Uşaqları düşündünüzmü heç?

Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq? 

Statistika göstərir ki, ötən ilin ilk doqquz ayı ərzində boşanmaların sayı nikahdan daha çox olub. Bu isə arzuolunmaz haldır. Boşanmalardan da əziyyət çəkən, ilk növbədə, uşaqlardır. Belə hallar onların əhvali-ruhiyyəsinə təsirsiz ötüşmür, psixoloji baxımdan sarsıntılara səbəb olur. Telekanallar, mətbu orqanlar, elektron informasiya vasitələri Azərbaycanın  regionlarında, eləcə də paytaxtımızda baş verən ailə faciələrindən bəhs edir. Həyəcansız, göynərtisiz oxuya bilmirsən bu xəbərləri. İş o yerə çatıb ki, balta, kürək və digər müxtəlif alətlərlə ağlasığmaz amansızlıqlar edilir, insan başı kəsilir. Oğul atanı, kişi qadını, qadın kişini öldürür, qardaş qardaşın, bacının qanını tökür. Bu hadisələrin əksəriyyətinin azyaşlı uşaqların, yeniyetmələrin gözləri qarşısında baş verməsi isə dəhşətdir. 

Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq?

Seriallar da ailə dağılmalarında az rol oynamır. Çünki serialların əksəriyyətinin mövzusu amansızlıq, yumşaq dillə desək, qaba rəftar, qeyri-səmimilik, adət-ənənələrə yadlaşma  üzərində qurulub. Əlbəttə, bu da insana yaxşı şey təbliğ etmir. 

Ailədə övlad böyüyür, bir ailənin, bir elin, bir obanın təəssübünü çəkəcək övlad. Onun sağlam ruhda böyüməsi, düzgün tərbiyə alması həm valideyndən, həm cəmiyyətdən, həm də telekanallarımızdan böyük məsuliyyət tələb edir. 

0 şərh