Qəlblərdə həmişə yaşayan - Yaşar Nuri

22 noyabr (1951-2012) unudulmaz aktyor, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin vəfat etdiyi gündür. 

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Aktyor səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.


              Yaşar Nuri   


O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olur.

İnstitut dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazlarını yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd Bazar Günü” filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin kinoda ilk işi oldu. Onun maraqlı rollarından biri  “Əzablı Yollar” nağıl-filmindəki kiçik div obrazıdır.
        
       Ya yaradıcılığı


Aktyorun yaddaqalan obrazlarından biri də “Yol Əhvalatı” filmindəki Makintoş roludur.

Vaqif Mustafayevin müştərək işlərindən olan “Musiqili Xaş” və “Bəyin Oğurlanması” (rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil (“Bəyin Oğurlanması”) obrazının xüsusi yeri var.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl Günü”ndəki Mahmud doktorunu, “Nə Gözəldir Bu Dünya…”dakı Asim Əliyeviçi, “Hər Şey Yaxşılığa doğru”, “Nakəs”, ““Fransız””, “Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki vəfat edib.

Allah rəhmət eləsin.

Mənbə : onn.az

0 şərh