Akademik Cəlil Hüseynov: alim və pedaqoq

Akademik Cəlil Yusif oğlu Hüseynov xalqımızın fəxr etdiyi alimlərdən biridir.
Cəlil Hüseynovun həyatını təbabətin ən çətin və əhəmiyyətli sahəsinə — patoloji anatomiyaya həsr etmiş görkəmli alim idi. Akademik Cəlil Hüseynov təbabətin aktual nəzəri problemlərinə həsr olunmuş samballı əsərlərin müəllifi, milli patoloji anatomiya məktəbinin yaradıcısıdır. Bu sahədə yüksək ixtisaslı mütəxəssislərin, alim və praktiklərin hazırlanmasında onun rolu danılmazdır. Cəlil Hüseynovun adı Sovet İttifaqı ilə yanaşı, dünyanın bir çox ölkələrində çalışan patomorfoloqlar arasında yaxşı tanınlrdı.
Cəlil HüseynovOnun rəhbərliyi altında yüzlərlə patomorfoloji tədqiqat aparılmış, 15 doktorluq və 28 namizədlik dissertasiyası yazılmışdır. Cəlil Hüseynov 200 elmi əsərin, o cümlədən Azərbaycan dilində tərtib etdiyi terminoloji lüğət histologiya, patologiya, məhkəmə təbabəti və mikrobiologiyaya aid 7000 sözdən ibarətdir. Cəlil Hüseynov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi – tibbi şurasının sədri, SSRİ Səniyyə Nazirliyinin elmi şurasının prezidiumunun və Ümumiittifaq Patoloqlar Cəmiyyətinin İdarə Heyyətinin üzvü, SSRİ-nin “Архив Патологии» jurnalının və Azərbaycan tibb jurnalının redaksiya heyyətinin üzvü, Ümumiittifaq Herantoloqlar Cəmiyyətinin katibi olmuşdur. Nəzəri təbabət elmlərinin və praktiki səhiyyənin inkişafına verdiyi töhfələrə görə Cəlil Hüseynov iki dəfə “Lenin ordeni” və “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, beş medal və Azərbaycan Respublikası Ali Sovetninin fəxri fərmanları ilə təltif olunmuşdur. O, 1978-ci ildə “Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülmüşdür.
 Cəlil Yusif oğlu Hüseynov 1896-cı ildə Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. O, 1919-cu ildə Tiflis gimnaziyasını bititmiş və həmin il Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Elmi fəaliyyətə hələ tələbə ikən başlamışdır. Universitetin elmi konfranslarında fəal iştirak edən gənc Cəlil Tələbə Elmi Cəmiyyətini yaratmış və ona rəhbərlik etmişdi. 1924-ci ildə universiteti bitirdikdən sonra Cəlil Hüseynov tibb fakultəsinin patoloji anatomiya kafedrasında işləməyə başlayır. Sonrakı on ildə Leninqrad eksperimental və Kliniki Təbabət İnstitutunda Y. S. London, V.Q. Uşakov, Q.V. Şor ilə birlikdə çalışmışdır. Həmin illər Cəlil müəllim elmi mətbuatda, konfrans və simpoziumlarda, eləcə də Patoloqların İİ Ümumiittifaq Qurultayında (Bakı 1930) elmi məqalələrlə çıxış etmişdir.
Cəlil müəllim 1926-cı ildə doğma dilində dərs deməyə başlayır və ilk dəfə Azərbaycan dilində mühazirələrini çap etdirir. Həmin dövrdə o, qiymətli kolleksiyaları və nadir makropreparatları olan patoloji anatomik muzey yaradır. 1928-ci ildı Almaniyanın patoloji anatomiya jurnalında Cəlil Hüseynovun iki elmi məqaləsi dərc olunur. 1930-cu ildə ona dosent, 1936-cı ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra professor elmi adı verilir. Cəlil müəllim 1946 – 1979-cu illərdə Azərbaycan Tibb İnstitunun patoloji anatomiya kafedrasına rəhbərlik etmişdir. O illərdə kafedra Patoanotomik Xidmətin Respublika Mərkəzi, Cəlil Hüseynov bu xidmətin rəhbəri və respublikanın baş patoloqu idi. Cəlil müəllim İran sərhədində taun, vəba, səpgili yatalaq kimi xüsusi təhlükəli infeksiyaların, Cənubi Muğan zonasında malyariyanın qarşısının alınması məqsədilə təşkil olunan ekspediyalarda iştirak etmişdir. Təhlükəli infeksiya ocaqlarında müalicə tədbirləri aparmaqla yanaşı onun rəhbərliyilə təşkil edilən laboratoriyalarda xəstələr müyinə olunur, dəqiq diaqnozlar qoyulur və xəstəliklərin yoluxma səbəblərinin öyrənilməsi sahəsində elmi – tədqiqat işləri aparılırdı.
 
Cəlil Hüseynov 1947-ci ildən kafedranın əməkdaşları ilə birlikdə müxtəlif xəstəliklərin patogenezində nevrogen mexanizmlərin öyrənilməsilə məşğul olmağa başlayır. Eksperimental, seksion və cərrahi materiallar üzərində periferik sinir sisteminin reseptor əlaqələrini, sinir hüceyrələri və sinir lifləri arasındakı sinaptik əlaqələri araşdırır. C. Hüseynov tərərfindən tədqiq olunan obyektlərin xüsusi, mürəkkəb üsullarla rənglənməsi və işıq mikroskopu altında öyrənilməsi nəticəsində müxtəlif xəstəliklər zamanı bu nazik sinir strukturlarında baş verən reaktiv dəyişikliklər aşkar edilmişdi.
 
Həddindən artıq böyütmə qabiliyyətinə malik elektron mikroskopunun yaranması mikroaləmin quruluşunun daha dərindən öyrənilməsinə yeni imkanlar yaratdı. Bu cihazlar sinapsları on min dəfələrlə böyüdürdü. Cəlil Hüseynov “Histoloq, patoloq və neyromorfologiyaların beynəlxalq konqresi”ndə ilk dəfə müxtəlif xəstəliklər zamanı sinaptik vezikulalarda və membranlarda yaranan sekresiya və ekskresiyanın specifik xüsusiyyətlərini nümayiş etdirdi və onlara funksional qiymət verdi. Müşahidələrini gözəl şəkillərlə tərtib edilmiş iki monoqrafiyada yekunlaşdırdı. Cəlil müəllim “Periferik sinir sisteminin – reseptorların və sinapsların patoloji morfologiyasına dair” (1957), “Patologiya şəraitində reseptorların və sinapsların struktur dəyişikliklərinə dair” (mikro-makro və elektron mikroskopik tədqiqatlar, 1965) adlanan samballı monoqrafiyaların müəllifidir. İ.P. Pavlovun davamçısı, SSRİ və SSRİ TEA-nın akademiki N. Q. Kolosov bu monoqrafiyalara yüksək qiymət vermişdir. O, adları çəkilən monoqrafiyaları “neyromorfologiyanın inkişafına təkan vermiş mühüm fundamental əsərlər” hesab edirdi.
 
Akademik Cəlil Hüseynov elektron mikroskopiya sahəsinin yaradıcılarından biri idi. Akademik N.Q. Kolosov deyirdi: “C.Y. Hüseynov sinir sisteminin patologiya şəraitində elektromikroskopik öyrənilməsi sahəsində Sovet İttifaqında birinci alimdir”. Akademik Cəlil Hüseynov geniş elmi fəaliyyətini praktiki işlə əlaqələndirə bilirdi. O, N. Semaşko adına 1 №-li və F. Əfəndiyev adına 4 №-li xəstəxanaların, Ortopediya və travmatologiya institutunun patoloji anatomik laboratoriyalarına rəhbərlik edir, respublika regionlarının mütəxəssislərilə sıx əlaqə saxlayır, onlara məsləhətlər verir və praktik köməyini əsirgəmirdi. Cəlil müəllim Bakıda keçirilən bir çox elmi konfrans, simpozium və qurultayların təşkilatçısı olmuşdur.
 
Akademik Cəlil Hüseynov Azərbaycan Elmlər Akademiyasının, Zaqafqaziya Respublikalarının EA-nın və SSRİ Səhiyyə Nazirliyinin koordinasiya şuralarının işində fəal iştirak etmişdir. O, tibb ədəbiyyatının Azərbaycan dilində çap olunması sahəsində böyük işlər görmüşdür. Belə ki, “Ümumi patoloji anatomiya” dərsliklərilə yanaşı, o, Azərbaycan dilində çap olunmuş “Ağız boşluğunun patoloji anatomiyası üzrə rəhbərlik”,  “Malyariyanın patoloji anatomiyası”, “Hemoqlobinuriya qızdırması” və başqa əsərlərin müəllifidir. Cəlil Hüseynov ona məsləhət üçün müraciət edən insanlara məmnuniyyətlə yardım edərdi. O, görkəmli alim, gözəl pedaqoq, alicənab insan kimi elmi dairələrdə və həkimlər arasında böyük hörmət və nüfuz qazanmışdı.
Akademik Cəlil Yusif oğlu Hüseynovun həyatı və elmi fəaliyyəti doğma xalqına, elmə fədəkar xidmətin nümunəsidir. Onun böyük alim,  pedaqoq,  gözəl insan kimi xatirəsi tibb ictimaiyyətinin ürəyində həmişə qalacaqdır.


ATAM HAQQINDA XATİRƏLƏR 
Gülarə HüseynovaAzərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirdikdən sonra mənim patoloq işləməyə marağım yox idi, çünki praktik həkim işi məni daha çox cəlb edirdi. Bir dəfə patoloji anatomiya kafedrasına getmişdim. Həmin vaxt kafedrada elektron mikroskopu quraşdırılırdı. Mikroskop müvəffəqiyyətlə quraşdırılsa da, metodika hələ öyrənilməmişdi. Məlum oldu ki, makromolekulların öyrənilməsi üçün ultranazik kəsiklərin hazırlanması üsulu sadəcə qabiliyyət tələb etmir, bu, böyük məharət tələb edən ağır işdir. O zamanlar bununla məşğul olanların sayı çox az idi. Sonralar, daha doğrusu 1998-ci ildə internetdə belə bi elan oxudum ki, kəsiklər hazırlaya bilən mütəxəssisləri, hətta ingilis dilini bilməyənləri ABŞ-a işləməyə dəvət edirlər.
Kafedranın laborantları bu işə həvəssiz razı olurdular. Atam kəsiklərin hazırlanması ilə məşğul olmağı mənə təklif etdi. Bu iş böyük səbir və dəqiqlik tələb edirdi. O, mənim səbirli olduğumu bilirdi və israrla məni inandırmağa çalışırdı. Mən isə heç cür başa düşmürdüm ki, nə üçün laborantlıq fəaliyyəti ilə məşğul olmalıyam. Buna baxmayaraq özümü bu işdə sınamağı qərara aldım. Moskvada “İnsan Morfologiyası” institutunun Elektron mikroskopiya laboratoriyasında üç ay təcrübə mübadiləsi keçdim, lakin bu kifayət etmədi. Bu mürəkkəb metodikanı mükəmmməl mənimsəmək üçün illər sərf etməli oldum. Nəhayət, orqanların keyfiyyətli kəsiklərini aldıq və onlara elektron mikroskopu altında baxmağa başladıq. İlk dəfə atamın çaşqın üzünü gördüm. O ucadan dedi: “Qızım! Bu, tamamilə yeni, heç kim tərəfindən tədqiq edilməmiş dünyadır! Biz bu aləmi necə öyrənəcəyik?”
O dövrdə atama bir istisna kimi ABŞ-ın elmi jurnallarına abunə yazılmağa icazə verilmişdi. Biz Mosva şəhərində V. Lenin adına kitabxanada olduq, bütün sovet və amerika elmi ədəbiyyatlarını gözdən keçirdik. Bütün ədəbiyyatlarda canlı orqanizmin elektron – mikroskopik quruluşu  normada verilirdi, patologiya ilə bağlı isə heç bir məlumat yox idi. Sonralar ancaq alman jurnalları xəstəliklər zamanı orqanlarda baş verən submikroskopik dəyişikliklər haqqında məlumat verdilər. Çox zəhmət tələb edən texniki işlə məşğul olmaqla yanaşı, mən atamla birgə elektronmikroskopik fotoşəkillərin izahını verirdik. Onların şərhin bəzən aylarla vaxt sərf edirdik. Atamın işıq mikroskopiyası sahəsindəki böyük təcrübəsi subhüceyrə, ultrastruktur səviyyədə baş verən bir çox yeni, hələ öyrənilməmiş patoloji prosesləri şərh etməyə imkan verirdi.
1968-ci ildə nefrolitiaz (böyrəkdaşı xəstəliyi) diaqnozu ilə əməliyyat olunmuş xəstələrdən operasiya zamanı akademik M. Cavadzadə toxumalar götürmüş və həmin preparatlara elektron mikroskopu altında baxılmışdı. Elektron mikroskopu altında nefronlarda daş əmələ gəlməsinin ilkin elementləri aşkar edilmişdi. Bunlar subhüceyrə konqlameratları şəklində gorünürdülər. Bu ultrastruktur hissəcikləri Cəlil Hüseynov “ultralit” adlandırdı. Dünya ədəbiyyatında ultralitlər haqqında məlumat çox sonra qeyd olunmuşdu.
 
Atamın ölümündən çox illər sonra, 1992-ci ildə professor Leyla xanım Məmmədova və professor V. Əlizadə ilə birlikdə Türkiyyəyə, patoloqların beynəlxalq konqresinə dəvət almışdıq. Qeyd etməliyəm ki, bu konqresdə Azərbaycan alimlərinin işlərindən başqa elektron mikroskopik tədqiqatlar ilə bağlı məruzələr təqdim olunmadı. Atamın yaratdığı patoloq-anotomlar məktəbinin davamçısı kimi, həmin konqresdə xroniki xəstəliklər zamanı orqanizmin toxumalarında yığılan anormal zülal – amiloidoz haqqında məruzə ilə çıxış etdim. İşıq mikroskopu altında adətən amorf kütlə şəklində görünən amiloidin elektron mikroskopu altında özünəməxsus sapvari struktura malik olduğunu və patologiya şəraitində müvafiq funksiyalar yerinə yetirildiyini nümayiş etdirdikdə zalda bir çaşqınlıq yarandı.
1992-ci ildə mən Türkiyyə Cümhuriyyəti Trakiya Universitetinin patologiya kafedrasına dəvət aldım. Burada ən müasir texnologiyalarla təchiz edilmiş elektron mikroskopiya laboratoriyası yaradılmışdı. Əfsuslar olsun ki, atamın ölümündən sonra, son illər kurortologiya institutunda çalışdığım dövrdə mən “istehsal alətimdən” – elektron mikroskopundan bir növ məhrum olmuşdum. Məhz bu səbəbdən belə təchizatı olan laboratoriyada çalışmaq mənə maraqlı göründü. Trakiya Universitetinin patologiya kafedrasında 19 il çalışdım, əksəriyyəti ABŞ-ın aparıcı elmi jurnallarında çap olunmuş çox sayda elmi məqalələr hazırladım. Beynəlxalq konqreslərdə məruzə edilmiş bir çox işlərim mükafata layiq ğörülmüşdü. İzmir şəhərində 1998-ci ildə keçirilən onkoloqların beynəlxalq konqresində mən qalxanvari vəzinin bəzi şişləri zamanı işıq mikroskopu altında görülməyən və xoşxassəli kimi səciyyələndirilən toxumaların elektron mikroskopu altında, ultrastruktur səviyyədə öyrənilməsi zamanı onlarda ilkin bədxassəli şiş əlamətlərinin aşkar edildiyi haqqında məlumat verdim. İşıq mikroskopu altında görünməyən bu dəyişikliklər elektron mikroskopu altında artıq görülən papilyar, kistoz, mitoxondriyaların anomal uzunsov, üçkünc endoplazmatik retikulumun atipik formaları kimi görünürdü. Çıxışımdan sonra konqresin sədri bu materialı Azərbaycan, Türkiyyə və ABŞ-ın görkəmli alimləri ilə birlikdə “Qalxanvari vəzinin xəstəlikləri və cərrahiyyəsi” adlı kitabda dərc etdirməyi mənə təklif etdi. Bu kitabda qalxanvari vəz haqqında ən yeni məlumatlar toplanmışdı. 2000-ci ildə nəşr olunmuş kitabın iki fəsli mənim üçün ayrılmışdı.
Xaricdə işlədiyim dövrdə mən hər zaman Azərbaycan alimlərinin yüksək elmi potensialını vurğulamışam. Praktik təbabət sahəsində hərtərəfli biliyə malik türk mütəxəssisləri bizim biliklərə yüksək qiymət verir, hörmətlə yanaşır və başa düşürdülər. Azərbaycan alimlərinin elektron mikroskopiya sahəsindəki təcrübəsi əvəzolunmazdır.
 
Cəlil Hüseynov, eləcə də əməkdar elm xadimləri, professorlar Q. Səlimxanov, L. Məmmədbəyova, Ş. Sultanova, İ. İsayev və başqalarının çalışdığı kafedra bizim vaxtımızda “Elm sarayı” adlandırılırdı. Akademik Cəlil Hüseynovu Moskvada əyalət alimi hesab etmirdilər, onunla yüksək səviyyəli və hörmətli alim kimi danışırdılar. Mən onunla tez-tez Moskvaya, Leninqrada gedərdim. Yaxşı yadımdadır, səfərlərin birində onu SSRİ Elmlər Akademiyasının akademiki, SSRİ-nin baş patoloq – anotomu N. Krayevski qarşıladı və mürəkkəb preparatları konsultasiya etmək üçün öz laboratoriyasına apardı. Leninqradda keçirilən beynəlxalq konqresdə məşhur fransız professoru Taksi bizim preparatlara heyran olmuşdu. Taksi dedi: “Mən ilk dəfə ürək çatışmamazlığı zamanı ürək əzələsində bu cür böyük, hipertrofiyalaşmış, mitoxonrilər görürəm”. İ. Pavlovun davamçısı akademik İ. Kurtsin 1975-ci ildə Bakıya patoloji anatomiya kafedrasına gələndə xahş etdi ki, biz Leninqrada İ. Pavlovun laboratoriyasına gələk. O istəyirdi ki, biz elektron mikroskopiyası vasitəsilə itlərdə mədə xorası törədən “pavlov səhvi”-nin yaranmasının ilkin ultrastruktur proseslərini öyrənək. Biz bu eksperimentaı tədqiqatları müvəffəqiyyətlə apardıq və nəticələr müasir orijinaı tədqiqat kimi mətbuatda dərc edildi.
Cəlil Yusig oğlu Hüseynov həyat yoldaşı, F. Əfəndiyev adına 4 №-li klinik xəstəxananın həkim – terapevti Leyla xanım Adıgözələv ilə 50 il birgə ömür sürmüşdü. Leyla xanım iki təhsili var idi: həkim və pedaqoq. O, həm də fortepianada gözəl ifa edirdi, Üzeyir bəy Hacıbəylinin tələbəsi idi.  Leyla xanımın atası, maarifçi Əsgər Ağa Gorani incəsənət və maarif sahəsində böyük işlər görmüşdü. Anası Bəyim xanım Ziyadxanova Cavad xanın nəticəsi idi və ana tərəfdən Qacarlar nəslinə mənsub idi. Cəlil Hüseynov və Leyla xanım üç övlad böyüdüblər. Övladlarına və nəvəlrinə gözəl təhsil veriblər, onlara zəhmətsevərlik, musiqiyə məhəbbət aşılayıblar. Böyük oğulları Fərid elektronika mühəndisi idi. Onun böyük qızı Elmira Nəcəfova həkim – psixoterapevt olmaqla yanaşı, gözəl rəssamdır. Əsərləri dəfələrlə sərgilərdə nümayiş etdirilmişdir. Fəridin üç oğlu – Murad, Fərhad və Fuad musiqiçidirlər. Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın xalq artisdidir, pianoçuların beynəlxalq müsabiqələrinin laureatıdır, dünyanın bir sıra ölkələrinin, o cümlədən Rusiya, İngiltərə, Amerika, Yaponiyanın nüfuzlu konsert salonlarında çıxış etmişdir. Parisdə keçirilən fransız bəstəkarı Pulenqin adını daşıyan beynəlxalq müsabiqədə laureat adını qazanmışdır. Qızı Adilə xanım fizikdir, Azərbaycan MEA-nın fizika institutunun baş elmi işçisidir. Cəlil Hüseynovun qızı onun sənətinin davamçısıdır – patomorfoloqdur, dosentdir. Onun oğlu Zaur mühəndisdir və eyni zamanda bəstəkardır. Qızı Leyla Bilkənd universitetinin məzunu və hazırda Anakara universitetində dosent işləyir.

0 şərh