Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış

Anqlikan kilsəsi
XVI əsrdə Reform hərəkatından sonra İngiltərədə meydana gəlmiş bir xristian məzhəbidir. Anqlikanizm protestantlığın İngiltərəyə məxsus bir şəklidir. VIII Henri və daha sonra I Yelizavet dönəmində Roma ilə olan mücadilədən sonra katolikliklə bağlarını kəsən ingilislər o dövrün görüşləri ilə müasir tolerantlıq arasında orta bir yolla getmişdirlər. İngiltərəyə xas olan bu məzhəb Müqəddəs Kitaba bağlı və qismən reformə edilmiş bir katoliklik kimi görünməkdədir. Anqlikanlıq təşkilati və kult baxımından katolikliyə yaxındır. Liturgiya, təlim və digər dini məsələlər Ümumi Dua Kitabında (The Book of Common Prayer) öz əksini tapmışdır. Anqlikanlar papanın avtoritetini rədd edirlər. XVI əsrdən bəri latın dili əvəzinə ingilis dili tətbiq olunur. Anqlikan kiləsinin başçısı kral və kraliçadır. Bu kilsə dövlətin rəsmi kilsəsidir və dövlət tərəfindən qorunub saxlanılır. Kilsələrdəki ayin və mərasimlərdə millilik əsasdır. Anqlikan kilsəsi Müqəddəs Kitabı, iman əsaslarını, müştərək ibadət kitabını əsas götürür və iki sakramenti təməl qəbul edir (Bütün xristian məzhəblərində vəftiz və evharistiya əsasdır). XVIII əsrdən etibarən anqlikanizm Amerika, Kanada, Hindistan, Avstraliya, Yeni Zellandiya, Afrika kimi ölkələrə yayılmışdır. II.Vatikan Məclisindən (1962-1965) bəri katolikliklə anqlikanizm arasında anlaşma zəmini mövcuddur. Dünyada mənsubları 70 milyon civarındadır.

Lüteran kilsələr
Mövcud olduqları başlıca yerlər Almaniya, ABŞ və Skandinaviya ölkələridir. Kilsə dili daim milli dildir. İbadətin böyük bir hissəsi vəzlərdən ibarətdir. Üç sakrament vardır: vəftiz, günah etirafı, evharistiya. Günah etirafı məcburi deyildir. Konfirmasyon 14 yaşında icra edilir. Kilsədə vəzifəsi olmayanlar üçün Müqəddəs Kitab oxuma, dua və kilsəyə davamlı gəlmə önəmlidir. Dünyada mənsubları 100 milyona yaxındır.

Reformə edilmiş kilsələr
Qərbi Avropa, Şotlandiya və ABŞ-da 50 milyondan artıq mənsubu olan 140 müstəqil kilsədən ibarət bir qrupdur. Bu kilsələr demokratik yolla seçilmiş məclis və komitələr tərəfindən idarə olunur. Papaz yoxdur; xidmətlərə «pastor» deyilən kəslər tərəfindən nəzarət edilir. Bu kilsələrdə rəsm və heykəllərə yer yoxdur.

Presbiteryanlar
Müasir presbiteryan kilsəsi islahatdan təsirlənmiş və dini muxtariyyət qazanmışdır. Bu hərəkat isveçrəli Zvinqli (1484-1531) tərəfindən ortaya atılmış, fransız Kalvin tərəfindən inkişaf etdirilmiş və 1572-ci ildə kraliça Yelizaveta dövründə İngiltərəyə daxil olmuş, müxtəlif mübahisələrə səbəb olmuşdur. Bu kilsə «presbiter» deyə adlandırılan «yaşlılar» tərəfindən idarə edildiyi üçün bu adı almışdır. Məhəlli heyətə ruhani xüsusiyyəti olmayan bir kəs başçılıq edir. Məhəlli heyətlərin üstündə presbitəri deyilən və piskopos vəzifəsi yüklənən bir üst idarə mərkəzi vardır. Papaz vəzifəsini icra edən yaşlıları seçmək də bu qurumun işidir. Bu presbitərlilərin üzərində isə bir ümumi məclis vardır. Bu idarə forması XVII əsr İsveçrə şəhər-dövlət sitemindən nümunə götürmüş və müxtəlif ölkələrdə də mənimsənilmişdir. Bir katolik rahibi olan Con Kox (John Knox (1505-1572) Şotlandiyada presbiteryan kilsəsini qurmuşdur. İngiltərədə presbiteryanlar zülm görmüşdürlər. Presbiteryanların təməl doktrinaları 1643-1644 cü illər arasında İngiltərədə «Vestminister Assambleyası» tərəfindən təsbit edilmişdir. Bu presbiteryan kilsələrində doqmalar mövzusunda ixtilaflar olmasına baxmayaraq ayin və mərsimlərdəki asanlıq və sadəlik hamısında eynidir. Tanrıya dua və ibadətləri gizli şəkildədir. Zahidliyə önəm verilir. İlk kilsələri və ilk xritianları təqlid etməyə çalışırlar.

Baptistlər
Yunan dilində «baptizo» — «suya salıram, su ilə xaç çəkirəm» mənasındadır. Bu məzhəb əski anabaptistlərlə ingilis konqreqasyonalistlərinin inanclarının bir qismindən ibarətdir. Anabaptistlər kiçik uşaqların vəftiz edilməsinə qarşı çıxan islahatçı bir qrupdur. Onlar 1521-1525-ci illər arası Almaniyadakı kəndli üsyanlarında iştirak etmişdirlər. Əslində Menno Simons da (ö.1561) bir katolik papazı olmasına baxmayaraq uşaq vəftizini rədd etmiş və «Mennonit» hərəkatını qurmuşdur. Baptizm 1609-cu ildə Hollandiyada, mennonitlərin yaşlı adamları xaça çəkmək ənənəsinin təsiri altında olan ingilis mühacirlərinin radikal-protestant mühitində meydana gəlib. İlk baptist icmaları 1611-1612-ci illərdə İngiltərədə, 1639-cu ildə Şimali Amerikada əmələ gəlib. Lakin baptizmin inkişafı XVIII əsrin sonunda metropoliyada və müstəmləkələrdə baptizmin geniş yayılmsı üçün bazar günü məktəblərinin və missioner cəmiyyətlərinin açılması ilə əlaqədardır. ABŞ-da baptistlər Qərbin müstəmləkələşməsində iştirak edirdilər. 1845-ci ildə cənub baptistləri şimal baptistlərindən ayrılıb Cənub Baptistlər Konvensiyasını təşkil etdilər və bu təşkilatın indi də 8 milyon tərəfdarı (yalnız ağlar) vardır. ABŞ-da 20 milyona yaxın baptist olduğu söylənilir. Onlara məxsus bir neçə universitet, xeyli kollec, seminariya və məktəblər vardır. İkinci dünya müharibəsindən sonra ABŞ-da baptistlərin xüsusi irticaçı-fundamentalist təşkilatları yaranıb. Amerika baptistləri arasında bir sıra siyasi xadim və iri kapitalistlər vardır. XIX əsrdə baptist icmaları Avropa ölkələrində, o cümlədən Rusiyada yayılmağa başladı. 1905-ci ildə Ümumdünya baptistlər ittifaqı təşkil edilmişdir. Bu gün dünyada baptistlərin sayı 30 milyondan artıqdır. İlk dövrdə baptistlər kilsənin dövlətdən ayrılması və din azadlığı uğrunda çıxış edirdilər. Onlar dini ayinləri və kilsə təşkilatlarını çox sadələşdirib öz icmalarının rəhbərliyini (presviterləri) icma şuralarında seçirlər. Bütün möminlər dini baxımdan bərabər və azaddırlar. Baptistlər xilas prinsipini yalnız şəxsi inama bağlayırlar. Onlar müqəddəsləri, çürümüş cəsədləri, ikonaları, kilsə məbədlərini, ibadət libasını, çarmıxı, xaç və xaç rəmzlərini tanımırlar.

Üniteryanlar
Bu deyim bir tək Tanrını qəbul edən dini düşüncə və məzhəb tərəfdarlarını ifadə edir. Xristianlığın əslində olmayan və Pavlus vasitəsilə ortaya çıxdığı irəli sürülən təslis (üçlü bir tanrı anlayışı) təliminə qarşı ilk əsrdə başlayan və Aryus tərəfindən formalaşdırılan bir müxalifət mövcuddur. İznik Məclisində (325-ci il) Aryusun görüşləri rədd edilmişdir. Bu tarixdən etibarən Aryusun görüşləri Aryanizm adı ilə tanınmışdır. Amma "üniteryanizm" adı ilə adlandırılması XVI əsrə təsadüf edir. İspaniyada Maykl Servetus (1511-1553) bu yolda həyatından keçmişdir. Con Biddl (1616-1662) ingilis üniteryanlığının atası sayılır. Faustus Sosinus (1539-1604) İsa Məsihin şəxsiyyəti ilə bağlı inancları onun sadəcə insan olduğu şəklində səciyyələndirmişdir. Bu hərəkat bir çox xristian məmləkətlərində yasaqlanmış, tərəfdarları sürgün edilmişdir. Dini mövzulardakı tolerantlığı ilə üniteryan hərəkatı XVIII əsrdə də öz varlığını davam etdirmişdir. Elm adamı olan Jozef Pristley üniteryanların liderliyinə gətirilmişdir. Amma bu yeni hərəkatın üzvləri sürgün və hətta ölüm cəzalarına məhkum edilmişdirlər. İngiltərədə yenidən təşkilatlanan üniteryanlar 1825-ci ildə «Britaniyalı və xarici üniteryanlar birliyi» təsis etmişdirlər. Bu gün üniteryanlar Avropa və Amerika ölkələrində yaşamaqdadırlar. Üniteryanların inanc əsasları Tanrının birliyi, Tanrını və insanları sevmək və əbədi bir həyata inanmaqdan ibarətdir. Onlar müxtəlif din və görüşlərə qarşı tolerantlıq nümayış etdirirlər. Hz.İsanın xatirəsinə sayğı göstərir, amma onun «tanrılığ»ını rədd edir, «yanılmaz» olduğunu qəbul etməzlər. Xristian müqəddəs kitablarını insan təcrübəsinin bir arayışı kimi qəbul edir, onu yazan insanların səhvə də yol verəcəkləri fikrini irəli sürürlər. Tanrının hər dövrdə insanları hidayət etmək üçün peyğəmbərlər göndərdiyi görüşünə tərəfdar çıxaraq İsa Məsihi bu göndərilənlərin ən üstünü hesab edirlər. Onlar dualarda hər hansı bir istək və diləkdə bulunmağı Tanrının işinə müdaxilə etmək kimi qiymətləndirirlər. Ölümdən sonra insan ruhunun yaşadığına, axirət həyatının məchulluğuna, fəqət Tanrını sevdikləri üçün cəhənnəmdə olmayacaqlarına inanırlar.

Kveykirlər
XVII əsrdə Corc Foks tərəfindən qurulan bir xristian dini hərəkatıdır. Foks Anqlikan kilsəsindən gözlədiyinə nail olmadıqda 1652-ci ildə «Dostlar» deyə anılan «Həqiqət dostları» cəmiyyətini qurmuşdur. Bu hərəkat ilk xristianlığın mənəvi və sadə şəklinə qayıtmağı, heç bir vasitə olmadan ehkamlar, rəsmi ayin və mərasimlərə ehtiyac duymadan səssizlik halında Tanrı ilə təmas qurmağı prinsip olaraq qəbul etmişdir. Tanrı kəlamı qarşısında titrədikləri üçün onlara «Titrəyənlər» (Quakers) adı verilmişdir. Öz görüşlərinə görə məhkəmə önünə çıxan Foksun titrədiyinə görə onlara bu adın verilməsini irəli sürənlər də vardır. Tanrının birbaşa insan qəlbində ortaya çıxdığına inanan qüveykirlər ibadət, kredo, sakrament, rahib və din vəzifəlisini qəbul etmirlər. Kveykirlər böyük bir etinasızlıq göstərir, hər kəsə «sən» deyə müraciət edir və heç kimə salam verməzlər. Sadə geyimləri, dürüstlükləri, yardımsevərlikləri, ciddilikləri ilə tanınırlar. Kveykirlər köləliyə qarşıdırlar və dünyada sülhü təməl prinsip kimi götürürlər. Bəsit və sadə toplantı salonları vardır. Evlənmələr sadə bir mərasimlə həyata keçirilir. Üç böyük toplantı zamanı vardır: aylıq, üç aylıq və illik. Ən önəmlisi illik olanıdır. Kveykirlər geniş missionerlik fəaliyyətləri iə məşğul olurlar. Bu gün sayları artmaqdadır. ABŞ-da 150 min civarında kveykir vardır. Mənsubları dünyada 300 mindən artıqdır.

Metodistlər
XVIII əsrdə protestant ilahiyyatçısı Con Vesleyin (ö.1791) təlimi əsasında ortaya çıxmış bir məzhəbdir. Vesley və dostları (Anqlikan papazları) Anqlikan kilsəsinin əsasında mənəvi bir həyat metodundan bəhs edərək dini bir oyanışın əsasını qoydular. Dua və oruclarında yeni bir üsul tətbiq etmələri, Oksford həbsxanasındakı məhkumları davamlı ziyarət etmələri, yoxsul uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaları, dini günlərdə metodik bir nizama tabe olduqları üçün onlara «Metodistlər» adı verilmişdir. Bu gün dünyada metodistlərin sayı 25-30 milyona qədərdir.

Mormonlar
Jozef Smit (1805-1884) tərəfindən 1830-cu ildə Nyu-Yorkda qurulan dini bir hərəkatın mənsublarına verilən addır. Smit Moroni adlı bir mələyin ona vəhy etdiyini açıqladı. O, əski Misir dilində yazılmış qızıl mətnləri oxuduğunu və mələk vasitəsilə tərcümə etdiyini irəli sürərək 1830-cu ildə Mormon kitabını nəşr etdirdi. Tərəfdarlarının Tanrının sözü qəbul etdikləri Mormon Müqəddəs Kitabına görə yeni bir kilsə quruldu. Bu kilsə "İsanın son gün əzizləri" deyə adlandırıldı. Uğurlu keçən bir neçə ildən sonra Smit, Mormon kitabında əksinə çıxmasına baxmayaraq, yeni bir «vəhy»ə dayanaraq çoxevliliyi təlqin etmiş və tətbiq etmişdir. Smit qardaşı və bir tərəfdarı ilə birlikdə qələbəlik bir həbsxanaya atılmış və orada məhkumlar tərəfindən öldürülmüşdürlər. Buna görə də bu dini hərəkatın lideri martir (şəhid) kimi qəbul edilmişdir. İlk mormon missionerləri Liverpula yetişmiş və 200 nəfərə öz inanclarını qəbul etdirmişdirlər. 1840-cı ildə «Nauvoo» şəhərini qurmuşdurlar və xeyli uğur qazanmışdırlar. İngiltərə və cənub bölgələrindən bir çox tərəfdarlar bu yeni qurulan şəhərə köç etmişdirlər. Amerikadakı Utah əyalətinin əsasını da mormonların qoyduğu söylənilir. Mormonlar Tanrıya, İsa Məsihə və Müqəddəs Ruha inanırlar. İncil Tanrının sözüdür, dürüst olmaq şərti ilə tərcümə edilə bilər. Mormon kitabı da Tanrının sözüdür. İsanın yenidən dönəcəyi yer Amerikadır. Yeni Qüds Amerikada qurulacaqdır. İsa min illik bir səltənətdə oturacaq və ona inananlar, yardımçı olanlar (mormonlar) xilas olacaqlar. İnanc əsasları sırasında yer alan çoxevlilik 1895-ci ildə V.Vudruft tərəfindən aradan qaldırılmışdır. Mormonların missionerlik fəaliyyətləri bütün dünyada mövcuddur. Hər bir üzv iki il missionerlik etməlidir. Mormonların sayı 8 milyona yaxındır.
 
Mənbə: anl.az
 

0 şərh