Yod çatışmazlığının ağır fəsadları

Yod çatışmazlığı və onun fəsadları nədir?
Asiya, Afrika və Latın Amerikası ölkələri, Azərbaycan da daxil olmaqla bir çox Avrasiya ölkələri yod çatışmazlığı üçün endemik bölgələrdir. Tiroid hormonlarının tərkib hissəsi olan yod orqanizmin normal böyümə və inkişafı üçün vacib mikroelementdir. Yod çatışmazlığının səbəb olduğu xəstəliklər səhiyyənin qlobal problemi kim qəbul edilir. Dünya əhalisinin təxminən 29%-i, yəni 1 milyard insan yod çatışmazlığı riski altındadır. 300 milyon insan urdan, təxminən 6 milyon insan kretinizmdən əziyyət çəkir. Yod çatışmamazlığı
Digər tərəfdən, yod çatışmazlığı hər il 30000 ölü doğulma və 120000 gerizəkalı, lal, kar və ya iflic körpənin doğulmasına səbəb olur. Son elmi araşdırmalara görə, doğulduqdan etibarən yod çatışmazlığı əqli səviyyədə (İQ) 13,5 bal azalmaya səbəb olmaqla uşaqların öyrənmə qabiliyyətində azalma və qavrama çətinliyi, nəticədə məktəbdə müvəffəqiyyət qazanma faizində azalma müşahidə olunur.
Gündəlik olaraq nə qədər yod qəbul etməliyik?
Gündəlik olaraq 150 mkq yod qəbul edilməlidir. Hamiləlik zamanı qadınlarda bu miqdar 220 mkq, südverən analarda isə 290 mkq-dır.
Tədqiqat apardığımız illərdə respublikanın dağlıq rayonlarının əhalisi arasında orta dərəcədə yod çatışmazlığı aşkar olunub. Yəni 90-cı illərin sonunda yod qəbulu normal səviyyyədə olmadığından hətta bəzi bölgələrdə ağır yod çatışmazlığı müşahidə olunurdu. 1998-ci ildə 8-14 yaşlı məktəblilərdə aparılmış ultrasəs müayinəsinin nəticələrinə əsasən, endemik bölgədə urun rastgəlmə tezliyi 98-100%, qeyri-endemik bölgələrdə isə (Bakı, Lənkəran) — 77-86%-ə çatıb. Bu səbəbdən yod çatışmazlığının profilaktikası üçün hazırlanmış proqramlarda yodlaşdırılmış duz qəbulu ən asan və ən effektiv  üsul hesab edilib. Yod çatışmazlığını aradan qaldırmaq üçün gərək ki, gündəlik yod qəbulunda artım olsun. Bunun üçün ən çox qəbul edilən qidaların yodla zənginləşdirilməsi vacibdir. Dünyada ən çox istifadə edilən üsul qəbul edilən xörək duzunun yodlaşdırılmasıdır. Yodlaşdırılmış duz proqramlarının effektivliyini dəyərləndirmək üçün yod çatışmazlığının səviyyəsini, yod istehlakı səviyyəsində artım (azalma) və əhalinin yodlaşdırılmış duzdan istifadə səviyyəsini araşdıracaq tədqiqatlara həmişə ehtiyac var.
Yod miqdarının kafi olmasının göstəricisi nədir?
Sidikdə yodun miqdarının 100 mkq/L-dən aşağı olması yod qəbulunun qeyri–kafi olduğunun əsas göstəricilərindəndir. Gündəlik yod qəbulu 50 mkq-dan aşağı olduqda qalxanabənzər vəzi (QBV) funksiya göstərmir və böyüməyə başlayır. Digər tərəfdən yod qəbulunun artıqlığı autoimmun tiroidit adı altında iltihabi tiroid xəstəliklərinə səbəb olur. Bu vəziyyət el arasında tiroid “tənbəlliyi” və ya “zəhərli ur” kimi tanınan hipotiroidizm və hipertiroidizm mənzərəsinə səbəb olur.
Məktəblilər arasında sidikdə yodun miqdarı ilə bağlı nəticələri necə qiymətləndirmək olar?
2001-ci ildə başqa bir tədqiqatçı Bakı, Quba və Sumqayıt şəhərlərində 8 – 14 yaşlı sağlam və urla xəstə 225 məktəblinin faktiki qidalanma xüsusiyyətlərini öyrənmiş, sağlam və xəstə uşaqların boy göstəricilərində ciddi fərq aşkarlanmasa da, xəstə uşaqların əqli fəaliyyətlərində nisbi ləngimə (durğunluq, qavrama və konsentrasiya pozğunluqları), saç tökülməsi, dəri quruluğu, əsəbilik və ətraf mühit amillərinin təsirinə dözümsüzlük qeydə almışdı. Tədqiqata Şəki, Qəbələ və Quba şəhər orta məktəblərində təhsil alan 15-17 yaşlı 273 şagird (144 qız, 129 oğlan) daxil edilib. Qalxanabənzər vəzin (QBV) USM müayinəsi və yod çatışmazlığının rastgəlmə tezliyini və ağırlığını təyin etmək üçün sidikdə yodun miqdarı təyin olunub. Yodun sidikdə miqdarına (189 şagird) əsasən kəskin çatışmazlıq – 12,2%, mülayim çatışmazlıq – 21,2%, yodun normal göstərici – 49,7%, artıqlığı – 16,9% hadisələrdə müəyyən edilib. Yodlaşdırılmış duz istifadə edən və etməyən ailələrin övladlarının sidiyində yodun miqdarında bölgələr üzrə ciddi fərq aşkar olunub. QBV-in USM-də 191 şagirddə (70%) normal vəzi, 15,4% hallarda kolloid düyünlər, 11,0% — tireoiditə uygun görünüş, 1,5% — vəzin hiperplaziyası, 1,1%-də isə solid düyün müəyyən edilib.
Bölgələr üzrə yodlaşdırılmış duz istifadə edən və etməyən ailələrin övladlarının sidiyində yod miqdarında ciddi fərq aşkar olunub. Quba və Qəbələ şəhər məktəblilərində Şəki şəhər məktəbliləri ilə müqayisədə kəskin çatışmazlıq halları 9-11 dəfə çox rast gəlinib. Quba şəhər məktəblilərində Qəbələ və Şəki şəhər məktəbliləri ilə müqayisədə 3-4 dəfə çox yod çatmazlığı qeydə alınıb. Yəni Quba şəhərində normal yod göstəricisi digər şəhərlərlə müqayisədə 1-1,5 dəfə az olub. Artıq yodlaşdırılmış duz qəbulu halları isə Şəki şəhərində Quba şəhəri ilə müqayisədə 6 dəfə çox rast gəlinib. Sidikdə yodun miqdarının nəticələri əsasında ÜST və UNİCEF-in göstəricilərinə görə, 63 şagirddə (33,4%) kəskin və mülayim yod çatışmazlığı müəyyən edilib. Onlardan 43-ü qız (68,3%), 20-si oğlan (31,7%) olub.
Yeraltı su mənbələrində yodun miqdarı nə qədərdir?
Bu  günə qədər Azərbaycanda yod səviyyəsini tam əks etdirən xəritə hazırlanmayıb. Lakin onu qeyd edə bilərəm ki, respublikanın yeraltı su mənbələrində yodun miqdarı 0,49-146,4, səthi su mənbələrində 0,49-55,78 mkq/l miqdarındadır. Ölkəmizin müxtəlif bölgələrində və müxtəlif yaş qruplarında urla əlaqəli bəzi araşdırmalar aparılıb. Bundan başqa, aparılan araşdırmalar daha öncəki 10 illə müqayisədə endemik urla xəstələnmə səviyyəsində 6-12 dəfə artımın olduğunu göstərib. Bu gün Azərbaycanın 29 rayonu ur üzrə endemik bölgə hesab edilir.
Yod çatışmazlığının aradan qaldırılması üçün necə qidalanaq, qidalanmada nəyə üstünlük verək?
Duzlu su balıqları, ton balığı, okean, dərin sularda üzər balıqlarda yodun miqdarı yüksəkdir.  Bundan başqa, qabıqlı dəniz məhsulları, dəniz yosunlarının da təkibi yodla zəngindir. Kartofun qabığı yodludur. Eyni zamanda, yumurta, süd və süd məhsulları, itburnu, himalay duzunun da tərkibi yodla zəngindir. Ürək və qan-damar xəstəlikləri olanlara isə ağ ciyər, ispanaq, balqabaq, ağ çörək, sarımsaq, lobya, yulaf, düyü, qırmızı ət, paxlakimilər, konservləşmiş qarğıdalı istehlak etmək tövsiyə olunur.
Qeyd edək ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya yod xəritəsi hazırlanıb. ÜST-in məlumatına görə, yod çatışmazlığının olması zehni inkişafı əngəlləyir. Bu problem xüsusən də məktəb yaşlı uşaqlar arasında böyük bir problemə səbəb olur. Bunun qarşısının alınması üçün qidaların tərkibi yodla zənginləşdirilməlidir. Bu siyahıda çörək, süd, su və duzu sadalamaq olar. Xüsusən də duzun yodlaşdırılması ən geniş yayılan təcrübələrdən biridir. Duzun tərkibi ilk dəfə olaraq 1920-ci ildə yodlaşdırılıb. Bu təcrübədən isə ilk dəfə olaraq 1920-ci ildə ABŞ və İsveçrə yararlanıb. Lakin 1990-cı ilədək bu təcrübə dünya miqyasında o qədər də geniş yayılmayıb. Görülən tədbirlər nəticəsində ABŞ məktəblilər arasında yod çatışmazlığı problemi, demək olar ki, həllini tapıb.
Yod Qlobal Şəbəkəsi olan ign.org-un hesabatna görə, Azərbaycan artıq yod çatışmazlığı ilə bağlı problemin həllinə nail olmaq üzrədir. Hesabatda ölkəmizdə məişət duzunun kifayət qədər yodlaşdırılmasına diqqət çəkilib. Azərbaycan əhalisinin illik olaraq yodlaşdırılmış duza olan tələbatı isə 30-40 min ton hesablanıb. Məlumata görə, yodla təminatın tən yarısı xarici ölkələrdən idxalla baş tutur. Xüsusən də Türkiyə, Rusiya və Ukraynanın adını bu siyahıda qeyd etmək olar. Burada qeyd olunur ki, Azərbayanda məişət üçün istifadə olunan yodlaşdırılmış duz Masazırın duz gölündən əldə olunur. 


Mənbə: Saglamolun.Az

0 şərh