Vegetarian olmaq

Almanlar müşahidə etmişlər ki, «ət yeməyi sevən» millətlər vegetarianlığa keçəndən 5-7 il sonra onların immuniteti kəskin aşağı düşməyə başlayır, cinsi fəaliyyəti zəifləmiş olur. Güman edilir ki, bu hal orqanizmdə sink çatmamazlığı ilə bağlıdır ki, o da cinsi hormonların ifrazına cavabdehdir. Xatırladaq ki, sink daha çox ətdə, yumurtada olur ki, bunlardan da vegetarianlar imtina edirlər.
Vegetarianlığı təbliğ edənlər insan orqanizminin daha zərif quruluşa malik olduğunu, əslən bitki mənşəli qidalar üçün yarandığını qeyd edirlər (məsələn, mədə şirəsi həzm üçün o qədər də turş deyil, bağırsaqlar isə olduqca  uzundur ki, bu da ətdən ifraz olunan  və parçalanan toksinlərin gec  xaric olmasına gətirib çıxarır və bu da böyrəklərin işini çətinləşdirir, nəticədə artrit, podaqra, revmatizm hətta xərçəng də işkişaf edir).

İnsanın dişləri vəhşi heyvanlarda olduğu kimidir: 4 köpək dişin olması bunu sübut edir.  Lakin bu o demək deyil ki, sağlam olmaq üçün ətdən imtina etmək lazımdır, sadəcə olaraq, rasional qidalanmaq məsləhətdir. Buna misal olaraq, hər bir dində xüsusi pəhriz  günlərinin  olduğunu qeyd etmək yerinə düşərdi. Məsələn islam dinində Ramazan ayında oruc tutmaq və s.

«Normal fəaliyyət göstərmək üçün insan bitki mənşəli qidalarla kifayətlənə bilər. Həm də heyvani qida qanı daha çox mübadilə məhsulları ilə çirkləndirir. Statistikaya görə ətyeyənlər xərçənc xəstəliyinə daha çox tutulurlar», bu, ət yeməyi təbliğ edənlərin fikridir. Lakin mütəxəssislər ət məhsullarının zərərini heyvana verilən qida əlavələrinin təsiri ilə, ət məhsullarını  uzun müddət saxlamaq üçün tələb olunan termiki işləmədən sonra yaranan kimyəvi maddələrin təsiri ilə əlaqələndirirlər.

Zülallar orqanizm üçün tikinti materialıdır, mübadilə proseslərinin iştirakçısı və təminatçısıdır. Lakin hələ 1988-ci ildə Amerika dietoloqları assosiasiyası bəyan etdi ki, mineral maddələr və vitaminlərin qəbulu ateroskleroz, hipertoniya, xərçəngin bəzi formaları, diabet və başqa xəstəliklərin qarşısını almağa kömək edir. Vegetarianların qida rasionunda zülalların bioloji dəyəri yüksək olmasa da, insanların üzləşdiyi bir çox xəstəliklər və pozğunluqlarla (həzm, sinir sistemi və b.), vaxtından əvvəl ölüm və qocalma artıq qida qəbulu ilə əlaqədardır ki, bura ilk növbədə heyvani qidalar aiddir. Bu həm də ona görə baş verir ki, heyvani qidalar orqanizmə çoxlu sayda heyvani hormonların daxil olmasına gətirib çıxarırlar. Bundan əlavə, artıq sübut olunmuşdur ki, ət məhsullarının qəbul edilməsi ateroskleroza doğru bir addımdır. Lakin bu faktı da nəzərdən çıxarmayaq ki, Uzaq Şimalda yaşayanlar arasında hipertoniyadan, aterosklerozdan əziyyət çəkənlər azlıq təşkil edir. Halbuki onların qida rasionunun 95%-ni ət və balıq təşkil edir.

Hər iki cərəyanın çatışmayan cəhətləri mövcuddur. Vegetarian olmaq o qədər də asan iş  deyil və bunu qənaətcillik adlandırmaq olmaz. Çünki bu, təkcə kartof, kök, kələmdən ibarət deyil, vaxtaşırı qoz, fındıq, quru meyvələr də qəbul etmək vacibdir ki, bu da həmişə mümkün olmur… Eləcə də əgər  bitki yağları orqanizmi  E vitamini ilə təmin edir və aterosklerozun qarşısını alırsa, A vitamininə olan  tələbatı ödəmək üçün məhz  heyvani qidalar qəbul edilməlidir.. Çünki  orqanizm bitkilərdə olan bəzi zülalları heyvani mənşəli qidalardakılardan daha çətin mənimsəyir (məsələn, kökün tərkibindəki karotin kərə yağının tərkibindəkinə nisbətən çətin həzm olunur). Bitkilərlə qidalanmanın bir çatışmayan cəhəti də odur ki, orqanizmi, lazım olan qida maddələrini almadığı halda  çox tez doyuzdurur. Bu isə hamı üçün deyil, daha çox piylənmədən əziyyət çəkənlər üçün faydalıdır.

Zənnimcə, hər kəs necə qidalanacağına özü qərar verməlidir. Bircə onu əlavə etmək istərdim ki, balanslaşdırılmış qidalanma orqanizmi həm ruhən, həm də fiziki cəhətdən yüngül edir, saflaşdırır. Ruhun və əqlin saflığı olduğu təqdirdə isə ətraf aləmlə harmoniya yaratmaq daha asandır.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

0 şərh