Arximed

Arximed bəşər tarixinin yetişdirdiyi ən böyük dühalardan biridir.
O, e.ə. 287-ci ildə Yunanıstanın Sirakuz şəhərində anadan olmuş və demək olar ki, bütün həyatını burada yaşamışdır. Onun atası Fidi Sira­kuz hökmdarı Giyeronun saray astronomu idi. Qədim yunan alimlərinin çoxu kimi, Arximed də, İskəndəriyyədə təhsil almışdı. Misir hökmdarları Ptolemeylər bura Yunanıstanın ən yaxşı alimlərini və mütəfəkkirlərini toplamış, həmçinin dünyanın ən böyük kitabxanasını yaratmışdılar.
İskəndəriyyədə təhsilini başa vurduqdan son­ra Arximed Sirakuza qayıtmış, atasının işini davam etdirmişdir.
Bu böyük alimin nəzəri əsərləri heyrət ediləcək dərəcədə çoxcəhətlidir. Arximedin əsas əsərləri riyaziyyat (həndəsə), fizika, hidrostatika və mexanikanın müxtəlif praktik tətbiqlərinə aiddir. «Parabolanın kvadraturası» əsərində, inteqralın kəşfindən iki min il əvvəl, parabolik seqmentin sahəsini hesablamaq üçün metod icad etmişdi, «Dairənin ölçülməsi haqqında» əsərində «P» ədədinin qiymətini - çevrənin uzunluğunun diametrinə olan nisbətini hesablamış və isbat etmişdir ki, o, istənilən çevrə üçün eynidir. Biz indiyə kimi tam ədədlərin Arximed tərəfindən müəyyən edilmiş adlanma sistemindən istifadə edirik.
Pifaqorçuların riyazi əsərləri və onların Evklid tərəfindən tamamlanmış işləri, həmçinin müasirlərinin kəşfləri ilə əlaqədar riyazi metodu bizi əhatə edən maddi aləmin, bu aləmdə yerləşən əşyaların az və ya çox yaxınlaşdığı mükəmməl həndəsi formaları dərk etməyə imkan verir. Bu formaların qanunlarını bilməklə, maddi aləmə təsir etmək mümkündür.
Ancaq Arximed həmçinin bilirdi ki, əşyalar təkcə forma və ölçüyə malik deyildirlər: onlar hərəkət edir və ya hərəkət etdirirlər, yaxud müəyyən qüvvələrin təsiri altında sükunətdə qala bilirlər.
Böyük sirakuzlu, bu qüvvələri öyrənərək, elmin yeni sahələrini yaratdı. Müəyyən həndəsi formaya salınmış maddi cisim əvvəlki çəkisini saxlayır. Bunlar həndəsi və mexanika, statika, həmçinin hidrostatika idi. Hidrostatikanın ilk və əsas qanununu Arximed kəşf etmişdi (qanun da onun adını daşıyır). Mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisi qədər qüvvə ilə mayedən itələnir.
Arximed bir dəfə hamamda vannada uzanıb ayağını qaldırarkən görmüşdür ki, ayağı çox asan qalxır. Ağlına gələn fikirdən vəcdə gələn alim «Evrika!», «Tapdım!» - deyə qışqıraraq vannadan çıxmışdır. Bu rəvayətin başqa bir variantı da vardır: Arximed ha­mamda su dolu vannaya girərkən, suyun vannadan daşdığını görərkən, məşhur qanun ağlına gəlir və o, «Evrika!» - deyə qışqıraraq, elə həmin vəziyyətdə küçəyə çıxaraq evinə doğru qaçır.
Bu rəvayətlər maraqlı olsa da, həqiqətə uyğun deyil. Məşhur «Evrika!» kəlməsi Ar­ximed qanununun kəşf edilməsi ilə əlaqədar deyil, kəşfi sirakuzlu alimə məxsus olan metalların xüsusi çəkisi qanunu tapılarkən deyilib.
Rəvayətə görə, Sirakuz hökmdan Giyeron tac hazırlamaq üçün zərgərə qızıl verir. Zərgərin hazırladığı tacın çəkisi hökmdarın verdiyi qızılın çəkisinə bərabər idi. Lakin Giyeron zərgərin düzgünlüyünə şübhə ilə yanaşaraq, Arximedi yanına çağırır və tacdakı qızılın onun verdiyi qızıla uyğun olduğunu yoxlamağı əmr edir. Bunun üçün Arxi­med hər birinin çəkisi tacın çəkisinə bərabər olan iki külçə hazırlayır: biri qızıldan, о biri gümüşdən. Sonra onları növbə ilə içərisində su olan qaba salaraq hər dəfə suyun nə qədər qalxdığını qeyd edir. Axırda tacı qabdakı suya salıb suyun qalxma səviyyəsinə görə müəyyən edir ki, onun həcmi qızıl külçəsinin həcmindən artıqdır. Beləliklə, zərgərin qızıldan oğurlayaraq, əvəzinə ucuz metaldan istifadə etdiyi sübut olunur.
Arximed böyük alim olmaqla bərabər, həm də görkəmli mühəndis idi. O, yaşadığı dövrdə məlum olan və «sadə mexanizmlər» adlanan beş mexanizm haqqında nəzəriyyə yaratmışdı. Bu mexanizmlər - manivela (ling), paz, blok, sonsuz vint və bucurqaddır (ağır yük qaldırmaq üçün qurğu).
Arximed yalnız hidravlik vinti təkmilləşdirsə də, sonsuz vintin kəşfi Arximedin adına yazılır. Bundan da misirlilər bataqlıq qurudarkən istifadə etmişdilər.
Sonralar bu mexanizmlərdən dünyanın müxtəlif ölkələrində geniş istifadə edilmişdir. Bu gün Arximed vintindən adi ətdoğrayan maşında da istifadə edilir. Bütün bunlarla yanaşı, Arximed həm də öz Vətənini dərindən sevən böyük vətənpərvər olmuşdur.
E.ə. 215-ci ildə İkinci Pun müharibəsi vaxtı Marsellin başçılığı altında Roma qoşunları böyük qüvvə ilə Sirakuza hücum etdilər. Onlar elə bilirdilər ki, qısa müddətə şəhəri mühasirəyə alıb tutacaqlar. Lakin Arximed özünün yaratdığı döyüş maşınlarının köməyi ilə düşmənin planını pozdu. Şəhərin qala divarları arxasında yerləşdirilən maşınlardan atılan daşlar düşmən gəmilərini batırdı. Arximedin yaratdığı həmin maşınlar istənilən məsafəyə daş ata bilirdi. Bu daşların çəkisi 250 kq-a qədər çatırdı.
Arximed qala divarında adam boyu kiçik deşiklər açdırıb, orada atıcı qurğuları və oxatanları yerləşdirmişdi. Düşmən əsgərləri yaxınlaşanda onlar ox atırdılar.
Arximedin kəşf etdiyi yunan odunun (qətran və kükürd qarışığının) və bürünc güzgülərin köməyi ilə düşmən gəmilərinin yandırılması əfsanəyə çevrilmişdi. Onun bu kəşfi «P» ədədinin qiymətinin hesablanmasından yüksək qiymətləndirilirdi. Beləliklə, Arximedin köməyi sayəsində Sirakuz üç il müdafiə edildi. Yalnız yerli xainlərin satqınlığından sonra şəhər romalıların əlinə keçdi.
Romalı əsgərlər işğal etdikləri yunan şəhərlərində görünməmiş vəhşiliklər edirdilər. Onlar evləri dağıdıb-yandırır, qətllər törədirdilər, soyğunçuluq, qəddarlıq və zorakılıq baş alıb gedirdi. Qoşun başçıları nəinki əsgərlərin bu vəhşiliklərinin qarşısını almır, hətta onları ruhlandırırdılar. Ancaq Marsell dağıdılıb xarabalığa çevrilmiş şəhəri görəndə özünü ağlamaqdan güclə saxladı. Təkcə Marsell özündə mərdlik və cəsarət taparaq döyüşçülərinə qətlləri, qəddarlığı və insanları quia çevirməyi qadağan etdi. Əsgərlər isə onun sözünə baxmırdılar.
Romalılar Sirakuzu alan vaxt Arximed öz evində qum üzərində həndəsi fiqurlar çəkərək, hansısa riyazi məsələnin həlli ilə məşğul idi. O, bütün varlığı ilə mühakimə və düşüncələrinə о dərəcədə qapılmışdı ki, şəhərə girən romalıların hay-küyünü eşitməmiş, hətta şəhərin romalıların əlinə keçdiyindən belə xəbəri olmamışdı. Birdən onun qarşısında romalı əsgər peyda olur və Marsellin yanına getməyi əmr edir. Ancaq Arximed məşğul olduğu riyazi problemi isbat edib qurtarmayınca onunla getməkdən imtina edir. Bundan acıqlanan əsgər qılıncı çəkərək onu öldürür. Bu, e.ə. 212-ci ildə baş verir.
Başqa bir rəvayətə görə, əsgər əlində qılınc Arximedi öldürməyə gəlir. Arximed isə təkidlə xahiş edir ki, üzərində düşündüyü məsələni həll edib qurtarana qədər gözləsin, sonra öldürsün. Lakin əlində qılınc olan qəddar və amansız əsgər elm və alim tanımadığından qılıncı Arximedin başına endirir.
Üçüncü rəvayətə görə Arximed riyazi alətlərini, günəş saatını, səma qlobuslarını və Günəşin ölçülərini hesablamaq üçün istifadə edilən bucaqölçəni yeşiyə yığaraq özü Marsellin yanına gedir. Onu qarşılayan əsgərlər elə bilirlər ki, yeşikdəki qızıldır. Onlar qızdı ələ keçirmək üçün Arximedi öldürürlər. Arximedin ölümü barədə bu cür müxtəlif fikirlərin olmasına baxmayaraq, bütün tarixçilər təsdiq edirlər ki, onun ölümü Marselli bərk kədərləndirmişdi. Həyatda heç bir şey Marselli Arxime­din ölümü qədər məyus etməmişdi. O, Arximedin qohumlarını axtarıb tapmış və onlara hər cür köməklik etmişdi. Bunlar Plutarxın yazdıqlarıdır.
Başqa Roma tarixçisi Valeri Maksim Arximedin ölümü haqqında belə yazır: Marselli böyük alimə toxunmamaq əmri vermişdi. Arximed Marselldən xəbərsiz öldürülmüşdü. Qum üzərindəki çertyojlarına başı qarışan Arximed, Roma əsgəri ona yaxınlaşarkən, məşhur «Mənim çertyojlarıma toxunma!» sözlərini deyir. Əsgər bu sözləri qaliblərə qarşı böyük hörmətsizlik hesab edərək, böyük ali­min boynunu vurur və onun qanı çertyojların üstünə axır. Antik dövrün böyük natiqi və hüquqşünası Siseron, Arximedin ölümündən 137 il sonra, Si­rakuz şəhərində maraqlanaraq, onun qəbrini böyük çətinliklə tikan və qanqal basmış baxımsız bir qəbiristanlıqda tapmışdı. O, Arximedin qəbrini başdaşında təsvir edilmiş kürə və şardan, onun altında yazılmış şerdən tanımışdı. Siseron yazırdı: «Bir vaxtlar dünyaya neçə-neçə alim bəxş etmiş Yunanıstanın ən şöhrətli şəhərlərindən biri özünün ən dahi vətəndaşının qəbrinin harada yerləşdiyini, kiçik Armen şəhərindən olan adam gəlib bu qəbri görməyincə bilmirdi!»
Siseron göy cisimlərinin hərəkətini göstərən «Arximed sferası»nı görərək demişdir: Bu siciliyalı heç bir bəşər övladının malik ola bilmədiyi dühaya malik olmuşdu.

«Сто великих ученых» kitabından tərcümə. Moskva, «Veçe», 1999.
Mənbə Qanun jurnalı
 

Oxşar məqalələr

1 şərh

fidan
Aynur da bu mövzuda məqalə yazmışdı- Arximed. Sadəcə o fiziklər bloqunda idi.