Avqustinusdan sonra Avropa fəlsəfəsi

Avqustinus Aureliusdan sonra Avropada fəlsəfi, siyasi-ictimai fikir tənəzzülə uğramışdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin əsasını təşkil etmişdir və ehkam şəklində tədris edilirdi. Antik fəlsəfə, demək olar ki, sıxışdırılıb, unudulub, ortadan çıxarılmışdır. Antik ədəbiyyat isə, xristian təəssübkeşləri tərəfindən məhv edilmişdi, bir qismi isə, kilsə kitabxanalarında qalıb, tamamilə unudulmuşdu.

XIII əsrə qədər Avropada mənəvi, ictimai və siyasi həyatın əsasını təşkil edən xristian fəlsəfəsi, neoplatonizmin güclü təsiri altında formalaşmışdır. Lakin neoplatoçu filosofların əsərlərinə və şəxsiyyətlərinə maraq olmamışdır. O dövrün ilahiyyatçıları öz əsərlərində əsasən Avqustinus Aureliusun təliminin müddəalarını təkrarlayırdılar, onu şərh edirdilər, bəzən isə onun müəyyən fikirlərini tənqid edirdilər. Məsələn, Reyalı Faust adlı bir mütəfəkkir, Avqustinusdan fərqli olaraq, ruhların maddədən ibarət olduğunu iddia edirdi. Onun fikrincə, əgər ruh bədənə can verirsə, deməli o onun hansısa bir yerində yerləşir və maddədir. Maddə olmayan varlıq isə yalnız Tanrıdır.

Faustu təkzib və tənqid edən Klavdianus (Claudianus)  Mamertus (474-cü ildə ölmüşdür), ruhun maddə olmadığını subut edərək, əsasən Avqustinusun «De quantitate aniniae» kitabına istinad edirdi.

«De statu animae» (Ruhun statusu haqqında) əsərində o, xeyirlərin təsnifatını vermişdi:

1) Tanrı – ən yüksək xeyirdir. Ona məkanda hərəkət, zamanda dəyişmə keyfiyyətləri aid edilə bilməz. O muhakimə edib, muhakimə edilə bilməz.
2) Tanrıdan sonra ruh gəlir. O müəyyən keyfiyyətlərə malikdir. Məkanda deyil, zamanda hərəkət edir. Ruh muhakimə edib, muhakimə edilə bilər.
3) Ruhdan sonra bədən gəlir. Onun keyfiyyət və kəmiyyət ölçüləri vardır. O zaman və məkanda hərəkət edir. O muhakimə etmir və muhakimə edilmir.

Bu təsnifatdan Mamert, ruhun bədən olmaması və maddə olmaması nəticəsinə gəlir.

«De statu animae» əsərində Klavdian hərəkətin də özünəməxsus təsnifatını verir: hərəkətin ən yuksək forması Tanrıya məxsusdur. Onun hərəkəti ondan həyatverici enerjinin ayrılmasıdır. Bu hərəkət zaman və məkan anlayışlarından daha yüksəklərdədir. Sonra ruhun hərəkəti gəlir. Onun hərəkəti məkanda deyil, zamanda baş verir. Daha sonra isə maddi cisimlərin hərəkəti gəlir. Bu hərəkət həm zamanda, həm də məkanda baş verir.

Daha sonra Klavdian Avqustinusun ardınca neoplatoçuların ruhu həyatla eyniləşdirməsi ideyasını qəbul edir və bu eyniləşdirmədən onun ölməzliyini və cisim olmaması haqqında danışır. Onun fikrincə, ruh həm də Tanrının obrazıdır.

Digər mütəfəkkir – afrikalı Makrobius (Ambrosius Theodosius Macrobius) da, neoplatonizmin təsiri altında Vahid-Əql-Ruh üçlüyünü qəbul edirdi. Lakin Plotinusdan fərqli olaraq, Vahidlə Əqli eyniləşdirirdi, bir çox hallarda Vahidə Əqlin xüsusiyyətlərini aid edirdi. Ruh isə hər şeyin ruhunun daşıyıcısıdır. Fərdi ruhların Ruhdan ayrılması vahidlikdən çoxluğa keçiddir. Materiya yoxluqdur. Orada Ruhdan ayrılan fərdi ruhlar əks olunur. Ruhların ayrılması gunahın nəticəsidir, materiyada təcəssüm olmaq cəzadır. Bədən isə ruhun tabutudur. Orada o keçmişini unudur. Lakin təmizlənərək və özünü dərk edərək, ruh, öz əvvəlki vəziyyətinə qayıda bilər və öz keçmişini yada sala bilər. Makrobius pifaqorçular və platoçular kimi ruhların köçməsini (metampsixozu) qəbul edirdi. Bu cur fikirlərə görə o, tənqidlərə məruz qalmışdı.

Orta əsr dünyagörüşündə simvolik və alleqorik düşüncə tərzi əhəmiyyətli yer almışdı. Bu düşüncə tərzi fəlsəfəyə də təsir etmişdi. İnsanı əhatə edən dünya, rəmzlər və alleqoriyalar sistemi kimi düşünülürdü. Bu rəmzlərin açılması bir məqsədə çevrilmişdi. Bu cür düşüncə tərzi orta əsrlərin istibdad və zülmündən irəli gəlirdi. Kilsə düşüncəsindən azad olmaq üçün insanlar öz fikirlərini simvol, obraz, rəmzi bənzətmə vasitəsi ilə ifadə edirdilər və bununla bir növ kilsə düşüncə tərzinə, rəsmi ekzegetikaya qarşı etiraz edirdilər, öz fikirlərini oxucu kütləsinə çatdırırdılar. Bu üslubda Martsianus Kapella (Marcianus Capella) «De Nuptiis Mercurii et Philologiae» (Merkuri və Filologiyanın evlənməsi) kitabını yazmışdı. Öz əsərində Martsianus, müxtəlif fəlsəfi və etik anlayışları – Filologiyanı, Ədaləti, Ölməzliyi və s. şəxsiyyətlərə çevirib onlarla bağlı hadisələr uydurmuşdur. Məqsəd – oxucuda biliyə məhəbbət hissini oyatmaqdan ibarət idi. Bu cür alleqoriyalardan Qərb patristika dövrünün sonuncu görkəmli nümayəndəsi Boetsius də istifadə etmişdir.

Severinus Boetsius
Anisius Manlius Severinus Boetsius (Anicius Manlius Severinus Boethius) (480-526) Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boetsiusu Ostqot dövlətitinin mövcudluğuna son qoyulması məqsədi ilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boetsius, zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiusa “sonuncu romalı” ləqəbi vermişdilər.

Boetsius tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) «Başlanğıclar» əsərini tərcümə etmişdi. Daha sonra o Aristotelin «Kateqoriyalar» əsərlərini tərcümə və şərh etmişdir.

Boetsius bir neçə ilahiyyat risaləsinin də müəllifi olmuşdur. Lakin bəzi tarixçilər onların müəllifinin həqiqətən Boetsius olduğuna şübhə edirlər. Bu əsərlərdən ən tanınmışı «De Trinitate» (Müqəddəs Üçlük haqqında) risaləsidir. Bu əsərdə Boetsius Xristianlığın əsas ehkamlarından olan “Üçlü yü”, əqli nöqteyi-nəzərdən əsaslandırmağa çalışmışdır. Bunun üçün müəllif “birlik”, “eynilik”, “fərq” kimi anlayışların mahiyyətini, sonra isə, fərqlərin və eyniliyin cinsi, substansial, aksidensial növlərini təyin etmişdir. 

Maddi şeylər üçün xas olan bu fərqlər, mütləq olan İlahi mahiyyətə aid edilə bilməz. Buradan Tanrının birliyi haqqında nəticə çıxarılır. Lakin burada Tanrı birliyinin Onun üç siması ilə necə uyğunlaşdırılmalı sualı yaranır. Bu suala cavab verməyə cəhd edən Boetsius Aristotelin on kateqoriyasına müraciət edir. Yeni platoçuları təkrarlayaraq o, bu kateqoriyaların Tanrıya aid edilməsinin mümkünsüz olduğunu iddia edirdi. Məsələn, Tanrıya “böyük“ yaxud “mərhəmətli” deyəndə insanlar onları başqa mənada işlədirlər, çünki insan anlayışları Tanrıya aid edilə bilməz. Tanrı hər şeyin əvvəli olduğuna görə, substansiyadır. Eyni zamanda o, substansiyadan da uca olan bir varlıqdır, çünki insan anlayışında substansiya həm də əhəmiyyətsiz şeylərin (aksidensiyaların) daşıyıcısıdır. Tanrıda isə, aksidensiyalar ola bilməz.

Aristotelin kateqoriyalarını təhlil edən Boetsius, “münasibət” kateqoriyasına xüsusi nəzər yetirir. Onun fikrincə, bu kateqoriya Tanrının mahiyyətini daha da məqsədəuyğun şəkildə səciyyələndirir. Bu münasibətlərdə bir şey haqqında xəbər verən anlayış (peridikat) nisbi ola bilər və buna görə də o şeyin mahiyyəti dəyişə bilməz. Buna misal olaraq, Boetsius ağanın öz quluna olan münasibətini göstərir. Qul ölsə, insan ağalıqdan məhrum olur. Lakin onun təbiəti, yaxud mahiyyəti, dəyişmir. Bu fikirləri Tanrıya aid edən Boetsius Ata, Oğul, Müqəddəs Ruh üçlüyündə də fərqlərin nisbi olduğunu və Tanrının öz substansial mahiyyətində bir olduğunu iddia edirdi.

Boetsiusun daha bir tanınmış əsəri «Consolatio Philosophiae» (Fəlsəfədən təsəlli tapmaq) adlanır. Bu əsəri o, zindanda, öz edamından bir qədər öncə yazmışdı.

Bu əsərdə qadın obrazını almış və simalaşdırılmış Fəlsəfə ilə Boetsiusun arasında dialoq baş verir. Öz edamını gözləyən Boetsius artıq ədalətə inamını itirib, özü üçün ölüm arzulayır. Bu anda onun qarşısına bir əzəmətli xanımın simasında Fəlsəfə gəlir və onunla dərin mənalı söhbətlər apararaq ona təsəlli verir. Fəlsəfə Boetsiusa, onun dünyanın ədalətsiz olması və hər yerdə şərin hökm sürdüyü haqqında fikirlərinin yalnış olduğunu bildirir. Məsələ bundadır ki, bu dünya ədalətli olan Tanrı tərəfindən yaradılıb, idarə edilir. Tanrı isə, insanı ölməzlik üçün yaradıb. Onun əsl vətəni yer deyil, göylərdir. Bu cür fikirlərlə təsəlli tapmış Boetsius, ölümünü laqeydliklə qarşılamağa hazır olduğunu bildirir.

Əsərin ikinci və üçüncü hissələrində insan xoşbəxtliyinin var-dövlətdən, hakimiyyətdən, duyğular vasitəsi ilə həzz almadan və ümumiyyətlə bu dünyadan asılı olmaması haqqında bəhs edilir. Səadət və xoşbəxtlik yalnız Tanrıya doğru mənəvi yüksəlmədədir. Buna görə də Boetsius Tanrının mövcud olması haqqında fikirlərinə çoxlu yer verir. Boetsiusun fikrincə, Tanrının ən kamil varlıq olduğu ideyasından, Onun tərəfindən intizamlı və ahəngli dünyanın yaradılması fikri yaranır. Dünyanın yaranması haqqında yazan Boetsius bir çox hallarda Platonun «Timeus» (Timaeus) əsərində olan fikirləri təkrar edirdi. İnsan əsl səadətə, öz iradəsini və əməllərini könüllü olaraq Tanrıya tabe edəndən sonra, çata bilər.

Əsərin dördüncü hissəsi teodiseya probleminə həsr olunmuşdur. Tanrıya dünyada olan şərin mövcud olmasına görə bəraət qazandırması 2 variantda gedir: biri stoiklərin fəlsəfəsindən məlum olan estetik, digəri isə Platonun «Qorgias» (Gorgias) əsərində olan etik variantlardır.

Estetik teoditesiyasında Boetsius insana şər kimi görsənən bir şeyin, əslində özünə məxsus şəkildə xeyrə və gözəlliyə qulluq etdiyini iddia edirdi. Şərin mövcud olmasına görə Tanrını günahkar bilən insan, öz düşüncəsinin məhdudluğundan kənara çıxa bilmir.

Etik teodiseyasında Boetsius əxlaqsızlığın, qüsurun mütləq cəzalanacağına şübhə etmirdi. Əslində əxlaqsız olmaq, artıq cəzadır, çünki mənəvi əxlaqsızlıq insanın ən böyük sərvətinə – onun ruhuna xələl gətirir.

Xeyirli və şər insanlar xoşbəxtliyə çatmaq istəyindədirlər. Lakin xoşbəxtliyə yalnız xeyirli insanlar çata bilərlər, çünki xeyir əməllərin edilməsi Xeyirə qovuşmaq deməkdir. Xeyrə qovuşmaq isə xoşbəxtlikdir. Bununla da Tanrının ədaləti təmin olur.

«Consolatio Philosophiae» kitabının beşinci hissəsində taleyin insan iradəsi ilə hansı şəkildə uyğunlaşması məsələsinə baxılır. Burada Boetsius Tanrı (Providentia) və tale (fatum) arasında fərqlər qoyur. Qəzavü-qədər əbədiliyə, tale isə zamana aid edilir. Əbədilik üçün “öncə” və “sonra” anlayışları yoxdur. O həmişə indiki zamanda olur. Buna görə də Tanrı, hər bir şeyə ümumi nəzər yetirir. Zaman isə həmişə keçmişdən gələcəyə hərəkət edir. O indiki zamanda yalnız bir an olur. Buna görə, zaman mürəkkəb bir şey olduğu halda, əbədilik sadə və bölünməzdir.

İlahi qəzavü-qədər Tanrı iradəsini əks etdirən bir mərkəzdir. Tale isə, hər bir şeyin daxili qanunu olaraq, onun hərəkətini, Tanrı qanununa uyğun olaraq, zamanda və məkanda təmin edir. Buna görə taledən asılılıq, zaman və məkandan asılılıq deməkdir. İnsan mərkəzdən nə qədər uzaqlaşarsa, o qədər də o, onu arxasınca aparan çərxi-fələyin hərəkətini duyur. Əksinə, insan nə qədər çox Tanrıya yaxınlaşırsa, o qədər sabit və azad olur. Deməli tale insan azadlığı üçün maneə deyil, çünki onun təsiri altından əbədiliyə yönəlməklə çıxmaq olar.

Daha sonra Boetsius insan azadlığı və İlahi biliyin bir-biri ilə hansı münasibətdə olduğu haqqında söhbət açır. Məsələ bundadır ki, əgər Tanrı əvvəlcədən hər şeyi bilirsə, onda bu bilik insan azadlığının heçə enməsi problemini ortaya çıxarır. Bu cür suallara cavab verən xanım Fəlsəfə deyir ki, heç bir bilik azadlığa zidd ola bilməz. Keçmişdə baş verən hadisələrin bilinməsi, artıq baş verən hadisələrə təsir edə bilməz. İndiki zaman haqqında bilik də azadlığa mane olmur. Yəni, məsələn, atlını müşahidə etmək, onu idarə etmək deyil. Gələcək haqqında bilik isə, yalnız Tanrıya məxsusdur. O hadisələri indiki zamandakı kimi görür, çünki əbədilikdə keçmiş və gələcək anlayışları yoxdur. Deməli Tanrının əvvəlcədən hər şeyi bilməsi sadəcə olaraq müşahidənin nəticəsidir, ona görə də bu bilik insan azadlığının məhdudlaşdırıması demək deyil. İlahi qəzavü-qədərin olması insanın azad hərəkət etməsi üçün maneə deyil. İnsan gələcəyini seçir, Tanrı üçün isə gələcək yoxdur.

«Consolatio Philosophiae»  kitabının ən maraqlı cəhətlərindən biri, bu əsərdə bir dəfə də olsun Bibliyaya, xristian klassiklərinə, İsanın kəlamlarına istinad edilməməsidir. Digər tərəfdən isə, bu əsərdə stoitsizmin və platoçuluğun güclü təsiri hiss olunur. Buna görə də «Consolatio Philosophiae» əsərinin həqiqətən xristian olan Boetsiusa məxsus olması şübhələr doğururdu və bu günə qədər bu məsələ mübahisəlidir. Digər tərəfdən belə fikirlər də vardır ki, həyatının sonunda Boetsius xristian dinindən imtina etmişdir və bütpərəst fəlsəfəsində təsəlli taparaq «Consolatio Philosophiae» əsərini yazmışdır. Bütün bu şübhələrə baxmayaraq katolik kilsə Boetsiusu ölümündən sonra müqəddəs şəxsiyyət elan etmişdir.

Flavius Kassiodorus 
Flavius Maqnus Aurelius Kassiodorus (Flavius Magnus Aurelius Cassiodorus) (477-570) Boetsiusla birlikdə Ostqot kralı Teodorikusun sarayında nazir vəzifəsində çalışırdı. Öz zəmanəsinin ən istedadlı siyasi xadimlərindən biri olmuşdur. Boetsiusdan fərqli olaraq, Flavius daha ehtiyatlı siyasətçi olmuşdu. O təqiblərdən yaxa qurtara bilmiş və Teodorikusun varislərinin çarlığı zamanı da nüfuzunu qoruyub saxlaya bilmişdir.

«Vivarium». Orta əsrlər əlyazmasından səhifə540-cı ildə bizanslıların hucumlarından sonra Flavius İtaliyanın cənubundakı malikanəsində «Vivarium» adlanan monasterion təsis etmişdir. Burada əlyazmaları yığaraq, Qərbdə ən zəngin kitab-xananın əsasını qoymuş-dur.

Flaviusun ən tanınmış əsərindən biri «Institutiones divinarumet saecularium litterarum» (İlahiyyat və dünyəvi elmlərdə nəsihətlər) adlanır. Bu kitabı gələcəkdə rahiblər və savadlı xristianlar öz elmi fəaliyyətlərinin nizamnaməsi kimi qəbul etmişdilər. Kitabın birinci hissəsi rahiblərin yol verilən zehni əməklə məşğul olmalarına aid olan nəsihətlərə həsr olunmuşdur. Burada tərcü-mə, köçürmə, şərh vermə işinə böyük əhəmiyyət verilmişdir. Keçmiş irsin qorunub saxlanmasının vacibliyi fikri vurğulanır. Ümumiyyətlə Flavius Kassiodorus qədim əlyazmaların köçürülmə işini savablı bir iş adlandırmışdır və bu işi monasterion həyatının tərkib hissəsinə çevirmişdir. Gələcəkdə bu işlə orta əsrlərdə yaşayan rahiblər məşğul olmuşdular. Flavius əlyazmalarının köçürülməsinin vacibliyini bir dini prinsip kimi elan etməsəydi, bəlkə də, qədim irsin bir çox nümunələri məhv olub bizim zəmanəmizə qədər çatmazdı. Eyni zamanda Flavius, dünyavi elmlərə və fəlsəfəyə də böyük əhəmiyyət verirdi. O hesab edirdi ki, bu elmlərin öyrənilməsi Bibliyanın daha da yaxşı anlaşılmasına köməklik edir. Bubarədə o, kitabın ikinci hissəsində yazırdı.

«Institutiones divinarumet saecularium litterarum» kitabından başqa, Flavius Kassiodorus tarix, fəlsəfə, ədəbiyyat kimi elmlərə aid bir sıra əsərlər müəllifi olmuşdu, Bibliyaya şərhlər yazmışdı.

Flavius Kassiodorus fəlsəfəsi əsərlərindən biri «De anima» (Ruh haqqında) adlanır. Bu kitabın əsas ideyaları Avqustinusun və Klavdianusun bu sahədə yazılmış əsərlərinin məzmununu təkrarlayır. Əsərin əsas məqsədi ruhun cisim olmadığını və onun ölməzliyini sübuta yetirməkdən ibarət olmuşdur. Flaviusa görə, əgər ruh yalnız əql vasitəsi ilə dərk olunan əbədi və dəyişməz anlayışlar haqqında biliklərə malikdirsə, deməli o özü də onlara bənzər cinsdən olmalıdır. Buna görə də o, ölməzdir və cisim ola bilməz. Eyni zamanda, ruh Tanrı tərəfindən yaradılıb, məxluqdur. Buna görə də o, dəyişikliklərə məruz qalır və onun sonu vardır. Flaviusa görə ruh Tanrı tərəfindən yaradılmış, cisim olmayan substansiyadır. O bədənə can verir, ölməzdir, xeyir və şər ola bilər. Ruhun necə yaradılması məlum deyil. O bədənin hər nöqtəsində tam olaraq mövcuddur. 

Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə»  kitabı 

0 şərh