən istifadə edirik.

O, həmçinin bildirib ki, əşyalar təkcə forma və ölçüyə malik deyillər: onlar hərəkət edir, yaxud müəyyən qüvvələrin təsiri altında hərəkət edə bilir və ya sükunətdə qala bilirlər. Sirakuzalı alim bu qüvvələri öyrənir və müəyyən həndəsi formaya salınmış maddi cisimin əvvəlki çəkisini saxladığına əsaslanan riyaziyyatın yeni sahələrinin əsasını qoyur. Bunlar həndəsə və mexanika, statika, həmçinin hidrostatikadır. Hidrostatikanın ilk və əsas qanununu Arximed kəşf edir (Arximed qanunu). Bu qanuna görə mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə mayedən itələnir.

Arximed bir dəfə hamamda, su dolu hovuzda uzanıb ayağını qaldırarkən onun suyun altında yüngülləşdiyini və asanlıqla qalxdığını görür. Ağlına gələn fikirdən vəcdə gələn alim «Evrika!» (Tapdım!) — deyə qışqıraraq vannadan çıxır. 

Hekayə maraqlı olsa da, həqiqətə uyğun deyil. Məşhur «Evrika!» kəlməsi Arximed qanununun kəşf edilməsi ilə əlaqədar deyil, metalların xüsusi çəkisi qanunu taparkən deyilib.

Rəvayətə görə, Sirakuz hökmdarı Giyeron tac hazırlamaq üçün zərgərə qızıl verir. Zərgərin hazırladığı tacın çəkisi hökmdarın verdiyi qızılın çəkisinə bərabər idi. Lakin Giyeron zərgərin işinə şübhə ilə yanaşaraq, Arximedi yanına çağırır və tacdakı qızılın onun verdiyi qızıla uyğun olduğunu yoxlamağı əmr edir. Bunun üçün Arximed hər birinin çəkisi tacın çəkisinə bərabər — biri qızıldan, digəri gümüşdən iki külçə hazırlayır. Sonra onları növbə ilə içərisində su olan qaba salaraq hər dəfə suyun nə qədər qalxdığını qeyd edir. Yekunda hökmdarın tacını qabdakı suya salıb suyun qalxma səviyyəsinə görə müəyyən edir ki, onun həcmi qızıl külçəsinin həcmindən artıqdır. Beləliklə, zərgərin oğurluğu sübut olunur.

Arximed nəinki böyük alim, həm də mexanika ilə dərindən maraqlanan bacarıqlı mühəndis idi. O, yaşadığı dövrdə məlum olan və «sadə mexanizmlər» adlanan beş mexanizm haqqında nəzəriyyənin də müəllifidir. Bu mexanizmlər — rıçaq, paz, blok, sonsuz vint və ağır yük qaldırmaq üçün nəzərdə tutulan bucurğaddır. Nəticədə bu mexanizmlər dünyanın müxtəlif ölkələrində geniş istifadə olunmağa başlayıb. Məsələn hazırda Arximed vinti adi ət çəkən qurğuda istifadə olunur. Sonsuz vintin kəşfi onun digər vacib kəşfinə səbəb olur. Bu hazırda adi görünən vint və qaykadan ibarət boltdur.

Eramızdan əvvəl 215-ci ildə İkinci Pun müharibəsi zamanı Sirakuza şəhərinin romalılardan müdafiəsi zamanı Arximed bir neçə döyüş maşını icad edir. Onların köməyi ilə yerli əhali sayca onlardan qat-qat çox olan düşmənə üç ilə yaxın müqavimət göstərə bilir. Belə döyüş maşınlarından biri romalıların gəmilərini yandıra bilən güzgülər sistemi idi.

Arximed Sirakuzanın mühasirəsi zamanı həlak olur. Onu öz evinin həyətində, qum üzərində həndəsi fiqurlar çəkərək, qarşısına qoyduğu riyazi məsələnin həlli ilə məşğul olan zaman Roma əsgərləri qətlə yetirir. Maraqlıdır ki, romalılar Arximedin kəşflərinə yiyələnmirlər. Onun işləri yalnız uzun əsirlərdən sonra avropalı alimlər tərəfindən tapılıb öyrənilir. Məhz buna görə Arximedin həyatını ilk dəfə qələmə alan Plutarx alimin bir dənə də olsun əsərinin qalmadığını təəssüf hissi ilə qeyd edir.

azertag.az

0 şərh