Din və onun cəmiyyətdə rolu

İnsanları fərqləndirən ən mühüm cəhət onların inamıdır.  Dinlər tarixi inkişaf mərhələləri boyunca uzun inkişaf yolu keçmişlər. Din Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.

Bütpərəstlik

Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür. Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir. Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən — torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşanlar Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Zərdüştilik

Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc — Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı. Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi. Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır.

Yəhudilik

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır. Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.

Xristianlıq

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş «Alban yazısında və Alban dilində» leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır. 451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu — VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir. Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

İslam

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri «Bab əl-Əbvab» adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı. İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və «evlərində otururdular», yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində — ribatlarda ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənarda «rəbəd» adlanan yerlərə köçürülürdü. Bu dövrdə Hüzeyfə ibn əl-Yəman, Ütbə ibn Fərqəd, Vəlid ibn Üqbə, Səlman ibn ər-Rəbiə əl-Bahili, Bükeyr ibn Abdulla, Süraqə ibn Əmr, Məsləmə kimi ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi. Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır.

Azərbaycan Respublikası da dinlər arasında dialoqa böyük əhəmiyyət vermiş, tolerantlıq mühitinin hər zaman hökm sürməsini təmin etməyə çalışmış, bu sahədə əldə etdiyi uğurlar nəticəsində dünya ictimaiyyəti tərəfindən tolerantlığın parlaq nümunəsi adlandırılmağa müvəffəq olmuşdur.Qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcüd olmasında Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və s. səbəblər böyük rol oynamışdır.Bugün Azərbaycan Respublikasında din — dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir.
Konstitusiyanın 48-ci maddəsi vicdan azdlığı prinsipini şərh edir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqalarıilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai-əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüququ pozuntusuna bəraət qazandırmır”.
1992-ci ilin avqustunda qəbul olunmuş “Dini etiqad azdlığı haqqında” Azərbaycan Respublikasının qanunu respublika vətəndaşlarının dinə öz münasibətini bildirmək və ifadə etmək azadlığını təsbit edir, onların dinə münasibətlərindən asılı olmayaraq, hüquq bərabərliyini təmin edir. Qanun müstəqil Azərbaycan Respublikasında dini qurum və icmalarım fəaliyyətinə, dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarına, dini qurumıarın dövlət orqanları ilə münasibıətlərinə dair məsələlərin tənzimlənməsi üçün əsas yaradır.

0 şərh