Çəki problemi

Çoxları artıq bədən çəkisi ilə mübarizənin əsasını az kalorili qidalardan ibarət pəhrizlə kifayətlənməkdə görürlər. Lakin həyat tərzini normallaşdırmadan və orqanizmin sutkalıq bioritmləri ilə uyğunlaşdırmadan heç bir ciddi pəhriz belə kömək etməz. Yığılmış və itirilmiş kiloqramlar – bunlar kalorilərin qəbulu və sərf edilib-edilməməsinin nəticəsidir. Artıq çəkini atmaq üçün isə az yeyib, çox hərəkət etmək lazımdır.
Lakin ABŞ alimləri hesab edirlər ki, bu da kifayət deyil. Onların fikrincə, vacib məqamlardan biri də məhz sutkanın hansı saatlarında qida qəbuludur. Alimlər gecə qida qəbulunun nəyə gətirib çıxardığını siçanlar üzərində təcrübədən keçirmişlər. Əvvəlcə siçanlara yağsız qida verilmiş, sonradan onlara yağlı qida verərək müşahidə etmişlər ki, bu qida dadlı olduğundan onu daha çox yeyirlər.
Təcrübə siçanlarını 2 qrupa ayıraraq, 1-ci qrupa sutkanın 12 saatı ərzində (gündüz), 2-ci qrupa isə sutkanın digər 12 saatı (gecə) ərzində yemək vermişlər. Siçanlar adətən gecə fəal olub, elə gecə vaxtı da qidalanırlar, gündüzlər isə yatırlar. Deməli, eksperimentdə 2-ci qrup adət etdiyi kimi gecə vaxtı, digər qrup isə əks vaxtda qidalandırılırdı. 6 həftə davam edən təcrübənin nəticəsində siçanların müxtəlif dərəcədə artıq çəki alması məlum oldu. Belə ki, gündüz qidalanan siçanlar 48%, gecə (adəti üzrə) qidalananlar isə 20% artıq çəki almışlar. Alimlər bundan əlavə, siçanlarda sutkalıq hərəkət aktivliyini də nəzarətdə saxlayırdılar. Aydın oldu ki, gündüz (düzgün olmayan) qidalananlar nisbətən passiv, gecə (düzgün) qidalananlar isə daha aktiv olmuşlar. Enerjinin sərf edilməsi də çəkinin artıb-azalmasına təsir edən əsas faktordur.

Bundan başqa orqanizmin sutkalıq ritmi ilə əlaqədar olan digər faktorlar da var: bədən temperaturunun, arterial təzyiqin, ürək ritminin, qanda hormonların dəyişməsi və s. Orqanizm üçün uyğun sayılmayan vaxtda qida qəbulu doyumluq hormonu olan leptinin qanda səviyyəsini dəyişdirir ki, bu da enerji mübadiləsində və bədən çəkisinin tənzimlənməsində iştirak edir. Gündüz qidalanan siçanlarda gecələr temperatur aşağı düşür ki, bu da alimlərin fikrincə piyin toplanmasına gətirib çıxarır.

Alimlər siçanların timsalında gecə işləyən insanların çəki problemini tədqiq etmək niyyətindədirlər. Məsələ burasındadır ki, iş rejiminə görə belə insanlar bioritmlərə əks olaraq qeyri-düzgün vaxtda qidalanmaq məcburiyyətində qalırlar. Bu, əslində yenilik deyil: kim ki, səhər yeməyindən imtina edib axşama doğru qidalanmağa başlayır və gecə həyat tərzi keçirir, təbii ki, belələrinin bədən çəkisi də artmış olacaq. Çünki nəticədə karbohidrat və yağ mübadiləsi pozulmuş olur. Deməli, artıq çəki ilə mübarizədə təkcə kaloriləri məhdudlaşdırmaqla iş bitmir, həm də yemək zamanını tənzimləmək vacibdir.

Gündəlik enerjini necə toplamalı?

Hillari DaffSəs-küylü, gözlənilməz hadisələrlə dolu gündəlik həyatımızda birdən-birə özümüzü o qədər yorğun, halsız, taqətsiz hiss edirik ki, sanki səhər yuxudan qalxmağa, görməli olacağımız işləri yerinə yetirməyə gücümüz olmur. Bu vəziyyətdə çıxış yolu nədədir, gündəlik enerji ilə özümüzü necə təmin edə bilərik? İlk növbədə özündə enerji və gücün olduğuna inanmaq. Alimlər təsdiq edirlər ki, bunu təsəvvür etmək belə psixoloji vəziyyəti dəyişir. Pozitiv fikirləşməyə çalışın. Gümrah olmaq üçün musiqidən istifadə edin. Qan dövranını təmin etmək üçün hərəkət edin. Bu hələ hamısı deyil. 1.Sağlam yuxu vacib şərtdir.
2.Yuxudan düzgün oyanmaq: yataqdan qalxmamış əzələləri hərəkət etdirmək lazımdır.
3.Sizi enerji ilə təmin edən qida seçin: düyü, təzə və quru meyvələr, pendir, çay, kofe, təmiz su içməyi unutmayın. Kofeni nanəli çayla da əvəz edə bilərsiniz. O da təravətləndirir və gümrahlıq verir.
4.İdmanla məşğul olun. Oturaq işlə məşğul olanlara bu, daha çox vacibdir.
5.Daha çox gülün.
6.Aromatik yağlardan istifadə edin. Efir yağları arasında gümrahlıq verənlər - çobanyastığı, lavanda, nanə, rozmarin, qreypfrut yağlarıdır.
7.Nöqtə masajından istifadə edin.
8.Nahar fasiləsi zamanı təmiz havaya çıxın. Açıq havada gəzinti yalnız sizin xeyrinizədir.
9.Naharda həddindən artıq yağlı, karbohidratlı yeməyin yeyilməsi yuxululuq və tənbəllik gətirir.
10.Yeməyə qarşı laqeyd də olmayın, etinadsızlıq göstərməyin.
11.İmkan varsa 10-15 dəqiqə yatın.
12.İş masası arxasından vaxtaşırı qalxın. Monoton oturaq iş sizi yatırdar.

Müəllif:S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti

Həmçinin bax:

Artıq çəkidən necə qurtulmalı?

Arıqlamağın yolları

UPD. Artıq çəki 70 yaşdan sonra xeyirlidir.
Avstraliyalı alimlərin yaşı 70-75 olan 4677 kişi və 4563 qadın arasında apardıqları 10 illik araşdırma məhz bu nəticəni üzə çıxarıb. Onlar müəyyənləşdiriblər ki, köklükdən əziyyət çəkən qoca kişi və qarıların 10 il artıq yaşamaq şansları digərləri ilə müqayisədə 13% çoxdur. Lakin bu, orqanizmində piylənmə olan şəxslərə aid deyil.
Oturaq həyat tərzinin ziyanı isə bir daha təsdiqlənib. Alimlər müəyyənləşdiriblər ki, bu faktor 80 yaşınadək qadınlarda vaxtından tez ölmə ehtimalını iki dəfə, kişilərdə isə 25% artırır.

0 şərh