Azərbaycan fahişələri

Fahişəliyin qədim peşə olduğu vurğulansa da insan alveri sovet dönəmində bu qədər irimiqyaslı olmayıb. Ekspertlərin fikrincə, müstəqil Azərbaycanda sosial problemlərin və işsizliyin qadınları bu peşəyə sövq etməkdə rolu var. Eyni zamanda bu, ən asan pul qazanmaq vasitəsidir. Bundan əlavə, dövlət strukturlarının bu məsələyə münasibəti və fahişəxanaların aşkarlanmasında göstərdiyi fəaliyyəti qənaətbəxş saymaq olmaz.
Fahişəlik nəinki Bakıda, hətta bölgələrdə də sürətlə artır. O da üzə çıxmışdı ki, bölgələrdə fahişəliklə məşğul olanların əksəriyyəti bu yola 16 yaşından etibarən könüllü olaraq düşür. Nəticədə son dövrlər bölgələrdə gənc qızlar arasında yoluxucu xəstəliklər geniş yayılmağa başlayıb. Hətta bir rayondan başqa rayona satılan qadınlar da var. Və yaxud faktlar var ki, analar öz azyaşlı qızlarını satır və ya onları fahişəliklə məşğul olmağa təhrik edirlər. Bəzi hallarda məlum olur ki, insan alveri ilə məşğul olanlara hüquq-mühafizə orqanlarının nümayəndələri himayədarlıq edir.
 Bunun nəticəsidir ki, ölkəmizin adı ABŞ Dövlət Departamentinin bu illik hesabatında insan alveri üçün tranzit və mənbə göstərilib. “İnsan alveri - 2010" adlı hesabata görə, qadınlar və uşaqlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir. Naxçıvan Türkiyəyə aparılan qadınlar üçün tranzit nöqtəsi kimi göstərilir. Ukrayna, Moldova, Özbəkistan və Rusiyadan isə Azərbaycana fahişəliyə qadınlar gətirilir.
 Bizim araşdırmalarımız və faktlar isbat edir ki, Azərbaycanda qadınlar daha çox BƏƏ-yə və onun paytaxtı Dubay şəhərinə ixrac olunur. Bir ay ərzində orta hesabla 1500-1900 Azərbaycan vətəndaşı Bakıdan Dubaya turist kimi səyahət edir. Onların əksəriyyəti fahişəliklə məşğul olanlar və onlara himayədarlıq edən adamlardır. Əgər kişilər işsizlik ucbatından Rusiya və Türkiyəyə miqrasiya edirsə, Dubaya səyahət edənlərin 80 faizdən çoxunu qadınlar təşkil edir.
1998-ci ilə qədər qadınların Dubaya səfəri ilə bağlı heç bir məhdudiyyət yox idi. Amma BƏƏ-də fahişələr ilbəil çoxaldığı üçün həmin il Dubay Əmirliyi 30 yaşından aşağı qadınların bu şəhərə tək gəlişinə qadağa qoyan qərar imzaladı. Bu qadağa şərti xarakter daşıdı və bu gün 30 yaşına çatmamış hər hansı qadın eyni soyadlı kişi ilə ər-arvad statusu altında BƏƏ-yə getmək üçün problem yaşamır.
 Həftənin çərşənbə axşamı və cümə axşamı günləri azərbaycanlı fahişələrin vizadəyişmə günləridir. Onlar həmin günlər “Ras əl-Hayman” aeroportuna aparılır, orda təyyarəyə mindirilərək BƏƏ sərhədlərini müvəqqəti olaraq tərk edirlər. Bu vizadəyişmə üsulu üçün istifadə edilən xüsusi təyyarə reyslərindən BƏƏ-də yalnız müvəqqəti olaraq yaşayan miqrantlar istifadə edir. Hər təyyarədə 50-60 azərbaycanlı qadının olduğu deyilir. Bu aeroportda hər vizadəyişmə günü 150-200 azərbaycanlı qadın görmək olar. BƏƏ-də fahişəlik rəsmiləşdirilməyib, amma fahişəliyə cəlb edilənlərin vizadəyişmə prosesi hamının gözü qabağında baş verir. “Ras əl-Hayman” aeroportundan savayı digər hava limanlarında da bu cür təyyarə reysləri təşkil edilir.
 Araşdırmalar nəticəsində o da məlum olub ki, azərbaycanlı fahişələr Dubayla Əbu-Dabi şəhərləri arasında bölüşdürülür. Daha cəlbedici və azyaşlı olanları həmin şəhərdəki xüsusi evlərdə, bağlarda və qapalı mehmanxanalarda saxlayırlar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2007-ci ildə ölkədə diaqnozu ilk dəfə qoyulmuş sifilislə xəstələnənlərin sayı 389 nəfər olubsa, 2009-ci ildə ilk dəfə sifilisə tutulanların sayı 437, 2010-cu ildə isə 500 nəfərə yaxın olub.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın “Turan” dediyinə görə, fahişələrin cəmləşdiyi əxlaqsızlıq yuvalarının saxlanılmasına "krışalık" edənlər var, onların arxasında hansısa qüvvələr dayanır. O, bəzi gecə barları, masaj salonlarının əxlaqsızlıq yuvaları olduğunu vurğulayıb.
”Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar durur. Əsasən də, Bakıda fahişəliklə məşğul olanlar regionlardan gələn qadınlar olur. Onlar öncə iş axtarmaq üçün gəlir. Lakin oxumamış, savadsız qadın yaxşı iş tapa bilmir. Beləliklə, həmin qadınların bir çoxu bu işlə məşğul olan bir qrup insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur”
“Fahişələrin sayı artır. Ən dəhşətlisi odur ki, fahşəlik cavanlaşıb. Bir neçə il bundan əvvəl fahişəlik 25 yaşından sonra başlayırdısa, hazırda bu yaş dövründə artıq "qoca fahişə" sayılır. İndi fahişəliyin yaş həddi 15-18 yaş arasıdır. Bu, Azərbaycanın genafonduna çox mənfi təsir göstərir. Xəstəliklərin yayılmasına gətirib çıxarır” deyən Qadın Krizis Mərkəzinin rəhbəri fahişəliyin azalması üçün mübarizə üsullarının gücləndirilməsinin vacibliyini vurğulayıb.
M.Əzizovanın sözlərinə görə, fahişəliyə qarşı mübarizə aparmaq istəyiriksə, əxlaqsızlıq yuvaları saxlayanları, barların, motellərin sahiblərini və sutenyorları, "mama rozaları" cinayət məsulliyətinə cəlb etməliyik, nəinki yalnız fahişələri.

0 şərh