Ələvilik nədir?

Ələvilikİslam təriqətləri arasında ən geniş yayılan cərəyanlardan biri və bəlkə də birincisi ələvilikdir. Müsəlman ölkələrində, xüsusən də Türkiyə, Suriya, İraq, Pakistan, Misir və digərlərində bu cərəyanın çoxsaylı tərəfdarları var. Azərbaycanda da tarixən ələvilik olub. Digər təriqətlərlə müqayisədə daha dinamik və yayılmaqda davam edən ələvilik bu gün türklər vasitəsilə Avropada geniş yayılıb. Xüsusən də türklərin sıx məskunlaşdığı Almaniyada ələvi dərnəkləri var.

Bəs ələvilik nə deməkdir? Ümumiyyətlə, bu cərəyan haqda nə bilirik?
Qeyd edək ki, son dövrlərdə əksər insanlar ələvilik təriqətini İslamın şiə-cəfəri məzhəbi ilə qarışdırır. Hətta Türkiyədə də son illərə qədər çoxu ələviliyin şiəliklə eyni olduğunu təsəvvür edirdi. Ələviliyi bu gün aradan demək olar ki, tam qalxmış “əliəllahılarla” eyni cərəyan hesab edənlər də var. Mövzuya olan marağı nəzərə alaraq ələvilik haqda ümumi məlumatları bir yazıda xülasə etmək qərarına gəldik.

Bir İslam təriqəti olan ələvilik sufi-təsəvvüf görüşü üzərində qurulub. Bu gün ayrı-ayrı cərəyanlar kimi təqdim olunan bəktaşilik ələviliyin bir qoludur. Artıq müasir ələvilər son bir neçə yüz ildə Türkiyədə iki cərəyana bölünən ələvi-bəktaşi görüşlərini birləşdirir. O cümlədən qızılbaşlıq ələviliyin orta əsrlərdə geniş yayılmış qolu olub və bu gün təriqətlə (ələviliklə) birləşir. Ələvilik dedikdə isə heç şübhəsiz ki, bəktaşilik yada düşür.
Monqol işğalı dövründə Xarəzmdən Anadoluya köçmüş təsəvvüf şeyxi Hacı Bəktaş Vəlinin adı ilə bağlı olan bu cərəyanın mənsubları Osmanlı imperiyasının yaranıb möhkəmlənməsində, daha sonralar — Sultan Süleyman dönəmində isə Avropanın fəthində yaxından iştirak edib. Bəktaşilərin Osmanlı ordusundakı nüfuzu XIX əsrin əvvəllərinə qədər davam etdi. Bu dönəmdə yeniçərilərin ardıcıl qiyamlarından sonra Sultan və ətrafı artıq problemə çevrilən bu qoşun növündən imtina etmək qərarına gəldi. Təbii ki, bu kampaniya yeniçərilərə əsas təsir gücünə malik olan bəktaşilərdən də yan keçə bilməzdi. Osmanlı sultanının əmri ilə 1826-cı ildə yeniçərilərlə birlikdə bəktaşilər də “vuruldu”. Bəktaşi təriqəti qadağan edilməklə yanaşı təriqətə bağlı təkkələr bir çoxu bağlandı, bəziləri isə o zaman yüksəliş dövrünü yaşayan nəqşibəndi təriqətinə verildi. Əmlakları isə müsadirə olundu.
Amma bu tədbirlər bəktaşiləri nəinki zəiflətmədi, əksinə, Osmanlının Avropa hissəsində yayılmaqla yanaşı yaranmaqda olan müxalif hərəkatlara da böyük təsir göstərdi. “Gənc türklər hərəkatı”nı yaradıcılarından olan Namiq Kamal ana tərəfdən bəktaşi olmaqla yanaşı gəncliyində səmimi ələvi-bəktaşi olub, hətta o, gəncliyində İmam Əlini (ə) vəsf edən şeirlər yazıb, Məhəmməd Füzulinin fəlsəfi əsəri olan “Həqiqətus Suəda” əsərindən bəhrələnib.
Hazırkı Türkiyə siyasətində də ələvilərin çəkisi yüksəkdir. Ana müxalifətin lideri Dəniz Baykal ailəsinin ələvi təriqətinə mənsub olduğu bildirilir. Qeyd etdiyimiz kimi, ələvilik Türkiyə ilə yanaşı bir sıra ərəb ölkələrində də geniş yayılıb. Suriyanın hazırkı prezidenti Bəşər Əsədin ailəsi ələvi təriqətinə mənsubdur. Ümumiyyətlə, Suriya dövlət başçısının ata-baba yurdu Laziqiyyə, Tartus və Hələb şəhərlərində ələvilik geniş yayılıb.
ələvilər ibadət edərkən 

Ələvi inancı
Ələvilik Allah, Muhəmməd (s.a.s), Əli (ə) müqəddəsliyini qəbul edən. Həzrət Muhəmmədin (s.ə.s) yaxın silahdaşı, Əhli Beyt (ə.s) üzvü, birinci İmam Əli (ə) görüşlərini daşıyan təriqətdir. Ələvilik əsas cərəyandır. Bəktaşilik və qızılbaşlıq isə onun daxilində yaranıb. Yəni hər bir bəktaşi və qızılbaş özünü ələvi hesab edir. Əsasən Türkiyədəki ələvilərin babaqan və dədəgan qolları özlərini bəktaşi sayır.

Ələvi təriqətinin əsasında 4 qapı və 40 məqamı sistemi var. Ələviliyə görə, 4 qapı sıralama olaraq şəriət, təriqət, mərifət və sirri-həqiqətdən ibarətdir. Hər bir qapının 10 bölümü var ki, bu da 40 məqam sayılır. Şəriət məqamında iman gətirmək, elm öyrənmək, ibadətləri (namaz, oruc, cihad və sair) yerinə yetirmək, halallıq, nikah, heyz və nifasla nikahın haram olması, təmiz yemək, təmiz geyinmək və sair var. Ümumi olaraq 10 məqam mövcuddur. Təriqət məqamında tövbə, müridlik, nəfslə mübarizə kimi məsələlər dayanır. Üçüncü — mərifət məqamında ədəb, səbir və digər əxlaqi mərtəbələr dayanır. Dördüncü — həqiqət məqamı isə sırf təsəvvüf məqamı olaraq Tanrıya yaxınlaşmağı nəzərdə tutur.
Ələvilərə görə, ələvi inancının dayaq nöqtəsi təriqətin qurucusu İmam Əlidir (ə). O cümlədən Quranda adı keçən və Həzrət Muhəmməd (s.a.s), Əli (ə), Həzrət Fatimə (ə) və onun oğlanları İmam Həsən (ə) və İmam Hüseyndən (ə) ibarət olan Əhli-Beyt ələvi müqəddəsləri sayılır.
Ələvi inanc sistemində 3 əsas inanc — Allahın birliyinə inam, qəlbində ədavət olmamaq, pislik etməmək və təriqətin əmrlərinə sözsüz tabe olmaq və hər bir ələvinin yerinə yetirməsi vacib olan 7 əməl dayanır. Bunlar özündə ələvilər arasında qardaşlıq, sirr saxlamaq, zinadan qorunmaq, qeyri-qanuni cinsi yaxınlıqdan çəkinmə, əmanətdarlıq, Haqqa söhbət qılmaq və s. əməlləri birləşdirir. Ələvi əlinə, belinə, dilinə sahib durmalıdır, yəni haram işlər görməməli, qeyri-qanuni əlaqələrdən uzaq olmalı və yalan danışmamalıdır.

İbadət və namaz
Ələvilikdə dəstəmaz, namaz, oruc kimi ibadətlər var. Amma onlar bildiyimiz İslam ibadətlərindən bir qədər fərqlidir. Ələvilikdə iki dəstəmaz var və “xarici dəstəmaz” deyilən yuyunma Quran ayələri əsasında həyata keçirilir. Ələvilərin ibadəti namaz, niyaz və duadan ibarətdir. Namaz gündə üç dəfə — gün çıxanda, günorta və günəş batanda qılınır və İslamda göstərilən namazdan tamamilə fərqlənir. Ələvi “niyaz”ı isə Quranda qeyd olunan səcdəyə dayanan ibadətdir. Ələvilər “cəm evləri”ndə toplaşaraq toplu halında “niyaz” edirlər. Ələvilikdə qiblə insanın camalıdır. Cəm halda toplanan ələvilər musiqi alətlərinin (xüsusən saz) müşayiəti ilə “həlqə namazı” deyilən və əyilib-durmalarla müşayiət olunan namaz qılırlar. Bu zaman ələvilər “Allah, Allah!” deyə hayqırırlar.

Oruc
Qurban bayramından 20 gün keçəndən sonra hicri-qəməri təqvimi ilə yeni il başlayır. Ələvilər Məhərrəm ayının ilk günündən başlayaraq məhərrəm orucunu niyyət edir. Bundan 3 gün öncə “pak-məsum” orucu tuturlar. Bu isə İmam Hüseynin (ə) əmisi oğlu Müslim ibn Əqilin qətlə yetirilən iki azyaşlı oğlu — İbrahim və Muhəmməd üçün tutulur. Bu, Məhərrəm ayının 12 günü tutulan orucla birlikdə 15 gün davam edən və “Məhərrəm orucu” adlandırılan ibadətdir. 15 günlük orucdan sonra Məhərrəm ayının 13-də oruc başa çatır və ələvilər İmam Hüseynin (ə) oğlu Zeynulabidinin Kərbəlada sağ qalması şərəfinə qurban kəsir.

Ələvilər Məhərrəm ayında əyləncəli məclislər keçirməz, toy, nişan, sünnət olmaz, ət yeməz, bıçağa və digər kəsici alətlərə əl sürtməzlər, qurban kəsilməz, ər-arvad arasında cinsi münasibətlər dayandırılar. Ələvilər Kərbəla şəhidlərinin susuzluğunun dəhşətini əyani şəkildə, necə deyərlər, “öz dəriləri”ndə hiss etmək üçün bu dövrdə su içməzlər, susuzluqlarını yalnız tərkibində su olan qidalarla yatırarlar. Onlar saç-saqqalını da qırxmazlar.
Ələvilik cərəyanında saz xüsusi önəm daşıyır. Saz aşığı ələvi ibadətinin ayrılmaz hissəsidir. Demək olar ki, bütün mərasim və ibadətlərdə sazdan istifadə edən ələvilərin gündəlik həyatında da bu çalğı alətinin böyük rolu var. Səmah, yəni ələvilərin günahdan təmizlənmə mərasimində saz mühüm rol oynayır.
 

ələvi ritualları
Cəm evləri

Təbii ki, ələvilik dedikdə göz önünə gələn ilk kəlmələrdən biri də “cəm” sözüdür. “Cəm”lər, “cəm evlər”i ələvi təriqətində mühüm rol oynayır. Ələvilikdə “cəm” olmadan ibaadətlər qəbul olunmaz. Ələvilikdə bir çox cəm evləri, o cümlədən Qurban cəmləri, Görgü cəmləri, Bayram cəmləri, Abdal Musa cəmləri və təbii ki, inancın sütunu olan “qırxlar cəm”ləri dayanır.

Ələvi inancına görə, Həzrət Əli (ə) ələvilik təriqətini qurarkən yanındakı 40 nəfərlə ilk dəfə bir yerə yığıldı və beləliklə, “40-lar cəmi” yarandı. “40-lar cəmi” əslində müsəlman dünyasının mason (bəzi mənbələr XIX əsrdə ələvi-bəktaşilərlə masonlar arasında ciddi əlaqələrin olduğunu qeyd edir) sistemi sayılan ələviliyin inzibati sistemidir. 12 xidmət sütununa bölünən cəm xidməti aşağıdaakı strukturlardan ibarətdir. “40-lar cəmi” xidmətçilərinin başında mürşid (dədə) dayanır. Mürşid Peyğəmbəri (s.a.s), İmam Əlini (ə) və Hacı Bəktaş Vəlini təmsil edir. 2-ci sırada rəhbər dayanır ki, o da İmam Hüseyni (ə) təmsil edir. 3-cü pillədə gözçü adlandırılan və simvolik olaraq Əbuzər Qəffarini təmsil edən şəxs dayanır. 4-də Cabir Ənsarini təmsil edən çıraqçı (dəlilçi) qərarlaşır. 5-də Bilal Həbəşini təmsil edən zakir (dua və mahnıları ifa edən), 6-da süpürgəçi (təmizliyə baxan), 7-də meydançı, 8-də qurban kəsilməsinə və ərzaq paylanmasına nəzarət edən niyazçı, 9-da ibriqçi (ərəbcə “çaydan” deməkdir, ibadətə gələnlərin dəstəmaz almasına nəzarət edir), 10-da qapıçı adlandırılan qarovulçular rəhbəri, 11-də peyikçi adlandırılan qasid, nəhayət, 12-də ev üzvlərinə yemək paylanmasına cavabdeh olan şəxs dayanır.
Bu vəzifələrin hər biri İslam Peyğəmbəri (s.a.s) dönəmində yaşamış bir səhabəyə nisbət verilir və qeyd olunduğu kimi, təkcə “cəm evi”ndə ibadət edənlərə xidmət anlamı vermir, həm də bütövlükdə ələvi təriqətinin sütunlarını təşkil edir. Kifayət qədər mistik çalarlara malik olmasına, eləcə də səmavi dinlərin əsas prinsiplərindən kənara çıxmasına baxmayaraq ələvilik bir təriqət olaraq özünü qoruyub saxlaya bilir. Bütün İslam məzhəbləri ələviliyi əsl İslamdan kənar cərəyan sayır. O cümlədən son illərdə ələvilərin özləri arasında İslam məzhəblərinə meyllərin artdığı hiss olunur. Xüsusən də bir sıra məsələlərdə cəfəri məzhəbi ilə görüşləri üst-üstə düşdüyü üçün (İmam Əli (ə) və Əhli-Beytə məhəbbət mövzusunda) ələvilərin bir qismi cəfəri məzhəbinə keçir.

2 şərh

Nermin Nebibeyli
bu qadar darinliyini bilmirdim sayenizde oyrendim minnetdaram
mariya1971
Maraqlı idi, oxudum. Çalışaram ki, yadda  saxlayım.