Missiyanın diplomatik tərkibi

Diplomatik əlaqələr haqqında 1961-ci ilin Vyana konvensiyasında diplomatik missiyanın ştatı aşağıdakı şəkildə müəyyən edilir:
a) «nümayəndəlik başçısı» akkreditə edən dövlətin bu qismdə fəaliyyət göstərmək vəzifəsini həvalə etdiyi şəxsdir;
b) «nümayəndəlik əməkdaşları» nümayəndəliyin başçısı və nümayəndəlik personalının üzvləridirlər;
c) «nümayəndəlik personalının üzvləri» nümayəndəliyin diplomatik personalının, inzibati-texniki personalının və xidmətçi personalının üzvləridirlər;
ç) «diplomatik personalın üzvləri» nümayəndəlik personalının diplomatik ranqa malik üzvləridirlər;
d) «diplomatik agent» nümayəndəliyin başçısı, yaxud nümayəndəliyin diplomatik personalının üzvüdür;
e) «inzibati-texniki personalın üzvləri» nümayəndəliyin inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik personalının üzvləridir;
f) «xidmətçi personalın üzvləri» nümayəndəliyin xidməti üzrə vəzifələri həyata keçirən nümayəndəlik personalının üzvləridir;
h) «xüsusi ev işçisi» nümayənləlik əməkdaşı yanında ev işçisi işlərini yerinə yetirən və akkreditə edən dövlətin xidmətçisi olmayan şəxsdir.
Missiyanın diplomatik tərkibi xidmət etdikləri dövlətin vətəndaşları olmalıdır. Lakin istisna hallarda bu missiyanın yerləşdiyi dövlətin vətəndaşları ola bilərlər. Bu zaman qəbul edən tərəfin xüsusi razılığını almaq lazımdır. Bu cür diplomatlar məhdud imtiyazlar və toxunulmazlıqlardan istifadə edə bilərlər.
Beynəlxalq münasibətlərin müasir sistemində missiya başçısı bir neçə ölkədə, onların heç biri etiraz etmədikdə, akkreditasiya ala bilər. Missiyanın diplomatik tərkibinin üzvləri də bir neçə ölkəyə təyinat ala bilərlər.
___________________________________
Missiyanın başçısı və diplomatik tərkibinin üzvü öz dövlətini istənilən beynəlxalq təşkilatda təmsil edə bilər. Akkreditə olduğu dövləti bu barədə məlumatlandırmaq, məcburi xarakter daşımır, qəbul edən dövlət isə bununla əlaqədar hər hansı bir etirazını bildirmək haqları yoxdur.
____________________________________
Diplomatik missiya dövlətin paytaxtında yerləşməlidir. Missiyanın hissələri olan nümayəndəliklər qəbul edən dövlətin buna razılığı alınıbsa, başqa şəhərlərdə yerləşə bilərlər.
Diplomatik missiyaların sayı qarşılıqlıq prinsipindən çıxış edərək uzlaşdırılır. Ölkədaxili vəziyyəti və missiyanın ehtiyaclarını nəzərə alaraq, dövlət müəyyən, məntiqi məhdudiyyətlərə riayət edilməsini tələb edə bilər. Bu çərçivədə dövlət istənilən diplomatik missiyanın əməkdaşlarını öz fikrinə əsaslanaraq təyin etmək hüququndadır. Hərbi, dəniz və hava attaşelərinə gəldikdə isə, yuxarıda qeyd edildiyi kimi, xarici işlər nazirliyi məxfi surətdə onların adlarının təyinata qədər razılıq almaq üçün açıqlanmasını xahiş edə bilər.
___________________________________
Hər bir dövlət missiya başçısı, yaxud onun diplomatik tərkibinin üzvünü arzuolunmaz şəxs (persona non qrata) elan etmək və bu barədə sonuncunun hökümətini məlumatlandırmaq hüquqa malikdir.
___________________________________
Bu halda diplomatın səlahiyyətləri öz qüvvəsini itirir və o geri çağırılır. Əgər diplomatın hökuməti bu addımı atmırsa, qəbul edən dövlət onun tanınmasından imtina edə bilər. Diplomatın persona non qrata elan edilməsi onun gəlişindən öncə və sonra motivlər izah olunmadan edilə bilər.
Eyni yolla persona non qrata təkcə diplomatlar yox, missiyanın inzibati və texniki işçiləri də elan oluna bilər.
R.C.Feltxem hesab edir ki, diplomatın persona non qrata elan edilməsi üçün iki prinsipial xarakter daşıyan əsas var: antiictimai hərəkət, yaxud cinayət məsuliyyətli addım və dövlətin təhlükəsizliyinə təhlükə törədən və diplomatik toxunulmazlıq pərdəsi altında həyata keçirilən qəsdli hərəkətlər. Hərçənd çox vaxt persona non qrata elanedilmə öz diplomatlarından birinə qarşı digər dövlət tərəfindən atılmış bu cür addıma cavab olaraq edilir.

 

0 şərh