Sübut edəcəyəm ki, oğlun sənə layiqdir

Müharibə illərində bir çox dövlət xadimlərinin övladları ön cəbhələrdə idilər. Ancaq respublika rəhbərləri arasında yalnız Mir Cəfər Bağırovun oğlu yaralandıqdan sonra hərbi xəstəxanadan birbaşa düşmənlə vuruşa yollanmışdı...

Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır döyüşlərdən gəlirdi. Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi. 

1943-cü ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol qolundan yaralanan təyyarəsini ustalıqla yerə endirdi, təslim olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi xəstəxanaya gətirdilər… Həmin ilin fevral ayının 4-də Cahangirin atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə düşdü: 

Oğlunun Mircəfər Bağırova yazdığı məktubu:
«Əziz ata! 2 ay yarımdır ki, mən öz yerimdə sayır, indi bu qədər qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu, minlərcə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki, mən ən şiddətli döyüş yerlərində olmalıyam. Çünki sənin oğlunam, Vətənimin oğluyam, Partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözlərinə baxanda necə xəcalət çəkirəm, cavan, sağlam adam olsam da, arxa cəbhədə vaxt keçirirəm... 

Ata, səndən xahiş edirəm ki, mənim cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə havaya qalxım… Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır. Səbrsizlikiə cəbhəyə göndəriləcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və vətəninə layiqdir. Bərk-bərk öpürəm. Sənin Cahangirin».

...Peşəkar təyyarəçi Cahangir Bağırov yenidən ön cəbhəyə yollandı.Alayda heç kəs bilmirdi ki, komandanlığın ən müşkül görünən tapşırığını dəqiq yerinə yetirən bu qaynar baxışlı şahin Azərbaycan rəhbərinin oğludur.

1943-cü il iyun ayının əvvəli idi. Cahangir Bağırovun xidmət etdiyi hissə hərbi obyektimizi bombalamağa qalxan faşist təyyarələrini məhv edirdi. Düşmən təyyarələrinin qarşısına çıxan Cahangir Bağırov hər dəfə qələbə ilə qayıdırdı. İyunun 5-də növbəti əməliyyat zamanı C.Bağırov qəfildən 11 alman təyyarəsi ilə üzbəüz gəldi. Qeyri-adi məharətlə bunlardan 7-sini vurub yerə saldı. Yanacağı tükəndiyindən ölümün gözünə dik baxaraq, təyyarəsini faşist təyyarəsinə vurdu...

Cəbhə qəzetlərində dərc olunmuş materiallarda C.Bağırovun qəhrəmanlıqla həlak olması, onun ölümündən sonra “Lenin” ordeni ilə təltif olunmağa təqdim edilməsi göstərilirdi. Azərbaycanda isə yalnız iyulun 8-də respublika qəzetlərində nekroloq dərc olundu. Oxucular ilk dəfə idi ki, M.C.Bağırovun oğlunun şəklini görürdülər. Əfsuslar ki, qara haşiyədə.

1943-cü il iyunun 6-da alman-faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması xəbərini çatdırmış, səmim-qəlbdən başsağlığı vermiş, ölümündən sonra onun “Lenin” ordeni ilə yanaşı, Sovet İttifaqı Qəhrəmanı adı – “Qızıl Ulduz”la da təltif olunacağını bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid şahinin cənazəsi öz Vətəninə — Azərbaycana göndərilir.

M.C.Bağırov cavabında demişdi:
— Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm “Lenin” ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun həlak olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.

N.M.Şvernikin bu sözləri telefon danışığını tamama yetirmişdi:
— Yoldaş Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar. Ancaq ikincisi… gecdir. Tabut artıq hərbi təyyarədədir və Bakıya istiqamət götürmüşdür.

...Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov M.C.Bağırova təklif etmişdi ki, mərhum Dağüstü parkda dəfn edilsin. Azərbaycan rəhbəri Azərbaycan Ordusunun sərkərdəsinə «baxarıq» cavabını vermişdi. Həmin gün sübhdən Bakının Dağüstü parkından xeyli aralıda, Yasamal qəbristanında sinə daşında «Cahangirdən və Mir Cəfərdən yadigar» yazılmış bir məzarın yanında təzə bir qəbir qazılırdı. 

Cahangirin əbədiyyət beşiyini anası yırğalayacaqdı. Bunu, şəhid oğulun atası M.C.Bağırov məsləhət görmüşdü…
 

0 şərh