Atatürk barədə xatirə

Ankarada havanın dumanlı, bezdirici noyabr axşamıydı. Avropada savaş rüzgarları əsməkdə, gənc cumhuriyyət isə hələ də özünü möhkəmləndirmək, böyümək, inkişaf etmək mübarizəsi içərisində, hədəflərinə doğru irəliləmək yolundaydı. 

Mustafa Kamal Ankarada həm məhəllədən, həm də məktəbdən dostu olan Nuri Conkerlə söhbət edirdi. Nuri Conker ölənə qədər Mustafa Kamalın ən yaxın dostu olaraq qalmış, təqaüdçü polkovniklikdən, generallığa qədər heç bir rütbəni qəbul etməmiş, onun yeganə əsl dostu və sirdaşı olmuşdu. 

Mustafa Kamal xəstə olduğunu və artıq ömrünün son günlərini yaşadığını sanki hiss edirdi. Köhnə dostu Mustafa Kamalın dövlət məsələləri, şəxsi sıxıntıları, xəstəliyi ilə boğuşduğunu hiss edir.

Dostunun fikrini dağıtmaq, problemlərdən uzaqlaşdırmaq və havasını dəyişdirmək istəyir. Söhbətləri İstanbula və gənclik illərinə qədər gedib çıxır. İstanbul həsrətlərindən, aradabir getdikləri Tuneldəki Apostolun məkanından bəhs edirlər. Gənclik illərini, hərbi məktəbdəki və akademiyadakı günlərini xatırlayıb, tez-tez Tunelə gedib içdiklərindən, hətta pulları olmasa da borc yazdırdıqları günlərdən danışırlar. Aradabir də səhnəyə çıxıb Rumeli havaları sədaları altında “Zeybək” oynadıqları ağıllarına gəlir, nəşələnirlər. Söz təbii olaraq qadınlardan da düşür. Prezidentin kefi açılıb. Xəstəliyini də unutmuşa bənzəyir. Birdən Nuri Conkərin ağlına parlaq fikir gəlir: 

— Mustafa, istəyirsən gizlicə qatara minib İstanbula gedək. Boğazda gəzərik, ordan Bəyoğluna, Apastola dəyərik. Heç kəs görmədən də qayıdıb gələrik.
Mustafa Kamal bu ideyaya çox sevinir, ancaq “necə eləyək, bunu?” soruşur. Nuri Conker isə artıq qərarını verib, hər şeyi planlaşdırıb. İstiqlal Savaşında orduya cəsarət verən “Conk Bayırı”nın alınmasının memarı olan bu qəhrəman əsgər üçün, əlbəttə, "İstanbul əməliyyatı" uşaq oyuncağıdır. 

İstanbul qatarından kupe alırlar. Heç kəsə görünmədən gecə qatara minib İstanbula yola düşürlər. Təbii ki, tanınmamaq üçün bir az da “təğyiri-libas” olublar. Onları Heydərpaşada Nuri Conkerin dostu qarşılayır və Boğaziçinə gedirlər. Orda gəzir, yürüyür, dənizi seyr edir, Boğaz havasını ciyərlərinə çəkirlər. Sonra Beyoğluna Tunelə — düz Apastolun yerinə gedirlər. Saat 17 olub. Yavaş-yavaş hər kəs gəlməyə başlayıb. İstanbulda əyləncə məkanları işlədənlər işlərini yaxşı bilirlər. Xüsusilə, yunanlar Osmanlıdan qalma adət-ənənələrlə xidmət sahəsinin ustasıdırlar. Apastol Nuri Conker ilə göz-gözə gəlir. Köhnə müştərisi və dostu Atatürkü tanıyır və onların gəlişinə çox sevinir. Nuri Conker “Qətiyyən bildirmə” deyir, — “əvvəlki kimi davran, gələnləri də geri qaytarma, sadəcə bizə ofisiantlar xaric heç kəs çox da qulluq göstərməsin, xəfifcə dəmlənək”.

Gecə keçir, dəmlənirlər. Mustafa Kamal isə gənclik illərinə döndüyü üçün çox xoşbəxtdir. Arada maraqla Nuri Conkerdən də soruşur:

— Deyəsən, bizi heç kəs tanımadı!
Nuri bəyin də bircə narahatlığı var, o da məkana girib — çıxan adamlardan kimsə bu hadisəni görüb, orda-burda danışmasıdır. Apastol isə onları arxayın eləyib deyir: 
— Sən narahat olma, paşam. 
Artıq sıra Rumeli xalq mahnılarını dinləməyə, çalıb-oxumağa, oynamağa gəlib çatıb. Hamı mahnı oxuyub, oynayır, hətta Atatürk belə rəqs eləyib, mahnıları zümzümə eləməkdədir. Mustafa Kamal bu oyunu başa düşsə də, yenə də özünü bilməməzliyə vurub əyləncəyə davam eləyir. Köhnə dostunun yaxşılığının fərqindədir. Dostluq da elə bu deyilmi?! 

Artıq getmək vaxtıdı. Heydərpaşadan qatara minilməlidirlər, ona görə erkən qalxmaq lazımdır. Mustafa Kamal ayağa qalxır, madam heç kəs tanımayıb, o da sakitcə qapıya doğru yönəlir. Apastol arxadan səslənir: 
— Mustafa, pulu ödəmədən hara gedirsən?* Mustafa Kamal geri çevrilib:
— Yaz dəftərə, Apastol! — deyir. 
İkisi də bir qucaqlaşır, bir ağlamağa başlayır… Bu əsnada bütün meyxanadakılar ayağa qalxıb alqışlamağa başlayırlar:
— Bizim Mustafa, səni heç yerə buraxmarıq, bizi unutma, tez-tez gəl!

Mithat MELEN
Tərcümə: Şəhla RƏŞİDOVA
Mənbə: «Cümhuriyyət» qəzeti

0 şərh