Diplomatik praktikada suvenirlər

Iş adamları arasında suvenirlər mübadiləsi Qərbdə Şərqdəki qədər geniş yayılmayıb. Lakin kiçik hədiyyəni minnətdarlıqla qəbul edərlər, xüsusən əgər partnyorlar zövqlərinə uyğun nəsə hədiyyə etmək üçün bir-birlərini kifayət qədər yaxşı tanıyırlar. Buna görə bahalı və yöndəmsiz hədiyyə yerinə nisbətən ucuz, lakin münasib hədiyyə seçmək daha yaxşı olar.
Etiket ilk görüş zamanı hədiyyələrin qonaqların yox, ev yiyələrinin etməsini nəzərdə tutur. Növbəti görüşlərdə hədiyyə mübadiləsi dostluq əlaqələrinin möhkəmləndirilməsi (xüsusən də Şərqli partnyorlarla) üçün mütləq xarakter daşıyır.
Rəsmi şəxslərə, iş partnyorlarına, qohumlara, dostlar və ya tanışlara hədiyyələr özünə xas xüsusiyyətəmalikdirlər. Birincilərə gözəl hədiyyə ortaölçülü müəllif rəsmi, yaxud milli sənətkarlığın nəfis əşyası ola bilər. Lakin əvvəlcədən çox standart və ucuz əşyaları istisna edin. Yalnız dostlara və yaxın qohumlara şəxsi əşyalar - qalstuk, köynək, qadın çantası, ətir, dodaq boyası və s. hədiyyə etmək olar.
Tanışlara bahalı konfet qutusu (adətən çəki ilə satılan konfet hədiyyə edilmir), konyak, şampan şüşəsi, əla şərablar dəsti (şüşəni firma qutusu olmadan vermək nəzakətsizlik hesab edilir) hədiyyə etmək yerinə düşər.  Heç vaxt və heç kimə saat hədiyyə edilmir – həm Qərbdə, həm də Şərqdə bu pis əlamət hesab edilir.
Xanımlara tünd spirtli içkilər hədiyyə edilmir, onlara gül ver­mək yaxşıdır. Gözəl nəşr edilmiş kitablar və məşhur rəssam­ların rəsmlərinin surətlərinin, yaxud incəsənət əsərlərinin albom­ları əla hədiyyə hesab edilir. Hədiyyəni qurumun, yaxud şirkətin emblemi, yaxud hədiyyə veriləcək şəxsin inisialları olan monoqramla bəzədilsə, o daha səmimi və dostcasına görsənəcək.

 

0 şərh