Zəhərli zob nədir

Zəhərli zob Qalxanvari vəzin çox çalışmasına bağlı olaraq tiroid hormonlarının çox miqdarda ifrazı nəticəsində əmələ gəlir.
Zəhərli zob:
  • Qreyvs xəstəliyi
  • Toksik adenom
  • Toksik çoxdüyünlü zob şəklində olur.
  • Qreyvs xəstəliyi
Xəstəlik autoimmun dediyimiz bir səbəblə olur. Bətndaxili dövrdən və yaşadığımız müddətdə immun sistemimiz öz hüceyrələrimizi tanıyır, yad qəbul etmir. Lakin kənardan orqanizmə daxil olan proteinləri dərhal bilir, yad qəbul edir və onu məhv etməyə çalışır. Bunlar bakteriya və ya virus və ya uyğun olmayan orqan nəqli ola bilər. Səbəbi məlum olmayan səbəblə bəzən immun sistem öz hüceyrələrini tanımır, yad kimi qəbul edir və ona qarşı, onu yox etmək üçün antitellər yaradır. Bu antitellər də xəstəliyə səbəb olur. Bu tip mexanizmlə yaranan xəstəliklərə  autoimmun xəstəliklər deyilir. Zəhərli zobQreyvs xəstəliyi də belə xəstəliklərdəndir. İmmun sistem yad qəbul etdiyi tiroid hüceyrələrinə qarşı antitel yaradır. Bunlara TSH –reseptor antiteli deyilir. Xəstələrin 90%-də yüksək olur. Bu xəstəlik hər yaşda rast gəlinə bilər. Uşaqlarda da olur. Lakin ən çox orta yaşlarda görülür. Qadınlarda daha çox rast gəlinir. Ancaq xəstəlik kişilırdı daha ağır gedişli olur.
Zəhərli zobun əlamətləri
Əsəbilik, həyəcanlılıq, emosionallıq
Zəhərli zobda ən çox rast gəlinən əlamətlərdəndir. Yüksək tiroid hormonları bütün orqanlarımıza təsir etdiyi kimi beynimizə və psixoloji vəziyyətimizə də təsir edir. Bu səbəblə bir çox əsəbi insan –yəqin zobum var, deyərək həkimə müraciət edir. Və ya zobu olan hər xəstə növündən asılı olmayaraq  əsəbiliyini zobla əlaqələndirir. Lakin nəzərə almaq lazımdır ki, əsəbilik halı başqa xəstəliklərin də nəticəsi ola bilər. Zəhərli zobda yaddaş və diqqət pozğunluğu da olur.
2.Çəki itirmə
İştahın yaxşı olmasına baxmayaraq  xəstə arıqlayır. Ancaq bəzən arıqlama olmaya da bilir. Bəzi artəq çəkili xəstələr arıqladıqları üçün sevinirlər. Lakin bu xəstəlikdə yağ əriməsi ilə yanaşı əzələ əriməsi də olur. Buna görə də hətta yüngül hərəkətlərdə belə xəstələr çətinlik çəkirlər.
3.İstiyə dözümsüzlük
Çox zaman qadınlar bunu klimaksla əlaqələndirirlər. Ancaq klimaksda olan istilik basmaları ara sıra görülməsinə baxmayaraq, zəhərli zobda istilik basması davamlıdır.
4.Titrəmə
Xüsusilə əllərdə olur.  Əl ilə iş görərkən, çay süzərkən hiss edir xəstələr. Ancaq buna bənzər titrəmələr başqa nevroloji xəstəliklərdə, alkoqolizmdə də olur.
5.Ürəkdöyünmə
Bir çox xəstənin ilk şikayət etdiyi əlamətlərdəndir. Xəstə gəzərkən və ya istirahət halında ürəkdöyünmədən narahat olur.  Bu şikayətlə xəstələr çox vaxt kardioloqa müraciət edirlər. Müayinə zamanı zəhərli zob aşkarlanır.
6.Saç tökülməsi
Belə xəstələrin saçları incə və yumşaqdır. Asanlıqla tökülür. Zəhərli zob müalicə olunduqda saçlar təkrar çıxır.
7.Dəri və dırnaqlarda dəyişikliklər
Dəri yumşaq, isti və nəmli olur. Az hallarda qaşıntı olur. Yenə nadir hallarda xüsusilə baldırın ön hissəsində dəri qalınlaşması ola bilir.
8.Bağırsaq hərəkətlərində artma
Xəstələr nəcisə gün ərzində bir neçə dəfə və yumşaq getmədən şikayətlənirlər.
9.Gücsüzlük10.Aybaşı pozulmaları11.Cinsi istəyin azalması
Bəzi kişilərdə estrogen artışına bağlı süd vəzilərində böyümə olur. Müalicədən sonra düzəlir.
12.Göz əlamətləri
Çox miqdarda tiroid hormonları üst göz qapağını açan əzələləri qıcıqlandıraraq gözün normaldan daha açıq olmasına səbəb olur. Gözlər parlaq olur. Bəzi xəstələrdə ekzoftalm ( gözlərin önə doğru çıxması) olur. Ekzoftalm adətən Qreyvs xəstəliyində rast gəlinsə də nadir hallarda Haşimoto tiroiditi və primer hipotireozda da olur. Adətən 2 gözü də tutur.Bəzən təktərəfli də ola bilir.Hormonlar normal olduğu halda da yarana bilir. Yüngül hallarda qızarıq, quru və işığa həssasdırlar. Orta və ya ağır iltihabi hallarda isə göz qapaqları yatarkən də qapanmır. Bu xəstələr gözlərin yaşarmasından, gözü hərəkət etdirərkən ağrıdan şikayət edirlər. Göz əzələlərinin şişməsi və göz arxasında yağ toplanması nəticəsində göz önə doğru çıxır. İkili görmə ola bilir. İkili görmə xəstə yuxarı və bayır tərəfə baxanda olur. Şişən əzələlərin göz sinirinə təzyiqi nəticəsində görmə itirilə bilər. Ancaq, sadalanan ciddi göz əlamətləri çox nadir olaraq görülür.
Unutmamaq lazımdır: Siqaret göz xəstəliyini artırır və müalicəsini çətinləşdirir.
Qeyd olunan şikayətlər varsa mütləq həkimə müraciət olunmalıdır. Həkim   FT3, FT4, TSH, Anti Tg, Anti TPO, TSH reseptor antiteli, tiroid USM, tiroid sintiqrafiyası istəyəcək. USM-də düyün varlığı və vəzin qanlanması araşdırılır. Adətən qanlanma artmış olur.
Zəhərli zobun müalicəsi
Müalicə 3 üsulla ola bilir: dərman, radioaktiv yod, cərrahi əməliyyat
Dərman müalicəsi
Antitiroid  (metimazol və ya propiltiourasil) dərman başlanır. Bu dərmanların qaraciyər və sümük iliyinə yan təsirləri ola bildiyindən müalicə müddətində mütəmadi qaraciyər testləri və hemoqrama baxılmalıdır. Dərman müalicəsi 1-2 il davam edir. Sonra dərman kəsilir. Dərman kısildikdın sonra xəstələrin yarısında xəstəlik təkrarlaya bilir. Təkrarlayarsa təkrar dərman müalicəsi  və ya digər 2 müalicə növü seçilı bilər.
Radioaktiv yod müalicəsi
10-20 milliküri  radioaktiv yod (RAİ) ağıdan verrilir və xəstə evinə göndərilir. Yan təsiri xəstə düzgün seçilərsə azdır.Hamilələrə və hamiləlik planlayan qadınlara qadağandır.Müalicədən sonra 1 həftə müddətində boynun ön tərəfində yüngül ağrı ola bilir. Qorxulu deyil, keçəcək. RAİ qəbulunda məqsən xəstədə tiroid yetməzliyi yaratmaqdır. Xəstə ömür boyu əvəzedici terapiya qəbul edəcək. RAİ ağır, təkrarlayan, böyük zobu, ekzoftalmı yoxdursa yaxşı seçimdir.
Cərrahi əməliyyat
Əməliyyat üçün xəstənin hormonları mütləq normallaşmalıdır. Total tiroidektomiya olacağı üçün xəstə ömür boyu dərman qəbul edəcək.


Mənbə: endokrinologiya.az

0 şərh