Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.
Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.
Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.
Bu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.
Ardı →