Antik fəlsəfənin və müxtəlif dini ənənələrin Xristian dünyagörüşünün formalaşmasına təsiri

Xristianlıqdan öncə Romanın aristokratik dairələrində müxtəlif fəlsəfi təlimlər geniş yayılmışdı. Buna görə də savadlı romalılar qədim filosofların fikirlərini xristianlıqda tapmaq istəyində idilər. 

  Xristian apologeti Yustinusun fikrincə, «dünyanın yaranması və nizamlanması haqqında danışanda biz (yəni xristianlar) Platonu, onun yanıb məhv olması haqqında danışanda isə stoikləri təkrarlayırıq…» .Bir-biri ilə rəqabətdə olan xristian və bütpərəst dünya-görüşləri arasında müəyyən qar-şılıqlı fikirlər mübadiləsi prosesi-nin getməsi labüd idi. Lakin qeyd etmək lazımdır ki, antik və xristian ideyalarının biri digəri tərəfindən qarşılıqlı mənimsənil-məsi prosesi heç də hamı tərə-findən birmənalı qarşılanmırdı, bunun əleyhdarları da az deyildi.

Stoistizm fəlsəfəsinin bir çox məqamları xristianlığın bəzi ideyalarına çox yaxınlaşır. Xüsusi ilə bu Senekanın (Seneca) etik və əxlaqi baxışlarına aiddir. Buna dəlil olaraq onun bəzi fikirləri ilə Bibliyada olan fikirlərin oxşarlığını göstərmək olar:

 

Seneka

Biblya

1. «Xoşbəxt hesab etdiyimiz insanların daxilindən xəbərdar olsanız, görərsiniz ki, əslində onlar heç də xoşbəxt deyillər, alçaldılmışdırlar, ümidsizdirlər. Onlar yalnız zahirən öz evləri kimi gözəl bəzəniblər. Bu yalnız nazik bir suvaqdır».

«Vay halınıza, din alimləri və fariseylər, ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: çölü gözəl görünür, içi isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də beləcə insanlara zahirən saleh görünürsünüz, daxi-lən isə ikiüzlülük və fəsadlarla do-lusunuz». (Matta 23: 27-28)

2. «Sözü bir toxum kimi əkmək lazımdır: toxum balaca olsa da, mün-bit torpaq onu cana gətirir, ona qüvvə verir və o böyüyür. Əql də belədir» .

«Əkinçi Tanrının kəlamını səpir. Kəlamın səpdiyi yolun kənarındakılar bunlardan eşitdikləri zaman dərhal şeytan gəlir və ürəklərinə səpilən kəlamı götürüb aparır». (Markus, 4: 14, 20)

3. «Bir çox hallarda kitablar fikrimizi yayındırır».

«Çox oxumaq adamı yorur» (Vaiz, 12: 12).

 
Daha bir maraqlı cəhət ondan ibarətdir ki, Seneka da xristianlar kimi məhəbbət prinsiplərinə önəm verirdi. Senekanın bu cür fikirlərinin xristian ideyalara yaxın olması səbəbindən bəzi xristian xadimləri onun xristian olduğu və hətta apostol Pavlus ilə məktublaşdığı haqqında fərziyyələr irəli sürmüşdürlər. Lakin bunu sübut edən heç bir əsaslı dəlil yoxdur.

Stoisizmlə Xristianlığın arasında oxşarlıq həm də Loqosun mövcud olmasındadır. Lakin stoiklər üçün Loqos Heraklitin dövründən məlum olan taledir, xristianlar üçün isə o, eyni zamanda, həm Tanrının sözüdür, həm də onun oğlu kimi qəbul edilən İsadır.

Xristian dünyagörüşünün formalaşmasına təsir göstərən daha bir fəlsəfi məktəb — neoplatonizmdir. Plato fəlsəfəsində əsas yeri ideyalar haqqında təlim tutmuşdur. Xristianlıqda isə ideyalar İlahi nurlarla əvəz olunur. Məhz bu nur bütün varlığı əhatə edir və hər bir şeyin səbəbidir. Bir çox tədqiqatçılar hesab edirlər ki, hətta xristian əqidəsinin əsasını təşkil edən Trinitarizmin (Ata, Oğul və Müqəddəs Ruh üçlüyü) və neoplatoçu filosoflar Plotinus, Yamblikos (Jamblichos) və Proklusun (Proclus) triadalar ideyası arasında müəyyən paralellər mövcuddur.

Plotinus fəlsəfəsində olan mistik baxışlar da xristian mistisizmində dərin izlər buraxmışdı. Bu zülmət içində olan, İlahi nurdan təcrid olunan, günah içində olan dünyada o nura can atan və Vahidə (Tanrıya) doğru yönələn mömin insanlar ideyasına aiddir (Xristianlıqda Vahid üç sifətdə təzahür edən Tanrıdır). Kappodokiya xristian məktəbinin tanınmış nümayəndəsi olan Qreqorios deyirdi: «Mən hələ Vahid (Tanrı) haqqında düşünməyə başlamamış, Üçlük öz nuru ilə məni işıqlandırır. Üçlük haqqında düşünəndə isə Vahid (Tanrı) məni özünə cəlb edir. Üçdən biri mənə açılanda, mənə elə gəlir ki, bu Vahiddir, qalan hər şey mənim nəzərimdən qaçır. Çünki mənim ağlım o qədər məhduddur ki, Vahidi dərk etməkdən başqa bir şeyə yer qalmır. Üçü isə eyni fikirdə cəmləyəndə mən işıq saçan vahidliyi görürəm. Lakin orada birlik təşkil edən nuru ayıra bilmirəm».

Ümumiyyətlə patristika dövründə bir çox məşhur xristian ilahiyyatçısı və filosofu vaxtıykən yeni platoçuların məktəblərində dərs almışdırlar. Onların irəli sürdükləri ideyalarda neoplatonizmin ayrı-ayrı müddəaları ilə oxşar cəhətləri vardır. Yeni platoçuların məktəblərini Nazianzlı Qreqorios, Kesariyalı Basilios kimi tanınmış xristian ilhiyyatçıları bitirmişdir. Digər məşhur xristian ilahiyyatçısı Origenus isə məşhur nyeni platoçu Plotinus birlikdə neoplatonizmin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. 

 Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə: «Xristianlıq, tarix və fəlsəfə»  kitabı
 

0 şərh