"Evcik-evcik" oynayın

həyatı uşaqlardan oyrəninHeç uşaqların oyandıqları “evcik-evcik” oyununa tamaşa etmisinizmi? Ya da ən azı uşaqlıqda oynadığınız “evcik-evcik” oyununu xatırlayırsınızmı? Bu yazıda sizə “evcik-evcik” oyununun iki əsas xüsusiyyətindən bəhc edəcəyik…

Bu iki xüsusiyyətdən birincisi uşaqların oyun vaxtı öz aralarında problem yaşasalar belə, bir qədər sonra heç bir şey olmamışmış kimi eyni oyunu davam etdirmələri, ya da, necə deyərlər, oyuna sıfırdan başlamalarıdır. Bu, çox vaxt evli tərəflərdə çatışmayan və evli tərəflərin yaşadıqları problemlərin böyüməsinə səbəb olan bir xüsusiyyətdir.

“Evcik-evcik” oynayan uşaqların bu “yanaşma tərzi”ndən məhrum olan evli tərəflər günlərlə, hətta aylarla bir-birilərindən incik (və ya küskün) qala bilirlər. Evli tərəflər arasında yaşanan bu cür incikliklər (və ya küskünlüklər), nəticə etibarı ilə, tərəflər arasında soyuqluq meydana gəlməsinə səbəb olur. Hətta bir qədər sonra bu, evli tərəflərin istər sözlərinin, istərsə də hərəkətlərinin bir-birilərinə “anormal” görünməsinə gətirib çıxarır.

Şübhəsiz ki, hər bir evli tərəf problem yaşaya bilər. Ancaq əsas məsələ, evli tərəfin problemə necə yanaşması və incikliyə (və ya küskünlüyə) necə nöqtə qoymasıdır. Təbii ki, burada da ən yaxşı misal yenə “evcik-evcik” oyunudur.

”Evcik-evcik” oyununun iki əsas xüsusiyyətindən ikincisi isə uşaqların vaxtaşırı da olsa, rollarını dəyişmələridir. Belə ki, uşaqlar bir gün əvvəl “ata” rolunu ifa etdikləri halda, ertəsi gün “uşaq” rolunu ifa edə bilirlər. Beləliklə, istər dünyaya, istərsə də, ailə həyatına hər rolun gözü ilə baxa bilirlər. Halbuki ən çox qarşı tərəfin nə hiss etdiyini başa düşə bilmədiyimiz, ya da qarşı tərəfin nə hiss etdiyini səhv başa düşdüyümüz üçün evlilikdə problemlər yaşayırıq. Əgər bunun əksini edə bilsək və ya başqa sözlə, bir-birimizin rollarını ifa edə bilsək, bu problemləri daha asan həll edə bilərik. Əslində, “empatiya simpatya doğurur” sözünün mahiyyətindəki əsas sirr də elə budur.

Evlilik olduqca ciddi bir məsələdir. Ancaq vaxtaşırı da olsa, evliliyn yeni rəng qazanması və monotonluqdan xilas olması üçün (təbii ki, bura baş verən problemlərin “aşındırıcı” təsirini də əlavə etmək olar) kiçik oyunlara ehtiyac ola bilər.

Yuxarıda “evcik-evcik” oyununun bəzi xüsusiyyətlərinin baxış bucağımıza təsirindən bəhs etdik. Buna görə də, əgər həyat yoldaşınızın sizi başa düşmədiyini düşünürsünüzsə, boş vaxtlarınızdan birində rollarınızı dəyişə və bir-birinizi yeni baxış bucağı ilə “sınaqdan çıxara” bilərsiniz. Və ya həftəlik planlar hazırlaya və bunları həyatınıza tətbiq edə bilərsiniz. Digər tərəfdən, ortaq maraqlarınıza uyğun oyunlar seçərək boş vaxtlarınızın monotonlaşmasının qarşısını ala bilərsiniz. İnanın, uşaqları az da olsa, müşahidə etməklə, həmçinin onları model qəbul etməklə evlilik həyatınızda çox ciddi dəyişikliklər edə bilərsiniz.

Mənbə: «Ailəm»  jurnalı
 

0 şərh