Müasir Misir nəsrində Xristianlıq və İslam

Baha Tahir təkcə vətənində deyil, ölkə sərhədlərindən kənarda da məşhur olan Misir yazıçılarından biri hesab edilir. Onun 1991-ci ildə nəşr edilən «Xalam Safiya və monastır” romanı bir çox ədəbiyyatçıların marağına səbəb olmuşdur. Bu roman əsərdəki təhkiyəçinin bədii zaman strukturunda bəhs etdiyi uşaqlıq illəri haqqındadır.
Roman Safiya adlı gözəl qızın qohumu Hərbiyə qarşı olan nakam məhəbbətindən bəhs edir. Lakin Hərbi konsul məqamına yüksələn altmış yaşlı əmisinin Safiyə ilə nişanlanmasına vasitəçilik edir. Qız nikaha razılıq verir və onun sevgisi ərinə yönəlir. Lakin bu sevgi səmimiyyətdən uzaqdır. Qəlbində Hərbiyə qarşı nifrət yaranan Safiyə onu məhv etmək qərarına gəlir.
Söz-söhbət yayılır ki, Hərbi mirasa görə Safiyənin oğlunu öldürməyi planlaşdırır. Bu xəbər Safiyənin ərini qəzəbləndirir və o keşikçi ilə birgə Hərbini cəzalandırmağa yollanır. Təhqir olunmuş qəhrəman qəzəb anında öz əmisini öldürür və həbs edilir. Konsulun ölümündən sonra intiqam hissi ilə qovurulan Safiyə ərinin cənazəsinə üz tutub „Beləliklə, ətrafdakı kişilərin ağlını başından alan gözəllər gözəli Safiyə elə həmin ətrafdakıların qorxmağa başladığı Safiyə xalaya çevrildi” deyir. Təhkiyəçinin atası (həmin zamanlar məscidin imamı) romanın azadlığa çıxan qəhrəmanı Hərbini Safiyənin intiqamından qorumaq üçün xristian monastırında gizlədir. Bu əməl ətrafdakı müsəlmanların hiddətinə səbəb olur və cümə namazlarından biri zamanı ondan soruşurlar: “Müsəlman monastırda necə gizlənə bilər?” Hərbinin şərəfini qorumağa çalışan imam öz növbəsində onlara sual verir: „Məgər bizim hamımızın sevimlimiz olan peyğəmbər ilk müsəlmanların həyatlarını xilas etmək üçün onları abissindən olan xristian keşişin yanına göndərməmişdimi?”
Müasir Misir nəsrində Xristianlıq və İslam
Monastır Safiyənin qisasını həyata keçirməsinə əngəl törədir. Qəzəb içərisində olan qadın onu körpə ikən övladlığa götürən ailəsi ilə bütün qohumluq əlaqələrini kəsir. Romanın sonuncu bölməsi olan “Süqut”da Misir xalqının 1967-ci ildə doğma torpaqlarının işğalı zamanı yaşadıqları faciə təsvir edilir. Lakin müharibə əsərdə kompozisiyanın mərkəzinə çevrilmir, əvəzində təhkiyəçinin uyğun bildiyi həddə qərar tutur. Romanın gərgin süjeti dövrün tarixi ilə uzlaşır.
Romanın son bölməsi olan „Süqut” da qəhrəmanların depressiyası İsraillə müharibədə yaşanan məğlubiyyətin ardınca ölkəni bürüyən sosial depressiyaya çevrilir. Burada süni şəkildə təsvir edilən reallığın tərkib hissəsi aydın şəkildə hiss olunur.
Belə düşünmək olar ki, romanına xalq-patriot rəngi vermək arzusunda olan müəllif sevginin təsvirini sadə ifadələrlə məhdudlaşdırmaq istəmir. Müəllif təsvir etdiyi kəndin sərhədlərini genişləndirərək ondan təkcə ölkəsinin deyil, həm də ümumi düşmənlərinə qarşı mübarizə edən bütün ərəb ölkələrinin simvolunu yaratmağa çalışır.
Keçmişin təsviri həqiqətin geniş şəkildə əldə edilməsinə iddialı olan gənc təhkiyəçinin şüurunda canlanır. Oxucu romanın “Xalam Safiyə və monastır» adına əsasən təhkiyəçinin əsərin əsas qəhrəmanı – Safiyə ilə qohum bağlılığını dərk edir. Sözlərin təhlilinə varanda bu qənaətə gəlirsən ki, qəhrəmanla əhatəsindəki şəxslər arasında mehriban münasibət var. Ərəb sözü olan «Safiyə» paklıq, əxlaq və şərəf mənasını daşıyır. Lakin romanda qadının təbiətdən gələn xasiyyəti ilə real dünya arasındakı ziddiyyətlər olduqca faciəlidir. Monastır qadının öldürmək istədiyi şəxsin sığınacağına çevrilir. Qadının təbii keyfiyyətləri cəmiyyətin ona diktə etdiyi sosial mövqeyi ilə tam əksdir.
Roman Misirin XX əsrin ikinci yarısındakı ictimai vəziyyətini güzgü kimi əks etdirir. Əsər ötən əsrin 90-cı illərinin əvvəlində ölkənin cənub regionlarında özünü aşkar şəkildə nəzərə çarpdıran dini  çəkişmələrə aludə olduğu zamanlarda nəşr edilib. Yazıçının bədii sözü ölkənin və onun iqtisadiyyatının imicinə zərər vuran daxili savaşın əleyhinə istiqamətlənib. Bu savaş uzun əsrlər boyu sülh və razılıq şəraitində yaşayan xristian və müsəlmanların etik prinsipləri və ənənələriylə ziddiyyət təşkil edirdi. Tarix isə burada bədii araşdırmanın predmeti qismində iştirak edir.
Romanın birinci hissəsi ölkədəki xristian və müsəlman əhalinin möhkəm dostluğunu təsvir edir. Monastırın sakinləri gənc təhkiyəçinin ailəsinə şirin xurmalar verirdi. Müsəlman bayramlarında isə təhkiyəçinin anası monastırın əhalisinə bir qutu təzəcə bişmiş peçenye göndərirdi. Gənc müsəlmanın monastır ziyarət etməsi müsəlman və xristianlar arasında xoş münasibətlərin olduğuna dəlalət edir. Bu, fabulanın (Müəl­lifin qələmə aldığı hadisələrin əsər­dəki ardıcıllığı. Bəzən fabula və «süjet” anlayışları eyniləşdirilir) saf və parlaq səhnəsində faciə ilə dolu hadisələrin baş verdiyi hissəsidir. Romanın sonunda müəllif sual verir: „görəsən, ağ kartondan düzəlmiş qutuda təzəcə bişmiş peçenyeni monastıra aparan oğlan oradadırmı?”
Gənc təhkiyəçinin  əfsanəyə bənzəyən hekayəsində müəllif problemə sosial-əxlaqi tərəfdən yanaşır. Roman oxucuların özlərinin cavab tapmalı olduğu suallarla bitir. Deməyə əsas vardır ki, müəllif öz sualları ilə dini qaydaların möhkəmləndiyi, terroristlərin isə din pərdəsi altında heç bir günahı olmayan dinc vətəndaşları öldürdüyü ölkədə hökm sürən situasiyada özünü məzəmmət edir. Mahmud Əmin (Mahmud Əmin, 1922 – Misir ədəbi tənqidçisi, publisist, sosioloq, ictimai xadim. Fəlsəfə doktoru – X.N.) müəllifin romanın sonunda qoyduğu ritorik sualları ölkənin keçmişinin ideallarını qaytarmaq arzusunun ifadəsi hesab edir.
Romanın müəllifi əsərdə Misir kəndinin problemlərinə öz baxışından yanaşır, personajların psixologiyasının çözülməsini əsas prinsip olaraq nəzərə alır. O, romanın polemik hekayəsini konkret-tarixi və lirik-romantik əhvalı orijinal formada birləşdirir. Romanın birinci hissəsində Monastır sarsılmaz bina kimi təsvir edilir. Amma onun sarsılmazlığı inşasının mükəmməlliyində deyil, etik normalarda və ölkə əhalisinin dini dəyərlərindədir. Romanda monastır əsrlər boyu davam edən dini dəyərləri simvolizə edir. Birinci fəsli də müəllif məhz bu ideyaya həsr edir. İkinci fəsildə faciəli şəkildə baş verən hadisələr sanki bu dəyərləri təhdid edir. İkinci fəsildə hadisələrin gedişatı birincidə baş verənlərlə ziddiyyət təşkil edir, insanlar arasındakı münasibətlər olduqca gərgindir. Lakin monastır bütün roman boyunca sülhsevərlik aşılayır. Ehramın müqəddəsliyi nəzarətçilərin burada romanın qəhrəmanı Hərbini öldürməkdən imtina etdikləri zaman da qorunub saxlanılır. Qəhrəmanı görməyə gələn yerli cinayətkarlar öz gəlişləri ilə monastırın ehramını ləkələyəcəklərindən qorxaraq onun darvazasının yanında əyləşməyə üstünlük verirlər. Kənd sakinləri arasındakı mehriban qonşuluq münasibətləri monastırın rəhbəri məscidin imamından – təhkiyəçinin atasından – keşişi xəstəxanaya aparmasını xahiş etdikdə aşkara çıxır.
Təhkiyəçinin atası obrazı müəllifin humanist mövqeyini təqdim edir. Monastırın keşişi obrazı isə yer üzündəki xeyirxahlığın təcəssümüdür. Bu, onun arını əzizləməsi və ya ağlayaraq dovşanın yaralı ayağını sarıması zamanı özünü büruzə verir. O, bütün zamanını dua edərək keçirmir, çoxlu işləyir, yerli sakinlərə əkinçilik sənətinin incəliklərini öyrədir.
Ədəbiyyatçı Əl-Bəhrai romanı siyasi, qəhrəmanları isə əfsanə hesab edir. Qadın qəhrəmanın öncəgörmələri əsərə folklor-mifoloji elementlər qatır. Onun əsərin təməlini təşkil edən təhqir edilmiş sevgiyə görə qisas almaq hədəfi müasir Misirin narahat vəziyyətini əks etdirir. Romanda kənd kollektivinin canlı obrazı yer alıb. Burada xalq eposu yaranıb, xalq həyatının geniş panoraması verilib. Romanın bədii reallığının vacib mərhələsi ölkə əhalisinin öz taleyini özü həll etməyə cəhd göstərməsidir: “Bizim hansı partiyadan olub-olmamağımızdan asılı olmayaraq birinci sevgimizin Vətən olmasını öyrədiblər”. Cinayətkarların müharibədə iştirak etmək arzusu dini fanatizmdən uzaq olan kollektiv şüurun sübutudur.
Belə hesab olunur ki, romanın ideyası xristianlığın nikbin ideologiyasının böhranının təsviridir, ağıl və məntiq üzərində təməli qoyulmuş xristian və müsəlman həqiqətlərinin əsasında təşəkkül tapan müdrik dünyanın ideyasıdır.
Yazıçı öz əsərində humanist dəyərlərə köklənən insan mövqeyini qoruyub saxlayaraq uyğun bildiyi üsulları inkişaf etdirir, ideyalarını ifadə etmək üçün yeni üsullar axtarır.
Müəllifin misirlilərin gündəlik həyat tərzinə marağı öz-özlüyündə deyil, həmin zamana qədər kölgədə qalan sosial həyatın sferasının daha dəqiq ifadə vasitəsi kimi mühümdür.
Materialın ötürülməsi texnikasına əsasən romanda təsvirlərin naturalist tipi ilə heç bir nəticəyə gəlmədən həyatı göstərmək analogiyası aşkara çıxarılır. Və naturalist təhkiyəçilik qarşımızda öz yeni fəlsəfi mahiyyətini gözlənilmədən aşkarlayan keyfiyyətləri ilə açılır. Amma müəllif oxucunu yüksək mənəvi dalğaya qaldıraraq onun həssaslığını stimullaşdırır.
Müəllif qəhrəmanlarının adlarının semantik seçimində fantastikaya meyllidir. Safiya ərəb dilində təmizlik və namusluluq mənasını daşıyır, amma qəhrəman romanda döyüşkənlik və aqressiyanı təcəssüm etdirir. Mənası döyüşkənlik və aqressiya olan Hərbi adı isə paklıq mücəssəməsinə çevrilir. Hərb və sülh ziddiyyətindən çıxış edən adların fəlsəfi-estetik anlamda mücərrədləşdirilməsinin köməyi ilə müəllif romanda ona vacib olan emosional effektə nail olur. Düzgünlüyün aqressiyaya və döyüşkənliyə çevrilməsindən keçən müəllif bütün zamanlarda yaşayan insan haqqında həqiqəti açmağa hədəflənir.
Müəllifin özünün qeyd etdiyi kimi oxucunu təsvirlərin real olduğuna inandırmağa yönəldilmiş əsərin dövrün real hadisələri ilə üst-üstə düşməsinə baxmayaraq roman abstraksiyadır, xəyal oyunudur. „Mətn içində mətn” texnikasından istifadə edən müəllif ustalıqla qəhrəmanlarının fikirlərinə dinamika verir, onların psixikasının nüanslarını əks etdirir.
Romanın mifik istiqaməti qəhrəmanların əfsanəvi keyfiyyətlərində əks olunub. Yazıçı əsərdə insanlar arasındakı qarşılıqlı münasibətin bilavasitə real gerçəklik və xarakterini təsvir edərkən əsl xalq mədəniyyətinin cizgilərinin arandığı folklor üslubuna yaxındır.
 “Süqut” fəslində simvolik semantikanın sərhədləri genişdir. Müəllifin yaradıcılığının realist mövqeyinə baxmayaraq, romanda postmodernizmin üslub priyomlarını qeyd etmək lazımdır: mətnin çoxqatlı təşkili, qatlarının məna cəhətdən şifrələnməsi, əsas qəhrəmanların psixoloji gərginliklərinin yüksək həddi. Romanda metafora həddi qorunmuşdur, üslub isə dinamikdir.
Romanın dili dövrün koloriti və ritmini oxucuya ötürməyə imkan verir. Dünya nəsrinin fəaliyyətlərini toplayaraq Misir romanı sərhədlərini genişləndirə bilmişdir. Romanın sonunda təkrarlanan sual müəllifin ölkədəki vəziyyət qarşısında çaşqınlığını bildirir. Sualların üslubuna əsasən müəllifin kənd sakinlərinin sülh və harmoniya şəraitində yaşadığı işıqlı keçmişinə qarşı duyduğu incə hisslərinin ortaya çıxması duyulur. Romanın qəhrəmanı ölkədəki müsəlman və xristianları razılaşmaya çağırır, çünki müharibə hər şeyi dağıdır, hər kəsi məhv edir. Romandakı faciəli hadisələrə baxmayaraq humanizm əsərin ümumi tonallığını təyin edir. Hadisələri Misir kəndindəki mühitlə qarışdıran müəllif əsərdə baş verənləri öz ölkəsindən çox uzaqlara ötürərək dünya ictimaiyyətinin diqqətinə çatdırır.
 
 
 
Mənbə: academia.edu
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
 

0 şərh