Artıq çəkidən qurtulmaq

Qadınların əksəriyyəti çəkilərinin artıq olmasına görə özlərini narahat hiss edirlər. Bəzi hallarda onlar qamətlərinin şux, xarici görkəmlərinin cəlbedici olması xatirinə öz sağlamlıqlarını qurban verməyə hazırdırlar. Təəssüf ki, çox vaxt qadın hər hansı bir üsulla çəkiyə qarşı mübarizəyə başlamazdan əvvəl müayinə olunmur və həkimlə məsləhətləşmir. Bu isə insan səhhətinə ciddi təsir göstərir.

Məlumdur ki, arıqlamağa çalışan insan buna nail olmaq dərəcəsindən asılı olmayaraq gecə-gündüz stress keçirir. Məsələ ondadır ki, bilərəkdən arıqlayan adamlar daim özünə nəzarət etməyə, yemək istəyini boğmağa, üstünlük verdiyi yeməkləri dəyişməyə, qəbul etdiyi qidanın həcmini hesablamağa məcburdurlar. Pəhriz pozulanda isə vəziyyət daha da pisləşir. Bu halda problemlərin sırasına psixoloji əzabları da əlavə olunur, çünki insan belə hesab edir ki, o, bir növ artıq hərəkət etməyi özünə rəva görmüşdür. Əgər siz arıqlamaq qərarına gəlmisinizsə, özünüzü uzunmüddətli işə hazırlayın, prosesi sürətləndirməyə çalışmayın. Nəzərə alın ki, sizin artıq çəkiniz uzun illər boyu toplanmışdır və aydındır ki, çəkini azaltmaq üçün vaxt tələb ediləcəkdir. 

Artıq çəki təkcə sevdiyiniz insanın xoşuna gəlməmək riski deyil, həm də, bir sira xəstəliklərə, məsələn, diabetə tutulmaq riski deməkdir. Çox vaxt köklüyün səbəbi məhz lazım olandan çox yemək və fiziki gərginliyin çatışmaması ilə əlaqədar olur. Buna görə də qida məhsullarının kaloriliyini, yəni onların enerji dəyərini hesablamağı öyrənmək lazımdır.

artıq çəki.dieta,pəhriz,arıqlamaq


Kalorinin və deməli, enerjinin əsas mənbəyi heyvan və bitki mənşəli piylər, zülallar və karbohidratlardır (yarmalar, un məmulatı, şəkər, nişasta). Biz yüksək kalorili məhsullardan çox istifadə ediriksə və enerji məsrəflərimiz azdırsa, onda tarazlıq pozulur və çəki artmağa başlayır. Həmişə yaxşı fiziki formada olmaq üçün gün ərzində və ya həftə ərzində qəbul edilən və sərf olunan kalorilərin miqdarını ciddi hesablamaq lazımdır. Əgər arıqlamaq istəyirsinizsə, gündə 1000- 1200 kalori qəbul etməlisiniz. Qida rasionunun tərkibindəki kalorinin miqdarının 1000-dən az olduğu müddət isə çox uzun olmamalıdır. Əks halda bu, sağlamlıqla bağlı problemlərə gətirib çıxara bilər.

Hazırda istehsalçılar məhsulların qablaşdırması üzərində 100 qram məhsulun kaloriliyini göstərirlər. Buna görə də yeyilmiş məhsulun həcmini və kaloriliyini müqayisə etmək kifayətdir. Fərz edək ki, səhər yeməyinizin menyusu 1 stəkan (200 qram) süddən və 1 bulkadan (75 qram) ibarət olmuşdur. Bu, təqribən 120+250 kalori deməkdir. Qalan kaloriləri nahar və şam yeməyi arasında bölüşdürməlisiniz.

Çoxkomponentli xörəklərin kalorilərini hesablamaq bir qədər mürəkkəbdir. Lakin əminəm ki, cəmi bir neçə gündən sonra onu da öyrənəcəksiniz. 1 qram piyin tərkibində 9 kalori, 1 qram zülalın və ya 1 qram karbohidratın tərkibində isə 4 kalori vardır. Şirniyyat, qazlı şirin içkilər, çipsilər, kolbasa məmulatı, “fast-fud”, alkoqol məhsulları ən zərərli məhsullar hesab edilir. Çünki onların tərkibində kaloridən başqa heç bir qida dəyəri yoxdur. Məhsulların kalorilik göstəricilərini xüsusi soraq kitablarından da öyrənmək olar.

Yadda saxlamaq lazımdır ki, artıq çəki həmişə şəkərli diabetin inkişaf etməsi riski deməkdir. Əslində, xüsusən, əgər siz diabet xəstəliyindən əziyyət çəkirsinizsə, tamdəyərli, sağlam qida zəruridir. Məhz bu cür yeməklər bir sıra problemlərin həllinə kömək edər. Lakin təəssüf ki, müasir dövrdə insanlar məhz buna nail olmaqda çox çətinliklərlə üzləşirlər. Qidalanma ilə bağlı adətləri dəyişmək tamamilə mümkündür. Lakin bu vərdişləri tədricən dəyişmək lazımdır — bu halda sağlamlığınıza xələl gəlməyəcək.

Bu gün vitaminlərin faydası barədə məlumatı olmayan insan təsəvvür etmək çətindir. Vitaminlər immuniteti qoruyub saxlayır, mübadilə proseslərini normallaşdırır, endokrin sisteminin işinə kömək edir. Buna görə də arıqlayarkən vitamin kompleksləri qəbul etməyi unutmayın.

Düzgün qidalanmanın bu əsas qaydaları bütün insanlara aiddir. Arıqlamaq üçün pəhriz (dieta) saxlamaq istəyənlər bilməlidir ki, yemək işləmək qədər ciddi məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən planlaşdırın.

UPD. Araşdırmalara görə, gün ərzində süd məhsullu ərzaqların qəbul edilməsi, köklükdən əziyyət çəkənlərə xeyli yardım edir. Qeyd edək ki, həkimlərin məsləhətinə əsasən, arıqlamaq istəyən hər bir şəx,s gün ərzində heç olmasa 350 ml süd içməlidir.

Düzgün oxuma çəkini atmaqda kömək edir
Amerikalı alimlər tərəfindən aparılmış tədqiqatların nəticələri göstərir ki, düzgün seçilmiş oxuma kökəlmədən əziyyət çəkən yeniyetmələrdə çəkinin azalmasına səbəb olur. Alimlər kökəlmədən əziyyət çəkən və artıq çəkini azaltma proqramında iştirak etmiş 9-13 yaşlı qızlar qrupundan xahiş etmişlər ki, Ənni Brayant tərəfindən yazılmış yeniyetmələr haqqında romanlar seriyasından birini oxusunlar. Mütəxəssis-pediatrların köməyi ilə mətnə sağlam həyat tərzi nöqteyi-nəzərindən müsbət modellər tətbiq edilmiş, həmçinin çəkinin idarə edilməsi üzrə məsləhətlər verilmişdir.

Altı aydan sonra alimlər aşkar etmişlər ki, romanı oxumuş 31 qız bədən kütləsinin indeksinin kifayət qədər aşağı səviyyəsini (-0,71%) göstərmişlər, eyni zamanda nəzarət qrupundan olan 14 qız isə əksinə, bədən kütləsi indeksinin 0,5% artdığını göstərmişdir. Bu barədə tədqiqatın rəhbəri Aleksandra Rassel məlumat vermişdir.

UPD.Arıq insanlarin ömrü az olur
Tokio-Tohoku Universitetindən bir qrup professor Yaponiyanın şimalındakı Miyagi bölgəsində 40-79 yaş arasındakı 50 min adamı 12 il boyunca araşdırıb. Bədən kütlə indeksinə görə dörd qrupun yaradıldığını araşdıran professorlar 40 yaşında kilo çoxluğu olan insanların zəiflərə nisbətən altı-yeddi il daha çox yaşadığını, çox zəiflərin isə həyat müddətinin 5 il daha az olduğunu müəyyən ediblər. Tohoku Universitetindən olan professor Shinichi Kuriyama zəif insanların daha yüksək risk daşıdığını ifadə edərək, zəiflərin həyat müddətinin daha az olmasının səbəbini sətəlcəm kimi xəstəliklərə qarşı damarların dözümsüz olduğunu qeyd edib.

UPD, Araşdırmalar göstərir ki, ərdə olan xanımlar subay həmyaşıdları ilə müqayisədə orta hesabla 1,5 kiloqram artıq çəki yığırlar. Passion.ru saytının məlumatına görə, ərli qadının uşağı da varsa, onda artıq çəki 3,3 kiloqrama çatır. 10 il ərzində 18-23 yaş arası 6000 qadın arasında aparılan araşdırma göstərib ki, 10 il ərzində ərli qadın 5,6, onun uşağı da varsa, 7,4 kiloqram artıq çəki toplayır.
Mütəxəssislər bunu həmin xanımların özlərinə daha az vaxt ayırması ilə əsaslandırır. «Ailələi xanımların idman zallarına baş çəkməyə və digər bu kimi işlərə vaxtı qalmır. Onlar əksər hallarda rasional qidalanmaya da fikir vermirlər», - deyə mütəxəssislər bildirir.

 

0 şərh