Həyatın qiyməti artdıqca onu heç kəs itirmək istəmir

İndi tez-tez deyirlər ki, yaşamaq çətinləşib. Bəli, bu, gerçəkdir, amma bəşər həyatının elə zamanı olmayıb ki,yaşayış asan olsun. Bəşər tarixi başdan-başa qan-qada, təhlükə, çoxsaylı problemlərlə doludur. Bu, o deməkdir ki, tarix heç zaman rahat, xoşgünlü olmayıb. Bu yazımızda intiharın insan psixikasına təsirindən, eləcə də intihardan qurtulmaq haqqında danışacağıq. Azərbaycanda son illər intiharın artım dinamikası müşahidə edilməkdədir. Yüzillərdən bəri ədəbiyyatın, incəsənətin, ümumən yaradıcı sahələrdə çalışan bütün peşə adamlarının məqam-məqam daxilini oynadan intihar mövzusunun, həm də heç bir yaradıcılıqla məşğul olmayan insanların ağlında, ruhunda yaratdığı təbəddülatlardan danışacağıq.Yüzillərdir bu mövzu çoxunu düşündürüb, amma intiharın yaranması, səbəbləri, eləcə də ona dov gəlməklə bağlı hələ ki, böyük mənada məntiqi bir açıma rast gəlinmir. Ədəbiyyat adamları intihar mövzusunu bədiyyatın tələbləri baxımından təsvir edir, müəyyən məqamlarda onu hətta vəsf etmiş də olurlar. Yəni ki, həyatdan yazıçının qələminə gələn, ikinci bir ömür bağışlanan intihar mövzusu bədiiləşdikcə "ülviləşir", hətta "sehrli" bir məzmun da kəsb edir. İnsan ağlı elə ki, zəif olur, belə təsvirlərdən və təsirlərdən canını qurtara bilmir. Əksinə, dəbdə olana meyl etmək xəstəliyi onun təhtəlşüurunu alışdırır və ağlının, şüurunun labüd, qarşısıalınmaz qənaəti kimi ona təlqin edir.

Hazırda Azərbaycanda intiharlara heç az rast gəlinmir. Əvvəlki dövrlərlə müqayisədə intihar faktlarının artıb-azalmasını müzakirə etməyin əhəmiyyəti bu yazımızda axtarılmır. Buradaca demək ki, intiharları tamamilə yox etmək olar; ciddi səslənməz. Yəni insanların xarakteri müxtəlifdir, təbiət çəkdiyi alınmayan rəssama oxşayır. Nəsillər bir-birini əvəz edir, daim dünya müxtəlif təəssüratlı, psixikalı yeni-yeni adamların meydanına çevrilir. İnsan mahiyyətcə bədən və ruh təzadından ibarətdir. Bu mənada zəif insan gerçəkliyin tələbinə uymayanda, digər tərəfdən də ruhunun imkanlarına çatmayanda gerçək aləmlə insani istəkləri arasında uçurum yaranır. Müəyyən hallarda bu, intiharla sonuclanır.

İntiharların təkcə maddi problemlər, pulsuzluq üzündən edilməsi ilə bağlı təəssüratlar təbiidir ki, yanlışdır. Məsələ burasındadır ki, Avropanın inkişaf etmiş ölkələrində belə intiharlara az rast gəlinmir. İndi isə intiharın psixoloji gedişlərini xarakterizə edək: həyat başlayandan, insan özünü azdan-çoxdan dərk etməyə başladığı andan adamların yaşamaq ehtirası ilə yanaşı intihar meyli də yaranıb. İntihar bəşər tarixində həmişə bəraət qazandırılması qeyri-mümkün olan bir hadisə kimi qəbul edilib. Təbiətin insana verdiyi ömür payı çox azdır. Çətinliklər, təhlükələr həmişə olub, bundan sonra daha da çox olacaq. Əslindən insan intihar etməklə aqibət payını kəsir, arzularını boğur. İnsan gedir, arzuları yarımçıq qalır. Bir zamanlar güclü, möhtəşəm idi, qeyri-adi duyğuları ilə yerə-göyə meydan oxuyurdu, indi isə artıq o, yoxdur. İntihar edən şəxsə elə gəlir ki, artıq yaşamağın mənası yoxdur. Şübhəsiz, insan ən zəif, iradəsiz məqamında daha çox intihara əl atmaq təhlükəsilə üz-üzə qalır. Çox zaman o, tərəddüdlər məngənəsində çapalayır, nə edəcəyini bilmir.

Əslində ən özünə inanmayan, ümidsiz adam belə son anda, yəni ölüm çağında özünü öldürmək fikrinə düşdüyünə peşman olur. Amma burada bir məqam var. Bu fikri çıxılmaz şəraitdə qalan, əqidəçiliyini qorumaq bahasına bilərəkdən, məqsədli şəkildə canından keçənlərə şamil etmək olmaz. Bu mənada bir millət olaraq yaponların məşhur xarakiri qaydası bizim anladığımız intihar mövzusunun qəlibinə sığmır.

Bəs şəxsiyyətlə zaman arasında ziddiyyət nə vaxt yaranır? O zaman ki, müəyyən bir ağıl, mənəviyyat səviyyəsinə yetən şəxs mənəvi tələbatını elə-belə səviyyədə ödəyə bilmir; o, tərənnüm etdiyi ideyanın onu yaşatmasını istəyir. Yəni o dərəcədə ideyaya vurulanlar olur ki, hətta insanlığa aid olan bütün ülvi keyfiyyətlər ideyanın ayağına yazılır. İnsan axtarır, axtarır, sonda isə istədiyini tapmır. Faciəviliyin dərki intihar istəyinin reallaşmasını sürətləndirir. Fikirləşir ki, gör o, nəyi arzulayırdı, nəyə çatdı; bütün ömrünü ideyaya sərf etmişdi, amma nəticəsi nə oldu...

Yeri gəlmişkən, müasir Azərbaycan ədəbi gəncliyinin çox hallarda ümidsiz, insanları həyatın burulğanlarında qətiyyətsizləşdirən, ruhsuz məqamlara tuş edən "əsərlər" yaradaraq əlacsızlığı aqibətin qaçılmaz qaydasına çevirmələri göz qabağındadır. Əslində fərdin daxili təbiəti hansı səviyyədədirsə, onun yaradıcılığında bu, bütün çalarları ilə üzə çıxır.

Bədbinlik mövzusunu ən təbii şəkildə belə ədəbiyyatın əsas xəttinə çevirmək antixəlqi və antibəşəridir. Əxlaqın adi qaydasıdır, zəiflik və zəlillik o cür təsvir edilməlidir ki, ondan çıxmağın xilas yolu da görsənsin. Bu mənada ədəbiyyatın intihar mövzusundakı çabaları çox hallarda oxucunun daha da ümidsizləşməsinə rəvac verir. Azərbaycanlıların intihara münasibəti həmişə birmənalı olaraq mənfi xarakter kəsb edib. Xalqımız yaşamaq, yaşatmaq, insani keyfiyyətləri aşkarlamaq məsələsində heç bir xalqdan geri qalmayıb. Həmişə bu xalqın duyğuları yüksək olub. Azərbaycanda intihara nəinki həmişə yaxşı olmayan hal kimi baxılıb, həmçinin bu halların baş verməsinin qarşısı vaxtında alınıb. Ailəcanlılıq, doğmalıq məsuliyyəti məsələsində azərbaycanlıların özünəmxəsusluğu danılmazdır. Heç bir maddi çətinliklər insana haqq vermir ki, o, intihar adlı heç cür bərat qazandırılmayan əmələ əl atsın. İntihar insanın insani imkanlarından şüurlu, ya şüursuzcasına əl çəkməsi, şərə yenilməsidir.

Mütəxəssislər hesab edir ki, şəxsiyyətin intellektual səviyyəsi nə qədər yüksək olarsa, onun özünə sui-qəsd meyli də bir o qədər artır. Söhbət bədii ruhlu şəxslərdən gedir. Bu zaman onlarda qəfil gücü depressiyalar, ruh düşkünlüyü müşahidə olunmağa başlayır. Ola bilər, ruh düşkünlüyü insanda zahirən, qəfildən hiss edilsin. Hər bir kəs müəyyən həyat təcrübəsi səviyyəsində özünün kim olduğunu gözəl bilir. Depressiya insanda illərlə yığılır, nəhayət, son həddə çatır. İntiharlar səbəbli və səbəbsiz olur. Əhvalın səbəbsiz enməsinə ruhi xəstələrdə rast gəlinir, bu artıq depressiyadır: təfəkkür səngiyir, əhval tam enir, dalğınlıq zirvə həddinə çatır. Fərd hər hansı bir reaksiyaya cavab vermək iqtidarında olmur. Məhz bu məqamda xəstədə intihar meylinin yaranması ehtimalı çox güclüdür. Xəstəliyin tam təsiri altına düşən insanda özünü günahlandırma, qınama, sayıqlama halları müşahidə edilir. İnsan həyatında, yaxın ətrafında baş verən fəlakətlərin səbəbini özündə görür. Qeyri-şüuri özünü öldürmək cəhdi bu zaman çox güclü olur. Səbəbli depressiya zamanında insanda bütün o əlamətlər müşahidə olunur. Əhvalın enməsi səbəbindən həmin an insanda intihar meyli yaranır...

Bir fransız psixiatrı bu qənaətə gəlib ki, həyatın qiyməti artdıqca, onu heç kəs itirmək istəmir. Amma başqaları üzərində hegemonluq edənlər məqam gəlir ki, intihar adlı zəifliyə yenilirlər. Həyatın bütün çətinliklərinə, zülmünə, zillətinə baxmayaraq yaşamaq gözəldir. Ən özünə inamsız şəxs belə həyata hədsiz gərəkli olduğuna inanmalıdır.    

Müəllif: Elçin Qaliboğlu
Mənbə: Xalq Cəbhəsi.- 2009.

0 şərh