Endokrin xəstəliklər

Bazedov xəstəliyi

Bazedov xəstəliyi (tireotoksikoz, diffuz toksik/tireotoksik ur, ekzoftalmik ur, Qreyvs xəstəliyi) geniş yayılmış endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artmış tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır.

Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur; irsi amillərin əhəmiyyəti vardır. Ən çox 20-50 yaşlarda, xüsusən qadınlarda təsadüf edir.
Xəstəliyi ilk dəfə İrlandiya həkimi Qreyvs təsvir etmişdir. Əsas əlamətlərini isə Merzeburq (Almaniya) həkimi Karl Bazedov təsvir etdiyindən, bunlar “Merzeburq triadası” adlanır: stroma və ya ur (vəzinin böyüməsi), ekzoftalm (gözlərin bərəlməsi) və taxikardiya (ürək təqəllüslərinin tezləşməsi). Bundan başqa, kaxeksiya (kəskin arıqlama), tez yorulma, əllərin əsməsi, tərləmə, əsəbilik, narahatlıq, ağlağanlıq, yuxusuzluq, fikrin dağınıqlığı, yaddaşın pisləşməsi, əmək qabiliyyətinin azalması müşahidə edilir. Əsas mübadilə və bədən temperaturu yüksəlir.
Bazedov xəstəliyi zaman ürək-damar, endokrin, sinir sistemlərinin, qaraciyərin və s. fəaliyyəti pozulur. Ağır formaları nevroz, qadınlarda aybaşı siklinin pozulması, sonsuzluq və s. törədə bilər.
İlk əlamətlər olan kimi həkimlərə müraciət etmək lazımdır. Xəstə üçün sakit şərait yaradılmalıdır. Müalicədə radioaktiv yod, neomerkazol, rezerpin, anaprilin, pişikotu, üskükotu preparatı təyin edilir. Simptomatik müalicədə Lüqol məhlulu, FİBS, rezerpin, panangin və s. məsləhətdir. Gün ərzində sağlam adamın yoda tələbatı 150 mkq-dır. Qida vitaminli və zülalla zəngin olmalıdır. Tireostatik preparatlar merkazolil və b. Effekt vermədikdə cərrahi üsula əl atılır.

Endemik ur

Əsasən mühitdə - suda, havada, torpaqda yodun az miqdarda olması nəticəsində, çox vaxt 10-20 yaşda, bəzən 3- yaşdan yuxarı, daha çox qadınlarda baş verir. Xəstəlik bəzən elə bir əlamət vermir, qalxanabənzər vəzi böyüyür. Yodun kiçik dozaları ilə müalicə edirlər. Xəstələrə sakitlik və yaxşı qidalanma lazımdır.
Konservativ müalicə nəticə vermədikdə, həmçinin ur mexaniki yolla həyat üçün vacib orqanları sıxdıqda, cərrahi müalicə aparırlar. Profilaktika məqsədilə endemik ur yayılmış rayonlarda duza yod qatırlar.

Akromeqaliya

Bədənin periferik hissələrinin böyüməsidir. Hipofizin ön payının eozinofil adenoması və onun boy hormonunun güclü surətdə hasil olması, həmçinin ara beyində şişin inkişafı, yaxud anadangəlmə və ya qazanılma sifilislə ara beyinin və hipofizin zədələnməsi nəticəsində baş verir.
Akromeqaliya ətrafların, falanqaların böyüməsi, kəllə sümüklərinin qalınlaşması, dərinin, selikli qişaların, daxili orqanların hipertrofiyası və daxili cinsiyyət orqanlarının atrofiyası ilə təzahür edir. Burun, qulaqlar, baş, dodaqlar böyüyür, qaşüstü qövslər və almacıqlar önə doğru çıxır. Həmçinin çənə də böyüyür, dişlər arasındakı məsafə artır, dil böyümüş, qalınlaşmış olur, ağıza güclə yerləşir və danışığa mane olur. Bəzən əl və ayaqlar yalnız uzununa deyil, eninə də böyüyür və kürəyəbənzər şəkil alır. Körpücüyün, döş sümüyünün, qabırğaların şiddətli böyüməsi (inkişaf etməsi), boyun-döş şöbəsinin kifozu, bel hissəsinin lordozu əlamətləri ilə döş qəfəsinin yuxarı şöbəsinin böyüməsi müşahidə edilir. Tüklər qalınlaşır, dəri quru, qırışıqlı və qalınlaşmışdır.
Müalicə. Hipofizin şişindən şübhə olduqda, müalicə cərrahi yolladır ki, bu, bəzən yaxşı nəticə verir. Cərrahi əməliyyata ilk növbədə akromeqaliya çox sürətlə inkişaf edən, görmənin sürətlə zəiflədiyi və başqa əlamətlərin daha da inkişaf etdiyi hallarda və şüa müalicəsi effekt vermədikdə göstəriş sayılır.

0 şərh