Ailə nədir, bilirsinizmi?

Günlər, içindən keçdiyin gül bağçası kimi gözəldir. Dünyanın ətri də könlünü oxşayır, səsi də, dadı da, mənzərəsi də. Sevirsən, ürəyin ovcunda tutduğun quş ürəyi kimi çırpınır, o qədər həssas, o qədər kövrəksən ki...
Bu sevgi ilə yenidən doğulmuş kimisən. Ömrünü onsuz təsəvvür edə bilmirsən. Dünya onunla gözəlləşdi gözündə. Və bir gün…
 

Qucağında iki körpəsi ilə sığınmağa yer axtarırdı. Ər evindən qovmuşdular, ata-anası da qapını üzünə açmadılar. Qoşulub qaçandan sonra barışmamışdılar. Doğrusu, ata-anası onun qaçacağını heç ağıllarına da gətirməzdilər, amma olmuşdu. Sevgi deyilən bir xülyaya uyub, el arasında deyildiyi kimi ata-anasını yerə vurmuşdu. Bu da nəticəsi. 3 il tamam olmamış qucağında iki körpə ilə bir axşamüstü sığınmağa yer axtarırdı.

Ailədə hər kəs yerini biləndə nə narazılıq olur, nə darısqallıq. Amma rahatlığımızı da itirmişik, mənzilimiz də başımıza dar gəlir.  İnsan nəyin nə olduğunu anlamayanda heç bir işinin bərəkəti olmur. Elə bildi ki, sevib evlənib. Əgər soruşsan ki, sevgi nədir, heç əməlli-başlı cavab da verə bilməz. Bəlkə də hər şey bir qığılcımdan başlamışdı, heç özü də fərqinə vara bilmədi. Sonra da inada düşdü. İnad başlayan yerdə ağıl arxa plana keçir. Ölsə də, qalsa da, odur, vəssalam! Amma heç üç il keçməmiş hər şeyin paxırı çıxdı. Bəs harada qaldı o “ölsə də, qalsa da?”...

Desəm ki, dörd tərəfimizdə cahillik ayaq açıb yeriyir, çoxu etiraz edəcək. Amma cahillik nədir, heç bu haqda düşünmüsünüzmü? Cahilliyin kitab oxuyub-oxumamaqla heç bir əlaqəsi yoxdur. Adam var ki, min kitab oxuyub, amma cahilin böyüyüdür. Adam da var ki, bircə kitab oxuyub, amma cahil deyil. Haqqı batildən, xeyri şərdən, günahı savabdan ayıra bilən insan cahil deyil, heç kitab oxumamış olsa da.

Ovcunda balaca bir çiçək toxumu tutmusan. Rəngi qapqaradır. Onu torpağa basdırırsan, içindən yamyaşıl bir fidan göyərir. Böyüyür, böyüyür, qol-qanad açır. Sonra o qara toxumdan çıxan yaşıl bitkinin yarpaqları arasında qıpqırmızı bir çiçək açır. Amma başlanğıcda hər şey balaca, qapqara bir toxumun içində gizlənmiş şəkildə idi.

Yazımızı bədbin bir mənzərə ilə başladıq. Sevdiyini, sevildiyini düşünüb qoşulub qaçan və 3 il keçməmiş qucağındakı iki körpəsi ilə sığınmağa yer axtaran gənc bir ana. Sonra da cahilliyin başqa mənzərələrinə nəzər salmağa çalışdıq. Əslində həyatımızın hər məqamında cəhalətə rast gələ bilirsən: istər ailə-məişət münasibətlərimizdə, istər dünyaya baxışımızda.

Ailə nədir, bilirsinizmi? Həyat yoldaşının nə kimi haqları və vəzifələri var? Nikahın əsas mahiyyəti, mənası nədir? İnanın ki, çoxumuz bunun fərqində belə deyilik. Hələ sevgi olub-olmadığını bilmədən, bir havaya uyub külək ağzında saman kimi sovruluruq və bir də baxırıq ki, hər şey yalanmış. Sevsən də, sevməsən də, ailə qurarkən hər şey detallarına qədər danışılmalı, tərəflər öz vəzifələrini, haqlarını bilməlidirlər. Çox gəlinlər var ki, qayınana, qayınata ilə bir damın altında yaşamaq istəmirlər və ərə gedəndən üç ay sonra da evdə narazılıqlar, incikliklər başlayır. Əgər bütün bu məsələlər toydan əvvəl danışılsaydı, vəziyyət bu qədər gərgin xarakter almazdı. Qız əvvəlcədən deyər, ya da oğlan belə bir şərt qoyardı ki, evlənəndən sonra valideynlərinin yanında yaşayacaqlar. Amma danışılmayıb. Buyurun, bu da nəticəsi — sevdiyini, sevildiyini düşünüb qoşulub qaçdı, lakin 3 il keçməmiş qucağındakı iki körpəsi ilə sığınmaq üçün yer axtarmağa başladı...
 

 

3 şərh

asel
inanın ki, toydan əvvəl danışmağın  faydası olmur.əvvəl sirin vədlərlə  qızı bişirirlər. çətini toya qədərdi. qısaca, oğlan evi alanacan, qız evi ölənəcən.
Ramil
Yaxşı məsəldir, amma istənilən ailəyə aid deyildir. Amma bu məsəli oxuyanda, ilk dəfə eşitdiyimçün yamanca güldüm. sağ olun
nurr
dusunurem ki aile qurmazdan evvel onemli olan cehetlerden biri semimiyyetdir  eger her iki teref ozunu oldugu kimi gostere bilirse mence onda aile qurandan sonra problemler azalacg ve ya problemlere çözum tapmaq mumkun olacaq.esas kişi ve qadin bir birinin üzerindeki haqlarini bilmelidir hem hislere qapilib qerar vermk de dogru deyil mence bunlar hamsi «iman» meselesine gedb cixir  cahilliyin hellide ele «iman»dadir, imanli olmagmz ucun  de diplomlar kitablar ve s esas deyil.