Tarixi şəxsiyyətlərdən maraqlı dialoqlar

Volter
Fransız yazıçısı və filosofu Volter bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərək evinə tez-tez qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:
— Sizinlə Don Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər bir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesab edirsiniz!

Corc Vaşinqton
ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton günlərin bir günü səyahət edəndə gəlib Corciya ştatında kiçik bir kəndə düşür. O kənd restoranına girib üç yumurta bişirtdirmiş və yedikdən sonra:
— Nə qədər verməliyəm? — dedikdə:
— Yüz dollar! — deyə, restoran sahibi cavab verir.
Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:
— Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir! — deyir
— Xeyr cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir! — deyə cavab verir.

Volfqanq Motsart
Bir gənc bəstəkar məşhur alman bəstəkarı Motsarta müraciət edərək soruşur:
— Simfoniyanı necə yazmaq lazımdır?
— Siz hələ gəncsiniz, yaxşı olardı ki, əvvəlcə ballada yazmaqdan başlayasınız! — deyə Motsart cavab verir.
Gənc bu məsləhətə etiraz edərək deyir:
— Siz özünüz simfoniyanı on yaşına çatmamış yazmağa başlamadınızmı?
— Doğrudur… Ancaq mən simfoniyanı necə yazacağımı başqasından soruşmamışdım! — deyə cavab verir.

Aleksandr Düma
Aleksandr Düma xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:
— Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı?
Düma bu sual qarşısında bir qədər fikirləşib deyir:
— Əlbəttə!
— Kiminlə görüşmək xəyalınız var?
— Başqa həkimlə! — deyə cavab verir.

Albert Eynşteyn
Albert Eynşteyn səliqəsiz geyinən və dalğın düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda gedərkən dostlarından birinə rast gəlib deyir:
— Axşam bizə qonaq gəl, professor Stimson da bizdə olacaqdır.
— Stimson elə mən özüməm də! — deyə dostu cavab verdikdə:
— Heç əhəmiyyəti yoxdur. Hər halda sən gəl! — deyib alim sözündə israr edir.

Sokrat
Qədim yunan filosofu Sokrat haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhər dolu piyaləni ağzına yaxınlaşdırdıqda arvadı ucadan ağlayaraq:
— Ərim günahsız olaraq məhv edilir! — dediyini eşidib:
— Yoxsa sən istəyirsən ərini müqəssir kimi məhv edəydilər? — deyə ona təskinlik verir.

Nikolay Konstantinoviç Mixaylovski
Redaksiyaya gəlmiş özündən razı şairlərdən biri əsərlərini tənqidçi və redaktor Mixaylovski tərəfindən rədd edildiyini bilib hay-küy salaraq deyir:
— Bu tarixi səhvdir, xalq mənim əsərlərimi Tolstoy yaddan çıxandan sonra belə, oxuyacaqdır. Mixaylovski gülümsəyərək ona cavab verir:
— Bu ola bilər. Lakin sizin əsərləri Tolstoy yaddan çıxmamış oxuyan olmayacaqdır!

Nəsrəddin Şah
Qacar sülaləsindən olan İran hökmdarı şeir yazarmış. O öz şeirlərindən bir divan bağlamışdı. Bir gün saray şairini çağırıb şeirlərini oxumağı və fikir bildirməyi söyləyir. Ona deyir:
— Şeirlərimi tənqid etmək istəsən ehtiyyatlı ol. Ola bilər ki, sənin tənqidin mənim xoşuma gəlməsin və bunun üçün sənə ağır cəza verməli olum. Buna görə də hansı şeirimin zəif cəhətini göstərmək istəsən o yerə ancaq barmağını qoymaqla işarə et! Şair padşahın qeydini nəzərə alaraq divanı oxuyur, sonra kitabı bağlayaraq barmağını kitabın üstünə qoyur.

Nəsrəddin Tusi
Marağa şəhərində rəsədxana tikilməsi məsələsi irəli sürüldükdə monqol padşahlarından biri Nəsrəddin Tusini yanına çağırıb deyiri:
— Ulduzlar elminin nə faydası var ki, rəsədxana tikilməsi üçün bu qədər xərc çəkək?
Tusi padşahın icazəsi ilə şəhər yaxınlığındakı dağın başından misdən qayrılmış böyük bir qabın aşağı fırladılmasını xahiş edir. Qab fırlanıb gələrkən böyük gurultulu salmış və bu səsi eşidənlər qorxuya düşüb qaçırlar. Tusi sakit oturan padşaha deyir:
— Bax, bu hadisənin səbəbi bizə məlumdur, ona görə də sakit oturmuşuq, amma başqaları qorxudan bilmir nə etsin. Bu qayda ilə sakit yaşamaq üçün göydəki hadisələri bilmək lazımdır.
 

0 şərh