Xristian ehkamlarının formalaşması dövrü və daxili çəkişmələr

İmperator KonstantinusIV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi. 

Bunu başa düşən imperator Konstantinus, imperiyada sabitliyə nail olmaq və öz hakimiyyətini möhkəmləndirmək üçün, xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o, 313-cü ildə, Xristianlığı hüquqi nöqteyinəzərdən, başqa dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.

Lakin Xristianlığın, müsbət və əlverişli cəhətləri ilə bərabər, nöqsanlı cəhətləri də var idi. Onun daxilində parçalanma hökm sürürdü və vahid, hamı tərəfindən qəbul edilən doktrinası hələ formalaşmamışdı. Xristianlığınparçalanması hətta çox təhlükəli təmayüllərin yaranmasına gətirib çıxarmışdı.

Məsələn, Afrikanın şimalında donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Lakin digər qismi təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmişdirlər.

311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Lakin məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Onu, dinindən çıxmış elan edən Donatus, 312-ci ildə öz partiyasını yaradaraq “satqın” yepiskoplar tərəfindən icra edilmiş xaç suyuna çəkilmə mərasimini qüvvədən düşmüş elan etmişdi və onun yenidən icra edilməsinin zəruri olması haqqında tələb irəli sürmüşdü. Donatçılar rəsmi Kilsəni günahlara batmış hesab edərək, ondan ayrılmış, öz ardıcıllarından yüksək mənəvi paklıq tələb edirdilər. Onların fikrincə kilsə mərasimləri, yalnız din xadimlərinin təmizliyi, davamçılarının isə həqiqi mömin olduğu halda, Tanrı tərəfindən qəbul edilir. Bundan başqa, onlar dinin dövlət işlərində iştirakının əleyhinə də çıxış edirdilər. Bu istək isə Roma imperatorlarının maraqlarına zərbə vururdu. Bu səbəbdən, Roma imperatorları Şimali Afrikada güclənən və kilsə birliyinə ağır zərbə vuran donatçı üsyançılarına qarşı qoşun yollamışdılar. Lakin bu heç bir nəticə verməmişdi və donatçılar bir neçə əsr ərzində (müsəlman istilasına qədər) Şimali Afrikada böyük nüfuza malik idilər. 
Donatçılardan başqa, müxtəlif qnostik təriqətlər (montançılar, markionçular, maniçilər və başqa cərəyanlar) də xristian birliyinə mane olurdu.

O dövrün cərəyanlarından biri də monarxianlar idi. Bu təriqət III əsrdə yaranmışdır. Onun ardıcılları trinitarizmi (Tanrının üç sifətlərdən ibarət olan təbiətini) inkar edib onun mütləq birliyini qəbul edirdilər. Trinitarizmi qəbul edən xristianları isə, onlar bütpərəst (üç tanrıya ibadət edən) elan etmişdilər. Monarxianlar iki hissəyə bölünmüşdürlər: dinamistlər və metodistlər (savelianlar). Dinamistlər İsanı, Tanrı tərəfindən yaradılmış və ona İlahi qüdrət, enerji və müdriklik verilmiş bir insan hesab edirdilər. Dinamistlərin ideoloqu Samosatalı Pavlus olmuşdur. Modalistlər isə İsanı, Tanrı təcəllisinin bir üsulu, forması hesab edirdilər. Birinci halda İsanın İlahi təbiəti inkar edilirdi, ikincisində isə onun İlahiliyi qəbul edilsə də, o Atadan və Müqəddəs Ruhdan fərqli şəxsiyyət deyil idi. Beləliklə modalizm Ata ilə Oğul arasında fərq görmürdü. Buradan isə belə nəticə çıxarılırdı ki, çarmıxa Atanın özünü çəkmişdilər.

Donatçılarla monarxianlardan başqa müxtəlif qnostik təriqətlər — montançılar, markionçular, maniçilər və digər cərəyanlar da Xristianlığın birliyinə zərbələr vururdular. 

Presviter AriusIII əsrdə daha bir ixtilaf meydana çıxmışdır. İsanın mahiyyətinin nədən ibarət olması haqqında xristoloji mübahisələr rəsmi Kilsəni parçalanma həddinə gətirmişdi. Bu mübahisələr İsanın Tanrı ilə eyni mahiyyətə (homousios) və ya ona bənzər mahiyyətə (homojusios) malik olması sualından yaranmışdır. Bu mübahisə İsgəndəriyyədə başlanmışdı. İsanın Tanrıya bənzər mahiyyətə malik olması ideyası ilə presviter Arius

çıxış etmişdir. Onun fikrincə Loqos (İsa) Tanrı tərəfindən yaradılmışdır. Ata ilə Oğulun təbiətləri eyni deyil. Əks təqdirdə onların arasında fərq olmazdı. Ariusun fikrincə, İsa hər şeydən əvvəl yaradılmışdı, lakin əbədi deyil. O, başqa məxluqlara nis-bətən daha fəzilətlidir, çünki Tanrı dünyanı onun vasitəsi ilə yaratmışdı. Ata ilə Oğulun arasında mütləq, Oğul ilə digər məxluqun arasında isə nisbi fərqlər vardır. Əgər Oğul Ata-ya bərabər adlanırsa buna Atanın özü razılıq vermişdir. Deməli o do-ğulmuş Oğul deyil, yaradılıb, sonra oğulluğa götürülən şəxsiyyətdir. Bütün məxluqlar kimi, İsanın da azad iradəsi, xeyri şərdən ayırma seçimi vardır. Bu iradə ni xeyrə yönəltdiyinə görə o günahsız olmuşdur.

Beləliklə, Arius deyirdi ki, İsanın təbiəti Tanrının təbiətindən fərqli olsa da, ona bənzərdir. O, birinci və ən ali məxluqdur və adi insan deyil.

Ariusun bu fikirlərinə qarşı yepiskop Aleksandr (Alexsandrus) və onun ardıcılı olan Atanasios (Athanasios) çıxış etmişdirlər. Onların fikrincə, Ata ilə Oğulun təbiətləri birdir. Tanrı insan bədənində dünyaya ona görə gəlmişdir ki, insanı özünə tərəf yönəltsin. Oğulu (İsanı) tanıyan, Atanı da tanıyacaq. Onlar vəhdətdədirlər.

320-ci ildə kilsə məclislərinin birində İsgəndəriyyə kilsəsinin başçısı vəzifəsində olan yepiskop Aleksandr, Ariusu kilsədən xaric edərək, onun təlimini rədd edib, heres adlandırmışdır. Lakin, buna cavab olaraq, Arius və onun tərəfdarları öz fəaliyyətlərini qətiyyətlə davam etdirib, genişləndirmişdirlər. Beləliklə vahid təlimi olmayan kilsədə parçalanma meylləri daha da artmışdır.

Hadisələrin bu cür inkişafı, Xristianlıq faktorundan öz siyasi maraqları üçün istifadə etmək istəyən bütpərəst imperator Konstantinusun (Constantinus) planları ilə üst-üstə gəlmirdi. Kilsənin parçalanmasına son qoymaq istəyən imperator, 325-ci ildə Nikeya şəhərində I Ümumdünya Kilsə Məclisini çağırmışdı. Orada o, yepiskop Aleksandrın və Atanasiosun fikirlərini dəstəklədi və, nəticədə, arianlıq pisləndi və heres adlandırıldı.
Beləliklə, Nikeya məclisinin qərarı ilə Atanın Oğulla vəhdət təşkil etməsi ehkamı rəsmi şəkildə qəbul olundu. Bu qərarın arxasında imperator Kontantinusun dayanması, onu rəsmi doktrinaya çevirdi. Məsələ bundadır ki, imperator tərəfindən dəstəklənən qərara qarşı çıxmaq, dövlətə qarşı çıxmaq demək idi. Buna görə Nikeya məclisindən sonra arianlığa və başqa təriqətlərə qarşı təqiblər kompaniyası başlandı.

İsgəndəriyyəli Atanasios326-cı ildə İsgəndəriyyə yepiskopu Aleksandrın vəfatından sonra bu vəzifəni Atanasios tutmuşdu. O arinanlara qarşı mübarizəni davam etmişdi. Lakin bir qədər sonra vəziyyət dəyişmişdi. Arianlara qarşı aparılan siyasət onların etirazları ilə qarşılaşmışdı. Onların böyük nüfuzu isə Romada siyasi sabitliyi poza bilərdi. Buna görə imperator Konstantinus öz seçimini dəyişərək bu dəfə arianları dəstəkləməyə başladı. Bundan sonra təqiblərə arianlar deyil, yepiskop Atanasios və onun tərəfdarları məruz qalmışdılar.

335-ci ildə Fələstinin Tir şəhərində arianlar öz kilsə məclislərini yığıb Atanın Oğula bənzər olması formulasını (homosusios) qəbul edib, Atanasios tərə findən müdafiə edilən, onların eyni mahiyyətli olması fikrini rədd etmişdilər. Nikeyada qəbul edilən qərar artıq öz qüvvəsini itirmiş olmuşdu. İmperator Konstantinus də yeni formulanı dəstəkləmişdi. Rəvayətə görə o, ölümündən bir az əvvəl Xristianlığı arian formasında qəbul etmişdi.

Lakin arianların qələbəsi də gözlənilən nəticələr verməmişdir. Məsələ bundadır ki, Atanın Oğulla bir mahiyyətə malik olması ideyasının da çoxlu tərəfdarları var idi. Onlar da öz növbəsində Tir Kilsə Məclisinin qərarlarını rədd etmişdilər. Konstantinusun ölümündən sonra, onların mövqeyi daha da gücləndi. İmperiyanın Şərqində isə hakim ideologiya arianlıq idi.

Bu ziddiyyətlərin ortadan qaldırılması üçün, Roma yepiskopu I Yulius (Julius) (337-352) 343-cü ildə Serdik şəhərində Kilsə Məclisini yığmışdı. Bu məclisdə Roma imperiyasının qərbindən olan yepiskoplar çoxluq təşkil etdiyinə görə, Nikeya məclisində qəbul edilmiş qərar dəstəkləndi. Serdik məclisinin qərarı ilə, bununla razı qalmayan yepiskoplar öz etirazlarını Roma yepiskopuna çatdıra bilərdilər. Bundan sonra Roma papazlarının nüfuzu artdı və onlar başqa kilsələr üzərində rəhbərlik etmək iddiasında oldular.

Lakin bununla da iş bitmədi. İmperiyanın şərqindən olan yepiskoplar Serdik məclisinin qərarlarını bəyənməyərək, Fillippolis şəhərində öz məclislərini yığıb, arian yönümlü qərarlar qəbul etdilər.

355-ci ildə imperator Konstansius (Constantius) Mediolan şəhərində növbəti Kilsə Məclisi yığmışdı. Orada Serdik Kilmə Məclisinin qərarları rədd edildi, yepiskop Atanasios və onun tərəfdarlarına qarşı təqiblərə başlanıldı. İmperator Konstansius hətta yepiskoplara demişdir: «Mənim buyruqlarım sizin üçün kilsə qanunudur (kanondur)». Beləliklə arianlıq tam qələbə çaldı. 

Sonra Roma papazı Liberius (352-366) hakimiyyətin təzyiqləri altında daha bir barışdırıcı fikirlə çıxış etmişdi. O demişdi ki, Atanın Oğul ilə eyni mahiyyətə malik olması, ya da ona bənzər olması, insan əqli tərəfindən dərk edilməyən məsələdir, çünki bu barədə Müqəddəs Kitabda bir şey deyilmir. 
Lakin arianlığın qələbəsi müvəqqəti xarakter daşıyırdı. Onun daxilində birlik yox idi və bu cərəyan təriqətlərə bölünməyə başladı.

İmperator Teodosiusun (Theodosius) dövründə (379-395) arianlıq məğlub edilib, ortalıqdan çıxarılmışdır. 381-ci ildə imperator Konstantinopolisdə (İstanbulda) yeni Kilsə Məclisini çağırıb, mövcud olan bütün xristian dininin əsas etiqad prinsiplərini yenidən nəzərdən keçirmişdi. Son olaraq o, yalnız Atanın Oğulla bir mahiyyətə malik olması formulasını bəyənərək, başqalarını qanundan kənar elan etmişdi. Bu qərar imperatorun əmri idi. Bunu qəbul etməyənlər ağır işgəncə və təqiblərə məruz qalmışdılar. Beləliklə zor gücü ilə nəhayət vahid kilsənin yaradılması mümkün olmuşdur. O zaman, Roma papazı Damasus isə, Hiyeronimus (Hieronimus) (342-420) tərəfindən edilmiş Bibliyanın latın dilinə tərcüməsini bəyənərək, Müqəddəs Kitabın başqa variantlarını qanundan kənar vəziyyətində qoymuşdur. 

Bütün bu hadisələrə baxmayaraq müxtəlif xristian təriqətləri öz fəaliyyətlərini müxtəlif formalarda, əksər hallarda gizli halda, davam etdirirdilər. Vaxtaşırı onlara qarşı müxtəlif tədbirlər həyata keçirilirdi.

Xristianlığın dövlət dininə çevrilməsi prosesində yeganə maneə imperator Yulianus (Julianus) (361-363) olmuşdur. O bütpərəstliyi dirçəltmək istəyirdi  və bütün dinlərə bərabər hüquqların verilməsinin tərəfdarı idi. Lakin Yulianus İranla savaş zamanı həlak olmuşdu və onun ölümündən sonra Xristianlığın dövlət dininə çevrilməsi prosesi məntiqi nəticəsinə çatmışdı.

Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə»  kitabı    

0 şərh