Emosional yorğunluq

Uzun müddət bir-birini sevən insanlara «məsum» və «şirin» görünən şıltaqlıqlar, incimələr, tez həll olan problemlər bir müddətdən sonra dözülməz bir səhnəyə çevrilir. Sözünüz bir-birinin boğazından keçmir, aralığa səbəbsiz küsüşmələr düşür, bu cür yaşayışa nifrət edirsiz. Neqativ emosiyalar artdıqca, kiçik söz-söhbətlər böyük problemlərə çevrilir. İnsan artıq həyatdan, ümidlərindən, arzularından bezib, heç bir tutunacağı yeri olmadığını görüb, sevgilinə «əlvida» deməyə vadar olursan. Amma ayrılıq da çarə deyil. Çünki arada nə qlobal problem, nə də nifrət var. Bəs nədir?

Emosional yorğunluq

Bu vəziyyət cütlüyün 1-2 illik bərabərliyindən sonra meydana gəlir. Nə qədər ki, bərabərsiniz, bu cür problemlər sizi incidəcək. İnsanın içində yaranmış boşluq zamanla mənəvi əzaba çevrilir. Bəs bunun əlacı var? Və ya bundan həmişəlik qurtulmaq mümkündürmü?

Buna birmənalı «YOX» cavabını vermək olar. Amma hər bir şeyin həlli olduğu kimi bundan da çıxış yolu mövcuddur. Sadə bir misal çəkək: xoşuna gələn paltarı bir ildən çox geyinə bilmirsən. Onu qarderobunun bir tərəfinə, gözdən uzaq bir yerə  yerləşdirirsən. Amma bir müddət  sonra dolabı açanda və həmin paltarı görəndə sevinirsən. Münasibət də dolabdan asılmış sevimli paltara bənzəyir.  

Psixoloq Dəyanət Rzayev
Mən bunu «emosional yorğunluq» yox, «emosional boşluq» adlandırardım. İnsanın bir-birinə verib - alacağı yeni bir hissi, marağı olmayanda, emosional yorğunluq baş verir. İnsan ona maraqlı olmayan işlə məşğul olanda, ona maraqlı olmayan insanlara ünsiyyətdə olanda, o zaman emosiya boşluğu yaranır. Əgər söhbət iki nəfərin bir-biri ilə ünsiyyətindən gedirsə, o zaman həmin insanları bir-birinə nə isə bağlayır. Əgər söhbət sevgidən gedirsə, burada 3 faktor var: dostluq, qəlb yaxınlığı və cinsi istək. Ayrılmaqların 50%-dən çoxu məhz seksual problemdən irəli gəlir. İnsanın bir-birinə qarşı ehtiras hissi var: yandı və söndü. O sönəndən sonra iki nəfəri bir-birinə bağlayan səbəb qalmır. Ailədə isə qadınla kişini bir-birinə uşaq bağlayır. Bəzən kişi və qadın bir-birini qıcıqlandırır və bu da təbii ki, səbəbsiz yerə ayrılmaya gətirib çıxarır.
Əgər emosional yorğunluq artıq ayrılığa gətirib çıxarırsa, o zaman qadın kişini özünə bağlamağa yol tapmalıdır. Bunun üçün ən effektiv vasitə kişidə mübarizə instinktini oyatmaqdır. Qadını kişiyə bağlayan bu hiss kişilərdə irsi olur. O vaxtlar kişilər qadınlara görə duelə çıxırdılar. Amma hazırda o hiss kişilərdə çox zəifləyib, amma əlçatmaz olan hər bir şey həmişə maraqlı olur. Ona görə də gərək qadın əlçatmaz olsun. Kişi qadını itirməkdən qorxmalıdır ki, ona bağlansın.

Emosional yorğunluq maraqların üstə-üstə düşməməsində də yaranır. Amma qadından çox şey asılıdır. Qadın öz maraqlarını kişinin marağı üzərində qurmalıdır. Kişilərin psixologiyası qadınlara nisbətən, daha sadə olur.  

Deyək ki, uzun müddət bir-birini sevib, birgə gözəl anlar yaşayıb, amma müəyyən problemlər üzündən əsəb keçirirsinizsə, bu da emosional yorğunluğa gətirib çıxarır. Zamanla yaranan kiçik konfliktlər isə ayrılığa səbəb olur. Burada artıq psixoprofilaktika və psixogigiyenadan söhbət gedir. Əgər iki nəfər arasında söz-söhbət varsa, demək, onlar konflikt situasiyanın mərkəzindədirlər. Bir şəkilli kağızı burnunuza yaxınlaşdırın. Nə görürsünüz? Dumanlı element. Kağızı gözünüzdən uzaqlaşdırın. Bəs indi nə görürsüz? Konkret  element və onun detallarını. İnsan da elədir. Konflikt situasiyanın içində olan insan sadəcə, obraz görür. Uzaqlaşdıqca, sevdiyi insanı və aralarında olan problemləri kənardan seyr edərək, onu dərk edir və ondan çıxış yolunu axtarmağa başlayır. Bu cür situasiyalarda insanlar qohum-qonşudan məsləhət almaqdansa, ailə məsələlərilə məşğul olan mütəxəssisə müraciət etməlidir.    
Qohum - qonşu qarışan məsələlərin həlli yoxdur, arada zərərçəkən isə gənclər olur. Ona görə də insanlar münasibətlərini özləri təhlil etməlidirlər. Elə vəziyyət var ki, gənclər gərək bir yerdə olsunlar, elə vəziyyət var ki, gərək ayrı qalsınlar.

Elə bir fakt var ki, burada ailənin dağılmağı ağılsızlıqdır. Ər - arvad ikisi də siqaret çəkirlər. Sonra kişi siqareti tərgitdi və cütlüyün arasında konflikt başlandı. Niyə? Çünki onlar siqareti  mətbəxtdə çəkirdilər. Onların birləşmə və səmimi olduqları nöqtə məhz mətbəx idi. Kişi artıq mətbəxə keçmir, qadın isə tək qalırdı. Burada da konflikt başlayırdı. Demək, bu cür xırda məsələlər də böyük problemlərə yol aça bilir.

Bəzən isə uzun müddət  bir-birini sevən insanların arasında baş verən daimi konfliktlərə tək çarə ayrılıq olur. Belə olan vəziyyətdə mən cütlüyə ayrı qalmağı və hətta rəsmi boşanmağı məsləhət görürəm. Çünki evlilik vaxtı qadın özünü gərgin hiss edir. Amma nikahsız qadın azaddır və özünü sərbəst hiss edir. Bu zaman kişi hər an qadını itirməkdən qorxur. Düşünür ki, qadın hər an onu tərk edə bilər. Belə vəziyyətdə ayrılıqdan qorxmayın. Çünki ayrılıq insanın zamanla özünüdərk etməsinə yardım edir.

Bir də «distimiya» deyilən bir anlayış var ki, bu da nə depressiyadır, nə də emosional yorğunluq. Distimiya elə bir şeydir ki, onun səbəblərini aradan qaldıranda, düzəlir. Əgər hər şeyin əsəblərinə təsir etdiyni, sanki boğulduğunu, bütün dünyanın üstünə gəldiyini hiss edirsənsə,  sadəcə, başqa bir işlə məşğul ol. İdmana yazılmaq, ikinci bir hobbi seçmək, hər şeydən uzaqlaşıb, özünlə məşğul olmaq çox yaxşı olardı.  

Bir-birini sevən və uzun müddət bir yerdə olan insanların birləşmək istəyi hələ də reallaşmırsa və arada problemlər onları rahat buraxmırsa, son nöqtə emosional yorğunluğa gətirib çıxarırsa, ayrılıq buna çarə deyil. Sadəcə, problemi dondurub, bu barədə düşünməyin. Əgər aranızda konfliktlər yoxdursa və problemlər sizi rahat buraxmırsa, sadəcə, problemləri unudub, münasibətinizə davam edin. Problem zamanla öz-özünə həll olunacaq.

Əgər ayrılıq məqamı yetişib, bütün problemləri yarımçıq qoyub, çarəni getməkdə görürsünüzsə, o zaman getməyi təklif edən tərəfi yolundan saxlamayın. Heç onun gözünə də görünməyin. Bütün əlaqələri kəsin. Qoyun, o insan sizi axtarsın. O mütləq sizi axtaracaq. Bir müddətdən sonra zəng vursa belə, onunla normal, amma soyuq danışın.
Münasibəti səbəbsiz qırıb gedən insanın da özünə aid səbəbləri var. Sadəcə, gözləyin. Çünki o insanın həyatında elə bir mərhələdir ki, o, sadəcə, tək qalmaq istəyir. Çünki onun özünəqiyməti aşağı düşüb. Belə bir ərəfə hər insanın həyatında baş verir. Bunun üçün o insanı sadəcə, tək buraxıb, gözləyin. İnsanın üstünə gəldikcə, o, səndən daha da uzaqlaşacaq. Özü də əgər bu qadındırsa, kişi bundan tez bezir. Qadın gərək özünü bir az yüksək tutsun. Belə vəziyyətdə situasiyanı dəyişmək və problemi həll etmək olmur. Amma gərək o insan özünü situasiyaya qarşı dəyişsin. İnsanın həyatında elə bir məqam olur ki, düşünürsən: hər şey sona çatdı. Bundan heç bir çıxış yolu yoxdur. Ancaq belə olan halda insan beyninin istifadə etmədiyi tərəfini, şüuraltı düşüncələrini işə salır. İnsanın daxilində əlavə resurslar var ki, o, tək qalanda öz problemlərindən çıxış yolu axtarıb tapır. Sadəcə, bir-birinizdən uzaqlaşın. O özünə gələnədək, siz də dincəlin. Ümumiyyətlə, mənəvi dinclik hər iki tərəfə lazımdır. Özünüzlə məşğul olun, gəzin, yeyin, için, özünüzə yeni geyim, əşyalar alın.

İnsanlar arasında çox yayılmış və çıxılmaz vəziyyət kimi görünən bir məsələ var ki, bu da konfliktlərə səbəb olub, ayrılığa gətirib çıxarır: ev, iş, pul yoxdur - Biz ayrılmalıyıq. Belə olan halda ayrılmaqdansa, sadəcə, dünyada ən varlı insanların tərcümeyi - halını oxumaq lazımdır. Ən varlı insanlar çox kasıb ailələrdən çıxıblar. Kimisi yağ, kimisi sadəcə, sendviç satıb, bu gün də bütün dünyada məşhurdur. Əgər sevirsənsə və bu problemlər ucbatından ayrılırsansa, sadəcə, münasibəti qoru və ən az maaşı olan işə düzəl. Əsas qarşına məqsəd qoyub, ona nail olmağa çalışmaqdır.

Hər şeyi bitmiş hesab etdiyin zaman elə bir möcüzə yaranır ki, vəziyyət başdan ayağa dəyişir. Möcüzələri düşünüb, yaşamaq yox, möcüzələrin varlığına inanmaqla həyatını davam etdirmək lazımdır. Əgər insan həyatda özünü tənha hiss edirsə, ətrafda olan hər şey onu sıxırsa, o sadəcə, tək qalmalı, mühiti dəyişməli, hər kəsin ona məsləhət verməyindən çəkinməlidir. İnsan özünü psixoloci cəhətdən rahatlatmalı, beynini yaxşı hadisələrə proqramlaşdırmalıdır. Əgər həyatınızda nə isə pis bir hadisə baş veribsə, bu, hələ son deyil. Keçmişi qaytarmaq olmaz, amma gələcək olmaya da bilər. Bu günlə yaşayıb, əlində olanı qiymətləndirmək lazımdır. Həyatını yüngülləşdirmək istəyirsənsə, sadəcə, yuxudan duranda məcburən də olsa, güzgüdə özünə gülümsəmək kifayətdir. Ətrafında gözəl aura yaratmaq başqalarına da müsbət emosiya bəxş edir. Bu da problemləri və mənəvi yorğunluğu aradan qaldırır. Buna sadəcə, inanmaq lazımdır.

Nigar Ulduz
Mənbə: ATV-Maqazin jurnalı

 

3 şərh

Aysel77
MAraqli idi..Tewekkurler!
asiii
chok yardmchi oldu:)tshkr
Angelie
lap yerinə düşdü))...deyəsən mən də emosional boşluq vəziyyətindəyəm...çox faydalı oldu təşəkkürlər!