Qayğılar

Ölkəmizdə yayılmış psixoloji narahatlığın zirvəsində qayğılar yer alır. O qədər problem var ki, qayğısız yaşamaq mümkünsüzdür. Amma həyatımızın bir çox sferalarına qayğıları qatmadan da çox rahat yaşaya bilərik. Bu yazımda qayğılardan müəyyən qədər də olsa, uzaq olmağın tərəflərini göstərməyə çalışmışam.

Qayğılar ümumi olaraq konkretlikdən uzaq, həyata keçməsinə ehtimal verdiyimiz düşüncələrdən qaynaqlanır. Qayğı bir insanın özünüqoruma və riski azaltma formasıdır. Qayğı həm də gələcəklə bağlı mənfi təhlil və hadisələri öncədən pis təsəvvür etmədir. Qayğıların özünü təhlil etsək, ortaya belə bir nəticə çıxır- bizi incidən və daha çox narahat edən hadisələr deyil, əksinə, bizim o hadisələr haqqındakı rəy və düşüncələrimizdir.

Bir misal çəkim:

Hadisə: Sevgilim məni tərk etdi.
Düşüncə: Mənim bəxtim yoxdur, hər zaman tənha qalacağam.
Davranış: Evə və özünə qapılmaq, sosial fəallığın aşağı düşməsi, yuxusuzluq və s. Eyni zamanda gələcəkdə də tək qalacağının gümanları...

Halbuki, bu hadiyə başqa nəzərlə baxıb, özümüzü toparlasaydıq, duyğularımızın istiqamətini dəyişmiş olardıq. Məsələn, bax belə: Bir-birimizi başa düşmədik, o da ayrılığı seçdi. Bu, onun seçimidir. Onsuz da mənimlə xoşbəxt olmayan biri ilə münasibəti davam etdirmək özünü aldatmaq idi. Həyat davam edir.

Bu hadisə başqa cür qiymətləndirilmiş olsaydı, fərqli nəticələr və davranışlar meydana çıxacaqdı. Ona görə özümüzə bacardığımız qədər müsbət şeyləri aşılamalıyıq.

Qayğının kökündə hadisəni şişirtmək, öz gücünü və potensialını az saymaq var. Bu hal hissləri cilovlaya və özünü idarə edə bilməməkdən xəbər verir.

Əslində bizi incidən hadisələr yox, onlar haqqındakı rəy və düşüncələrimizdir.

«Birdən bu hadisə baş versə, bataram, məhv olaram» kimi düşüncələr hadisəni obyektiv şəkildə qiymətləndirməyimizin qarşısını kəsir. Bir anlıq yadınıza salın, baş verməsindən qorxduğunuz neçə-neçə qayğınız var ki, illərdir gerçəkləşmir.

Qayğılar motivasiyamızı pozur, bizi qəmgin, enerjisiz və ümidsiz edir. Axı qayğı sadəcə ehtimallardan ibarət bir hissdir və bu hiss gələcəklə bağlı zəmanət və dəlil sayılmır. Həmin hisslərlə yola çıxsaq, həqiqətə yox, yanılmağa məruz qalarıq.

Yəni qayğımızın nüvəsi həqiqət üzərində deyil, öz uydurduğumuz xoşagəlməz hisslər və düşüncələr üzərində bərqərar olur.

Həyat yoldaşının illərdir ona xəyanət etməsindən şübhələnən və heç bir dəlil tapmayan adam tanıyıram. Gizli şəkildə yoldaşının telefonunu, emaillərini yoxlayır, onu güdür amma ortada heç nə yoxdur. Əslində həyat yoldaşı ona xəyanət eləmir də. Sadəcə, o adamın özünün güvən problemi var və daim qayğılarla yaşayır. Yoldaşına qarşı da o şəkildə, yəni uydurduğu hisslərlə yanaşır və həmin hissləri sanki onun üzərində sınaqdan keçirir.

Bax, bu cür şəkildə güvənsizlik, səbəbsiz şübhələr, yoldaşından hesab istəmək kimi ünsürlər ailədə ciddi problemə səbəb olub, xoşagəlməz mühit yaratdığı üçün həyat yoldaşının, doğrudan da, real xəyanətinə səbəb ola bilər. Çünki bu davranış bezdirici halla bərabər, qarşındakı şəxsin şüuraltına bilməyərəkdən xəyanətə rəvac verəcək toxumları səpmiş olur.

Orxan Adıgözəl

0 şərh