Axşam saat 6-dan sonra yemək məsləhət deyil

Hazırda artıq çəki problemi az qala bütün xəstəliklərin təkanverici səbəbi kimi həkimlər tərəfindən müəyyənləşdirilməkdədir. Bədən çəkisi normadan daha artıq olan insanlarda ürək-damar xəstəlikləri, endokrin xəstəliklər, mədə-bağırsaq traktının bir çox patologiyalarının yaranması adi hal alıb. Bədən çəkisinin normadan artıq olmasına təsir göstərən və əsas şərait yaradan amillərdən biri kimi fiziki aktivliyin azalmasını göstərsələr də, başlıca problem düzgün və vaxtında olmayan qidalanmadır. Bura həm həddindən artıq yağlı və karbohidratlarla zəngin olan qidaların qəbulu və eləcə də günün hansı saatlarında qidalanmaq daxil edilir. Odur ki, artıq çəkidən azad olmağın ən geniş yayılmış və təsdiq olunmuş üsullarından biri axşam saat 6-dan sonra yeməkdən imtina etməkdir. Dietoloqlar bunu belə izah edirlər:
Məsələ burasındadır ki, axşam saatlarında yeməyi məhdudlaşdırmaq və ya tamamilə imtina etmək sağlamlığa böyük fayda verən üsullardan biri kimi qiymətləndirilə bilər. Belə ki, 40 yaşdan yuxarı insanlarda fiziki aktivliyin azalması mübadilə proseslərinin normal getməsinə mənfi təsir göstərir. Lakin sutka ərzində insan orqanizminin bioritmlərinin sürəti ilə metobolizmi arasında əlaqə eyni deyil. Məsələn, səhər o daha yüksəkdir, 12-dən sonra azalmağa başlayır, axşama doğru isə tamamilə enmiş olur. Ona görə də axşama doğru və axşam yeyilən yeməklər sərf oluna bilməyərək piy depolarında yığılmağa başlayır.
Xüsusilə də əgər bu yeməklər yağla və karbohidratlarla zəngindirlərsə o zaman proses daha qabarıq şəkil alır. Axşam makaron və digər xəmir xörəklər yeməyə öyrəşən insanlara yuxarıda məsləhət görülən üsul daha effektiv təsir edə bilər. Gündə 500-700 kkal azaltmaqla tez bir müddətdə artıq çəkidən azad olmaq və gözəl bədən quruluşuna malik olmaq olar. Əlbəttə, ilk günlər buna tab gətirmək o qədər də asan deyil. Lakin sağlamlıq və gözəllik naminə bunu etməyə dəyər.

Lakin bəzən insan axşam saat 6-dan sonra yeməkdən imtina etdiyi halda əzabverici aclıq hissindən yata bilmir. Bu zaman az miqdarda meyvə və ya tərəvəz, qatıq yemək, su içmək köməyinizə çata bilər. Unutmaq olmaz ki, aclıq əzab verən zaman doyunca yemək daha da ağırdır və insanın tez bir zamanda kökəlməsinə və yuxusunun pozulmasına bilavasitə təsir göstərir. Lakin yaddan çıxarmaq olmaz ki, mədə-bağırsaq traktında xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün bu üsul yolverilməzdir. Çünki onlarda xəstəliyin daha da ağırlaşması müşahidə olan bilər. Belə xəstələr tez-tez və az-az qida qəbul etməlidirlər. Mədə xorası, xroniki qastrit, pankreatit, xolesistit, öddaşı xəstəliyindən əziyyət çəkənlər bu pəhrizdən istifadə etməməlidirlər.
Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

0 şərh