Sözü zarafatla deyirlər...

Marketdən aldığım əşyaları torbalara doldururdum. Orada işləyən qızlı-oğlanlı bir dəstə də söhbət edirdilər. Qızlardan biri rəfiqəsinə yanındakı oğlanı göstərib “Nişanlındır?“ — deyə soruşdu. O biri qız da qəhqəhə ilə gülüb: “Yox aaaz! Mən meymunla nişanlanaram heç!“ — deyə cavab verdi. Doğrusu, bu sözlərdən dəhşətə gəldim. Başımı qaldırıb oğlanın üzünə baxanda isə daha da pis oldum. O da ünvanına deyilən bu sözlərdən yaman pərt olmuş, yerindəcə donub qalmışdı...
Mən qapıdan çıxanda qız etdiyi səhvi düzəltmək istəyirmiş kimi oğlana: “Xətrinə dəyməsin eee! Zarafat eləyirəm“, — deyəndə ürəyimdə “üzru qəbahətindən böyük“ deməkdən özümü saxlaya bilmədim… .
Zarafat edirmiş!.. Bunun harası zarafatdır? Zarafat sözünün hərfi mənasında belə bir zəriflik olduğu halda, belə kobud, təhqir dolu sözlər necə olub ki, bizim kimi nəcib bir millətin dilinə zarafat adı ilə girib. Yoxsa, bizim zarafat anlayışımız dəyişib? Gülmək, güldürmək məntiqimiz korşalıb? Bir insana, bağışlayın, heyvan adı yaraşdırmağın, ürəyini sındıran, şəxsiyyətini təhqir edən sözlər ünvanlamağın harası zarafatdır?..
Bu gəncləri də günahlandıra bilmədim, çünki gör-götür dünyasıdır və onlar da ətraflarından belə görüblər.

Televizoru açırsınız, mənəviyyatımıza zərbə vuran serialların biri qurtarıb o biri başlayır. Elə bil xüsusilə hazırlanıbmış kimi, hər biri bir mənəvi dəyərimizi gərəksiz göstərməyə çalışırlar. Zərbəyə məruz qalan dəyərlərimizdən biri də sözdən istifadə etmək qabiliyyətimizdir.
Hər iki sözdən bir qəhqəhə çəkib gülən, hər şeyi, gülməli olsun və ya olmasın, zarafat mövzusuna çevirən riyakar xarakterlər bizi də özlərinə bənzədirlər yavaş-yavaş. Çünki qarşısındakını pərt edə biləcək söz deyə bilmək bir “üstünlük“ sayılır artıq...
Sonra bu ulduz seçməyə çalışan proqramlardakı münsiflər heyətinə də təəccüb edirəm. İstisnasız olaraq hər kanalda ulduz seçirlər. Bura gələn gənclər hərəsi bir ümidlə qabiliyyətlərini nümayiş etdirmək, keçirilən bu müsabiqədə qalib gəlmək istəyirlər. Onları qiymətləndirən tanınmış adamlar isə onlara qiymət verərkən elə sözlərdən istifadə edirlər ki, adamın inanmağı gəlmir. Əslində buna qiymət yox, elə təhqir demək olar...
Axı bu necə münsiflikdir, bu necə insafdır? O gənclər bu qədər təhqiri bu qədər millətin qarşısında “həzm edərək“ necə ulduz olacaqlar? Yazıq deyilmi? Gənclərin şəxsiyyətini millətin sizə hörmətlə təqdim etdiyi o yüksək mərtəbədən təhqir etmək sizə yaraşarmı? Sonra bu kanallara baxan xaricilər ziyalı insanlarımızın gənclərimizə necə “tərbiyə“ verdiyini görüb təəccüblənməzlərmi? Ən əsası isə ustadlarınız sizə beləmi davrandı?.. Bir insanın hamının gözü qarşısında belə rahat-rahat təhqir edilməsini, ən yumşaq ifadə ilə insan hüquqlarına zidd hesab edirəm.
Belə proqramlara baxa-baxa biz də təhqir edən “zarafatcıllara“ çevrilirik. Öz aləmimizdə hazırcavablıq edrirk, zəkamızın itiliyini göstərib insanların gülüşünə səbəb oluruq. Ancaq əslində başqasını komik vəziyyətə salırıq. Hətta “Bizimlə belə davransaydılar, xoşumuza gələrdimi?“ deyə düşünmürük.
İnsanlara lağa qoymaq, şikəstlikləri ilə və ya fiziki qüsurları ilə istehza etmək nə insanlığımıza yaraşar, nə də mənəviyyatımıza...

Zarafatın da estetik bir tərəfi olmalıdır. Həm hadisələrdəki ziddiyyətləri ifadə etməli, həm də ağıllı bir təfəkkürün məhsulu olmalıdır. Üstəlik, mənasız sual verən insanları tərbiyə etməlidir...
Məsələn, əlinizdə zibil torbası gedirsiniz. Biri sizdən: “Zibil atmağa gedirsən?“ — deyə soruşur. Siz də o insana: “Yox, darıxdılar, hava alıb qayıdacağıq“, — deyə cavab verirsiniz. Bu artıq zarafatdır. O insan bu cavabdan həm ibrət götürəcək, həm də bir daha belə mənasız suallar verməyə cəsarət etməyəcək...
Hər şeydə ölçü olduğu kimi insanlarla zarafatda da bir ölçü olmalıdır. Bunun “tərəzisi“ isə, “Bu zarafatı mənə etsəydilər, xoşuma gələrdi mi?“ — sulaının cavabıdır. Necə deyərlər, hörmət görmək üçün yeganə yol hörmət etməkdir. İnsanlara nə qədər qiymət veririksə, bizim də qiymətimiz o qədərdir...

Mənbə: Zaman qəzeti

0 şərh