Böyüklərin uşaqlara münasibətini dəyişən adam - Yanuş Korçak

Dahilər var ki, ölümlərilə bəşəriyyətə insanlıq dərsi keçirlər. 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində təhsildə humanizm təlimi, əslində onun gərgin əməyinin və beyninin məhsuludur. Bu gün geniş şəkildə tətbiq olunan təhsildə humanist münasibətin banilərindən olan Yanuş Korçak minlərlə Yəhudi insanı kimi ölüm düşərgəsində məhv edildi.

Yanuş Korçak böyüklərin uşaqlara qarşı münasibətlərini dəyişən ilk pedaqoqlardan idi. Onun əsas işi uşaqların da böyüklər qədər hörmətə layiq olduqlarını vurğulamaq idi. Hər uşağın özünəməxsus yolu, istedadı və tərzi olduğunu bildirirdi. 

Korçakın ədəbi irsi 24 kitab, müxtəlif jurnallarda dərc olunmuş 1400-dən çox məqalədən ibarətdir. Onun “Uşağı necə sevməli” (1902), “Tərbiyə məqamları ” (1924), “Birdə uşaq olsam” (1925), “Uşağın hörmət hüququ” (1929), “Zarafatçıl pedaqogika” (1939) kimi pedaqoji əsərləri var. Uşaqlar üçün kitabları: “Kral Birinci Mat” və “Kral Mat əhalisiz adada” (1923), “Balaca Cekin müflüslüyü” (1924), “Həyatın qaydaları” ( 1930), «Kaytuş sehrbaz» (1935). 

Müəllifin “Böyük insanların həyatları əfsanəyə bənzəyir — çətin və gözəl” sözlərini elə onun özünə də aid etmək olar. Asimlyasiya olmuş yəhudi əsilli həkim, pedaqoq, yazar Yanuş Korçakın əsl adı Henrik Qoldzmikdir. O, Varşavada hüquqşünas ailəsində doğulmuşdu. Atası 1896-cı ildə öldükdən sonra ailə tamamilə gəlirsiz qalır və Korçak məcbur olur ki, fərdi dərslər verərək ailəni — anası, bacısı və nənəsini- maddi cəhətdən təmin etsin. Başı ailəni dolandırmağa qarışan Korçak buraxılış imtahanını 20 yaşında verə bilir.

1898-ci ildə Varşavada İmperator Universitetinin Tibb Fakultəsinə qəbul olur. Elə həmin ildə ədəbiyyat üzrə müsabiqədə iştirak etmək üçün ilk yazısı “Hansı yol ilə?” dram əsərini yollayır, tələbə olması səbəbiylə müsabiqədə iştirak edə bilməzdi və o, da bundan sonra daim işlədəcəyi təxəllüsünü Y. İ. Kraşevskinin “Yanaş Korçak və gözəl qılıncdar xanım haqda” hekayəsindən götürür. Bu illər ərzində müxtəlif digər təxəllüslər altında jurnal və qəzetlərlə əməkdaşlıq edir, yazılarını göndərir. 

1904-cü ildə universiteti bitirir, uşaq xəstəxanasında pediatr işləyir. Rus-Yapon müharibəsi müddətində, orduda hərbi həkim kimi çalışır. Müharibədən sonra Varşavaya qayıdır və burada işləməyə davam edir. Korçak 1908-ci ildə Yetim Uşaqlara Yardım Cəmiyyətinə qoşulur və burada gələcək əməkdaşı Stefania Vilçzinka ilə tanış olur. 1911-1912-ci illərdə Varşavada özü təsis etdiyi yetim Yəhudi uşaqlar üçün “Dom Sierot” adlı körpələr evinə rəhbərlik edir və Vilçzinkanı da işə dəvət edir. Burada özü formalaşdırdığı təlim sistemini sınaqdan keçirir: bir növ uşaqların öz parlamentləri, məhkəmələri, qəzetləri olan uşaq respublikası yaradır. Daha həkim kimi az fəaliyyət göstərməyə başlayır. 

Birinci Dünya Müharibəsi zamanı 1914-cü ildə Korçak leytenant rütbəsilə orduda hərbi həkimlik edir. Polşa- Sovet Müharibəsi dövründə də (1919- 1920) Polşa ordusunda xidmət edir, lakin aldığı zədələrdən sonra ordunu tərk etməli olur və Varşavaya geri dönür. 

1926-cı ildə “Mały Przegląd” (Qısa Xülasə) adlı həftəlik qəzet buraxır, qəzet bir növ Polyak-Yəhudi qəzeti olan “Nasz Przegląd” (Bizim Xülasə) qəzetinə əlavə idi, buradakı yazılar uşaqların dili ilə uşaqlar üçün dərc edilirdi. Bu arada uşaqlar üçün yazdığı “Kral Birinci Mat” və böyüklər üçün nəzərdə tutulan “Uşağı necə sevməli” kitabları artıq ədəbi uğur qazanaraq tanınmağa və oxucu kütləsi qazanmağa başlamışdı. 

1930-cu ildə Korçakın artıq öz radio proqramı da vardı, lakin 30-cu illərdə artmaqda olan antisemit fikirlərin ardıcıllarının təsirilə veriliş ləğv olunur. 1934-1936- cı illərdə Fələstinə səyahət edir, lakin orada uzun müddət qalmaq istəməyərək geri dönür. 

1939- cu ildə İkinci Dünya Müharibəsi başlayanda Korçak Varşavada öz tərbiyə etdiyi uşaqları ilə bərabər idi. O, Nasistlərin Polşanın paytaxtını necə işğal etdiklərinə şahid olur, müharibəyə könüllü qoşulmaq istəsə də, yaşına görə qəbul etmirlər. Nasistlər 1940-cı ildə Varşavada Getto yaradanda, onun Yetimlər Evi də məcburən oraya köçürüldü. Korçak uşaqlarını tərk etmədən, onlarla birlikdə gettoya köçür. 



Deyilənə görə, bir SS ofiseri Korçakı tanıyır və ona qaçıb aradan çıxmaqda kömək edə biləcəyini söyləyir, lakin dahi şəxsiyyət bundan imtina edir. 

Başqa bir söyləntiyə görə, Nasist dairələrində Korçakla bağlı xüsusi təyinat olur, onlar onu öldürmək istəmirlərmiş. Hər halda, fakt budur ki, Korçak Gettoda uşaqlarını tərk etmir və onlarla birgə ölməyi gözə alır. 

1942-ci il, Avqustun 5-i (və ya 6-sı) alman əsgərləri 192 (bəzi mənbələrə görə 196) uşaq və 12 müəllimi Treblinka ölüm düşərgəsinə aparmaq üçün gəlir. Korçak da uşaqlarını atmayacağını dönə-dönə təkrarlayaraq onlarla birlikdə ölüm düşərgəsinə gedir.

Korçakın ən məhşur sözü bu idi: “Uşaq yoxdur, insan var!”
Bugün Yanuş Korçakın pedaqoji irsindən və humanist dəyərlərindən istifadə etmək hər bir valideynin, təhsil ocağı işçisinin borcu olmalıdır.



Aygün Qurbanlı

0 şərh